Məhkəmə qərarları › İş №2(051)-76/2024

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-76/2024

15.01.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-76/2024 15.01.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi İddiaçı: İddiaçı vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzilin hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında paylara mütənasib şəkildə bölünməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, Mingəçevir şəhəri A.Ələsgər küçəsi 17a saylı evin açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında paylara mütənasib surətdə ona 7/10, cavabdelərə isə hər birinə 1/10 hissədə bölüşdürülməsi, ümumi paylı mülkiyyət hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini belə əsaslandırmışdır ki, cavabdehlər onun qardaşlarıdır. Cavabdeh2 isə mərhum qardaşı Ədalət Əhmədovun mirasını qəbul etmiş oğludur. Analarından onlara miras qalmış Mingəçevir şəhəri A.Ələsgər küçəsi 17 a saylı ev 7/10 hissədə onun, 1/10 hissədə cavabdehlər Allahverdi və Cavabdeh3 və Cavabdeh2 atası Ədalət Əhmədovun hər birinin mülkiyyətindədir. 10 mart 2017-ci ildə mülkiyyət hüquqları qeydə alınmışdır. O evin satılıb bölünməsini istəyir və dəfələrlə təklifdə etmişdir. Ancaq onlar razılığa gəlmirlər. O isə belə yaşaya bilmir. Mingəçevir şəhər Məhkəməsinin 17 may 2021-ci il tarixli qətnaməsi ilə paylarının naturada bölünməsi tələbi mümkün olmadığından iddiası təmin olunmamışdır. Məhkəmə qətnaməsi ilə onun payının dəyərinin ödənilməsi tələbində təmin olunmamışdır. Onların paylarının ayrılması mümkün deyildir. Dəfələrlə təklif etməyinə baxmayaraq cavabdehlər könüllü razılığa gəlmirlər. Cavabdehlərin əmlakın bölüşdürülməsi qaydasına razılıqları olmadığından məhkəməyə müraciət etməli olmuşdur. Ona görə də məhkəmədən Mingəçevir şəhəri A.Ələsgər küçəsi 17a saylı evin açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında paylara mütənasib surətdə ona 7/10, cavabdelərə isə hər birinə 1/10 hissədə bölüşdürülməsi, ümumi paylı mülkiyyət hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı vəkili Vəkil məhkəmə iclası zamanı verdiyi izahatında məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Bununla belə məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılıb iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmış ******* saylı, RX seriyalı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, 0.06 ha torpaq sahəli, ümumi sahəsi 71.9 kv.m olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzərində İddiaçı payı 7/10 hissədə və Cavabdeh1, X1 və Cavabdeh3 hər birinin payı 1/10 hissədə müəyyən edilmişdir. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(051)-60/2021 saylı qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1, X2 və Cavabdeh3 qarşı yaşayış sahəsinin paylara uyğun naturada bölünməsi tələbinə dair iddiası təmin olunmamışdır. İşdə olan "xxxx" MMC-nin 0111/01 saylı, 01 noyabr 2023-cü il tarixli daşınmaz əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 71.9 kv.m dən olan, 2 otaqlı fərdi yaşayış evinin 31 oktyabr 2023cü il tarixə real bazar dəyəri dəyəri 72000 manat təşkil edir. Beləliklə, məhkəmə iddiaçının vəkilinin izahatını, həmçinin təqdim edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi üzərində tərəflərdən İddiaçı 7/10 hissədə və Cavabdeh1, X1 və Cavabdeh3 hər birinin payı 1/10 hissədə paylı mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Ümumi paylı mülkiyyətin mülkiyyətçiləri ümumi mülkiyyətdə olan mənzildən payın ayrılması barədə öz aralarında razılığa gələ bilməmişlər, həmçinin payın naturada ayrılması texniki cəhətdən mümkün olmamışdır. Ona görə də iddiaçı həmin fərdi yaşayış evinin hərraca çıxarılaraq satılması və satışdan əldə edilmiş vəsaitin paylarına mütənasib qaydada bölünməsini tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə iş materiallarını hərtərəfli araşdıraraq, iddiaçının və cavabdehlərin bölünməsi mümkün olmayan fərdi yaşayış evindən birlikdə istifadə edə bilməmələrini ağlabatan hesab edir. Bunun davamı olaraq, mənzilin 7/10 hissəsinin mülkiyyətçisi olan iddiaçının mənzilə dair sərəncam verə və ondan istifadə edə bilməməsini onun mülkiyyət və mənzil hüquqlarının pozulması kimi qiymətləndirərək, hüquqlarını həyata keçirə bilməsi üçün ona müvafiq şərait yaradılmasını məqsədəmüvafiq hesab edir. Belə ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmış ******* saylı, RX seriyalı çıxarışdan da göründüyü kimi ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzərində İddiaçı payı 7/10 hissədə və Cavabdeh1, X1 və Cavabdeh3 hər birinin payı 1/10 hissədə müəyyən edilmişdir. Məhkəmə, işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri mülkiyyət hüququnun xüsusi növü olan ümumi mülkiyyət hüququ ilə bağlı mübahisədir və mübahisənin həlli zamanı Azərbaycan Respublikası Mülki Məcəlləsinin ümumi mülkiyyət hüquq münasibətlərini tənzimləyən normaları tətbiq edilməlidir. Azərbaycan Respubliksının Konstitusiyasının 29-cu maddəsinin 3-cü hissəsində qeyd olunur ki, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respubliksının Konstitusiyasının 43-cü maddəsinə görə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. (1-ci hissə). Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. (2-ci hissə) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 213–cü maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. Həmin Məcəllənin 214.1–ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.6-cı maddəsində göstərilir ki, bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Məhkəmə göstərilən normaların tələbləri baxımından, işin müəyyən edilmiş hallarına əsaslanaraq hesab edir ki, hazırkı mübahisə predmeti olan fərdi yaşayış evinin açıq hərracdan satılmasını şərtləndirən hallar məcmu halında mövcuddur. Belə ki, iddiaçı ilə cavabdehlər paylı mülkiyyətçidir. Onlar arasında ümumi paylı mülkiyyətdə olan fərdi yaşayış evinə sahiblik və ondan istifadə qaydaları haqqında razılıq olmadığına görə mübahisə yaranmışdır. İddiaçı payının naturada ayrılmasını tələb etmişdir. Ümumi paylı mülkiyyətdə olan fərdi yaşayış evindən iddiaçının payının naturada ayrılması mümkün olmamışdır. Ona görə də iddiaçının tələbi əsaslıdır. Mübahisəli fərdi yaşayış evi açıq hərracdan satılmalı və əldə edilmiş satış pulu paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməlidir. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, mülkiyyət hüququnun həyata keçirilməsi imkanı bütün tərəflər üçün bərabər olmalıdır. Hər bir tərəf öz payına düşən əmlakdan istifadə etmək hüququna malik olduğu üçün mübahisəli mənzilin açıq hərracdan satılması paylı mülkiyyətin mülkiyyətçilərinin hüquqlarını bərabər şəkildə təmin etmək baxımından ədalətlidir. Bu hal iddiaçı ilə cavabdehlərin mülkiyyət hüquqlarını bərabər şərtlər daxilində təmin edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 4 aprel 2014-cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqedən də görünür ki, Mülki Məcəllənin 220.6-ci maddəsində ümumi əmlakın bölünməsi ilə bağlı məhkəmənin həmin əmlakın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edilməsi səlahiyyəti nəzərdə tutulmuşdur. Məhkəmə tərəfindən belə qərarın qəbul edilməsi bütün paylı mülkiyyətçilərin razılığının alınması ilə şərtləndirilməmişdır. Həmin maddənin mənasına görə belə qərar paylı mülkiyyətçilərin birinin iddiası əsasında da qəbul edilə bilər. Eləcə də, Konstitusiya Məhkəməsi Plenumu həmin qərarında göstərmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Qeyd edilənlərə əsasən məhkəmə, həmçinin qeyd edir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin açıq hərracdan satılmaqla, satışdan əldə edilən vəsaitin 7/10in iddiaçıya ödənilməsi, 1/10-in Cavabdeh1, 1/10-in Cavabdeh2 və 1/10-in Cavabdeh3 ödənilməsi, qanuni, ədalətlidir və tərəflərin mənafelərinə uyğundur. Bununla yanaşı, məhkəmə, mübahisəli fərdi yaşayış evinin ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı qeyd edir ki, "xxxx" MMC-nin 0111/01 saylı, 01 noyabr 2023-cü il tarixli daşınmaz əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 71.9 kv.m dən olan, 2 otaqlı fərdi yaşayış evinin 31 oktyabr 2023-cü il tarixə real bazar dəyəri 72000 manat məbləğində qiymətləndirilmişdir. Belə olan halda paylı mülkiyyətdə olan əmlakın ilkin satış qiyməti real bazar dəyəri ilə müəyyən edilməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair AR Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1 saylı qərardadında qeyd edilmişdir ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsində ipoteka predmetinin ilkin satış qiymətinin ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında müəyyən edilməsi imkanı nəzərdə tutulmuşdur. Həmçinin, qeyd edilməlidir ki, ipoteka predmeti olan əmlakın likvid qiymətlə açıq hərraca çıxarılması ipoteka predmetinin ilkin hərracda daha tez realizə edilərək, hərrac qaydalarına əsasən növbəti hərracdan mülkiyyətçinin mənafeyinə zidd şəkildə ucuz qiymətə satılmasının qarşısını almaqla, iş üzrə qəbul edilmiş məhkəmə aktlarının da vaxtında icra olunmasına yardım etmiş olacaqdır və məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Məhkəmə tətbiq edilən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair AR Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1 saylı qərardadında formalaşmış hüquqi mövqeyinə qiymət verərək, belə qənaətə gəlir ki, sözügedən mübahisəli mənzilin ilkin satış qiymətinin qiymətləndirilməsi analoji qaydada həyata keçirilməlidir. Ona görə də məhkəmə hesab edir ki, mübahisəli mənzilin ilkin satış qiyməti 72000 manat dəyərində qiymətləndirilməlidir. İş materialarında olan "xxxx" MMC-nin 0111/01 saylı, 01 noyabr 2023-cü il tarixli daşınmaz əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəyindən görünür ki, ekspertiza tədqiqatının dəyəri olan 300 (üç yüz) manat pulun bərabər paylara bölünərək tərəflərdən tutulmnasını və "xxxx" MMC-nə ödənilməsini xahiş etmişlər. Odur ki, məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 71.9 kv.m dən olan fərdi yaşayış evinin ilkin satış qiyməti 72000 (yetmiş iki min) manat məbləğində müəyyən edilməli və açıq hərracdan satılmalıdır. Satış pulu iddiaçıya 7/10 hissədə və cavabdehlərin hər birinə 1/10 hissədə olmaqla, yəni onların paylarına mütənasib surətdə bölüşdürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia təmin edilsin. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* saylı çıxarış əsasında İddiaçı 7/10 hissədə, cavabdehlər Cavabdeh1, X1 və Cavabdeh3 1/10 hissədə ümumi paylı mülkiyyətlərində olan,0.06 ha torpaq sahəsində yerləşən 71.9 kv.m ümumi sahədən ibarət, ünvan 1 saylı fərdi yaşayış evi açıq hərracdan satılsın və ilkin satış qiyməti 72000 (yetmiş iki min) manat məbləğində müəyyən edilsin. Satış pulu paylı mülkiyyətçilər olan İddiaçı 7/10 hissədə və Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 hər birinə 1/10 hissədə paylarına mütənasib surətdə bölüşdürülsün. İş üzrə ekspertiza xərci olan 300 (üç yüz) manat məbləğində pul İddiaçı, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutulub "xxxx" MMC-yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar