Məhkəmə qərarları › İş №2(051)-685/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-685/2022

19.05.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-685/2022 19.05.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçı: İddiaçı və vəkili Vəkil Nemət qızının Cavabdehlər: Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzilə köçürülmə tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, məhkəmədən 28.11.2008-ci il tarixdə doğulmuş Muraz və 11.08.2010-cu il tarixdə doğulmuş Cəsur adlı uşaqları ilə birlikdə ünvan 1 ünvanında yerləşən mənzilə köçürülməsi və məhkəmə xərci kimi ödədiyi 500 manat məbləğində pulun cavabdehlərdən alınaraq ona ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, o, cavabdeh Elsəvər Məmmədovla 31.10.2007-ci il tarixdə faktiki olaraq evlənmiş və həmin tarixdə də cavbdehlərin yaşadığı mübahisəli evə gəlin köçmüşdür. Birgə nikahdan 28 noyabr 2008-ci il tarixdə Muraz və 11 avqust 2010-cu il tarixdə Cəsur adlı uşaqları doğulmuşdur. Nikahlarını 18.04.2009-cu il tarixdə rəsmiləşdirmişlər. Elsəvər Məmmədovla ailə qurduqdan sonra onun daimi yaşadığı Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsi 10 saylı evin 15 saylı mənzilində onun valideynləri ilə birgə yaşamağa başlamışdır. Həmin vaxtdan da mənzilə yaşayış yeri üzrə qeydiyyata düşmüşdür. Həmin mənzil onun da razılığı ilə 13 dekabr 2012-ci ildə əri Elsəvər Məmmədovun adına özəlləşdirilmiş və həmin tarixdə ********** nömrə ilə qeydə alınmışdır. Cavabdehlər onu işdən qayıdarkən evə buraxmamış və qovmuşlar. Həmin vaxt 28 noyabr 2008-ci il tarixdə doğulmuş oğlu Muraz orada qalsa da, Cəsur adlı oğlu onunla evdən çıxmışdır. Ona məxsus qızıl-zinyət, cehiz və geyim əşyaları həmin mənzildə qalmışdır. Dəfələrlə əşyalarının olduğu mənzilə qayıtmaq istəsə də, cavabdehlər onu evə buraxmamışlar. Artıq bir aydır ki, yaşayış yerinə girib yaşaya bilmir. Hazırda oğlu Cəsurla birlikdə kirayədə qalır. Cavabdehlər onu istifadə hüququ olan mənzilə köçüb yaşamağına icazə vermirlər. Odur ki, məhkəmədən iddianın təmin olunması haqqında qətnamə çıxarılmaısnı xahiş edir. Cavabdeh2 məhkəmə iclası zamanı iddianı qəbul etmədi və izahatında göstərdi ki, o, İddiaçı ilə 31.10.2007-ci il tarixdə nikah münasibətlərinə girməklə evlənmiş və birgə nikahlarından 28 noyabr 2008-ci il tarixdə Muraz və 11 avqust 2010-cu il tarixdə Cəsur adlı uşaqları tarixdə doğulmuşdur. Nikahlarını 18.04.2009-cu il tarixdə rəsmiləşdirmişlər. İddiaçı ilə münasibətləri əvvəl normal olmuş, sonradan idddiaçı Toxuculuq kombinatında işə düzəldikdən sonra tamamilə dəyişmişdir. İddiaçının işdən çıxmasını tələb etdikdə, növbə rəisi onu hədələmişdir. İddiaçı onu bir ər kimi saymamışdır. Bundan sonra iddiaçı qardaşı ilə birləşib anasını döymüşlər, Mingəçevir ŞPŞ-yə şikayət etməklərinə baxmayaraq, bu günə kimi heç bir nəticəsi olmamışdır. Bu səbəbdən o,iddiaçını mənzilə buraxmamış, çünki onun gəlib həmin evdə yaşaması, yenidən anasının həyatını təhlükə altında qoymaq deməkdir. Odur ki, məhkəmədən izahatında göstərilənləri nəzərə almaqla, iddianın rədd edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh3 məhkəmə iclası zamanı iddianı qəbul etmədi və izahatında göstərdi ki, İddiaçı qardaşı Cavabdeh2la 31.10.2007-ci il tarixdə nikah münasibətlərinə girməklə evlənmişdir. Onların birgə evliliyindən iki nəfər uşaqları dğulmuşdur. O, Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsi 10 saylı evin 15-ci mənzilində qeydiyyatda olmasına baxmayaraq, başqa mənzildə yaşayır və anasına tez-tez baş çəkir. 09.01.2022-ci il tarixdə anasının ad günü olduğundan, yemək bişirmək üçün anasının evinə gələn zaman görmüşdür ki, iddiaçı qardaşı Hafizlə birlikdə anasına hücum etmişdir. Bu zaman nə olduğunu soruşduqda, iddiaçının qardaşı Hafiz qardaşı Elsevərin niyə Hafizəni boşamadığını, evi niyə bacısının adına keçirmədiyini deyib, ona hücum etmişlər və onu döymüşdür. O da 102 xidmətinə zəng vurmuş, həmin vaxtı iddiaçı qardaşı ilə evdən çıxıb getmişlər. Bu günə kimi Mingəçevir ŞPŞ-də araşdırma aparılmasına baxmayaraq, heç bir nəticəsi olmamışdır. İddiaçının mənzilə yenidən köçüb yaşaması anasının həyatı və sağlamlığı üçün təhlükəlidir. Odur ki, məhkəmədən izahatında göstərilənləri nəzərə almaqla, iddianın rədd edilməsi haqqında qətnamə çıxrılmasını xahiş edir. Cavabdeh1 məhkəmə iclası zamanı iddianı qəbul etmədi və izahatında göstərdi ki, İddiaçı oğlu Cavabdeh2la 31.10.2007-ci il tarixdə evlənmiş və orderlə onun adına olan mübahisəli mənzilə gəlin köçmüşdür. Onların birgə nikahlarından iki nəfər uşaqları doğulmuşdur. Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsi 10 saylı evin 15-ci mənzili onun istifadəsinə verilmişdir, Həmin mənzilin oğlu Elsəvərin adına özəlləşdirilməsinə hamısı razılıq vermişlər. Belə ki, onsuzda bu mənzil sonda oğluna qaldığı üçün onu məsrəflərdən qurtarmaq məqsədilə əvvəldən mənzili onun adına keçirmişlər. İddiaçı işləmək istəyini bildirmiş və oğlu etiraz etməyərək onu Toxuculuq kombinatında işə düzəltmişdir. O, bir müddət işlədikdən sonra, tamamilə dəyişmiş və oğlunu bir ər kimi saymamışdır. Oğlu Elsevər onun işdən çıxmasını tələb etmiş, lakin iddiaçı etiraz edərək oğlundan boşanmaq istədiyi bildirmiş, hətta qardaşı Hafizlə birlikdə 09.01.2022-ci il tarixdə ona hücum edib döymüşlər. Qızı Məsimə də həmin gün onlara gələn zaman nə baş verdiyini soruşduqda, ona da hücum çəkərək, oğlunun niyə Hafizəni boşamadığını, evi niyə onun adına keçirmək istəmədiyini bildirib, onu da döymüşlər. Qızı Məsimə 102 xidmətinə bu barədə məlumat verən zaman iddiaçı qardaşı ilə birlikdə evdən çıxıb getmişlər. Bu günə kimi Mingəçevir ŞPŞ-də araşdırma aparılmasına baxmayaraq, heç bir nəticəsi olmamışdır. İddiaçının mənzilə yenidən köçüb yaşaması onun həyatı və sağlamlığı üçün təhlükəlidir. Çünki iddiaçı ona qarşı olduqca aqressiv münasibət bəsləyir. Odur ki, məhkəmədən izahatında göstərilənləri nəzərə alınmaqla, iddianın rədd edilməsi haqqında qətnamə çıxrılmasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Mingəçevir şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 29.04.2022ci il tarixli arayışlardan görünür ki, Cavabdeh2 ilə İddiaçı birgə nikahından 28.11.2008–ci il tarixdə Muraz, 11.08.2010–cu il tarixdə Cəsur adlı uşaqları doğulmuşdur. İşdə olan AR ƏMDK yanında DƏDRX-in 17 saylı Ərazi İdarəsinin 24.01.2022-ci il tarixli, **********42 saylı məktubundan görünür ki, ünvan 3 evin 15 saylı mənzili Mingəçevir şəhər xalq deputatları Soveti tərəfindən verilmiş 11.10.1983-cü il tarixli 816 nömrəli order, Mingəçevir şəhəri Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi, 7 saylı Mənzil İstisimar sahəsinin təsdiq etdiyi 05.12.2012-ci il tarixli 2 nömrəli forma, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, X2, İddiaçı və Səfərova Mətanət məmməd qızının notarius tərəfindən təsdiq edilmiş razılıq ərizələri əsasında 13.12.2012-ci il tarixdə Cavabdeh2 adına özəlləşdirilmiş, həmin tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmış və hazırda həmin şəxsin mülkiyyətindədir. İşdə olan yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışdan görünür ki, İddiaçı ünvan 2 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 ilə X4 18.04.2009-cu il tarixdə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşlar. Nikah bağlandıqdan sonra arvada “Məmmədova “ soyadı verilmişdir. Beləliklə, məhkəmə iş materiallarının tam və hərtərəfli araşdırılması nəticəsində müəyyən etdi ki, iddiaçı ilə cavabdeh 31.10.2007-ci il tarixdə nikah münasibətlərinə girməklə evlənmiş onların birgə nikahlarından 28.11.2008-ci il tarixdə Muraz və 11.08.2010-cu il tarixdə Cəsur adlı uşaqları doğulmuşdur. Nikahlarını 18.04.2009-cu il tarixdə rəsmiləşdirmişlər. İddiaçı nikaha daxil olduqdan sonra, yəni 31.10.2007-ci il tarixdə cavabdehin mülkiyyətində olan, ünvan 3 evin 15 saylı ünvanında yerləşən mənzilə gəlin köçüb onunla birlikdə yaşamışdır. İddiaçı gəlin köçən vaxt özünə məxsus cehiz əşyalarını da həmin mənzilə yığmışdır. Həmin vaxt cavabdehlər iddiaçını ailə üzvü kimi qəbul etmiş, onunla ümumi təsərrüfata malik olmuş, onun həmin evdə daimi yaşamasına razı olmuşdur. İddiaçının Muraz və Cəsur adlı uşaqları da həmin evdə doğulmuşdur. Sonradan aralarında yaranmış narazılığa görə iddiaçı Cəsur adlı uşağı ilə birlikdə 2022-ci ilin əvvəllərindən mübahisəli mənzildən çıxmaq məcburiyyətində qalmışdır. Lakin iddiaçıya məxsus cehiz və geyim əşyaları mübahisəli mənzildə qalmışdır. İddiaçı 2007-2022–ci illər ərzində həmin mənzildə fasiləsiz və etirazsız olaraq yaşamışdır. Hazırda cavabdehlər iddiaçının və uşaqlarının mübahisəli mənzildən istifadə etmələrinə icazə vermir. Mübahisəli mənzil tam mülkiyyət hüququ ilə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı isə mənzilə köçürülməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM–nin 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.2–ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normaları əsasında çıxarılmalıdır. Məhkəmə mübahisənin düzgün həll edilməsi üçün qeyd edir ki, ilk növbədə iddiaçının mübahisəli mənzilin tərkib hissəsindən istifadə hüququnun yaranıbyaranmaması məsələsi, həmçinin tərəflər arasında yaranmış hüquq münasibətinə hansı qanun normasının tətbiq edilməsi müəyyən edilməlidir. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, iddiaçı ilə cavabdehlər arasında mübahisəli hüquq münasibəti iddiaçının mübahisəli mənzilə gəlin köçdüyü tarixdən, yəni 31.10.2007-ci tarixdən əmələ gəldiyindən, iddiaçı Cavabdeh2 mülkiyyətində olan ünvan 3 evin 15 nömrəli mənzilə köçmə tələbi irəli sürdüyündən, habelə həmin mənzil hüquq münasibəti yaranan vaxt Mingəçevir şəhər xalq deputatları Soveti tərəfindən verilmiş 11.10.1983-cü il tarixli 816 nömrəli order əsasında tərəflərin qanuni istifadəsində olduğundan, 13.12.2012-ci il tarixdən isə Cavabdeh2 mülkiyyətinə keçdiyindən, mübahisəli hüquq münasibətinə həmin vaxt qüvvədə olan Mənzil Məcəlləsinin və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin əşya hüquq münasibətlərini tənzimləyən normaları əlaqəli şəkildə tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228–ci maddəsinin və Mənzil Məcəlləsinin 123–cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair 27 iyul 2001–ci il tarixli qərarında göstərilmişdir ki, 2000–ci il sentyabrın 1–dən sonra yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr MM–in 228.1 və 228.2–ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123–cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 8 oktyabr 2013-cü il tarixli qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. AR Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 oktyabr 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, onunla etibarlı ailə əlaqələri əsasında yaranır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Z.Nəsirovanın şikayəti üzrə 19.04.2018-ci il tarixli qərarında formalaşmış hüquqi mövqeyində qeyd etmişdir ki, hüquq münasibətlərinin yarandığı və davam etdiyi dövdə qüvvədə olmuş mülki və mənzil qanunvericiliyi normalarının mənasına görə, mənzil sahibinin, yaxud kirayəçinin öz mənzilinə köçürdüyü şəxslərin həmin mənzildən istifadə hüququ əldə edilməsinin müəyyən şərtləri nəzərdə tutulmuşdur. Mənzildən istifadə hüququnun yaranmasının mühüm şərti həmin şəxsin kirayəçinin ailə üzvü olmasıdır. Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən, icarədarın ailə üzvləri onun arvadı (əri), uşaqları və valideynləri hesab olunur. İcarədarla birlikdə yaşayan digər şəxslər də onun ailə üzvləri hesab oluna bilər. Kirayəçinin ailə üzvləri sırasına bu şəxslər o zaman daxil ola bilərlər ki, onlar kirayəçinin yaxın qohumu, yaxud əmək qabiliyyətini itirməsi ilə əlaqədar ondan asılı olsunlar. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı Cavabdeh2 ilə 31.10.2007-ci tarixdən nikah münasibətinə girməklə və 18.04.2009-cu il tarixdə isə rəsmi nikah bağlamaqla, onlar arasında etibarlı ailə əlaqələri yaranmışdır. Həmin vaxt Cavabdeh2 mübahisəli mənzilin icarədarı, hazırda isə mülkiyyətçisi olmuşdur. Bu da onu deməyə əsas verir ki, əvvəllər icarədar, hazırda isə mülkiyyətçi olan Cavabdeh2 ailə üzvü kimi iddiaçının hər iki halda mübahisəli mənzilin tərkib hissəsindən istifadə hüququ yaranmışdır. AR Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli qərarında qeyd olunur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Qeyd edilənləri nəzərə alan Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddiaçının və uşaqlarının Cavabdeh2 mülkiyyətində olan mənzildən ailə üzvü kimi istifadə hüquqları müvafiq olaraq 31.10.2007-ci, 28.11.2008-ci və 11.08.2010-cu il tarixdən etibarlı ailə əlaqələri əsasında yaranmışdır. Qeyd edilən tarixlərdən mənzildən istifadəyə dair “qazanılmış hüquq”lar onların yaşayış sahəsinə ehtiyacının olduğu müddətdə qüvvədədir. İddiaçının və onun himayəsində olan uşaqların başqa yaşayış yerlərinin olmadığı və onların mübahisəli mənzildən yaşayış yeri kimi istifadə etmələrinə ehtiyaclarının olduğu məhkəmə tərəfindən müəyyən edildiyindən, məhkəmə iddiaçının tələbini onun qazanılmış hüququndan irəli gələn qanuni gözləntisi olmaqla əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.3–cü maddəsinə əsasən əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. Məhkəmə, iddiaçının mübahisəli mənzilə gəlin köçməsini, uşaqlarının həmin evdə doğulmasını, xeyli müddət fasiləsiz və etirazsız olaraq orada yaşamasını, habelə ümumi təsərrüfatı idarə etməsini, iddiaçının həmin mənzili özünün daimi yaşayış yeri hesab etməsini sübut edən hal kimi qiymətləndirir və nəzərə alır. Məhkəmə, həmçinin hesab edir ki, iddiaçının yaranmış mübahisə nəticəsində müəyyən müddətə məcburiyyət qarşısında, mənzildən çıxması, onun daimi yaşamaq üçün köçüb yaşadığı mübahisəli mənzilə olan hüququnun itirilməsi üçün əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 43–cü maddəsinin İ hissəsinin tələbinə görə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Eləcə də, Avropa İnsan Hüquqları Məhkəməsi “X5rşı” 24.11.1986–cı il tarixli Qərarında qeyd etmişdir ki, “İnsan Hüquqları və X7” Konvensiyanın 8–ci maddəsinin mənası baxımından 19 il həmin evdə yaşamayan şəxslər həmin evi öz mənzilləri adlandıra bilərlər. Bu nəticə belə bir fakta əsaslanır ki, uzun müddət həmin evdə yaşamadıqlarına baxmayaraq, ərizəçilərin həmişə ora qayıtmaq fikirləri vardır və həmin əlaqələr onların öz mənzili hesab etmək üçün yetərli idi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2–ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən nəzərə alır ki, azyaşlı uşaqlar doğulduğu andan cavabdehin mülkiyyətində olan mübahisəli mənzildə yaşamış, azyaşlı olduqları üçün ana ilə daha çox bağlı olmuş, hazırda da ana ilə birlikdə mübahisəli mənzilə köçüb yaşaması onların mənafelərinə daha çox uyğundur. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı uşaqları ilə birlikdə Cavabdeh2 oğlunun mülkiyyətində olan, ünvan 4 ünvanında yerləşən mənzilə köçürülməlidir. Məhkəmə, həmçinin cavabdehlər tərəfindən pozulmuş hüquqlarının bərpası ilə bağlı məhkəməyə müraciət edərkən vəkilə ödənilmiş 400 manat məbləğində qonarar və 100 manat məbləğində dövlət rüsumu olmaqla, 500 manat məbləğində məhkəmə xərcinin cavabdehlərdən alınıb verilməsi ilə bağlı qeyd edir ki, cavabdehlər tərəfindən iddiaçının hüquqları pozulmuşdur. Ona görə də iddiaçı pozulmuş hüquqlarının bərpa edilməsi üçün məhkəmə müdafiəsi hüququndan istifadə etmişdir. Məhkəməyə müraciət edərkən, vəkilin xidmətlərindən istifadə edərək vəkilə qonar ödəmiş, həmçinin qanunla müəyyən edilmiş qaydada və miqdarda dövlət rüsumu ödənilmişdir. İddiaçının çəkdiyi həmin xərclər cavabdehlərin öhdəliyinin icrasından qərəzli olaraq boyun qaçırması səbəbindən olmuşdur. Hazırda iddia tələbi iddiaçının xeyrinə çıxarılmışdı. Belə olan halda vəkilə ödənilmiş qonar və dövlət rüsumu, yəni məhkəmə xərci cavabdehlərdən alınıb iddiaçıya verilməlidir. Belə ki, işdə olan ödəniş qəbzindən görünür ki, iddiaçı 12.01.2022-ci il tarixdə BPM**********52 nömrəli mədaxil qəbzi ilə Mingəçevir şəhər Vəkil Bürosunun vəkili X1 hesabına 400 manat məbləğində pul köçürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. AR MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM–in 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88–ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4–cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–nin 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı 28.11.2008-ci il tarixdə doğulmuş Muraz və 11.08.2010-cu il tarixdə doğulmuş Cəsur adlı uşaqları ilə birlikdə Cavabdeh2 mülkiyyətində olan, ünvan 5 ünvanında yerləşən mənzilə köçürülsün. Vəkilin göstərdiyi hüquqi yardıma görə ödənilmiş qonarar və dövlət rüsumu cavabdehlərə aid edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada məhkəməyə müraciət edərkən vəkilə ödənilmiş 400 manat məbləğində qonarar və 100 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 500 (beş yüz) manat məbləğində məhkəmə xərci alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar