Məhkəmə qərarları › İş №2(051)-778/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-778/2021

04.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-778/2021 04.05.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Hacıyev Fəzail Hacı oğlunun katibliyi Ərizəçi, maraqlı şəxs X7 iştirakı ilə, Ərizəçi mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ərizəçi mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında bildirdi ki, X9 ilə 15 yanvar 1977-ci ildə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşdur. Birgə nikahlarından 18.08.1979-cu ildə Ramin və 18.09.1977-ci ildə Ruslan adlı iki uşağı olmuşdur. Ruaslan adlı oğlu 30 aprel 2004-cü ildə vəfat etmişdir. Birgə yaşadıqları dövrdə Mingəçevir şəhəri M.Maqomayev küçəsi 71 №-li evin 5 №-li mənzilini almışlar. Həmin mənzili X15nın adına sənədləşdirilmiş və ona Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reystrindən tam mülkiyyət hüququ ilə RX seriyalı ******* №-li Çıxarış verilmişdir. X15 01 fevral 2020-ci ildə vəfat etmişdir. Hazırda arvadından miras qalmış mənzili faktiki qəbul edib ona sahiblik edir və hal-hazıradəkdə özü idarə edir. Ərizənin təmin olunmasını, arvadından miras qalmış Mingəçevir şəhəri M.Maqomayev küçəsi 71 №-li evin 5 №-li mənzilini miras əmlak kimi qəbul edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Faktın müəyyən edilməsi ona miras əmlaka vərəsəlik şəhadətnaməsi almaq üçün lazımdır. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs Mingəçevir Regional “ASAN xidmət” mərkəzində notariat ofisinə məlumat verilmiş, lakin onun nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin olunmamışdır. Məhkəmə hesab edir ki, işə maraqlı şəxs Mingəçevir Regional “ASAN xidmət” nümayəndəsinin iştirakı olmadan baxılması mümkündür. Maraqlı şəxs X13 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, anası X8 01.02.2020-ci ildə vəfat edib. Ondan miras əmlak qlmışdır. O, anasından qalmış mirası qəbul etməmişdir, həmin mirasdan pay istəmir, gələcəkdə də bu barədə iddia qaldırmayacaqdır. Məhkəmə iclasında şahid kimi ifadə verən X3 ifadəsində Ərizəçi ilə dost olduğunu, birbirlərinin evinə gedib-gəldiklərini, həqiqətən də Ərizəçi arvadından miras qalmış evdə yaşamasını bildirdi. X1 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, Ərizəçi onun qohumudur. Birbirlərinin evinə gedib-gəlirlər. Xuraman Nəbiyevanın vəfatından sonra həmin mənzildə ərizəçi İsrail yaşayır. Məhkəmə ərizəçini, maraqlı şəxsi və şahidləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin olunmalıdır. İşdə olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* №-li RX seriyalı Çıxarışlardan görünür ki, Mingəçevir şəhəri M.Maqomayev küçəsi 71 №-li evin 5 №-li mənzili 28 avqust 2015-ci ildə tam mülkiyyət hüququ ilə X4 adına qeydiyyata alınmışdır. İşə əlavə edilmiş nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, Ərizəçi ilə X9 arasında 15 yanvar 1977-ci ildə Mingəçevir şəhər Qeydiyyat şöbəsində 15 № ilə nikah qeydə alınmışdır. İşə əlavə olunmuş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 01 fevral 2020-ci ildə vəfat etmişdir. İşə əlavə olunmuş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 30 aprel 2004-cü ildə vəfat etmişdir. İşdə olan Mingəçevir Regional “Asan Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusun Ərizəçi 06 aprel 2021-ci il tarixli cavab məktubundan görünür ki, onun adına vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina olunumşdur. İşdə olan Mingəçevir şəhər Qeydiyyat Şöbəsindən verilmiş 20 aprel 2021-ci il tarixli 05/q- 312/15 №-li arayışdan görünür ki, X4 vərəsələri əri Ərizəçi, oğlanları X12 və X10r. İşə əlavə edilmiş X7 notarial qaydada təstiq edilmiş ərizəsində anası X5 01.02.2020-ci il tarixdə vəfat etməsi, anasından miras qalmış Mingəçevir şəhəri M.Maqomayev küçəsi 71 №-li evin 5 №-li mənzilinə heç bir iddiası olmaması, həmin mənzildən pay istəməməsi göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Mülki Məcəllənin 1159.1 və 1159.1.1-ci maddələrinə əsasən ölənin uşaqları, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə birinci növbəli vərəsələr sayılırlar. İş materialları ilə müəyyən edildi ki, Ərizəçi miras qoyanın qanun üzrə birinci növbəli vərəsəsidir. Mülki Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Məhkəmə iclasında, müəyyən edildi ki, Ərizəçi arvadından miras qalmış Mingəçevir şəhəri M.Maqomayev küçəsi 71 №-li evin 5 №-li mənzilə sahiblik etməklə mirası faktiki olaraq qəbul etmişdir. Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsinə görə məhkəmə mirasın qəbul edilməsi faktını müəyyən edə bilər. Məhkəmə təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, X2 miras qalmış Mingəçevir şəhəri M.Maqomayev küçəsi 71 №-li evin 5 №-li mənzilə Ərizəçi sahiblik etməklə mirası faktiki olaraq qəbul etmişdir. Ona görə də ərizə təmin olunmalı, X2 miras qalmış, Mingəçevir şəhəri M.Maqomayev küçəsi 71 №-li evin 5 №-li mənzilə vərəsə Ərizəçi tərəfindən sahiblik etməklə qəbul etməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 357 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə Q ə t e t d i: Ərizə təmin edilsin. X4 mülkiyyətində olan və miras qalmış Mingəçevir şəhəri M.Maqomayev küçəsi 71 №-li evin 5 №-li mənzilin Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar