Məhkəmə qərarları › İş №2(051)-813/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-813/2021

21.06.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-813/2021 21.06.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi və İddiaçı: İddiaçı ASC-nin nümayəndəsi X2, Cavabdeh: Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı «zəbt olunmuş torpaq sahəsindən çıxarılma» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, İddiaçı ASC-yə məxsus, Mingəçevir şəhəri, Gəncə şosesi, 4-cü döngə, 98A ünvanında yerləşən, Gəncə şosesinin sol tərəfində yerləşən və Cavabdeh tərəfindən zəbt olunmuş 3,0 ha torpaq sahəsindən Cavabdeh çıxarılması, həmin torpaq sahəsinin cavabdehin qanunsuz sahibliyindən alınaraq İddiaçı ASC-yə qaytarılması, torpaq sahəsindən Cavabdeh istifadəsinə qadağa qoyulması, habelə torpaq sahəsindən iddiaçının istifadə etməsinə maneəçilik törədilməsinin cavabdehə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi X5 məhkəmə iclasında iddia tələbində qalaraq verdiyi izahatında göstərmişdir ki, Mingəçevir şəhəri, Gəncə şossesində yerləşən, 4-cü döngə, 98A ünvanında yerləşən yaşayış məntəqələri torpaqları kateqoriyası aid olan 0.142810 ha torpaq sahəsi (əmlak kompleksi) İddiaçı ASC-yə məxsusdur. Bununla bağlıİddiaçı ASC-yə qeydiyyat nömrəsi ********** olan 07.10.2014-cü il tarixli çıxarış, habelə 03.10.2014-cü il tarixli, inventar nömrəsi 23129 olan “Texniki pasport” verilmişdir. Həmin sənədlərlə müəyyən edilir ki, Mingəçevir şəhəri, Gəncə şosesində yerləşən, 4-cü döngə, 98A ünvanında yerləşən əmlak kompleksi iddiaçının mülkiyyətindədir, torpaq sahəsi isə daimi istifadəsindədir. Mingəçevir Bələdiyyəsinin 24 iyul 2007-ci il tarixli 39/4 nömrəli qərarı ilə İddiaçı ASC-ə məxsus və Mingəçevir şəhəri, Gəncə şosesinin sol tərəfindən yerləşən 3,0 ha torpaq sahsəsi Cavabdeh örüş sahəsi kimi 25 il müddətinə icarəyə verilmişdir. Mingəçevir Bələdiyyəsi İddiaçı ASC-yə məxsus torpaq sahəsi üzərində buna səlahiyyəti olmadığı halda sərəncam vermişdir. Bu səbəbdən İddiaçı ASC, Mingəçevir Bələdiyyəsi və Cavabdeh qarşı Şəki İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Mingəçevir Bələdiyyəsinin 24 iyul 2007-ci il tarixli 39/4 saylı qərarının ləğv edilməsi, ASC-yə məxsus və Cavabdeh tərəfindən zəbt edilmiş 3.0 ha torpaq sahəsinin Cavabdeh alınıb ASC-yə qaytarılması. Cavabdeh həmin torpaq sahəsindən məcburi çıxarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-36/2021 saylı 19.02.2021-ci il tarixli qərardadıda qeyd olunmuşdur ki, “İş materiallarında olan Mingəçevir Bələdiyyəsinin31 may 2020-ci il tarixli 09/3 nömrəli qərarından müəyyən edilir ki, Mingəçevir şəhərində məskunlaşmış Ağdam rayonu köçkünü Cavabdeh Mingəçevir- Gəncə şosesinin sol tərəfində örüş sahəsi kimi istifadə etdiyi 3.0 ha torpaq sahəsinin icarəyə verilməsi barədə Mingəçevir Bələdiyyəsinin 24 iyul 2007-ci il tarixli 39/4 nömrəli qərarı və ona aid digər sənədlər Mingəçevir Şəhər Arxivində olmadığı üçün etibarsız sayılmışdır. Məhkəmə yuxarıda sadalanan iş materiallarına əsasən iddiaçının tələbinin birinci hissəsi ilə bağlı qeyd edir ki, tələbin ilk hissəsində ləğvi tələb edilən bələdiyyə qərarı bələdiyyənin digər qərarı ilə artıq etibarsız hesab edilmiş və beləliklə tərəflər arasında mübahisə predmeti mövcud deyil. İddia tələbinin ikinci və üçüncü hissələri ilə bağlı iddiaçının nəzərinə çatdırılır ki, həmin tələblərlə bağlı işə inzibati icraat qaydasında deyil, mülki məhkəmə icraatı qaydasında baxılır. Həmçinin iddiaçıya bildirilir ki, inzibati məhkəmə icraatının iştirakçısı olaraq cavabdeh qismində fiziki şəxs göstərilə bilməz. Hazırkı halda Cavabdeh iddia ərizəsində cavabdeh qismində qeyd edilmişdir. Beləliklə iddiaçı tərəfindən ləğvi tələb edilən qərar həmin qərarı vermiş cavabdeh inzibati orqan tərəfindən etibarsız hesab edildiyi üçün hazırkı iddia mümkün sayılmamalıdır.” Şəki İnzibati Məhkəməsinin 2- 1(116)-36/2021 saylı 19.02.2021-ci il tarixli qərardadı ilə İddiaçı ASC-nin həmin iddiası mümkün sayılmamışdır. Məhkəmənin qərardadı onunla əsaslandırılmışdır ki, “...bələdiyyə qərarı bələdiyyənin digər qərarı ilə artıq etibarsız hesab edilmiş və beləliklə tərəflər arasında mübahisə predmeti mövcud deyil. İddia tələbinin ikinci və üçüncü hissələri ilə bağlı iddiaçının nəzərinə çatdırılır ki, həmin tələblərlə bağlı işə inzibati icraat qaydasında deyil, mülki məhkəmə icraatı qaydasında baxılır”. “...iddiaçı tərəfindən ləğvi tələb edilən qərar həmin qərarı vermiş cavabdeh inzibati orqan tərəfindən etibarsız hesab edildiyi üçün hazırkı iddia mümkün sayılmamalıdır.” Həmin qərardadda həmçinin qeyd olunur ki, iddia ərizəsi ilə irəli sürülmüş digər tələblər, yəni cavabdehin zəbt edilmiş torpaq sahəsindən çıxarılması və həmin sahənin iddiaçıya qaytarılması” barədə tələblərə inzibati icraat qaydasında deyil, mülki məhkəmə icraatı qaydasında hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. 07.10.2014-cü il tarixli ********** çıxarış əsasında İddiaçı ASC-nin mülkiyyətində olan 3,0 ha torpaq sahəsi qanunsuz olaraq, buna heç bir hüquq müəyyənedici sənəd olmadan Cavabdeh tərəfindən zəbt edilmişdir. Cavabdeh uzun müddətdirki, həmin sahədən özünün xeyrinə qanunsuz istifadə edir. Bununla da cavabdeh İddiaçı ASC-nin mülkiyyətinin hüquqları kobudcasına pozulmuşdur. Cavabdeh həmin torpaq sahəsindən çıxarılmalı, zəbt olunmuş torpaq sahəsi isə cavabdeh tərəfindən boşaldılaraq mülkiyyətçisinə- İddiaçı ASC-yə qaytarılmalı, cavabdehə həmin torpaq sahəsindən istifadəyə qadağa qoyulmalı, iddiaçının torpaq sahəsindən istifadə edilməsinə maneələrin törədilməsi isə cavabdehə qadağa edilməlidir. Ona görə də məhkəmədən İddiaçı ASC-yə məxsus, Mingəçevir şəhəri, Gəncə şosesi, 4-cü döngə, 98A ünvanında yerləşən, Gəncə şosesinin sol tərəfində yerləşən və Cavabdeh tərəfindən zəbt olunmuş 3,0 ha torpaq sahəsindən Cavabdeh çıxarılması, həmin torpaq sahəsinin cavabdehin qanunsuz sahibliyindən alınaraq İddiaçı ASC-yə qaytarılması, torpaq sahəsindən Cavabdeh istifadəsinə qadağa qoyulması, habelə torpaq sahəsindən iddiaçının istifadə etməsinə maneəçilik törədilməsinin cavabdehə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək verdiyi izahatında göstərmişdir ki, həmin torpaq sahəsi ona Mingəçevir şəhər Bələdiyyə sədri Coşqun Abdullayev tərəfindən müqavilə ilə satılmışdır. Hazırda o həmin ünvanda yaşayır. Onun həmin ünvandan başqa yaşayış yeri yoxdur. Ona görə də iddia tələbini əsassız hesa b edir. Məhkəmədən iddianın rədd olunmasını xahiş edir. İşə əlavə edilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Mingəçevir şəhərində yerləşən 1310.5 kv.metr ölçülü daşınmaz əmlakın ümumi sahəsi olmaqla torpaq sahəsi 0,142810 ha ölçülü olan əmlak mülkiyyəti İddiaçı ASC-nin tam, xüsusi mülkiyyətində olmaqla, adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 55 nömrəli vərəqində 07.10.2014-cü il tarixdə qeydiyyata alınmışdır. İşə əlavə olunmuş DƏDRX-ın 17 saylı Yevlax Ərazi İdarəsinin 18 iyun 2021-ci il tarixli müətəxəssis rəyinin nəricəvi hissəsindən görünür ki, “xxxx” ASC-yə məxsus 47.9812 ha torpaq sahəsinin şimal-qərb tərəfindən 5.40 ha torpaq sahəsi zəbt olunaraq kanal ilə sərhəd olunduğu qeyd edilmişdir. İşə əlavə olunmuş DƏDRX-ın 17 saylı Ərazi İdarəsinin Texniki Pasportundan görünür ki, Mingəçevir şəhəri, Gəncə şosesi 4-cü döngə, 98 A ünvanında yerləşən mülkiyyətin hüquq subyekti İddiaçı ASC-dir. İşə əlavə olunmuş Azərbaycan Respublikası Dövlət X1 10.12.2020-ci il tarixli məktubundan görünür ki, Mingəçevir Şəhər Bələdiyyəsinin 24 iyul 2007-ci il tarixli 39/4 saylı qərarında Cavabdeh adına torpaq sahəsi verilməsi qeyd edilməmişdir. İşə əlavə olunmuş Mingəçevir Şəhər Bələdiyyəsinin 31 may 2020-ci il tarixli 09/3 nömrəli qərarından görünür ki, Mingəçevir şəhərində məskunlaşmış, Ağdam rayonu köçkünü Cavabdeh Mingəçevir-Gəncə şosesinin sol tərəfində örüş sahəsi kimi istifadə etdiyi 3.0 (üç) hektar torpaq sahəsinin icarəyə verilməsi barədə Mingəçevir bələdiyyəsinin 24.07.2007-ci il tarixli 39/4 saylı qərarı və ona aid digər sənədlər Mingəçevir Şəhər Arxivində olmadığı üçün etibarsız sayılması qərara alınmışdır. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmə təqdim olunmuş sübutları tədqiq edib Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim başqa məsələlərlə yanaşı tərəflərin hansı hüquqi münasibətdə olmalarını müəyyən edir. Məhkəmədə müəyyən olunmuşdur ki, iddiaçı iddia predmeti olan torpaq sahəsinin özünə məxsus olduğuna əsaslanaraq cavabdehdən geri alınmasını tələb edir. Həmin mübahisə özgənin sahibliyində olan əmlakın alınması üzrə yaranan mübahisədir. İddianın hüquqi əsaslarından biri olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Məcəllənin mülkiyyətçi olmayan şəxslərin hüquqlarından bəhs edən 158.1-ci maddəsinə görə mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da mülkiyyət hüququ sayılır. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Mülki Məcəllənin 157.2-ci maddəsinin mənasına görə, mülkiyyətçi özgənin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, ilk növbədə qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olduğunu, bundan sonra əşyanın faktiki olaraq özgəsinin sahibliyində olduğunu və nəhayət özgəsinin əşyaya sahibliyinin hüquqi əsasının olmadığını sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən qanunun mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Ardıcıllığı baxımından ilkin sübutetmə vəzifəsi iddiaçının üzərinə düşür. Avropa Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında da göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Sadalanan prosessual hüquq normalarına görə iddia ərizəsində göstərilən torpaq sahəsinin iddiaçıya məxsus olduğunu və bu torpaq sahəsinin cavabdehin qanunsuz istifadəsində olduğunu sübuta yetirmə yükü iddiaçının üzərinə düşür. İddiaçı məhkəməyə X4 haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışı, DƏDRX-ın 17 saylı Ərazi İdarəsinin texniki pasportu, torpaq sahəsinin planı və ölçüsünü təqdim etməklə mübahisəli torpaq sahəsinin onun mülkiyyətində olduğunu tam sübuta yetirmişdir. Bundan başqa Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sərəncam hüququ - əmlakın hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, həmçinin müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub olan əmlak üzərində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. Baxılan iş üzrə, torpaq sahəsinin mülkiyyətçisinin torpaq sahəsinə sahiblik, sərəncam və istifadə hüquqlarını məhdudlaşdıran müqavilə və qanunla müəyyənləşdirilmiş elə bir hal yoxdur ki, mülkiyyətçi cavabdehin torpaq sahəsindən istifadə hüququna razılıq verməyə borclu olsun. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi R.Ağalarovun şikayəti üzrə 26 sentyabr 2007-ci il tarixli qərarında göstərmişdir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, üz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Akimovanın Azərbayçan Respublikasına qarşı işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsi 27 sentyabr 2007-ci il tarixli Qərarında göstərmişdir ki, «İnsan Hüquqlarının və X3 Haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin mahiyyəti 3 hissədən ibarətdir: 1) əmlakdan dinc qaydada istifadə etmək hüququ; 2) müəyyən müstəsna hallarda əmlakdan məhrum etmə hallarının mövcudluğu; 3) üzv dövlətlər əmlak hüququnun müdafiəsi üçün tədbirlər görməlidir. Odur ki, məhkəmə Akimovanın mənzilindən məcburi köçkünün çıxarılması haqqında məhkəmə qərarının Ağdam şəhəri işğaldan azad edilənədək təxirə salmasını fiziki şəxsin əmlak hüquqlarına, Azərbaycan Respublikasının qanunlarının pozulması ilə həyata keçirilmiş müdaxilə kimi qiymət vermişdir. Odur ki, Məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı ASC-yə məxsus, Mingəçevir şəhəri, Gəncə şosesi, 4-cü döngə, 98A ünvanında yerləşən, Gəncə şosesinin sol tərəfində yerləşən və Cavabdeh tərəfindən zəbt olunmuş 3,0 ha torpaq sahəsindən Cavabdeh çıxarılmalı, həmin torpaq sahəsinin cavabdehin qanunsuz sahibliyindən alınaraq İddiaçı ASC-yə qaytarılmalı, torpaq sahəsindən Cavabdeh istifadəsinə qadağa qoyulmalı, habelə torpaq sahəsindən iddiaçının istifadə etməsinə maneəçilik törədilməsinin cavabdehə qadağan edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutub qət e t d i: İddia tələbi təmin edilsin. İddiaçı ASC-yə məxsus, Mingəçevir şəhəri, Gəncə şosesi, 4-cü döngə, 98A ünvanında yerləşən, Gəncə şosesinin sol tərəfində yerləşən və Cavabdeh tərəfindən zəbt olunmuş 3,0 ha torpaq sahəsindən Cavabdeh çıxarılsın. Həmin torpaq sahəsinin cavabdehin qanunsuz sahibliyindən alınaraq İddiaçı ASC-yə qaytarılsın. Torpaq sahəsindən Cavabdeh istifadəsinə qadağa qoyulsun. Habelə torpaq sahəsindən iddiaçının istifadə etməsinə maneəçilik törədilməsi cavabdehə qadağan edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar