Məhkəmə qərarları › İş №2(051)-752/2022

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-752/2022

18.02.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-752/2022 18.02.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlu, Ağayeva Aynurə Nizami qızının katibliyi ilə, Ərizəçi İddiaçı maraqlı şəxs DƏDRX-ın 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı Torpağın mülkiyyətə verilməsinə dair JN-424F, KOD 90200002 nömrəli şəhadətnaməsində qeydə alınmış adlarda düzəlişlərin edilməsi tələbinə dair iddia ərizəsinin icraata qəbul olunmasının mümkünlüyü məsələsinə baxaraq məhkəmə müəyyən etdi: Ərizəçi İddiaçı maraqlı şəxs DƏDRX-ın 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı Torpağın mülkiyyətə verilməsinə dair JN-424F, KOD 90200002 nömrəli şəhadətnaməsində qeydə alınmış adlarda düzəlişlərin edilməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, göstərilən iş Mingəçevir şəhər Məhkəməsində baxılmalı deyil və ərizəni qəbul etməkdən imtina edilməlidir. Məhkəmə iş materiallarını nəzərdən keçirərkən belə nəticəyə gəlir ki, İddiaçı Torpağın mülkiyyətə verilməsinə dair JN-424F, KOD 90200002 nömrəli şəhadətnaməsində qeydə alınmış adlarda düzəlişlərin edilməsi tələbinə xüsusi icraat qaydasında Mingəçevir şəhər Məhkəməsində baxılmalı deyil. Belə ki, məhkəmə xüsusi icraat qaydasında şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktını müəyyən edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. İddiaçı milkin olarpaq aidiyyatı orqana, «torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədə adların yazılışında səhvlərə yol vermiş DƏDRX-ın 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət etməlidir. DƏDRX-ın 17 saylı Yevlax Ərazi İdarəsindən imtina alarsa, göstərilən iddia müəyyən öhdəliklərin qoyulması ilə bağlı olduğu üçün tələb iddia icraatı formasında İnzibati məhkəməyə verilməlidir. Lakin ərizəçi yuxarıda göstərilən hallara riayət etmədən məhkəməyə müraciət etmişdir. Ona görə də ərizə Azərbaycan Respublikası MPM-in 153.2.1-ci maddəsinə əsasən mülki mühakimə qaydasında baxılmalı olmadığı üçün ərizəsini qəbul etməkdən imtina edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. Həmin Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “İnzibati icraat haqqında” Qanun) 1-ci maddəsinə uyğun olaraq bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir və inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab edilir. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikası MPM-in 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Ərizəçi İddiaçı əvvəl DƏDRX-ın 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət etməsi, əgər DƏDRX-ın 17 saylı Yevlax Ərazi İdarəsindən imtina alarsa, səlahiyyətli məhkəməyə - İnzibati Məhkəməyə müraciət etməsi izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 152.1.3-cü maddəsini rəhbər tutaraq məhkəmə qərara aldı: Ərizəçi İddiaçı maraqlı şəxs DƏDRX-ın 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı Torpağın mülkiyyətə verilməsinə dair JN-424F, KOD 90200002 nömrəli şəhadətnaməsində qeydə alınmış adlarda düzəlişlərin edilməsi tələbinə dair ərizəsini qəbul etməkdən imtina edilsin. Ərizəçi İddiaçı əvvəl DƏDRX-ın 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət etməsi, əgər DƏDRX-ın 17 saylı Yevlax Ərazi İdarəsindən imtina alarsa, səlahiyyətli məhkəməyə - İnzibati Məhkəməyə müraciət etməsi izah edilsin. Qərardaddan surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Mingəçevir şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. HAKİM: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar