Məhkəmə qərarları › İş №2(051)-721/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-721/2022

23.05.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-721/2022 23.05.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi Ərizəçi nümayəndəsi və vəkili Vəkil Hacı oğlunun iştirakı ilə, Ərizəçi miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ərizəçi mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi və vəkili Vəkil Hacı oğlu ərizəni müdafiə edərək izahatında bildirdi ki, Ərizəçi xx.xx.1956-cı ildə Qəbələ rayonu Çarxana kəndində doğulub. Ərizəçi mərhum əri X12 ilə 11 yanvar 1978-ci ildə rəsmi nikah qeyd etdirməklə ailə münasibətlərinə daxil olmuşdur. Onların birgə nikahlarından 31.03.1979-cu il təvəllüdlü X13, 04.08.1980-ci il təvəllüdlü X15 adlı iki nəfər uşaqları doğulmuşdur. Onlar 43 ildən artıq bir müddətdə birgə təsərrüfat idarə etmişlər. Birgə nikah dövründə yaşadıqları müddətdə, torpaq sahəsi üzərində fərdi yaşayış evi əldə etmişlər. Mingəçevir şəhəri Natəvan döngəsində 0.05 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 89.91 kv.m yaşayış, 76.77 kv.m köməkçi sahədən ibarət 3 nömrəli fərdi yaşayış evini tam mülkiyyət hüququ üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** saylı Qeydiyyat nömrəsinə əsasən 2008-ci ildə mərhum əri X7 adına Çıxarış almışlar. Ərizəçinin əri X12 05 avqust 2021-ci il tarixdə vəfat etmişdi. Ərizəçi mərhum ərinin ölümündən sonra birgə nikah dövründə əldə etdikləri ərinin mülkiyyətində olan Mingəçevir şəhəri Natəvan döngəsində 3 nömrəli ünvanda yerləşən fərdi yaşayış miras evi qaldı. Hazırda ərizəçi evdə qeydiyyatdada olmaqla yaşayır, faktiki sahibliyində və istifadəsindədir. Ərizəçinin hər iki övladları evin analarının adına rəsmiləşməsinə etiraz etmirlər. Ərizəçinin qızı X13 iki ildən artıqdır ki, Almaniyada yaşayır. Atasının yas mərasimində belə iştirak edə bilməmişdir. Notariat kontorunda uşaqaların razılıq ərizəsini tələb etmişlər, ərizəçinin qızı Aygün və oğlu Natiq etibarnamə göndərmişlər. Bundan sonra ərizəçi mirasın qəbul edilməsi ilə bağlı Mingəçevir Regional “Asan xidmət” Mərkəzinin Notariat Ofisinə müraciət etmiş, lakin notariat kontorundan ərizəçiyə etibarnamədə vərəsəliklə bağlı hər hansı cümlə olmadığı üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Bu faktı başqa qaydada müəyyən etmək mümkün deyil. Ərizənin təmin olunmasını, mərhum X4 miras qalmış Mingəçevir şəhəri Natəvan döngəsində 0.05 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 89.91 kv.m yaşayış, 76.77 kv.m köməkçi sahədən ibarət 3 nömrəli fərdi yaşayış evinin yalnız ərizəçi tərəfindən miras əmlak kimi qəbul edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs Mingəçevir Regional “ASAN xidmət” mərkəzində notariat ofisinə məlumat verilmiş, lakin onun nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin olunmamışdır. Məhkəmə hesab edir ki, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılması mümkündür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərdi ki, Ərizəçi ilə 20 ildən çoxdur ki, qonşudurlar. Ərizəçi əri Ramiz Rzayevlə birlikdə Mingəçevir şəhəri Natəvan döngəsi 3 №-li evdə yaşayırdı. Ərinin ölümündən sonra da ərizəçi həmin evdə yaşayır. X1 məhkəmə iclasında ifadəsində göstərdi ki, Ərizəçi ilə 15 ildən çoxdur ki, qonşudur. Ərizəçi əri Ramiz Rzayevin ölümündən sonra da Mingəçevir şəhəri Natəvan döngəsi 3 №-li evdə yaşayır. Məhkəmə ərizəçinin nümayəndəsi və vəkilini, şahidləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin olunmalıdır. İşdə olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* №-li MH seriyalı Çıxarışlardan görünür ki, Mingəçevir şəhəri Natəvan döngəsində mülkiyyətində olan 0.05 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 89.91 kv.m yaşayış, 76.77 kv.m köməkçi sahədən ibarət 3 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə X7 adına qeydiyyata alınmışdır. İşə əlavə edilmiş nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X12 ilə X5 arasında 11 yanvar 1978-ci ildə Bakı şəhəri Nərimanov rayon VADQ şöbəsində 7 № ilə nikah qeydə alınmışdır. Nikah bağlandıqdan sonra arvada “Rzayeva” soyadı verilmişdir. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən və arayışdan görünür ki, 31 mart 1979-cu il təvəllüdlü X13 və 04 avqust 1980-ci il təvəllüdlü X10 valideynləri X12 və Ərizəçidır. İşə əlavə olunmuş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 06 avqust 2021ci ildə vəfat etmişdir. İşə əlavə edilmiş X15 və X6 notarial qaydada təstiq edilmiş ərizələrində 05 avqust 2021-ci il tarixdə vəfat etmiş RzayevRamiz Fərman oğlundan miras qalmış əmlakdan heç bir iddiası olmaması, həmin əmlakdan pay istəməməsi göstərilmişdir. İşdə olan Mingəçevir Regional “Asan Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusun Ərizəçi 11 fevral 2022-ci il tarixli cavab məktubundan görünür ki, onun adına vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina olunumşdur. İşdə olan Mingəçevir şəhər Qeydiyyat Şöbəsindən verilmiş 12 oktyabr 2021-ci il tarixli 05/Q- 607/15 №-li arayışdan görünür ki, X7 vərəsələri arvadı Ərizəçi , qızı X13, oğlu X11r. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Mülki Məcəllənin 1159.1 və 1159.1.1-ci maddələrinə əsasən ölənin uşaqları, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə birinci növbəli vərəsələr sayılırlar. Mülki Məcəllənin 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Mülki Məcəllənin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Mülki Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Məhkəmə iclasında, müəyyən edildi ki, ərizəçi Sədayə X2 miras qalmış Mingəçevir şəhəri Natəvan döngəsində 0.05 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 89.91 kv.m yaşayış, 76.77 kv.m köməkçi sahədən ibarət 3 nömrəli fərdi yaşayış evinə sahiblik etməklə mirası faktiki olaraq qəbul etmişdir. Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsinə görə məhkəmə mirasın qəbul edilməsi faktını müəyyən edə bilər. Məhkəmə təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, S.X2 miras qalmış Mingəçevir şəhəri Natəvan döngəsində 0.05 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 89.91 kv.m yaşayış, 76.77 kv.m köməkçi sahədən ibarət 3 nömrəli fərdi yaşayış evinə Ərizəçi sahiblik etməklə mirası faktiki olaraq qəbul etmişdir. Ona görə də ərizə təmin olunmalı, X4 miras qalmış Mingəçevir şəhəri Natəvan döngəsində 0.05 ha torpaq sahəsində yerləşən 3 nömrəli fərdi yaşayış evinə vərəsə Ərizəçi tərəfindən sahiblik etməklə qəbul etməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə Q ə t e t d i: Ərizə təmin edilsin. X4 miras qalmış Mingəçevir şəhəri Natəvan döngəsində 0.05 ha torpaq sahəsində yerləşən 3 nömrəli fərdi yaşayış evin yalnız vərəsə Ərizəçi tərəfindən qəbul olunması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar