Məhkəmə qərarları › İş №2(051)-80/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-80/2022

01.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-80/2022 01.07.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçı: İddiaçı nümayəndəsi (vəkil) Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı əmlakın hərraca çıxarılması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, ünvan 1 ünvanında yerləşən mənzilin hərraca çıxarılaraq satılması və satış məbləğinin paylarına uyğun bölünməklə paylı mülkiyyət hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi (vəkili) Vəkil məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, təmsil etdiyi şəxs Cavabdeh ilə xx.xx.2008-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Onların birgə nikahından xx.xx.2009-cu il tarixdə Aydan və xx.xx.2011-ci il tarixdə Nəzrin adlı uşaqları doğulmuşdur. Aralarındakı nikah Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsinə əsasən pozulmuşdur. İddiaçı cavabdehlə birgə nikah dövründə ünvan 1 ünvanında yerləşən mənzili almışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2014-cü il tarixli qərarı ilə dövlət reyestrində tam mülkiyyət hüququ ilə cavabdehin adına qeydə alınmış sözügedən mənzilin 2/3 hissəsi üzərində iddiaçının, 1/3 hissəsi üzərində isə cavabdehin payları müəyyən edilmişdir. Cavabdeh mənzilin mülkiyyət hüququnun tam ona məxsus olmasını özündə əks etdirən ilkin çıxarışını "xxxx" ASC-nin Bərdə filialına təqdim edərək, faktiki olaraq 1/3 hissəsinin mülkiyyətçisi olduğu halda, mənzili öz adından bütöv şəkildə ipoteka qoymuş, Şəki Apellyasiya Məhkəməsinin 13 aprel 2017-ci il tarixli, 2(107)-551/2017 saylı qətnaməsi ilə "xxxx" ASC-nin Bərdə filialı ilə Cavabdeh arasında 19 fevral 2015ci il tarixdə bağlanmış ipoteka müqaviləsi ünvan 2 ünvanında yerləşən mənzilin 2/3 hissəsində iddiaçıya münasibətdə etibarsız hesab edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 sentyabr 2017-ci il tarixli qətnaməsi ilə Şəki Apelyasiya Məhkəməsinin 13 aprel 2017-ci il tarixli, 2(107)- 551/2017 saylı qətnaməsi qüvvədə saxlanılmışdır. Aralarındakı nikah pozulduğundan, hazırda təmsil etdiyi şəxs cavabdehlə birgə yaşaya bilmir. Mingəçevir Şəhər Məhkəməsinin 23 iyul 2019-cu il tarixli 2(051)-792/2020 saylı qətnaməsi ilə tərəflərin paylarının naturada bölünməsi, 08 iyun 2020-ci il tarixli 2(051)-792/2020 saylı qətnaməsi ilə isə payın ödənilməsi tələbi təmin edilməmişdir. Birgə yaşaya bilmədiklərindən, təmsil etdiyi şəxs tərəfindən dəfələrlə təklif etməsinə baxmayaraq, cavabdeh mənzilin satılmasına razılıq verməmişdir. Odur ki, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdehin nümayəndəsi Nümayəndə iştirak etdiyi məhkəmə iclası zamanı izahat verərək göstərmişdir ki, cavabdeh onun oğludur. İddiaçı Cavabdeh ilə xx.xx.2008-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Onların birgə nikahından xx.xx.2009-cu il tarixdə Aydan və xx.xx.2011-ci il tarixdə Nəzrin adlı uşaqları doğulmuşdur. Aralarındakı nikah Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsinə əsasən pozulmuşdur. İddiaçı cavabdehlə birgə nikah dövründə ünvan 1 ünvanında yerləşən mənzili alıblar. Cavabdeh hazırda ona qarşı irəli sürülmüş iddianı qəbul edir. Odur ki, məhkəmədən cavabdehə qarşı irəli sürülmüş iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh və üçüncü şəxs "xxxx" ASC-yə məhkəmə iclasının vaxtı və yeri haqda lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Seriya RX ******* saylı, xx.xx.2018–ci il tarixli, ********** qeydiyyat nömrəli, **********84-05101-093008 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”dan görünür ki, ünvan 3 ünvanında yerləşən mənzil 2/3 hissəsində İddiaçı, 1/3 hissəsi üzərində isə Cavabdeh payları müəyyən edilmişdir. İşdə olan "xxxx" MMC-nin xx.xx.2022–ci il tarixli 0257/22/Mİ nömrəli rəyindən görünür ki, Mingəçevir şəhəri, M.Maqomayev küçəsi, ev 81 ünvanındakı 5 mərtəbəli, köhnə tikili binanın 5-ci mərtəbəsində yerləşən, paylı mülkiyyətdə olan, 5 otaqlı, 103.19 kv.m ümumi sahədən ibarət 44 nömrəli mənzilin mövcud bazar dəyəri 68000 manat, likvid dəyəri isə 57000 manat təşkil edir. İşdə olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli **********97 saylı məktubundan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil "xxxx" ASC-nin Bərdə filialının xeyrinə ipoteka ilə yüklü edilmiş və ipotekanın qeydiyyatı xx.xx.2015-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. İşdə olan AR Ali Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(102)-5618/2017 saylı qərarından görünür ki, "xxxx" ASC-nin kassasiya şikayəti təmin edilmiş və Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ləğv edilərək yenidən baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. İşdə olan Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(107)-551/2017 saylı qətnaməsindən görünür ki, "xxxx" ASC-nin Bərdə filialı ilə Cavabdeh arasında xx.xx.2015-ci il tarixdə bağlanmış ipoteka müqaviləsi Mingəçmevir şəhərinin M.Maqomayev küçəsindəki 81 saylı evin 44 saylı mənzilinin 2/3 hissəsinin ümumi paylı mülkiyyətçisi İddiaçı daşınmaz əmlakın aid olduğu hissədə etibarsız hesab edilməsi və bununla bağlı DƏDRX-də ipoteka qoyulmuş mənzilin yüklülüyünə dair aparılmış qeydin 2/3 hissədə ləğv edilməsi qət edilmişdir. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(051)-400/2019 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı yayış sahəsinin paylara uyğun naturada bölünməsi tələbinə dair iddiası əsassız olduğu üçün rədd edilmişdir. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(051)-792/2020 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı payın dəyərinin ödənilməsi tələbinə dair iddiası rədd edilmişdir. Beləliklə, məhkəmə təqdim edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, iddiaçı Cavabdeh ilə xx.xx.2008-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Onların birgə nikahından xx.xx.2009cu il tarixdə Aydan və xx.xx.2011-ci il tarixdə Nəzrin adlı uşaqları doğulmuşdur. Aralarındakı nikah Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsinə əsasən pozulmuşdur. İddiaçı cavabdehlə birgə nikah dövründə ünvan 1 ünvanında yerləşən mənzili alıblar. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2014-cü il tarixli qərarı ilə dövlət reyestrində tam mülkiyyət hüququ ilə cavabdehin adına qeydə alınmış sözügedən mənzilin 2/3 hissəsi üzərində iddiaçının, 1/3 hissəsi üzərində isə cavabdehin payları müəyyən edilmişdir. Cavabdeh mənzilin mülkiyyət hüququnun tam ona məxsus olmasını özündə əks etdirən ilkin çıxarışını "xxxx" ASC-nin Bərdə filialına təqdim edərək, faktiki olaraq 1/3 hissəsinin mülkiyyətçisi olduğu mənzili öz adından bütöv şəkildə ipoteka qoymuş, Şəki Apellyasiya Məhkəməsinin 13 aprel 2017-ci il tarixli, 2(107)-551/2017 saylı qətnaməsi ilə "xxxx" ASC-nin Bərdə filialı ilə Cavabdeh arasında 19 fevral 2015-ci il tarixdə bağlanmış ipoteka müqaviləsi ünvan 2 ünvanında yerləşən mənzilin 2/3 hissəsində iddiaçının payına münasibətdə etibarsız hesab edilmişdir. Hazırda ümumi paylı mülkiyyətin mülkiyyətçiləri olan tərəflər ümumi mülkiyyətdə olan mübahisəli mənzildən payın ayrılması barədə öz aralarında razılığa gələ bilməmişlər, həmçinin aralarında mübahisə olduğuna görə iddiaçının ümumi əmlakdan istədiyi kimi istifadə etməsi mümkün olmamışdır. Eləcə də, tərəflər payın kompensasiya ilə əvəzləşdirilməsi barədədə razılığa gələ bilməmişlər. Ona görə də iddiaçı öz payının naturada ayrılmasına dair məhkəmədə iddia qaldırmış, iddiaçının 2/3 hissədə payının naturada ayrılması texniki cəhətdən mümkün olmamışdır. Cavabdeh tərəf iddiaçıya payının əvəzinə müvafiq pul kompensasiyasının verilməsindən imtina etmişlər. Ona görə də iddiaçı birgə nikah dövründə əldə edilmiş əmlakın hərraca çıxarılaraq satılması və satışdan əldə edilmiş vəsaitin paylarına uyğun bölünməklə paylı mülkiyyət hüquqlarına xitam verilməsi tələb edir. Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(107)-551/2017 saylı qətnaməsi ilə Daşınmaz Əmlakın Dövlət Reyestrində Mingəçevir şəhəri Maqomayev küçəsi 81 saylı evin, 44 saylı mənzilin yüklülüyünə dair aparılmış qeydin 2/3 hissədə ləğv edilməsi qət edilsə də, AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX, DƏDKR publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsindən daxil olmuş məktubdan görünür ki, həmin qətnamə icra olunmamışdır. Belə ki, həmin məktubda qeyd edilən mənzilin bütövlükdə "xxxx" ASC-in xeyrinə ipoteka ilə yüklü edildiyi göstərilmişdir. Məhkəmə, həmçinin müəyyən etdi ki, Mingəçevir şəhəri Maqomayev küçəsi 81 saylı evin, 44 saylı mənzili paylı mülkiyyət hüququ əsasında müvafiq olaraq 2/3 və 1/3 hissə olmaqla iddiaçı və cavabdehə məxsusdur. İddiaçı və cavabdeh arasında bağlanmış nikah xx.xx.2013-cü il tarixdə pozulmuş və həmin vaxtdan onlar ayrı yaşayırlar. Cavabdeh qeyd edilən mənzildə yaşasa da, iddiaçı uşaqları ilə birlikdə həmin evdə yaşamır. Həmin mənzilin iddiaçı və cavabdeh arasında naturada bölünməsi mümkün olmamışdır. Mənzilin Cavabdeh məxsus 1/3 hissəsi, cavabdehin kredit müqaviləsindən irəli gələn, bank qarşısında olan öhdəliyinin təminatı kimi "xxxx" ASC-in xeyrinə ipoteka ilə yüklüdür. İddiaçı ilə cavabdeh arasında mənzilin və ya onlara məxsus payların özgəninkiləşdirilməsi ilə bağlı razılıq əldə edilməmişdir. Bundan başqa "xxxx" ASC-dən mənzilin özgəninkiləşdirilməsinə dair razılıq alınmamış, ümumiyyətlə ipoteka saxlayana bununla bağlı müraciət edilməmişdir. İddiaçı mənzilin cavabdehə məxsus 1/3 hissəsini "xxxx" ASC-nin razılığı ilə almağı, qanunvericiliyin tələbinə görə ipoteka predmeti olan əşya başqa şəxsə keçdikdə də, ipotekanın qüvvədə qalması və alan şəxsin ipoteka müqaviləsi üzrə ilkin ipoteka qoyanın bütün vəzifələrini, o cümlədən ilkin ipoteka qoyan tərəfindən lazımınca icra edilməmiş vəzifələri daşıması səbəbinə görə məqsədə müvafiq hesab etməmişdir. İpoteka saxlayan "xxxx" ASC üçüncü şəxs qismində işə cəlb edilməklə, dəfələrlə lazımi qaydada xəbərdar edilərək məhkəmə iclaslarına çağırılsa da, məhkəmə iclaslarında iştirak etməmiş, həmçinin məhkəməyə cavabdehin ona borcunun olub-olmaması barədə məlumat təqdim etməməklə bərabər, iddia tələbinə də hər hansı münasibət bildirməmişdir. "xxxx" ASC indiyədək ipoteka hüququndan istifadə etməmiş, "xxxx" ASC-nin tələbi ipoteka predmetinə yönəldilmədiyi üçün iddiaçı ipoteka predmetini təşkil edən payın satılması zamanı üstünlük hüququndan istifadə imkanından da məhrum olmuşdur. Məhkəmə qeyd edir ki, "xxxx" ASC cavabdehin öhdəliyinin icrasının təmin edilməsi üçün bir vasitə olaraq, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə qeyd edilən mənzilin yalnız cavabdehə məxsus 1/3-nin hərraca çıxarılmasını və həmin hissənin satışından əldə edilən gəlirin borcun ödənilməsinə sərf edilməsini tələb edə bilər. Məhkəmə hesab edir ki, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 30.2-ci maddəsində müəyyən edilmiş tələb daxilində hazırki işin predmetini təşkil edən, ipoteka ilə yüklü edilmiş mənzilin bazar qiymətləri əsasında alğı-satqı yolu ilə özgəninkiləşdirilməsi real görünmür. Hansı ki, mövcud şəraitdə bu cür razılaşma yeni mülkiyyətçinin hüquqlarının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə nəticələnər. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 30.2-ci maddəsində qeyd olunur ki, bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin özgəninkiləşdirilməsi, yaxud hüquqi şəxsin yenidən təşkili nəticəsində və ya vərəsəlik qaydasında həmin əşya başqa şəxsə keçdikdə ipoteka qüvvədə qalır və həmin şəxs ipoteka müqaviləsi üzrə ilkin ipoteka qoyanın bütün vəzifələrini, o cümlədən ilkin ipoteka qoyan tərəfindən lazımınca icra edilməmiş vəzifələri daşıyır. Məhkəmə İş materiallarını hərtərəfli araşdıraraq, aralarındakı nikahı pozulmuş şəxslərin bölünməsi mümkün olmayan mənzildən birlikdə istifadə edə bilməmələrini ağlabatan hesab edir. Bunun davamı olaraq, mənzilin 2/3-hissəsinin mülkiyyətçisi olan iddiaçının mənzilə dair sərəncam verə və ondan istifadə edə bilməməsini onun mülkiyyət və mənzil hüquqlarının pozulması kimi qiymətləndirərək, hüquqlarını həyata keçirə bilməsi üçün ona müvafiq şərait yaradılmasını məqsədəmüvafiq hesab edir. Bu zaman Məhkəmə nəzərə alır ki, indiki halda ipoteka saxlayan "xxxx" ASC öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq ipoteka hüququndan ipoteka predmetinə tutmanın yönəldilməsi kimi istifadə edə bilər. İpoteka predmeti isə Mingəçevir şəhəri Maqomayev küçəsi 81 saylı evin, 44 saylı mənzilin paylı mülkiyyət hüququ ilə cavabdehə məxsus 1/3 hissəsidir. Məhkəmə hesab edir ki, hazırki iş aşağıda qeyd edilən hüquq normaları əsasında həll edilməlidir. Belə ki, Azərbaycan Respubliksının Konstitusiyasının 29-cu maddəsinin 3-cü hissəsində qeyd olunur ki, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respubliksının Konstitusiyasının 43-cü maddəsinə görə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.(1-ci hissə). Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. (2-ci hissə) Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 269.1-ci maddəsində göstərilir ki, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.2-ci maddəsində qeyd olunur ki, girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə görə ipoteka öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur. Həmin Qanunun 1.0.5-ci maddəsinə əsasən ipoteka saxlayan ipoteka hüququ olan və ipoteka qoyanın digər kreditorlarına nisbətən üstün qaydada ipoteka predmeti hesabına əsas öhdəliyin icrasını tələb etmək hüququ olan şəxsdir, o cümlədən ipoteka kağızının qanuni sahibidir (mülkiyyətçisidir). Həmin Qanunun 1.0.6-cı maddəsində isə göstərilir ki, ipoteka hüququ bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. Mülki Məcəllənin 277.2-ci maddəsində qeyd olunur ki, ümumi paylı mülkiyyətin mülkiyyətçilərindən hər hansı biri ümumi əşyaya hüquqdakı payını digər mülkiyyətçilərin razılığı olmadan girov qoya bilər. Girov saxlayanın tələbi ilə həmin paya tutma yönəldildikdə və o satıldıqda bu Məcəllənin satın almaqda üstünlük hüququ haqqında qaydaları tətbiq edilir. Bu tələb “İpoteka haqqında” Azərbaycan Respublikasının qanununun 8.2-ci maddəsində də təsbit edilmişdir. Həmin Məcəllənin 218.1-ci maddəsində göstərilir ki, ümumi paylı mülkiyyət hüququndakı pay üçüncü şəxsə satılarkən paylı mülkiyyətin qalan mülkiyyətçiləri satılan payı, açıq hərracdan satış halı istisna olmaqla, satıldığı qiymətə və digər bərabər şərtlər əsasında almaqda üstünlük hüququna malikdirlər. Ümumi mülkiyyət hüququndakı payın satışı üçün açıq hərraca paylı mülkiyyətin bütün mülkiyyətçiləri razılıq vermədikdə belə hərrac bu Məcəllənin 224.2-ci maddəsində nəzərdə tutulan hallarda keçirilə bilər. Həmin Məcəllənin 224.2-ci maddədə isə qeyd olunur ki, əgər payın naturada ayrılması mümkün deyildirsə və ya paylı və ya birgə mülkiyyətin qalan iştirakçıları buna etiraz edirlərsə, kreditorun ixtiyarı var ki, borclunun öz payını bazar qiyməti ilə ümumi mülkiyyətin qalan iştirakçılarına satmasını və satışdan əldə edilmiş vəsaitin borcun ödənilməsinə yönəldilməsini tələb etsin. Ümumi mülkiyyətin qalan mülkiyyətçiləri borclunun payını almaqdan imtina etdikdə kreditorun ixtiyarı var ki, tutmanın borclunun ümumi mülkiyyət hüququndakı payına onun açıq hərracdan satılması yolu ilə yönəldilməsini məhkəmə qaydasında tələb etsin. Borclunun ümumi mülkiyyət hüququndakı payı ipoteka predmeti olduqda, həmin paya tutmanın yönəldilməsi “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada həyata keçirilir. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri əmlak mənsubiyyəti ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin əşya hüquq münasibətlərini tənzimləyən hüquq normaları əsasında həll olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213-cü maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.6-cı maddəsində göstərilir ki, bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Məhkəmə göstərilən normaların tələbləri baxımından, işin müəyyən edilmiş hallarına əsaslanaraq hesab edir ki, hazırkı mübahisə predmeti olan mənzilin açıq hərracdan satılmasını şərtləndirən hallar məcmu halında mövcuddur. Belə ki, iddiaçı ilə cavabdehlər paylı mülkiyyətçidir. Onlar arasında ümumi paylı mülkiyyətdə olan mənzilə sahiblik və ondan istifadə qaydaları haqqında razılıq olmadığına görə mübahisə yaranmışdır. İddiaçı payının naturada ayrılmasını tələb etmişdir. Ümumi paylı mülkiyyətdə olan həyətyanı torpaq sahəsindən iddiaçının payının naturada ayrılması mümkün olmamış, həmçinin cavabdeh iddiaçıya payının əvəzinə pul kompensasiyası verməkdən imtina etmişdir. Ona görə də iddiaçının tələbi əsaslıdır. Mübahisəli mənzil açıq hərracdan satılmalı və əldə edilmiş satış puluy paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməlidir. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, mülkiyyət hüququnun həyata keçirilməsi imkanı bütün tərəflər üçün bərabər olmalıdır. Hər bir tərəf öz payına düşən əmlakdan istifadə etmək hüququna malik olduğu üçün mübahisəli torpaq sahəsinin açıq hərracdan satılması paylı mülkiyətin mülkiyyətçilərinin hüquqlarını bərabər şəkildə təmin etmək baxımından ədalətlidir. Bu hal iddiaçı ilə cavabdehin mülkiyyət hüquqlarını bərabər şərtlər daxilində təmin edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 4 aprel 2014-cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqedən də görünür ki, Mülki Məcəllənin 220.6-ci maddəsində ümumi əmlakın bölünməsi ilə bağlı məhkəmənin həmin əmlakın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edilməsi səlahiyyəti nəzərdə tutulmuşdur. Məhkəmə tərəfindən belə qərarın qəbul edilməsi bütün paylı mülkiyyətçilərin razılığının alınması ilə şərtləndirilməmişdır. Həmin maddənin mənasına görə belə qərar paylı mülkiyyətçilərin birinin iddiası əsasında da qəbul edilə bilər. Eləcə də, Konstitusiya Məhkəməsi Plenumu həmin qərarında göstərmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Məhkəmə tətbiq edilən maddi hüquq normalarına və Konstitusiya Məhkməsinin qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyinə qarşılıqlı şəkildə qiymət verərək, belə qənaətə gəlir ki, paylı mülkiyyətin bir hissəsinin ipoteka ilə yüklü edilməsi, digər mülkiyyətçilərin mülkiyyət hüquqlarının məhdudlaşdırılması ilə nəticələnməməli, onların paylı mülkiyyət üzərində istifadə və sərəncam hüquqlarını həyata keçirməsinə hər hansı formada mane olmamalı, həmçinin mülkiyyətçilərin mənzil hüququnun pozulmasına gətirib çıxarmamalıdır. Məhkəmə, həmçinin nəzərə alır ki, iddiaçının hüquqlarının bərpa edilməsi, indiki halda mənzilin ipoteka saxlayanın razılığı olmadan hərraca çıxarılması və satışdan əldə edilən vəsaitin ümumi mülkiyyətin mülkiyyətçilərinin paylarına uyğun bölünməsi ilə mümkündür. Qeyd edilənlərə əsasən Məhkəmə, həmçinin qeyd edir ki, Mingəçevir şəhəri Maqomayev küçəsi 81 saylı evin, 44 saylı mənzilinin açıq hərracdan satılmaqla, satışdan əldə edilən vəsaitin 2/3-in iddiaçıya ödənilməsini, vəsaitin cavabdehə çatası qalan 1/3 hissəsi isə depozitə qoyulmaqla girov kimi "xxxx" ASC-nin xeyrinə yüklü edilməsi, qanuni, ədalətlidir və tərəflərin mənafelərinə uyğundur. Bununla yanaşı, məhkəmə, mübahisəli mənzilin ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı qeyd edir ki, "xxxx" MMC-nin xx.xx.2022–ci il tarixli 0257/22/Mİ nömrəli rəyi ilə Mingəçevir şəhəri, M.Maqomayev küçəsi, ev 81 ünvanındakı 5 mərtəbəli, köhnə tikili binanın 5-ci mərtəbəsində yerləşən, paylı mülkiyyətdə olan, 5 otaqlı, 103.19 kv.m ümumi sahədən ibarət 44 nömrəli mənzilin mövcud bazar dəyəri 68000 manat, likvid dəyəri isə 57000 manat məbləğində qiymətləndirilmişdir. Belə olan halda paylı mülkiyyətdə olan əmlakın ilkin satış qiyməti likvid qiyməti ilə müəyyən edilməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair AR Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1 saylı qərardadında qeyd edilmişdir ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsində ipoteka predmetinin ilkin satış qiymətinin ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında müəyyən edilməsi imkanı nəzərdə tutulmuşdur. Həmçinin, qeyd edilməlidir ki, ipoteka predmeti olan əmlakın likvid qiymətlə açıq hərraca çıxarılması ipoteka predmetinin ilkin hərracda daha tez realizə edilərək, hərrac qaydalarına əsasən növbəti hərracdan mülkiyyətiçinin mənafeyinə zidd şəkildə ucuz qiymətə satılmasının qarşısını almaqla, iş üzrə qəbul edilmiş məhkəmə aktlarının da vaxtında icra olunmasına yardım etmiş olacaqdır və məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Ona görə də məhkəmə hesab edir ki, paylı mülkiyyətdə olan mübahisəli mənzilin ilkin satış qiyməti 57000 manat dəyərində qiymətləndirilməlidir. Məhkəmə xərclərinin tutulması ilə bağlı məsələnin həlli zamanı məhkəmə hesab edir ki, təyin edilmiş məhkəmə–əmtəəşünaslıq ekspertizası zamanı aparılmış tədqiqatın dəyəri olan 250 manat məhkəmə xərci cavabdehdən tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM–in 124.1–ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş materialarında olan xx.xx.2022-ci il tarixli hesab-fakturadan görünür ki, məhkəmə– əmtəəşünaslıq ekspertizası zamanı aparılmış tədqiqatın dəyəri 250 manat təşkil etmişdir. AR MPM-in 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz əmlakın Dövlət Reyestri Xidməti Ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə **********84-05101-093008 nömrəli reyestrdə ********** nömrə ilə qeydiyyata alınmış, RX seriyalı, ******* nömrəli X1 haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın əsasında 2/3 hissəsi İddiaçı, 1/3 hissəsi Cavabdeh paylı mülkiyyətində olan, həmçinin Cavabdeh 1/3 hissəsi "xxxx" ASC-nin Bərdə filialının xeyrinə ipoteka ilə yüklü edilmiş, Mingəçevir şəhəri, M.Maqomayev küçəsi, ev 81 ünvanındakı 5 mərtəbəli, köhnə tikili binanın 5-ci mərtəbəsində yerləşən, 5 otaqlı, 103.19 kv.m ümumi sahədən ibarət 44 nömrəli mənzilin ilkin satış qiyməti 57000 (əlli yeddi min) manat məbləğində müəyyən edilsin və açıq hərracdan satılsın. Satışdan əldə edilən vəsaitin 2/3 hissəsi İddiaçı ödənilsin, vəsaitin qalan 1/3- hissəsi Cavabdeh adına depozitə qoyulmaqla, girov kimi "xxxx" ASC-nin xeyrinə yüklü edilsin. Cavabdeh məhkəmə–əmtəəşünaslıq ekspertizası zamanı aparılmış tədqiqatın dəyəri olan 250 (iki yüz əlli) manat məbləğində məhkəmə xərci alınıb, "xxxx" MMC-nin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar