Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-829/2021 09.12.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh Xanbaba oğlunun iştirakı ilə İddiaçı Cavabdeh Xanbaba oğluna qarşı avtomobilə vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Xanbaba oğluna qarşı avtomobilə vurulmuş ziyanın ödənilməsi tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, cavabdehdən “Mercedes 1998-E-200” markalı, **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş 1500 manat və cərimələrə görə 700 manat məbləğində pulun alınıb ona verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşə məhkəmədə baxılan zaman iddiaçı tələbin həcminin azaldılması və dəqiqləşdirilməsi barədə əlavə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1265,9 manat məbləğində pulun alınıb ona verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddia ərizəsinin və tələbinin dəqiqləşdirilməsi barədə ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, ona məxsus olan “Mercedes 1998-E-200” markalı **-DB-*** №li dövlət nömrə nişanlı avtomobili 27.01.2020ci il tarixdə Cavabdeh 12000 manata satmışdı. Aralarında olan razılığa görə hər ay ona 300 manat pul verməli idi. İlk aylar Cavabdeh ona hər ay 300 manat ödəmişdir. Lakin sonrada borcunu ödəməmiş, o da pulunu istəyəndə, Azər avtomobillə Quba şəhərində qəza törətdiyini və avtomobili təmir etdirdiyini, ona görə də borcu ödəməyə imkanı olmadığını bildirmişdir. Cavabdeh ona avtomaşını təmir etdirdikdən sonra işləyib borcunu ödəyəcəyini, və yaxud da avtomaşını qaytaracağına söz vermişdir. Lakin cavabdeh avtomaşını təmir etdirdikdən sonra nə pulu ödədi, nə də avtomaşını qaytarmadı. Ona görə də o, cavabdehə verdiyi etibarnaməni ləğv etdirmişdir. Ondan başqa cavabdeh avtomaşını təmir etdirdikdən sonra istifadə etdiyi zaman bir neçə dəfə yol-hərəkət qaydalarını pozmuşdur. Ona görə də o, İXM-nin müvafiq maddələri ilə cərimə olunmuşdur. Etibarnaməni ləğv etdirdiyinə görə də cərimələr cavabdehin deyil, onun adına yazılmışdır. Cavabdeh cərimələri ödəməmişdir. Avtomaşını ona qaytaran zaman müəyyən olunmuşdur ki, avtomaşına vurulmuş zərər də tam aradan qaldırılmamışdır. Mingəçevir “LADA TXS”dən verilmiş rəyə görə avtomaşının təmiri üçün hazırda 581 manat lazımdır. Eləcə də Mingəçevir DYPB-dən verilmiş sənədə görə cavabdeh tərəfindən yol-hərəkət qaydalarının pozulması nəticəsində 628 manat cərimə olunmuş və həmin cərimələr ödənilməmiş qalmışdır. Həmin cəriməni də ödəməyə onun maddi imkanı yoxdur. Eləcə də avtomaşına vurulmuş zərərin müəyyən edilməsi ilə bağlı rəy alınması üçün 48.96 manat pul ödəmişdir. İşə məhkəmədə baxılan vaxt cavabdeh onun və öz adına olan cərimələri ödəmişdir. Hazırda həmin cərimələri tələb etmir. X1-Qeydiyyat və Texniki baxış şöbəsindən ona bildirilmişdir ki, Cavabdeh Xanbaba oğlunun qəza törətməsi nəticəsində ona məxsus avtomobilin üzərində 200 manat protokolla cərimə görünür, ancaq həmin cəriməyə dair qərar verilməmişdir. Cavabdeh avtomobili istifadə etdiyi müddət ərzində ona texniki baxış keçirilməsini təmin etməmiş və sığortalamamışdır. Eləcə də cavabdeh onun avtomobilə əlavə etdiyi qazın reduktorunu qəza zamanı zədələmiş, yenisini əlavə etməkdən və avtomobilin dövlət qeydiyyat nişanının itirilməsi ilə bağlı cəriməni ödəməkdən imtina etmişdir. Odur ki, cavabdehdən dəymiş ziyanın əvəzi olaraq 1265.90 manat məbləğində pulun alınıb ona verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh Xanbaba oğlu məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş iddianı qəbul etmədi və izahatında göstərdi ki, 2019-cu ilin dekabr ayında iddiaçıya ayda 300 manat ödəmək şərtilə aralarında şifahi formada nisyə alqı-satqı müqaviləsi bağlayaraq, iddiaçıya məxsus avtomobili almışdır. 2020-ci ilin iyul ayının 18-də həmin avtomobillə qəza törətmişdir. Avtomobili yenidən yığdırmış və onu 2021-ci ilin yanvar ayının sonunda təmirdən çıxarıb iddiaçıya təhvil vermişdir. İddiaçı usta ilə birlikdə maşını yoxladıqdan sonra razı qalaraq maşını təhvil almışdır. Avtomobili iddiaçıya təhvil verərkən texniki baxışı və sığortası var idi. Sonra isə iddiaçı ona avtomobilin sürət qutusunda nasazlıq olduğunu bildirmiş və o, yenidən maşını təmir etdirmiş, sürət qutusunu dəyişdirmişdir. Həmin avtomobilin qaz reduktoru iddiaçı özü istifadə etdiyi müddətdə xarab olmuşdur, o, avtomobili benzin töküb işlətmişdir, qazla işlətməmişdir. Eləcə də özünün istifadə etdiyi vaxta avtomaşına tətbiq edilən cərimələri ödəmişdir. Odur ki, məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə tərəflərin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan Mingəçevir Regional “Asan Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən verilmiş 1177 nömrəli, 17.09.2020-ci il tarixli arayışda göstərilir ki, İddiaçı ona məxsus olan **-DB-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən istifadə hüququna dair Mingəçevir şəhəri, Təbriz küçəsi, 23 nömrəli evin 1 nömrəli mənzilində qeydiyyatda olan Cavabdeh Xanbaba oğluna “Asan Xidmət” mərkəzinin notariat ofisində 27.01.2020-ci il tarixdə təsdiq edilmiş 7E-943 reyestr nömrəli etibarnamə vermişdir. O, həmin etibarnaməni 17.09.2020-ci il tarixdə ərizə verərək ləğv etdirmişdir. İş materiallarına əlavə edilmiş “Mingəçevir Lada TXES” tərəfindən 22.06.2021-ci il tarixdə tərtib edilmiş nəqliyyat vasitələrinin təmirinə dair smetadan görünür ki, İddiaçı məxsus “Mercedes Benz 1998-E-200” markalı **-DB-*** dövlət nömrə nişanlı avtomobilin təmirinin cəmi dəyəri 581 manat təşkil edir. İş materiallarına əlavə edilmiş Mingəçevir şəhər PŞ-nin DYPB tərəfindən verilmiş sənədin rəsmi verilməsinə dair kötükdən görünür ki, Cavabdeh Xanbaba oğlu barəsində **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair İXM-nin müxtəlif maddələri ilə müxtəlif vaxtlarda inzibati protokol tərtib edilərək qərar çıxarılmış və cərimələrin məbləği 288 manat təşkil edir. İş materiallarına əlavə edilmiş 12.07.2021-ci il tarixli BDYPİ-yə ödənilən mədaxil qəbzlərindən görünür ki, Cavabdeh tərəfindən 288 manat məbləğində cərimə ödənilmişdir. İş materiallarına əlavə edilmiş icbari sığorta müqaviləsinə dair məlumatda göstərilir ki, 02.09.2021-ci il tarixdə “Mercedes Benz 1998-E-200” markalı, **-DB-*** dövlət nömrə nişanlı avtomobil sığortalanmışdır və sığorta haqqı 75 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88–ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Eləcə də, «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007–ci il tarixli qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən «sübut etmə yükü təkzib edənin deyil, iddia edən tərəfin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir–birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də hazırkı mübahisə üzrə iddia ərizəsində göstərilən cavabdeh tərəfindən avtomobilə vurulmuş ziyanın dəyərini və cərimənin olmasını sübutetmə yükü iddiaçının, lakin cərimə mövcud olduğu təqdirdə onun ödənilməsi faktını sübut etmə yükü isə cavabdehin üzərinə düşür. Beləliklə, məhkəmə tərəflərin izahatlarının və iş materiallarına əlavə edilmiş sənədlərin tədqiqi nəticəsində müəyyən etdi ki, İddiaçı özünə məxsus olan “Mercedes 1998-E-200” markalı, **-DB-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən istifadə hüququna dair Cavabdeh Xanbaba oğluna “Asan Xidmət” mərkəzinin notariat ofisində 27.01.2020-ci il tarixdə təsdiq edilmiş 7E-943 reyestr nömrəli etibarnamə vermişdir. İddiaçı həmin etibarnaməni 17.09.2020-ci il tarixdə ləğv etdirmişdir. Cavabdeh 2020-ci ilin iyul ayının 18-də həmin avtomobillə qəza törətmiş, buna görə də avtomobili təmir etdirmiş və onu 2021-ci ilin yanvar ayının sonunda təmirdən çıxarıb iddiaçıya təhvil vermişdir. Məhkəmə iclası zamanı bu faktların mövcudluğu hər iki tərəfin izahatları və təqdim edilən sübutlarla öz təsdiqini tapdığından, məhkəmə bu faktları işin mübahisə edilməyən faktiki halları kimi qəbul edir və araşdırmır. Lakin avtomobilə vurulmuş ziyanın tam aradan qaldırılmamasına görə iddiaçı vurulmuş ziyanın ödənilməsi ilə bağlı cəmi 1265.90 manat məbləğində pulun cavabdehdən alınıb ona verilməsinə dair tələb irəli sürmüşdür. Cavabdeh isə avtomobili təmir etdirdikdən sonra iddiaçının maşını təhvil aldığını, sonra isə iddiaçı ona avtomobilin sürət qutusunda nasazlıq olduğunu bildirdiyini, buna görə də onun sürət qutusunu dəyişdirdiyini, qaz reduktorunun isə iddiaçının özü istifadə etdiyi müddətdə xarab olduğunu, onun avtomobili benzin töküb işlətdiyini, həmçinin cərimələri ödədiyini bildirmişdir. Ona görə də məhkəmə həmin halları işin mübahisə edilən faktiki halları kimi qiymətləndirir və tərəflərin təqdim etdikləri sübutlar əsasında araşdırır. Belə ki, iddiaçı avtomobilə vurulmuş ziyanın təsdiq edilməsi üçün nəqliyyat vasitəsinin təmirinə dair smeta təqdim etmiş, bununla da İddiaçı məxsus “Mercedes Benz 1998-E-200” markalı **-DB-*** dövlət nömrə nişanlı avtomobilin təmirinin cəmi dəyərinin 581 manat təşkil etdiyi müəyyən edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, avtomobilə vurulmuş ziyanın məbləğinin 581 manat müəyyən edilməsi işin hallarına uyğundur. Məhkəmə iddianın 75 manat sığorta ödənişi, 60 manat texniki baxışa görə rüsum, həmçinin avtomobilin qazpaylayıcı qaz reduktoruna görə isə 500 manat ziyan tələbinə dair hissəsi ilə bağlı qeyd edir ki, həmin vaxt avtomobil cavabdehin istifadəsində olmadığından, avtomobilin sığorta etdirilməsi və texniki baxışdan keçirilməsi avtomobilin mülkiyyətçisinin vəzifələrinə daxildir və onun cavabdehdən tələb edilməsi əsassızdır. Eyni zamanda iddiaçıya məxsus avtomobildə qazpaylayıcı qaz reduktoru nəzərdə tutulmadığından və həmin hissənin sıradan çıxması avtomobilin saxlanması və istismarı üçün zəruri olmadığından, iddia tələbi həmin hissədə də əsassızdır. Eləcə də 200 manat avtoqəza nəticəsində inzibati protokola əsasən cərimə ilə bağlı məhkəmə hesab edir ki, bununla bağlı iddiaçı sübut təqdim etmədiyindən, həmçinin digər cərimələrin cavabdeh tərəfindən ödənilməsi sübuta yetirildiyindən iddia bu hissədə də əsassızdır. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında etibarlı şəkildə alqı–satqı müqaviləsi olmadığından, onlar arasında müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri əmələ gəlməmişdir. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən belə qənaətə gəlir ki, cavabdehlə iddiaçı arasında mübahisəli avtomobilə dair şifahi formada mövcud razılaşma notarial qaydada təsdiq edilmədiyindən, bağlandığı andan etibarsızdır. Ona görə də həmin razılaşma tərəflərin hüquq və vəzifələri ilə bağlı heç bir hüquqi nəticəyə səbəb olmamışdır. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, iddiaçıların qanuni sahibliyində olan mübahisəli yük avtomobili rəsmi reyestrdə qeydə alınmış daşınar əşyadır. Rəsmi reyestrdə qeydə alınmış daşınar əşyalara dair alqı–satqı müqaviləsi isə qanunun tələbinə görə notraiat qaydasında təsdiqlənməlidir. Bu şərtə əməl edilməməsi, həmin əqdin etibarsız sayılmasına əsasdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 394–cü maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 650–ci maddəsinə əsasən rəsmi reyestrdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alqı–satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Məhkəmə işin müəyyən edilmiş hallarına əsasən belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri başqa şəxsə zərər vurulması ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin mülki hüquq və vəzifələrin müdafiəsi əsasında mülki hüquq pozuntularından (deliktlərdən) irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən mülki hüquq normaları əsasında həll olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 21.1-ci maddəsinə görə, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunla və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsində deyilir ki, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyini qoyur. İşin müəyyən olunmuş hallarından görünür ki, cavabdeh iddiaçıya məxsus avtomobildən istifadə edərkən onu yararsız vəziyyətə salmışdır. Həmin avtomobili lazımi qaydada təmir etdirmədiyi üçün sonradan iddiaçı avtomobilin təmir edilməsi üçün 581 manat vəsait xərcləmişdir. Həmin vəsaitin xərclənməsinə səbəb cavabdehin təqsirli hərəkəti, yəni yol-nəqliyyat hadisəsi törətməsi olmuşdur. Bu da onu deməyə əsas verir ki, cavabdeh iddiaçıya vurduğu maddi ziyanı tam həcmdə ödəməlidir. Məhkəmə işdə olan sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verərək, belə qənaətə gəlir ki, cavabdeh iddiaçıya maddi zərər vurduğuna görə iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Ona görə də iddiaçının cavabdehə qarşı həmin zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Beləliklə, məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, dəymiş maddi zərərin məbləği 581 manat məbləğində müəyyən edilməlidir. Ona görə də məhkəmə hesab edir ki, cavabdehdən 581 manat məbləğində pul alınıb iddiaçıya verilməlidir. Odur ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Xanbaba oğlundan 581 (beş yüz səksən bir) manat pul alınıb İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №2(051)-829/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-829/2021
09.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver