Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-706/2021 06.05.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçı: İddiaçı və onun nümayəndəsi Mingəçevir şəhər Vəkil Bürosunun vəkili X1 Cavabdeh: Mingəçevir Şəhər N.Nərimanov adına 1 № li tam orta məktəbin direktoru Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Mingəçevir Şəhər N.Nərimanov adına 1 nömrəli li tam orta məktəbin direktoruna qarşı bir stavka dərs yükü və sinif rəhbərliyi ilə təmin edilmə tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Mingəçevir Şəhər N.Nərimanov adına 1 nömrəli tam orta məktəbin direktoruna qarşı bir stavka dərs yükü və sinif rəhbərliyi ilə təmin edilməsi tələbinə dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, məhkəmədən Mingəçevir şəhəri N.Nərimanov adına l nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi 18 saatdan az olmayan dərs yükü və ibtidai sinif üzrə sinif rəhbərliyi ilə təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. İşə məhkəmədə baxılan zaman iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi haqda əlavə ərizə ilə məhkəməyə müraciət edərək, 18 saatdan sözündən əvvəl 1 stavka sözünü əlavə etməklə iddia tələbinin 1 stavka - 18 saatdan az olmayan dərs yükü və ibtidai sinif üzrə sinif rəhbərliyi ilə təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. İşə məhkəmədə baxılan zaman iddiaçı tələbin, ibtidai sinif üzrə sinif rəhbərliyi ilə təmin edilməsi hissəsində, həcmini azaldılması barədə əlavə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən yalnız 1 stavka - 18 saatdan az olmayan dərs yükü ilə təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddianı müdafiə etdi, əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, o, 25 iyun 2004-cü ildə Azərbaycan Müəllimlər İnstitutunu İbtidai təhsilin pedaqogikası və metodikası” ixtisası üzrə bitirmiş, 01.11.2004-cü ildə Mingəçevir şəhər Təhsil şöbəsinin tabeliyində fəaliyyət göstərən Gənc Turistlər və Diyarşünaslıq Mərkəzinə ibtidai sinif müəllimi ixtisaslı dərnək rəhbəri vəzifəsinə işə qəbul olmuş və 29 sentyabr 2015-ci il tarixədək bu vəzifədə işləmişdir. Mingəçevir şəhər Təhsil Şöbəsinin müdirinin 29 sentyabr 2015-ci il tarixli 21/ş saylı əmri ilə Mingəçevir şəhər Təhsil Şöbəsinin N.Nərimanov adına l№-li tam orta məktəbinə ibtidai sinif müəllimi vəzifəsinə işə keçirilmişdir. Bundan sonra onunla məktəb direktoru arasında ibtidai sinif müəllimi vəzifəsinə 05.10.2015-ci il tarixli, müddətsiz (daimi) əmək müqaviləsi bağlanmış və o, 2015-2016 və 2016-2017-ci tədris ilində əmək müqaviləsinə uyğun əmək funksiyasını yerinə yetirərək vahid tarif cədvəlinə uyğun 12-ci dərəcə ilə əmək haqqı almışdır. İşlədiyi müddətdə hər hansı intizam tənbehi olmayıb, işinin öhdəsindən layiqincə gəlmiş və əmək funksiyasını lazımi qaydada yerinə yetirmişdir. 23.01.2017-ci il tarixdə Təhsil Nazirliyinin Təhsil X3 İnstitutu tərəfindən ona “məktəbəhazırlıq qruplarında işin təşkili metodikası” ixtisasartırma proqramı üzrə "ixtisasartırma təhsili haqqında” 7356 qeydiyyat nömrəli Sertifikat, “Yeni ibtidai təhsil kurikulumu’ ixtisasartırma təhsil proqramı üzrə Sertifikat verilmişdir. Lakin işlədiyi l№-li tam orta məktəbin direktorunun 14.06.2017-ci il tarixli 750(b)p-saylı əmri ilə o, 12 illik fasiləsiz pedaqoji iş stajına malik olan, qüsursuz işləyən müəllim kimi işlədiyi halda, heç bir qanuni əsas olmadan Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "d” bəndinə (tərəflərin iradəsindən asılı olmayan hallar) əsasən 14.06.2017-ci il tarixdən işdən azad edilmişdir. Bundan sonra o, işə bərpa tələbinə dair məhkəmədə iddia qaldırmış və Mingəçevir Şəhər Məhkəməsinin 27 iyul 2017-ci il tarixli 2(051)-3678/2017 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək onunla əmək müqaviləsinə xitam verilməsi haqqında Mingəçevir şəhər 1 №-li Tam orta məktəbin direktorunun 14 iyul 2017-ci il tarixli 750(b)p-l saylı əmrinin ləğv edilməsi, onun əvvəlki vəzifəsinə müddətsiz əmək müqaviləsi üzrə işə bərpa edilməsi və məcburi iş buraxma günləri üçün əmək haqqının ödənilməsi qət edilmişdir. Məhkəmə qətnaməsinə əsasən1 №-li Tam orta məktəbin direktoru A.Rəsulovanın 01 avqust 2017-ci il tarixli 751(e) nömrəli əmri ilə öz vəzifəsinə-ibtidai sinif müəllimi vəzifəsinə bərpa edildi və onunla məktəb direktoru arasında bağlanmış müddətsiz əmək müqaviləsi davam etdi, eləcə də məktəbin le sinfinin sinif rəhbərliyi ona verildi. 29 avqust 2018-ci il tarixdə məktəbin yeni təyin olunmuş hazırkı direktoru Nümayəndə ilə onun arasında yenidən müddətsiz əmək müqaviləsi bağlandı. Məlumat üçün bildirir ki, o, əsassız işdən azad olunan müddətədək, yəni 2015- 2016 və 2016-2017-ci tədris ilində onun 1 stavka (12 saat) dərs yükü və sinif rəhbərliyi olmuşdur. İşə bərpa olunduqdan sonra 2017-2018-ci tədris ilində onun 20 saat dərs yükü oİmuşdur. Lakin 2018-2019-cu tədris ilində və ondan sonrakı tədris illərindən, hal-hazıradək ona cəmi 6 saat (2 saat texnologiya, 2 saat fiziki tərbiyə (əlavə dərslər), 2 saat da musiqi (əsas dərs)) dərs verildi, habelə sinif rəhbərliyi ondan alındı. Hal-hazırda əmək haqqı 144,00 (bir yüz qırx dörd) manatdır. Bu isə ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqından çox aşağı məbləğdir. Səbəb isə budur ki, o, diaqnostik qiymətləndirmədən keçməmis, ona görə də 1 stavka dərs yükü ilə təmin etmək mümkün deyildir. Əslində isə qanuna müvafiq olaraq işəgötürən onu ana dili, riyaziyyat, həyat bilgisi, musiqi kimi əsas, rəsm, texnologiya, bədən tərbiyəsi kimi əlavə dərslərlə təmin etməlidir. Onu da qeyd edir ki, məktəbdə ondan başqa 27 nəfər ibtidai sinif müəllimi işləyir ki, həmin müəllimlərdən 5 nəfərinin 20 saat, 9 nəfərinin 21 saat, 2 nəfərinin 22 saat, 3 nəfərinin 23 saat dərs yükü vardır. Diaqnostik qiymətləndirmədə müəllim kimi iştirak etməyini təşkil və təmin etmək isə məktəb direktorunun üzərinə düşür və o, bu məsələnin həllində sərbəst deyil ki, gedib iştirak edə bilsin. Əgər o, 6 saat dərs yükü ilə təmin olunursa, onun aylıq əmək haqqı 138,75 manat təşkil edir. Halbuki, ölkə üzrə minimum əmək haqqı 250 manatdır. Hesab edir ki, o, işlədiyi 1 №-li Tam orta məktəbdə ibtidai sinif müəllimi kimi 1 stavka- 18 saatdan az olmayan dərs yükü və ibtidai sinif üzrə sinif rəhbərliyi ilə təmin edilməlidir. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. İddiaçıın nümayəndəsi (vəkili) X4 məhkəmə iclası zamanı iddianı müdafiə etdi, təmsil etdiyi şəxlə eyni məzmunlu izahat verdi və iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclası zamanı cavabdeh Mingəçevir Şəhər N.Nərimanov adına 1 № li tam orta məktəbin direktoru Nümayəndə iddianı qəbul etmədi və izahatında göstərdi ki, “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları, Təhsil haqqında Azərbaycan Respublikasının Qanununa və Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əmək haqqının artırılması haqqında “Azərbaycan Respublikası Prezidentinin 16.01.2015-ci il tarixli 994 nömrəli Sərəncamına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin vəzifə maaşları sxeminin və məbləğlərinin, vəzifə maaşlarına əlavələrin məbləğlərinin təsdiq edilməsi haqqında 11.07.2016-cı il tarixli 270 nömrəli qərarına, “Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin və ümumi təhsil fənlərini tədris edən digər pedaqoji heyətin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması qaydalarının təsdiqi və diaqnostik qiymətləndirilmənin keçirilməsi barədə” Azərbaycan Respublikası Təhsil Nazirliyinin 04.08.2017-ci il tarixli 236-1 nömrəli əmri ilə təsdiq edilmiş qaydalara uyğun aparılır. Təhsil Nazirliyinin sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müddətsiz müqavilə ilə ixtisaslı müəllim kadrlarının işə qəbulu Nazirlik tərəfindən mərkəzləşdirilmiş müsabiqə yolu ilə həyata keçirilir. X5 müəllimlərin işə qəbulu müsabiqəsindən kənar işə qəbul edildiyindən diaqnostiq qiymətləndirilməyə buraxılmamışdır. “Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılma qaydalarına əsasən ümumi təhsil müəssisələrində dərs bölgüsü zamanı diaqnostik qiymətləndirilmədə iştirak edərək hər hansı bölmə üzrə 10% dən aşağı nəticə göstərmiş, müxtəlif səbəblərdən diaqnostik qiymətləndirilmədə iştirak etməmiş, həmçinin, 10 baldan aşağı nəticə göstərmiş müəllimlər üçün minimum dərs yükü (6saat) müəyyənləşdirilir. Odur ki, məhkəmədən iddianın rədd edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan təmin edilməlidir. Belə ki, 29.08.2018-ci ildə Mingəçevir şəhəri 1 №-li tam orta məktəbinin direktoru ilə işçi İddiaçı arasında bağlanmış əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı Mingəçevir şəhəri 1 №-li tam orta məktəbinin “ibtidai sinif” müəlliməsi vəzifəsinə qəbul edilmişdir. Həmin müqavilənin 2.1-ci bəndində göstərilmişdir ki, bu əmək müqaviləsi müddətsiz bağlanmışdır. İşdə olan əmək kitabçasının surətindən görünür ki, İddiaçı 01.11.2004-cü ildə əmək fəaliyyətinə başlayıb. 29.09.2015-ci ildə Mingəçevir şəhər 1 №-li tam orta məktəbə ixtisası üzrə müəllim vəzifəsinə keçirilmişdir. İşdə olan ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, 01.11.2004-cü ildə Mingəçevir şəhər Təhsil şöbəsinin tabeliyində fəaliyyət göstərən Gənc Turistlər və Diyarşünaslıq Mərkəzinə ibtidai sinif müəllimi ixtisaslı dərnək rəhbəri vəzifəsinə işə qəbul olmuş və 29 sentyabr 2015-ci il tarixədək bu vəzifədə işləmişdir. Mingəçevir şəhər Təhsil Şöbəsinin müdirinin 29 sentyabr 2015-ci il tarixli 21/ş saylı əmri ilə Mingəçevir şəhər Təhsil Şöbəsinin N.Nərimanov adına l№-li tam orta məktəbinə ibtidai sinif müəllimi vəzifəsinə işə keçirilmişdir. Bundan sonra l№-li tam orta məktəbin direktorunun 14.06.2017-ci il tarixli 750(b)p-saylı əmri ilə o, Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "d” bəndinə əsasən 14.06.2017-ci il tarixdən işdən azad edilmişdir. Bundan sonra iddiaçı 01.08.2017-ci il tarixdən 1 nömrəli məktəbin ibtidai sinif müəlliməsi vəzifəsinə bərpa edilmişdir. İşdə olan, Mingəçevir şəhər 1 saylı tam orta məktəbinin direktorunun 16.11.2020-ci il tarixli, 110 saylı arayışından görünür ki, İddiaçı həqiqətən də Mingəçevir şəhəri N.Nərimanov adına 1№ li tam orta məktəbdə ibtidai sinif müəllimi işləyir, 2018-2019-cu tədris ilində İddiaçı 6 (altı) saat dərs yükü ilə təmin olunmuşdur. İşdə olan, Mingəçevir şəhər 1 saylı tam orta məktəbinin direktorunun 26.02.2021-ci il tarixli, 21 saylı arayışından görünür ki, İddiaçı həqiqətən də Mingəçevir şəhəri N.Nərimanov adına 1 № li tam orta məktəbdə ibtidai sinif müəllimi işləyir, İddiaçı 2017- 2018-ci tədris ilində 20 (iyirmi saat), 2018-2019, 2019-2020, 2020-2021-ci tədris illərində 6 (altı) saat dərs yükü ilə təmin olunmuşdur. İşdə olan, Azərbaycan Respublikası Təhsil Nazirliyinin İddiaçı ünvanlandığı 30.07.2019-cu il tarixli, Kol-8028/09 nömrəli məktubunda iddiaçının nəzərinə çatdırılmışdır ki, Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müddətsiz müqavilə ilə ixtisaslı müəllim kadrlarının işə qəbulu Nazirlik tərəfindən mərkəzləşdirilmiş müsabiqə yolu ilə həyata keçirilir o, müəllimlərin işə qəbulu müsabiqəsindən kənar işə qəbul olunduğundan diaqnostik qiymətləndirilməyə buraxılmamış və ona “Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılma qaydalarına əsasən ümumi təhsil müəssisələrində dərs bölgüsü zamanı diaqnostik qiymətləndirmədə iştirak edərək hər hansı bölmə üzrə 10 faizdən aşağı nəticə göstərmiş, müxtəlif səbəblərdən diaqnostik qiymətləndirmədə iştirak etməmiş, həmçinin 10 baldan aşağı nəticə göstərmiş müəllimlər üçün minimum dərs yükü (6 saat) müəyyənləşdirildiyi bildirilərək ona müəllimlərin işə qəbulu müsabiqəsində iştirak etmək tövsiyyə olunmuşdur. Beləliklə, məhkəmə tərəflərin izahtlarının və iş materiallarına əlavə edilmiş sənədlərin məhkəmə iclasında tədqiqi nəticəsində müəyyən etdi ki, iddiaçı 01.11.2004-cü il tarixdə Mingəçevir şəhər Təhsil şöbəsinin tabeliyində fəaliyyət göstərən Gənc Turistlər və Diyarşünaslıq Mərkəzinə ibtidai sinif müəllimi ixtisaslı dərnək rəhbəri vəzifəsinə işə qəbul olmuş və 29 sentyabr 2015-ci il tarixədək bu vəzifədə işləmişdir. Mingəçevir şəhər Təhsil Şöbəsinin müdirinin 29 sentyabr 2015-ci il tarixli 21/ş saylı əmri ilə Mingəçevir şəhər Təhsil Şöbəsinin N.Nərimanov adına l№-li tam orta məktəbinə ibtidai sinif müəllimi vəzifəsinə işə keçirilmişdir. Bundan sonra onunla məktəb direktoru arasında ibtidai sinif müəllimi vəzifəsinə dair 05.10.2015-ci il tarixli miiddətsiz (daimi) əmək müqaviləsi bağlanmış və o, 2015-2016, 2016-2017 tədris ilində əmək müqaviləsinə uyğun əmək funksiyasını yerinə yetirərək vahid tarif cədvəlinə uyğun 12-ci dərəcə ilə əmək haqqı almışdır. İddiaçı 1 №-li tam orta məktəbin direktorunun 14.06.2017-ci il tarixli 750(b)p-/ saylı əmri ilə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin «d» hissəsi ilə işdən azad edilmiş, lakin Mingəçevir Şəhər Məhkəməsinin 27.07.2017-ci il tarixli 2(051)-3678/2017 saylı qətnaməsi ilə sözügedən əmr ləğv edilmiş və iddiaçı müddətsiz əmək müqaviləsi ilə sözügedən məktəbə ibtidai sinif müəllimi vəzifəsinə bərpa edilmişdir. Bundan sonra iddiaçı Mingəçevir Şəhər Məhkəməsinin 27.07.2017-ci il tarixli 2(051)-3678/2017 saylı qətnaməsinə əsasən 01.08.2017-ci il tarixdən qeyd olunan məktəbin ibtidai sinif müəllimi vəzifəsinə bərpa edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında yaranmış fərdi əmək mübahisəsinin düzgün həll edilməsi üçün ilk növbədə mübahisənin predmetinin nədən ibarət olaması müəyyən edilməlidir. Məhkəmə işin müəyyən edilmiş hallarına əsasən hesab edir ki, iddiaçı ilə cavabdeh arasında yaranmış fərdi əmək mübahisəsinin predmeti əmək normalarının, həmçinin işçinin əmək funksiyasının həcminin müəyyən edilməsi ilə bağlı olduğundan, mübahisə əmək qanunvericiliyinin normaları və digər əlaqəli normativ hüquqi aktlar əsasında həll edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəllənin 147-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək normaları — hasilat normaları, vaxt normaları, xidmət normaları və işçilərin say normaları işçilər üçün texnikanın, texnologiyanın əldə edilmiş səviyyəsinə uyğun olaraq müəyyən edilir. Həmin Məcəllənin 147-ci maddəsinin 4-cü hissəsinə hasilat normaları elə müəyyən edilməlidir ki, tam iş vaxtı ərzində işçi əmək funksiyasını yerinə yetirmək imkanına malik olsun və onun əmək haqqının məbləği qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmasın. Həmin Məcəllənin 288-ci maddəsinə əsasən əmək normalarının, həmçinin işçinin əmək funksiyasının həcminin müəyyən edilməsinin tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli bu Məcəllə ilə nizama salınır: Azərbaycan Respublikasının Əmək Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinin “b” bəndinə əsasən Əmək Məcəlləsinin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindəndir. İşin müəyyən olunmuş hallarından görünür ki, cavabdehin (işəgötürənin) əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirməsi səbəbindən, iddiaçı tam iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək imkanına malik olmamış, nəticədə onun əmək haqqının məbləği qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmuşdur. Bu hal isə işçinin qanunla qorunan əmək hüquqlarının pozulmasına səbəb olmuşdur. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, ümumtəhsil məktəblərində müəllimlərin 1 (bir) stavka dərs yükü 18 saat (bu zaman həftəlik dərs yükü 2 (iki) stavkanı aşmamalıdır) müəyyən edidiyi halda, cavabdeh heç bir hüquqi əsas olmadan, yəni icrası hamı üçün məcburi olan normativ hüquqi akta istinad etmədən iddiaçının dərs yükünün 6 saat həcmində müəyyən etmişdir. Belə olan halda iddiaçı ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqından aşağı məbləğdə əmək haqqı almışdır. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24.11.2010-cu il tarixli 215nömrəli “Təhsil müəssisələrinin pedaqoji işçilərinin dərs yükü normalarının müəyyən edilməsi haqqında” Qərarının 1-ci hissəsinin 2-ci abzasına əsasən bütün tipdən olan ümumtəhsil məktəblərində, gimnaziya və liseylərdə, peşə məktəbləri və peşə liseylərində müəllimlərin 1 (bir) stavka dərs yükü 18 saat (bu zaman həftəlik dərs yükü 2 (iki) stavkanı aşmamalıdır) müəyyən edilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan üsmumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları (bundan sonra mətndə Qaydalar) Təhsil Nazirliyi sisteminə daxil olan ümumtəhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsini, pedoqoji işçilərin işə qəbulu və yerdəyişməsini tənzimləyir, bu sahədə təhsil idarəetmə orqanlarının ərazi maliyyə hesablaşma mərkəzlərinin, müəssisə rəhbərlərinin səlahiyyət və vəzifələrini müəyyən edir (Qaydaların 1.2-ci bəndi). «Qaydalar» Azərbaycan Respublikası Prezidentinin 16.01.2015-ci il tarixli 994 saylı sərəncamına və həmin «Qaydalar»ın 1.1-ci bəndində sadalanan digər səlahiyyətli orqanların normativ aktlarına uyğun olaraq hazırlanmışdır. «Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əmək haqqının artırılması haqqında» Azərbaycan Respublikası Prezidentinin 16 yanvar 2015-ci il tarixli 994 №li Sərəncamına, 23 avqust 2017-ci il tarixdə dəyişiklik edilərək 1-1-ci hissə əlavə edilmiş, həmin hissəyə əsasən Azərbaycan Respublikası Təhsil Nazirliyinin 2017-ci il yanvarın 1dən keçirdiyi mərkəzləşdirilmiş müsabiqə yolu ilə dövlət ümumi təhsil müəssisələrinə işə qəbul olunan müəllimlər diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərə bərabər tutulurlar. «Qaydalar»ın 4.1-ci bəndinə əsasən Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müddətsiz müqavilə ilə ixtisaslı müəllim kadrlarının işə qəbulu Nazirlik tərəfindən mərkəzləşdirilmiş müsabiqə yolu ilə həyata keçirilir. Həmin «Qaydalar»ın 5.2-ci bəndinə əsasən işə qəbul üzrə müsabiqədə yalnız ali və orta ixtisas təhsili müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli təhsil sənədi (diplom) almış işləməyən şəxslər, eləcə də müəssisələrdə müddətli əmək müqaviləsi ilə işləyən müəllimlər iştirak edə bilərlər. İşin faktiki hallarından göründüyü kimi iddiaçı işə götürülərkən işəgötürən «Qaydalar»ın 4.1-ci bəndinin tələbini pozaraq iddiaçı ilə müsabiqədən kənar müddətsiz əmək müqaviləsi bağlamış, sonradan əmək müqaviləsinə xitam versə də, Mingəçevir Şəhər Məhkəməsinin 27.07.2017-ci il tarixli 2(051)-3678/2017 №li qətnaməsi ilə sözügedən əmr etibarsız hesab edilmiş və iddiaçı müddətsiz əmək müqaviləsi ilə 1 №li tam orta məktəbin ibtidai sinif müəllimi vəzifəsinə bərpa olunmuşdur. Bununla da iddiaçının mərkəzləşdirilmiş müsabiqədən kənar işə qəbul edilməsi məsələsi aradan qalxmışdır. Göründüyü kimi, «Qaydalar»ın 4.1-ci bəndinə görə işəgötürən işçini müddətsiz müqavilə ilə işə qəbulunu mərkəzləşdirilmiş müsabiqə yolu ilə həyata keçirməli idi. Belə olan vəziyyətdə cavabdeh iddiaçıya müsabiqədən kənar işə qəbul olunduğu üçün diaqnostik qiymətləndirməyə buraxmamaqda haqlı olmamışdır. Çünki sözügedən «Qaydalar»ın 5.2-ci bəndi buna imkan vermir. Belə ki, orada göstərilmişdir ki, işə qəbul üzrə müsabiqədə yalnız ali və orta ixtisas təhsili müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli təhsil sənədi (diplom) almış işləməyən şəxslər, eləcə də müəssisələrdə müddətli əmək müqaviləsi ilə işləyən müəllimlər iştirak edə bilərlər. Məhkəmə cavabdehin «Ümumi Təhsil Müəssislərində müəllimlərin və ümumi təhsil fənlərini tədris edən digər pedaqoji heyətin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması» Qaydalarının 5.5-ci bəndinə istinad etməsi ilə də razılaşmamışdır. Belə ki, həmin bənddə diaqnostik qiymətləndirmədə iştirak edərək hər hansı bölmə üzrə 10 faizdən aşağı nəticə göstərmiş, üzrsüz səbəbdən diaqnostik qiymətləndirmədə iştirak etməmiş, həmçinin 10 baldan aşağı nəticə göstərmiş müəllimlər üçün minimum dərs yükünün (6 saat) müəyyənləşdirilməsindən söhbət gedir ki, bunun da iddiaçıya heç bir aidiyyəti yoxdur. Ona görə ki, o, ümumiyyətlə yuxarıda göstərilən səbəbdən diaqnostik qiymətləndirməyə buraxılmamışdır. Həmin “Qaydalar”ın 7.2-ci bəndinə əsasən yerli təhsili idarəetmə orqanları imtahanda iştirak edəcək heyət haqqında məlumatın www.dq.edu.az saytına daxil edilməsi, məlumatların dürüstlüyünün təmin edilməsi, eləcə də diaqnostik qiymətləndirmənin məqsədinin heyətə düzgün formada çatdırılması öhdəliyini daşıyırlar. Həmin “Qaydalar”ın 7.3-cü maddəsinə əsasən yerli təhsili idarəetmə orqanları və təhsil müəssisələrinin rəhbərləri müəyyənləşdirilmiş vaxtda heyətin diaqnostik qiymətləndirmədə iştirakının təmin edilməsi üçün zəruri tədbirlərin görülməsi üçün birbaşa məsuliyyət daşıyırlar. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30.04.2020-ci il tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın 1.2-ci maddəsinə əsasən təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlər peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılması məqsədilə 5 (beş) ildə bir dəfə ödənişsiz sertifikatlaşdırmadan keçməlidirlər. Məhkəmə iclasında araşdırılmış sübutlara qiymət verərək, belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4–cü maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM–in 216–220, 227 və 233– ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı Qarayeva X2 şəhər 10 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi 1 stavkadan (18 saatdan) az olmayan dərs yükü ilə təmin edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Mingəçevir Şəhər məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №2(051)-706/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-706/2021
06.05.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver