Məhkəmə qərarları › İş №2(051)-759/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-759/2021

17.05.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-759/2021 17.05.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi Musayeva Günel Şövkət qızının katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında bildirdi ki, Cavabdeh1 ilə 29 avqust 2007-ci ildə nikah münasibətinə girməklə ailə qurmuşdu. Birgə nikahlarından 06 may 2008-ci il təvəllüdlü Raifə, 23 iyun 2010-cu il təvəllüdlü Rauf adlı iki nəfər uşaqları olmuşdur. Cavabdeh1lə ailə qurduqdan sonra onun daimi yaşadığı Mingəçevir şəhəri M.Ə.Sabir küçəsi 3 saylı evin 42 saylı mənzilində valideynləri ilə birgə yaşamışdır. Həmin vaxtdan da mənzilə yaşayış yeri üzrə qeydiyyata düşmüşdür. Mənzil qayınanası Cavabdeh2 adına özəlləşdirilən zaman onun da razılığı alınmışdır. Cavabdehlərlə aralarında mübahisə olmuş və 17 iyun 2020-ci ildə onu oğlu Raufla birlikdə evdən qovmuşlar. Ona məxsus cehiz əşyaları həmin mənzildədir. Cavabdeh1lə aralarında olan nikahları məhkəmə qaydasında ləğv edilmişdir. Hazırda uşağı ilə birlikdə kirayədə yaşayır. Cavabdehlər onu istifadə hüququ olan mənzilə köçüb yaşamağa icazə vermirlər. Ona görə də iddianın təmin olunmasını, Mingəçevir şəhəri M.Ə.Sabir küçəsi 3 №-li evin 42 №-li mənzilinə istifadə hüququnun tanınması və həmin mənzilə 23 iyun 2010-cu il təvəllüdlü Rauf adlı uşağı ilə birlikdə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh1 məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında bildirdi ki, İddiaçı ilə 2007-ci ildə rəsmi nikah qeyd etdirməklə ailə qurmuş və iddiaçı onların yaşadığı Mingəçevir şəhəri M.Ə.Sabir küçəsi 3 №-li evin 42 №-li mənzilinə köçmüş, birlikdə yaşamışlar. Həmin mənzil əvvəl dövlət fondu mənzili olmuşur. Mənzil iddiaçının və digər istifadəçilərin razılığı ilə 2014-cü ildə onun anası Cavabdeh2 adına özəlləşdirilmiş, anasının adına mülkiyyət hüququnu təsdiq edən Çıxarış verilmişdir. Sonra iddiaçı ilə münasibətləri pozulmuş, ayrılmışlar. Nikahları məhkəmə qaydasında ləğv edilmişdir. İddiaçı 2020-ci ilin iyun ayında mənzildən çıxmışdır. Hesab edir ki, ailə münasibətləri pozulduğuna görə onların bir mənzildə yaşamaqları mümkün deyil. Ona görə də iddianın təmin olunmamsını xahiş edir. Cavabdeh2 məhkəmə iclasında iddianı qəbul etməyərək Cavabdeh1 izahatına uyğun izahat verdi və iddiaçı ilə bir mənzildə birlikdə yaşamaqları mümkün olmadığına görə iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materialını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. İşə əlavə edilmiş nikah haqqında arayışdan görünür ki, Cavabdeh1 ilə X5 arasında 29 iyun 2007-ci ildə Mingəçevir şəhər Qeydiyyat şöbəsində 154 № ilə nikah qeydə alınmışdır. Nikah bağlandıqdan sonra qadın Mustafayeva soyadını qəbul etmişdir. İşə əlavə edilmiş doğum haqqında arayışlardan görünür ki, 29 aprel 2008-ci il təvəllüdlü X4, 11 iyun 2010-cu il təvəllüdlü X1 atası Cavabdeh1 oğlu, anası İddiaçıdır. İşdə olan 10715 №-li 09 aprel 1982-ci il tarixli orderdən görünür ki, Mingəçevir şəhəri Sabir küçəsi 3 №-li evin 42 №-li mənzili Cavabdeh2 adına qeyd edilməklə mənzil onun, əri Raqub Mustafayev, qızı X3 və oğlu Cavabdeh1 istifadəsinə verilmişdir. İşdə olan 1 №-li MİS-dən verilmiş 1429 №-li 04 dekabr 2014-cü il tarixli 2 №-li forma arayışdan görünür ki, Mingəçevir şəhəri M.Ə.Sabir küçəsi 3 №-li evin 42 №-li mənzili İcra Hakimiyyətiinə məxsusdur. Mənzildə cavabdehlər və İddiaçı uşaqları ilə birlikdə yaşayış hüququ olmaqla qeydiyyatdadırlar. İşdə olan İddiaçı notarial qaydada təsdiq edilmiş 05 noyabr 2014-cü il tarixli ərizəsindən görünür ki, Mingəçevir şəhəri M.Ə.Sabir küçəsi 3 №-li evin 42 №-li mənzilin Cavabdeh2 adına özəlləşdirilməsinə və mülkiyyət hüququnun verilməsinə razıdır. İşdə olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* №-li Çıxarışdan görünür ki, Mingəçevir şəhəri M.Ə.Sabir küçəsi 3 №li evin, 42 №li mənzili 07 noyabr 2014-cü ildə mülkiyyət hüququ ilə Cavabdeh2 adına qeydiyyata alınmışdır. İşə əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* № li arayışından görünür ki, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Mingəçevir şəhəri M.Ə.Sabir küçəsi 3 № li evin 42 № li mənzilində qeydiyyatdadırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə təhqiqi zamanı və iş materialları ilə müəyyən edildi ki, İddiaçı Cavabdeh1 ilə 2007-ci ildə rəsmi nikah qeyd etdirməklə ailə qurmuş və həmin vaxt cavabdehlərin yaşadıqları Mingəçevir şəhəri M.Ə.Sabir küçəsi 3 №-li evin 42 №-li mənzilinə köçərək cavabdehlə birlikdə yaşamşdır. Mənzil dövlət fondu mənzili olmuşdur və iddiaçının da razılığı ilə mənzil 2014-cü ildə özəlləşdirilərək Cavabdeh2 mülkiyyətinə verilmişdir. İddiaçının cavabdeh S.Mustafyevlə birgə nikahdan 29 aprel 2008-ci ildə Raifə, 11 iyun 2010-cu ildə Rauf adlı iki nəfər uşaqları olmuşdur. Ailə münasibətləri pozulmuş, iddiaçı mübahisələndirilən mənzildən çıxarılmışdır. Cavabdehlər iddiaçının mənzilə köçüb yaşamağına icazə vermirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquq münasibətlərində olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmə tədqiqi zamanı müəyyən edildi ki, iddiaçı mübahisəli mənzilə 2007-ci ilin iyun ayında köçmüşdür, tərəflər arasında hüquq münasibətləri həmin vaxtdan yaranmışdı. Bu halda iddia tələbi 08 iyul 1982-ci il tarixli Qanunla təsdiq edilmiş və 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəalarına əsasən həll olunmalıdır. Həmin Mənzil Məcəlləsinin 123-cü maddəsində göstərilirdi ki, yaşayış evinin mülkiyyətçinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd şərt göstərməmişsə, evdə yaşayış sahəsində onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Həmin Məcəllənin 53-cü maddəsində göstərilir ki, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunurlar. Həmin Mənzil Məcəlləsinin 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən mənzillər (evlər) özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi(paylı,birgə) mülkiyyətinə verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenunumun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 21 dekabr 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 12-ci maddəsinin birinci hissəsindən göründüyü kimi özəlləşdirilmiş mənzilin mülkiyyətçisi həmin mənzilin mülkiyyətçisi olmayan ailə üzvlərinin razılığını almadan mənzillə bağlı heç bir əqd bağlaya və onun vəsiyyət edə bilməz. Bu məhdudiyyətin məqsədi mülkiyyətçi olmayan və özəlləşdirmə zamanı müvafiq mənzildə faktiki yaşayan mülkiyyətçinin ailə üzvlərinin həmin mənzildə yaşamaq hüququnun müdafiəsinə yönəlmişdir. Məhkəmə işin hallarını 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53, 54 və 123-cü maddələri əsasında təhlil edib hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalı, iddiaçının Mingəçevir şəhəri M.Ə.Sabir küçəsi 3 №-li evin, 42 №-li mənzilə istifadə hüququ tanınmalı və Rauf adlı uşaqla birlikdə sözügedən mənzilə köçürlməlidir. Çünki mübahisəli mənzildə iddiaçıın istifadə hüququ 2007-ci ildən yaranmış və onun başqa bir yaşayış yeri olması iş materialları ilə müəyyən olunmamışdır. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 77-1-ci maddəsinə görə tam ortaqlıq iştirakçısının ixtiyarı var ki, ortaqlıqda iştirakdan imtina etdiyini bildirərək ortaqlıqdan çıxsın. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən vəAzərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qət etdi : İddia təmin edilsin. İddiaçı qızı 23 iyun 2010-cu il təvəllüdlü Rauf adlı uşağı ilə birlikdə Mingəçevir şəhəri M.Ə.Sabir küçəsi 3 №li evin, 42 №li mənzilinə istifadə hüququ tanınsın və mənzilə köçürülsün. Qətnamədən rəsmi qaydada təqdim olunan gündən 1 ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar