Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-680/2022 17.05.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçılar: Zəkəriyəyev Baloğlan Əhməd oğlunun, İddiaçı2 Abdulla qızının, İddiaçı4 və onların vəkili X2 Cavabdeh: Cavabdeh1 iştirakı ilə İddiaçılar Zəkəriyəyev Baloğlan Əhməd oğlunun, İddiaçı2 Abdulla qızının, İddiaçı4, İddiaçı3 və İddiaçı5 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar Zəkəriyəyev Baloğlan Əhməd oğlu, İddiaçı2 Abdulla qızı, İddiaçı4, İddiaçı3 və İddiaçı5 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, cavabdehlərin əşyaları ilə birlikdə yaşadıqları ünvan 1 ünvanında yerləşən 3 otaq, mətbəx və digər yardımçı sahələrdən ibarət mənzildən çıxarılması, cavabdehlərin istifadə edib dəyərini ödəmədikləri 62 manat qaz və 228 manat su sərfiyyatı üzrə borcların ödənilməsi və Cavabdeh1 tərəfindən sındırılmış Samsung A10 markalı telefon üçün 150 manat məbləğində pulun alınıb İddiaçı4 verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. İddiaçı Zəkəriyəyev Baloğlan Əhməd oğlu məhkəmə iclası zamanı iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, o, İddiaçı2 ilə 02 avqust 1984-cü ildə Ağdaş rayonunda nikaha girməklə evlənmişlər. İddiaçılardan Anar və Gülara Əhmədovlar onların uşaqları, İddiaçı4 isə İddiaçı3 arvadıdır. Onlar 21 yanvar 2012-ci ildə rəsmi nikaha girmişlər və birgə nikahlarından onların 28 avqust 2011-ci il təvəllüdlü Fidan, 30 iyul 2014-cü il təvəllüdlü Aydan, 19 aprel 2017-ci il təvəllüdlü Aytac adlı uşaqları doğulmuşdur. O, 1985-ci ildən hazırki müddətə qədər Mingəçevir şəhər "xxxx" MMC-də müxtəlif işlərdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. İşə girdikdən sonra onu mənzil növbəliyinə götürüb idarənin balansında olmuş yataqxanaya qeydiyyata düşməyinə şərait yaratmışlar. 1988-ci ilin aprel ayında Az DRES qəsəbəsində Tərəvəzçilik Sovxozu deyilən yerdə, Barak binanın 1 otağını Afət və Şairə Babayevlər adlı ər-arvaddan MİS vasitəsilə satın almışdır. Həmin vaxtdan MİS-də onların adına kartoçka açılmış və yaşayış yerləri kimi qeydiyyata götürülmüşlər. Daha sonra həmin 1 otağın qarşısında 2 otaq, 1 mətbəx, hamam-ayaqyolu, eyvan, hin, əl-damı, hasar, qapı, çardaq inşa etdirmişlər. 27 dekabr 2006-cı ildə 4 saylı MİS-in rəisi, nümayəndəsi N.Rəcəbov, E.Talıbov və qonşuları T.Məmmədov, Ç.Cəfərov, K.Balakişiyevin iştirakı ilə həmin evdə 1988-ci ildən onun və ailə üzvlərinin yaşaması ilə bağlı akt tərtib edilmiş, onun əsasında 100 kv. metr sahədən ibarət torpaq sahəsində inşa edilmiş tikililərin sxemi tərtib olunmuşdur. Bu sənəd əsasında evə yeni işiq sayğacı çəkilmiş, ***-**-** telefon xətti çəkilmiş və istifadələrinə verilmişdir. Yaşayış evlərinə Barak küçəsi ev 5, mənzil 23 ünvanı verilmişdir. Ailə problemləri ilə əlaqədar şəxsi vəsaiti hesabına inşa etdirdiyi tikililəri həmin bir otaqla bərabər satmaq qərarına gəlmişdir. 2018-ci ildə qonşusu Kamil vasitəsilə Cavabdeh1 tanımışdır. Onlar da onun evini almaq qərarına gəldiyindən 3 otaq, mətbəx, hamam-ayaqyolu, eyvan, hin, əl-damı, hasar, qapı və çardaqdan ibarət tikililəri 5450 manata satmağı 5 nəfər ailə üzvləri ilə bərabər razılaşmışlar. Evi satıb həmin əmlakları Cavabdeh1 və onun arvadı Cavabdeh2 təhvil verib evdən çıxmışlar. Ancaq 3 aydan sonra Cavabdeh1 etiraz edib evi qaytarmaq istədiyini bildirmiş və pulunun qaytarılmasını tələb etmişdir. Onlar da həmin pulu qonşuların iştirakı ilə cavabdehlərə qaytarmışlar. Ancaq cavabdehlər bundan sonra evdən çıxmaqdan imtina etmişlər. O da, məcbur qalıb məhkəməyə müraciət etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 14 iyun 2021-ci il tarixli qətnaməsi ilə onların mənzilə köçürülmə barədə iddia tələbləri təmin olunmuşdur. Ancaq Cavabdeh1 onun mənzilinə köçməyinə mane olmaq məqsədilə uzun bir müddət sonra qətnamənin surətini almadığını göstərib qətnamədən apellyasiya şikayəti vermişdir. İşə apellyasiya instansiya məhkəməsində baxılarkən isə məhkəmə iclasına gəlməmişdir. Məhkəmədən qayıdarkən evə baxmağa getmişdir. Bu zaman müəyyən etmişlər ki, Cavabdeh1 mənzilin pəncərələrini çərçivədən söküb və evin bütün ətrafı açıqdadır. 102 xidmətinə şikayət edərək evə girmişlər. Polis əməkdaşları da gəlib bu vəziyyəti görmüşlər. Ancaq polislər gedəndən sonra evə gələn Cavabdeh1 onlara hücum çəkib onları evdən çıxarmağa çalışmış və onun bu qanunsuzluqlarını video görüntüylə qeydə almağa çalışan İddiaçı4 telefonunu alaraq yerə çırpıb qırmışdır. Mingəçevir şəhər Pols Şöbəsində araşdırma aparılmış və vurulmuş ziyanın 150 manat olması müəyyənləşdirilmişdir. Onun Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətaya yol verdiyi müəyyən edilmişdir. Hazırda o, öz mənzilinə köçüb orada yaşayır. Cavabdeh1 isə özünə məxsus əşyaları yaşayış evinin iki otağına yığmış və oranı boşaltmaqdan imtina edir. Həmçinin günün müxtəlif vaxtlarında evə girərək onu və ailə üzvlərini narahat edir. Hazırda onun mənzilində yaşadığı müddətdə işlədib ödəmədiyi 62 manat qaz, 228 manat su sərfıyyatı üzrə borcu vardır. Həmin borcları ödəmədiyindən o evin kommunal xərcləri kimi qalmışdır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İddiaçılar İddiaçı2 Abdulla qızı və İddiaçı4 məhkəmə iclası zamanı iddianı müdafiə edərək Zəkəriyəyev Baloğlan Əhməd oğlu ilə eyni məzmunlu izahat verdilər və iddianın təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etdilər. Cavabdeh1 məhkəmə iclası zamanı iddianı qəbul etmədi və izahatında göstərdi ki, ünvan 1 ünvanında yerləşən mənzildə öz vəsaiti hesabına hamam, sanitar qovşaq inşa etdirmiş və həyətə kafel-metlak düzdürmüşdür. Öz vəsaiti hesabına inşa etdirdiyi həmin əlavə tikililərin ya özünü, ya da dəyərinin ona veriləcəyi təqdirdə ona məxsus əşyaları mübahisəli mənzildən çıxaracaqdır. Odur ki, iddianın rədd edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İddiaçılar İddiaçı3, İddiaçı5 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verilməmişlər. Məhkəmə işə iddiaçıların və həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçıların və cavabdehin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 26.12.2021-ci il tarixli qərardan görünür ki, əmlaka ziyan vurmuş Cavabdeh1 öz hərəkətləri ilə AR İXMnin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün barəsində inzibati tədbir görülməsi üçün aidiyyatı üzrə göndərilməsi qərara alınmışdır. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin 15.04.2021-ci il tarixli 2(51)-551/2021 saylı qətnaməsindən görünür ki, Zəkəriyəyev Baloğlan Əhməd oğlunun, İddiaçı2 Abdulla qızının, İddiaçı4, İddiaçı3 və İddiaçı5 ünvan 1 ünvanında yerləşən 3 otaq, mətbəx və digər yardımçı sahələrdən ibarət mənzilə köçürülmələri və onların mənzildən istifadə etmələrinə olan maneələrin aradan qaldırılması qət edilmişdir. İşdə olan Mingəçevir şəhər 4 saylı MİS tərəfindən verilmiş 03.02.2022-ci il tarixli 137 saylı arayışdan görünür ki, Zəkəriyəyev Baloğlan Əhməd oğlu, İddiaçı2 Abdulla qızı, İddiaçı4 və Əhmədov X1 şəhəri, Vaqonlar yaşayış massivi, Barak küçəsi, ev 5, mənzil 23 ünvanında qeydiyyatsız yaşayırlar. Məhkəmə ilk növbədə iddia tələbinin cavabdehlərin əşyaları ilə birlikdə yaşadıqları ünvan 1 ünvanında yerləşən 3 otaq, mətbəx və digər yardımçı sahələrdən ibarət mənzildən çıxarılması hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə əsaslıdır. Beləliklə, məhkəmə təqdim edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, iddiaçılar 1988-ci ildən istifadələrində olan 3 otaq, mətbəx, hamam-ayaqyolu, eyvan, hin, əl-damı, hasar, qapı və çardaqdan ibarət tikililəri 2018-ci ildə cavabdehlərə şifahi razılaşma yolu ilə 5450 manata satmışlar. Ondan sonra iddiaçılar evi cavabdehlərə təhvil vermiş, lakin 3 aydan sonra cavabdehlər etiraz edərək evi qaytarmış və pullarını tələb etmişlər. İddiaçılar da aldıqları pulu geri qaytarmışdır. Ondan sonra cavabdehlər sonra evdən çıxmaqdan imtina etmiş və iddiaçıların həmin tikiliyə köçmələrinə imkan verməmişlər. Ona görə də onlar məhkəməyə müraciət etmişlər. Mingəçevir Şəhər Məhkəməsinin 15.04.2021-ci il tarixli 2(51)-551/2021 saylı qətnaməsi ilə ünvan 1 ünvanında yerləşən tikiliyə köçürülmüşlər və mübahisəli mənzil hazırda iddiaçıların sahibliyindədir. Cavabdehlərin isə həmin mübahisəli mənzil üzərində heç bir əşya hüquqları olmadığı, həmçinin özləri yaşamadığı halda, onlara məxsus əşyalar iddiaçıların sahibliyində olan mübahisəli tikilidə qalmışdır. Belə olan halda məhkəmə hesab edir ki, mübahisənin düzgün həll edilməsi üçün ilk növbədə cavabdehlərin mübahisəli tikilinin tərkib hissəsindən istifadə hüququnun yaranıbyaranması müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normaları əsasında çıxarılmalıdır. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, iddiaçıların mübahisəli tikilidən 1988-ci ildən fasiləsiz və etirazsız olaraq istifadə etdiklərindən, onların həmin mübahisəli ev üzərində sahiblik və istifadə hüquqları yarandığından, cavabdehlərlə iddiaçılar arasında isə mübahisəli hüquq münasibəti 2018-ci il tarixdə yarandığından, hazırda iddiaçılar cavabdehlərə qarşı əşyaların çıxarılması tələbi irəli sürdüyündən, mübahisənin düzgün həll edilməsi üçün tərəflər arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsinə əşya hüquq münasibətləri əsas olmuşdur. Belə olan halda hazırkı mübahisə üzrə əşya hüquq münasibətlərini tənzimləyən mülki hüquq normaları müvafiq olaraq tətbiq edilməlidir. Belə ki, iddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq ilk növbədə iddia tələbində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8–ci maddəsində göstərilən şərtlərin mövcud olub–olmaması halının araşdırılmasının zəruriliyini nəzərə alaraq, belə qənaətə gəlir ki, hazırkı iş üzrə tətbiq olunan normada göstərilən şərtlər məcmu halında mövcuddur. Belə ki, iddiaçıların mübahisəli tikili üzərində mülkiyyət hüququ dövlət tərəfindən tanınmasa da, həmin mübahisəli tikili 1988-ci ildən onların qanuni sahibliyindədir. Buna baxmayaraq, həmin mübahisəli tikili cavabdehlərin istifadəsində olmasa da, onlara məxsus əşyalar mübahisəli orada qalmışdır. Cavabdehlərin həmin mübahisəli tikili üzərində heç bir əşya hüququ (istifadə və sahiblik hüququ) qeydiyyata alınmamışdır. Ona görə də cavabdehlərin sahibliyi qanunsuzdur. İddiaçıların cavabdehlərə qarşı tələb hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Hazırki mübahisəyə münasibətdə məhkəmə qeyd edir ki, cavabdehlərin mübahisəli tikilinin qanuni sahibləri olan iddiaçıların qanuni sahibliklərində olan tikilinin yaşayış sahəsindən onlarla bərabər istifadə etmək hüququ olmadığından, onlara məxsus əşyaların orada saxlanılması iddiaçıların həmin əmlak üzərində olan faktiki sahiblik və istifadə hüquqlarından məhrum olunmasına səbəb olur. Ona görə iddiaçıların cavabdehlərdən pozuntulara son qoymağı tələb etmək hüquqları vardır. Məhkəmə hesab edir ki, cavabdehlərə məxsus əşyalar iddiaçıların qanuni sahibliyində olan mübahisəli tikilidə yerləşir. Bununla belə cavabdehlərin iddiaçıların qanuni sahibliyində olan tikilinin tərkib hissəsindən istifadə hüququ olmadığından, iddiaçıların cavabdehlərə qarşı əşyaları ilə birlikdə evdən çıxarılması tələbinə dair iddiası təmin edilməli və cavabdehlər əşyaları ilə birlikdə iddiaçıların qanuni sahibliyində olan mənzildən çıxarılmalıdır. Məhkəmə həmçinin iddia tələbinin cavabdehlərin istifadə edib dəyərini ödəmədikləri 62 manat qaz və 228 manat su sərfiyyatı üzrə borcların ödənilməsi və Cavabdeh1 tərəfindən qırılmış Samsung A10 markalı telefon üçün 150 manat məbləğində pulun alınıb İddiaçı4 verilməsi hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə əsassızdır. Belə ki, özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə əməli 5 min manatdan yuxarı olmayan miqdarda ziyan vurduqda inzibati xəta hesab edilir. İddia ərizəsində İddiaçı4 məxsus Samsung A10 markalı telefonun Cavabdeh1 tərəfindən sındırıldığı və bunun nəticəsində İddiaçı4 150 manat məbləğində ziyan dəydiyi bildirilsə də, bununla bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Həmçinin Elektron Məhkəmə İnformasiya Sistemində əldə edilmiş məlumat əsasında da müəyyən edilmişdir ki, Cavabdeh1 barəsində qeyd edilən əmələ görə məhkəmədə inzibati xəta haqqında protokola baxılmamış, nə də o barədə inzibati xəta haqqında qərar çıxarılmamışdır. Həmçinin iddia ərizəsində cavabdehlər tərəfindən istifadə edilmiş 62 manat qaz və 228 manat su sərfiyyatına görə borcların ödənilməmiş olması qeyd edilsə də, məhkəmə iddia tələbini həmin hissə də əsassız hesab edir. Belə ki, iddia ərizəsinə əlavə edilmiş X3 tərəfindən verilmiş bildiriş-xəbərdarlıqdan və Azərsu ASC tərəfindən verilmiş hesabfakturadan görünür ki, Cavabdeh1 28.12.2021-ci il tarixə 65.80 manat qaz sərfiyyatı və 22.12.2021-ci il tarixə 228 manat su sərfiyyatı borcu yaranmışdır. Göründüyü kimi həmin bildiriş-xəbərdarlıq və hesab-faktura Cavabdeh1 adınadır, həmçinin həmin bildirişxəbərdarlıqda Muğan küçəsi, ev 41 və hesab-fakturada isə ünvan 2 ünvanlar fərqlidirlər. Belə olan halda isə məhkəmə hesab edir ki, iddia tələbi həmin hissə də də əsassızdır. Odur ki, məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli və cavabdehlər əşyaları ilə birlikdə iddiaçıların qanuni sahibliyində olan mənzildən çıxarılmalıdır. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Qey olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏ T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 əşyaları ilə birlikdə iddiaçılar Zəkəriyəyev Baloğlan Əhməd oğlunun, İddiaçı2 Abdulla qızının, İddiaçı4, İddiaçı3 və İddiaçı5 qanuni sahibliyində olan, ünvan 1 ünvanında yerləşən 3 otaq, mətbəx və digər yardımçı sahələrdən ibarət tikililərdən çıxarılsınlar. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılna elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №2(051)-680/2022
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-680/2022
17.05.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver