Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-759/2020 16.09.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı: İddiaçı Cavabdeh qarşı «cavabdehin və məhkəmə qətnaməsi əsasında onun yanında qalan yetkinlik yaşına çatmayan oğlunun ona məxsus mənzilə istifadə hüququnun olmaması faktının müəyyən edilməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Cavabdeh və məhkəmə qətnaməsi əsasında onun yanında qalan oğlu X4 ona məxsus, ünvan 1 mənzil 34 ünvanında yerləşən mənzilə istifadə hüquqlarının olmaması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında göstərmişdir ki, o, ünvan 2 mənzil 34 ünvanında qeydiyyatdadır və yaşayır. Bu mənzil xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. Cavabdeh onun oğlu X3 ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Onların bu nikahı X8 evində xx.xx.2008-ci ildə 413 saylı aktla rəsmiləşdirilmişdir. Onların bu nikahdan xx.xx.2009-cu il təvəllüdlü oğlu X6 doğulmuşdur. Sonradan cavabdehlə ailə münasibətləri kəskinləşmiş və indiki halda cavabdehin iddia ərizəsi əsasında işə baxan hakim xx.xx.2014-cü il tarixli, 2(051)-1496/2014 saylı qətnaməsinə əsasən onların arasındakı rəsmi nikah qeydi pozulmuşdur. Yetkinlik yaşına çatmayan X6 anasının yanında qalmışdır. Bu qətnamə əsasında verilmiş icra sənədi icra edilmişdir. Bu qətnamə əsasında Mingəçevir şəhər Qeydiyyat şöbəsi tərəfindən onlara xx.xx.2019-cu il tarixli, AZ-İ № 322496 saylı “Nikahın pozulması haqqında şəhadətnamə” verilmişdir. İndiki halda cavabdeh olan Cavabdeh nikahın pozulması barədə Mingəçevir Şəhər Məhkəməsinə iddia ərizəsi verməmişdən xeyli müddət əvvəl, yəni 2012-ci ilin may ayından oğluyla birgə yaşadıqları ona məxsus mənzili tərk edərək azyaşlı oğlu ilə Bakı şəhərində yaşayan valideynlərinin yanına köçmüş və indiyə qədər də orada yaşayır. Həmin vaxtdan bu günə qədər onlar iddiaçıya məxsus evə gəlməmiş və orada yaşamamışdır. Oğlu Cavabdeh ilə ailə qurandan sonra onun razılığı əsasında ona məxsus mənzildə pasport qeydiyyatına alınmışdır. Cavabdeh 2012-ci ilin may ayında bu günə qədər ona məxsus mənzildə yaşamasa da, bu günə qədər pasport qeydiyyatında qalmaqdadır. Cavabdeh ilə qohumluq münasibətlərinə xitam verilmişdir. Ona görə də, Cavabdeh və məhkəmə qətnaməsi əsasında onun yanında qalan oğlu X4 ona məxsus, ünvan 1 mənzil 34 ünvanında yerləşən mənzilə istifadə hüquqlarının olmaması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Şirinov X1 şəhəri, N.Rəfibəyli küçəsi ev 11, mənzil 34 ünvanında qeydiyyatdadır. İşə əlavə olunmuş Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1496/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsinin surətindən görünür ki, X3 ilə X5 arasında X8 evində xx.xx.2008-ci il tarixdə bağlanmış nikkah pozulmuş və birgə nikahdan olan xx.xx.2009-cu il təvəllüdlü X6 adlı uşaq anası X2 yanında qalmışdır. İş materiallarında olan AR Daxiliİşlər Nazirliyi Yaşayış Yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışdan görünür ki, İddiaçı xx.xx.2005-ci il tarixdən ünvan 1 mənzil 34 ünvanında qeydiyyatdadır. İşdə olan Maraqlı şəxs xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, İddiaçı məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan digər yazılı sübutları araşdırıb onlara tam, hərtərəfli və obyektiv qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə sadalanan sübutların məhkəmə iclasında tədqiq olunması nəticəsində o nəticəyə gəlir ki, göstərilən sübutlar iddia tələbinin əsaslı olduğu qənaətinə gəlməyə əsas verməklə biri digərini tamamlayır. Sübutlar işə aid olmaqla iddiaçının tələbində göstərilən faktiki hallara uyğun gəlir. Onlar arasında heç bir ziddiyyət yoxdur. Məhkəmədə əldə olunmuş sübutların məcmusu əsasında müəyyən edilmişdir ki, cavabdeh sözügedən mənzildə qeydiyyatda olsa da, uzun müddətdir ki, orada yaşamır və iddiaçı mənzildən istifadə ilə bağlı bütün hüquqlarına xitam verilməsini xahiş edir. Cavabdehin mənzilə qeydiyyatı formal xarakter daşıyır. Cavabdehin mənzildən istifadə hüququnun davam etməsi mülkiyyətçisinin qanundan irəli gələn hüquqlarını məhdudlaşdırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna o şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeyd alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Mənzildən istifadə hüququnun yaranması əsasları Mülki Məcəllənin 228-ci maddəsində göstərilmiş və həmin maddənin tətbiqi ilə bağlı yaranan mübahisələrin həllinə dair Konstitusiya Məhkəməsi müvafiq qərarlar qəbul etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair» xx xxx 2008-ci il tarixli qərarında göstərilir ki, Mülki Məcəlləsinin 228.1, 228.2-ci maddələrinin mənasından göründüyü kimi yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün aşağıdakı mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur: 1) mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanması; 2) həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi; 3) istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması. Məhkəmədə müəyyən edilmişdir ki, cavabdehlə mülkiyyətçi arasında notariat qaydasında təsdiqlənən yazılı razılaşma bağlanmamış, onların mənzildən istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona məxsus əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2008-ci il tarixli qərarına əsasən Mülki Məcəllənin 228.5-ci maddəsindəki «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydalara müvafiq olaraq, mülkiyyətçi ilə yazılı bağlanan və notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Göründüyü kimi mülkiyyətçi ilə cavabdehlər arasında mənzildən istifadə hüququna dair notariat qaydasında təsdiqlənən razılaşma olmamışdır. Azərbaycan Respublikası MPM-nin 13.7-ci maddəsində nəzərdə tutulmuşdur ki, Azərbaycan Respublikası Konstitusiyanın və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikasının Konstitusya Məhkəməsinin qərarında verilmiş olsun. Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinin tələbinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh və məhkəmə qətnaməsi əsasında onun yanında qalan oğlu X4 ünvan 1 mənzil 34 ünvanında yerləşən mənzilə istifadə hüququna xitam verilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Ələkbər Hüseynov.
Məhkəmə qərarları › İş №2(051)-759/2020
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-759/2020
16.09.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver