Məhkəmə qərarları › İş №2(051)-79/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-79/2022

17.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-79/2022 17.10.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı: İddiaçı Cavabdehlər: Cavabdeh1, Cavabdeh2, və Cavabdeh3 qarşı “payın dəyərinin ödənilməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Mingəçevir şəhəri A.Ələsgər küçəsi 17 a saylı evin 7/10 hissəsinin dəyəri kimi 45000 manat pulun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 alınıb ona ödənilməsi və ümumi paylı mülkiyyət hüquqların xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə eədrək izahatında göstərmişdir ki, cavabdehlər onun qardaşlarıdır. Analarında onlara miras qalmış Mingəçevir şəhəri A.Ələsgər küçəsi 17 a saylı ev 7/10 hissədə onun, 1/10 hissədə cavabdehlərin hər birinin mülkiyyətindədir. 10 mart 2017-ci ildə mülkiyyət hüquqları qeydə alınmışdır. O, evin satılıb bölünməsini istəyir. Ancaq onlar razılığa gəlmirlər. O, isə belə yaşaya bilmir. Mingəçevir şəhər məhkəməsinin 17 may 2021-ci il tarixli qətnaməsi ilə payları naturada bölünməsi tələbinin mümkün olmadığından iddia təmin olunmamışdır. O, isə onlarla birgə yaşaya bilmir. Onların paylarının ayrılması mümkün deyildir. Dəfələrlə təklif etməyinə baxmayaraq cavabdehlər payların bölünməsinə razı deyildir. Buna görə də Mingəçevir şəhəri A.Ələsgər küçəsi 17 a saylı evin 7/10 hissəsinin dəyəri kimi 45000 manat pulun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 alınıb ona ödənilməsi və ümumi paylı mülkiyyət hüquqların xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddia ərizəsinə əlavə olunmuş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Mingəçevir şəhərinin Aşıq Ələsgər küçəsi 17A saylı ev xx.xx.2017-ci il tarixdə İddiaçı adına qeydə alınmışdır. Həmin mənzildən İddiaçı payı 7/10 hissə, X1 payı 1/10 hissə, Cavabdeh2 payı 1/10 hissə və Cavabdeh3 payı 1/10 hissə müəyyən olunmuşdur. Məhkəməyə təqdim olunmuş Mingəçevir şəhər məhkəməsinin 15 may 2021-cı il tarixli, 2(051)-60/2021 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı yaşayış sahəsinin paylara uyğun naturada bölünməsi tələbinə dair iddiası təmin olunmamışdır. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinin tələbinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsində göstərilmişdir ki, hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquq münasibətlərində olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmənin qənaətinə görə tərəflər arasında yaranmış hüquq münasibətləri yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üzrə yaranan mülki mübahisədir. Məhkəmə, işin hallarına Mülki Məcəllənin 228-ci maddəsinin müddəaları əsasında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iddia tələbinin hüquqi əsaslarından birini təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. «R.Ağalarovun şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlara uyğunluğunun yoxlanılmasına dair» 26 sentyabr 2007-ci il tarixli qərarında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi hüquqi mövqeyini açıqlayaraq göstərmişdir ki, kompensasiya institutu yaşayış sahəsindən istifadənin elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Göründüyü kimi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2.-ci maddəsində istifadə olunan «bazar qiyməti ilə müvafiq kompensasiya» ifadəsi mülkiyyətin dəyərinə münasibətdə deyil, davamlı surətdə başqa mənzildə yaşamağı davam etdirmək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. Kompensasiya məbləği mülkiyyətçinin malik olduğu evin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən kompensasiya ödənilməklə yaşayış evinin tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında mübahisəyə baxılarkən, məhkəmə tərəfindən kompensasiyanın məbləği işin konkret xüsusiyyətləri, özünəməxsusluğunu şərtləndirən müxtəlif meyarları nəzərə alınmaqla müəyyən olunmalıdır. Bu meyarlar kimi məhkəmə hesab edir ki, mənzilin kimin mülkiyyətində olması, evdən istifadə hüququna malik şəxslərin sayı, cavabdehin mülkiyyətçi ilə münasibətləri, habelə qohumluq münasibəti, cavabdehin istifadə hüququna xitam verildikdə onun evdən tək və ya uşaqları ilə birlikdə çıxması, cavabdehin istifadə hüququnun yaranma müddəti, cavabdehin kompensasiya təklif olunan vaxt hər hansı yaşayış sahəsinə və ya başqa yerdə yaşamaq üçün hüquqa malik olub-olmaması, cavabdehin mübahisəli evdə faktiki yaşadığı müddət, yaşayış evinin sahəsi, orada yaşayanlara düşən yaşayış sahəsinin həcmi, kommunal şəraiti, yaşayış sahəsinin yerləşdiyi ərazidə cavabdehin yaşadığı şəraitə uyğun mənzildə kirayə haqqının məbləği, tərəflərin maddi imkanları, kompensasiya müəyyən edilərkən bir mənzildə yaşamağın mümkün olmamasının səbəbləri və s. çıxış edə bilər. Buna görə də məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, Mülki Məcəllənin 220-ci maddəsinin və Kanstitusiya Məhkəməsinin həmin maddənin şərhində göstərilən tələblərə riayət olunmamışdır. İddianın təmin olunması üçün əsas olan hallar mövcud deyil. Həmin hallar

1. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. 2. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Lakin göstərilən iddia üzrə hər iki hall mövcud deyil. İlk öncə cavabdehin kompensasiya verilməyə maddi imkanı yoxdur. İkinci halı təhlil edərkən isə müəyyən olunur ki, cavabdehin payı cuzi deyil ümumilikdə mənzilin 1/10 payına sahibdirlər. Göstərilən iddianın təmin olunması cavabdehin huquqlarının pozulmasına gətirib çıxarar. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq

qətetdi:

İddia tələbi təmin edilməsin. İddiaçı Mingəçevir şəhəri A.Ələsgər küçəsi 17 a saylı evin 7/10 hissəsinin dəyəri kimi 45000 manat pulun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 alınıb ona ödənilməsi və ümumi paylı mülkiyyət hüquqlarına xitam verilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

HAKİM: Ələkbər Hüseynov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar