Məhkəmə qərarları › İş №2(051)-80/2020

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-80/2020

09.09.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-80/2020 09.09.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mingəçevir Şəhər Məhkəməsinin hakimi Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilin açıq hərracda satılması və mənzilin boşaldılması tələbinə dair iddiası üzrə mülki işə Mingəçevir şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Mingəçevir şəhərinin N.B.Vəzirov küçəsində yerləşən 14 saylı evin, 10 saylı mənzilin açıq hərracda satılması, mənzilin ilkin satış qiymətinin 21700 manat müəyyən edilməsi, satışdan əldə olunmuş vəsaitin onun və cavabdehin payına düşən pulun ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbində qaldığını bildirərək izahatında göstərmişdir ki, X4 1999-cu ildə ailə faktiki ailə münasibətlərinə girməklə nikahlarını xx xxxxxx 2001-ci ildə rəsmiləşdirmişlər. Birgə nikahdan xx.xx.2000-ci il təvəlüldlü Nərmin, xx.xx.2004-cü il təvəllüdlü Fəridə və xx.xx.2014-cü il təvəlüdlü Sübhan adlı uşaqları doğulmuşdur. Aralarında olan münasibət pozulmuş və onlar məhkəmə qətnaməsi ilə boşanmışlar. Həmin qətnaməyə əsasən ondan hər ay hər uşağa 100 manat, cəmi 300 manat aliment tutulub cavabdehə verilməsi qət edilmişdir. Aralarında olan nikah pozulduqdan sonra o, yaşadığı Mingəçevir şəhəri N.B.Vəzirov küçəsində yerləşən 14 saylı evin, 10 saylı mənzilindən çıxmışdır. Sonradan o ikinci dəfə ailə qurmuş və ünvan 1 ünvanında kirayədə yaşayır. Cavabdehin uşaqları ilə birlikdə yaşadığı Mingəçevir şəhərinin N.B.Vəzirov küçəsində yerləşən 14 saylı evin 10 saylı mənzili Baş Dövlət İntentarlaşma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı idarəsi tərəfindən xx xxxxxx 2002-ci il tarixdə onun adına mülkiyyət hüququ əsasında qeydə alınmışdır. Cavabdeh ona qarşı məhkəmədə iddia qaldırdıqdan sonra ona kompensasiya ödənilməklə həmin mənzildə çıxarmaq qərarına gəlmişdir. Mingəçevir şəhər məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(051)-2045/2018 saylı qətnaməsinə əsasən iddia tələbi rədd edilmişdir. Bundan sonra yenidən məhkəməyə müraciət edərək sözügedən mənzilinin cavabdehlə onun arasında naturada bölünməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Mingəçevir şəhər məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(051)-185/2019 saylı qətnaməsinə əsasən rədd edilmişdir. Məhkəmənin (051)-1469/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsinə əsasən iddia tələbi təmin edilmiş və Mingəçevir şəhərinin N.B.Vəzirov küçəsində yerləşən 14 saylı evin, 10 saylı mənzilindən bərabər paylar olmaqla X3 payı ½ hissə və X1 payı ½ hissə müəyyən ediməsi qət edilmişdir. Mənzilin naturada bölünməsi mümkün olmadığı üçün mənzildə olan payına mütənasib olan pulun cavabdeh tərəfindən ödənilməsini tələb etsə də bu mümkün olmamışdır. Bununla bağlı qanunu qüvvəsini almış məhkəmə qətnaməsi də var. Buna görə də Mingəçevir şəhərinin N.B.Vəzirov küçəsində yerləşən 14 saylı evin, 10 saylı mənzilin açıq hərracda satılması, mənzilin ilkin satış qiymətinin 21700 manat müəyyən edilməsi, satışdan əldə olunmuş vəsaitin onun və cavabdehin payına düşən pulun ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçının ona qarşı olan tələbi tam əsassızdır. Mənzilin hərracda satılmasına razı deyil. Onun və uşaqlarının başqa yaşayış yeri yoxdur. Mənzilin hərracda satılması onun və uşaqlarının hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Ona görə də iddianın təmin olunmamasını xahiş edir. İşə əlavə olunmuş 3940-A saylı Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Mingəçevir şəhəri N.B.Vəzirov küçəsində yerləşən 14 saylı evin, 10 saylı mənzili xx xxxxxx 2002-ci il tarixdə mülkiyyət hüququ əsasında İddiaçı adına qeydə alınmışdır. İşə əlavə olunmuş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Mingəçevir şəhərinin N.B.Vəzirov küçəsində yerləşən 14 saylı evin, 10 saylı mənzili paylı mülkiyyət hüququ ilə İddiaçı adına xx xxxxxxxx 2019-cu ildə qeydə alınmışdır. Çıxarışda İddiaçı payı 1/2 hissə, Cavabdeh payı 1/2 hissə qeyd edilmişdir. İşə əlavə olunmuş Mingəçevir şəhər məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(051)- 1469/2019 saylı qətnaməsinə əsasən Mingəçevir şəhəri N.B.Vəzirov küçəsində yerləşən 14 saylı evin, 10 saylı mənzili bərabər paylar olmaqla İddiaçı payı 1/2 hissə, Cavabdeh payı 1/2 hissə müəyyən edilməsi qət edilmişdir. İşə əlavə olunmuş Mingəçevir şəhər məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(051)-185/2019 saylı qətnaməsinə əsasən X3 X2 qarşı mənzilin naturada bölünməsi tələbinə dair iddiası əsassız olduğu üçün rədd edilmişdir. İşə əlavə olunmuş Mingəçevir şəhər məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(051)-2045/2018 saylı qətnaməsinə əsasən X3 X2 qarşı mənzilin kompensasiya verilməklə mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası rədd edilmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, təqdim olunmuş sənədləri obyektiv, hərtərəfli və tam araşdırıb, Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən həmin sübutlara tətbiq edilməli normalara müvafiq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-cü maddəsinin tələbinə görə paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.4-cü maddəsində göstərilmişdir ki, bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Həmin Məcəllənin 220.6-cı maddəsində göstərilmişdir ki, bu Məcəllənin 220.3- 220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Həmin Məcəllənin 221-ci maddəsində qeyd edilmişdir ki, ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin mühüm tələblərindən biri ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır... Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır... 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur... Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir... Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxx 2014-cü il tarixli qərarından da göründüyü kimiAzərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Həmin Qərarın nəticəsinin 2-ci hissəsindən isə görünür ki, məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Buna görə də məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220-221-ci maddələrindən və həmin maddələrin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxx 2014-cü il tarixli qərarından da göründüyü kimi İddiaçı qanunla nəzərdə tutulmuş bütün etaplardan keçmişdir. Yəni onların mülkiyyət üzərində olan payları müəyyən ayrılmış, mənzilin naturada bölünməsi və mənzilin payının dəyərinin ödənilməsi ilə əlaqədar məhkəmədə mərhələlərdən keçmişdir. Ona görə də İddiaçı iddiası təmin olunaraq, Mingəçevir şəhərinin N.B.Vəzirov küçəsində yerləşən 14 saylı evin, 10 saylı mənzili açıq hərracda satılmalı və mənzilin satılması nəticəsində əldə edilmiş pul məbləği ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməlidir. Məhkəmə iddia tələbinin mənzilin ilkin satış qiymətinin 21700 manat müəyyən edilməsi hissəsinə hüquqi qiymət verərək hesab edir ki, mənzilin ilkin satış qiyməti hərrac komissiyası tərəfindən müəyyən olunmalıdır. Odur ki, iddia tələbi həmin hissələrdə təmin edilməməlidir. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia tələbi qismən təmin edilsin. Mingəçevir şəhərinin N.B.Vəzirov küçəsində yerləşən 14 saylı evin, 10 saylı mənzili açıq hərracda satılsın və mənzilin satılması nəticəsində əldə edilmiş pul məbləği ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar