Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-858/2022 17.05.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi İddiaçı Adil qızı, vəkili Vəkil, cavabdeh Ələmdar Quliyev adına Mingəçevir Peşə məktəbinin direktoru X6 iştirakı ilə, İddiaçı Adil qızının cavabdeh Ələmdar Quliyev adına Mingəçevir Peşə məktəbinə qarşı əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmağa görə əmək haqqının ödənilməsi tələbinə dair mülki işə Mingəçevir Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Adil qızının cavabdeh Ələmdar Quliyev adına Mingəçevir Peşə məktəbinə qarşı əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmağa görə əmək haqqının ödənilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkənə iclasında İddiaçı Adil qızı iddianı müdafiə edərək izahatında bildirdi ki, 1980-cı ildə Mingəçevir Politexnik Texnikumunu bitirmiş, 1981-ci ildə isə Mingəçevir Peşə məktəbində laborant kimi işə başlamışdır. 1995-ci ilə kimi peşə məktəbində müxtəlif işlərdə işləmişdir. 1995-ci ilin fevral ayında həmin məktəbdə istehsalat təlimi ustasına keçirilmişdir. 2018-ci ilin sentyabr ayına kimi peşə məktəbində müddətsiz əmək müqaviləsi ilə işləmişdir. Məktəbə yeni təyin olunmuş direktor İlham İlyasov ona müddətli əmək müqaviləsi bağlanması lazım olduğunu, müddət bitdikdən sonra yenidən müqavilə bağlanacağını, müddətli əmək müqaviləsi bağlanmasına razı olmasa işdən azad olunacağını bildirmişdir. Direktorun təkidi ilə, həm də verdiyi vədə inanaraq o, əmək müqaviləsinə xitam verilməsi barədə 17 sentyabr 2018-ci il tarixli ərizəni imzalamağa məcbur oldu. 17 sentyabr 2018-ci il tarixli əmrlə onunla bağlanmış əmək müqaviləsinə xitam verildi və istehsalat təlimi ustası vəzifəsindən azad olundu. Həmin tarixli əmrlə o, yenidən məktəbə istehsalat təlimi ustası vəzifəsinə qəbul edildi və onunla müddətli əmək müqaviləsi bağlandı. 17 sentyabr 2019-cu ildə onunla 3(üç) ay müddətinə əmək müqaviləsi bağlandı. 16 dekabr 2019-cu il tarixli əmrlə direktor onu işdən azad etdi, əsas kimi də onunla bağlanmış əmək müqaviləsinin müddətinin qurtarması göstərilmişdir. Bundan sonra o, məhkəməyə iddia ərizəsi ilə müraciət edərək onun işdən azad olunması barədə əmrin ləğv olunmasını, işə bərpa edilməsini və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsini xahiş etmişdir. Bir müddət aralarında məhkəmə çəkişmələri getmişdir. Belə ki, Mingəçevir şəhər məhkəməsinin 06 mart 2020-ci il tarixli qətnaməsi ilə onun iddiası təmin olunaraq cavabdeh Peşə məktəbinin direktorunun 165 №-li 16 dekabr 2019-cu il tarixli əmrinin ləğv edilməsi, onun müddətsiz əmək müqaviləsi ilə peşə məktəbinə istehsalat təlimi ustası işinə bərpa olunması, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi qət edilmişdir. Cavabdeh Mingəçevir Peşə məktəbinin direktoru İlham İlyasov həmin qətnamədən apelyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin 27 avqust 2020-ci il tarixli qətnaməsi ilə cavabdehin apelyasiya şikayəti təmin olunmuşdur. O, həmin qətnamədən kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 22.02.2021-ci il tarixli qərarı ilə onun kassasiya şikayəti qismən təmin edilərək, iş yenidən baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apelyasiya Məhkəməsinin 08 iyun 2021-ci il tarixli qətnaməsi ilə cavabdehin apelyasiya şikayəti təmin olunmamış, Mingəçevir şəhər məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Lakin cavabdeh məhkəmə qərarını icra etməkdən yayınmış, onu işə bərpa etməkdən imtina etmişdir. Məhkəmə qərarını icra etmədiyinə görə cavabdeh inzibati məsuliyyətə cəlb olunmuşdur. Cavabdeh Peşə məktəbinin direktou yalnız 12 noyabr 2021-ci ildə məhkəmənin qərarının icrasını təmin etmək məqsədilə onun işə bərpa olunması, məcburi iş buraxma müddəti üçün ona əmək haqqı hesablanması barədə əmr verilmişdir. Ancaq bu, kağız üzəində qalmış bir əmr idi. Həmin əmrlə tanış olan zaman direktor ona dedi ki, “onsuz da sən bu məktəbdə işləyə bilməyəcəksən”. Həqiqətən də, 12 noyabr 2021-ci ildə onun işə bərpa olunması barədə əmr verildi, bir həftə sonra, 19 noyabr 2021-ci ildə ştatların ixtisarı barədə ona xəbərdarlıq məktubu gəldi. Bundan əlavə işə bərpa olunması barədə əmr verilsə də bir gün də ona iş verilmədi, işə buraxılmadı. Məcburi iş buraxmaya görə əmək haqqı isə bir müddət yazışmadan sonra, 2022-ci ilin mart ayında ödənildi. Cavabdehin 07 №-li 21 yanvar 2022-ci il tarixli əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən, işçilərin sayı və ya ştatlar ixtisara edilməsinə görə onun bağlanmış əmək haqqı müqaviləsinə xitam verilmişdir. O, həmin əmri qanunsuz, qərəzli olaraq verilmiş hesab edir. Belə ki, cavabdeh bildirmişdir ki, şagirdlərin sayı azaldığına görə yalnız bir qrup qalmışdır. Həmin qrupa da hazırda təlim ustası işləyən şəhid ailəsi olan, diaqnostik qiymətləndirmədən keçmiş Xatirə Rüstəmova təlim ustası təyin edilmişdir. Bildirir ki, Xatirə Rüstəmova şəhid ailəsi deyil. 2019-cu ildə o, işdən azad olunduqdan sonra, Xatirə Rüstəmovanın tutduğu ştat ixtisara düşdüyünə görə onun əvvəl tutmuş olduğu yerə, qrupa təlim ustası təyin olunmuşdur. Bundan əlavə işçilər diaqnostik qiymətləndirməyə öz xahişi, razılığı ilə getmirlər. Diaqnostik qiymətləndirmədə iştirak edəcək işçilərin sayı, adları Peşə təhsili üzrə Dövlət Agentliyi tərəfindən müəyyən edilir, həmin işçilər dəvət olunurdu. Həmin vaxt o, diaqnostik qiymətləndirməyə çağrılmadığına görə iştirak etməmişdir, ancaq öz ixtisasının da yaxşı bilir. Hesab edir ki, cavabdeh qərəzli olaraq onu ştatın ixtisarı, işçilərin sayının azaldılması adı ilə işdən azad edərək məhkəmə qərarının icrasından da boyun qaçırmışdır. Onu da bildirir ki, ştatların və işçilərin sayının ixtisarı məsələsi ilə bağlı direktorun məktəbin həmkarlar komitəsinə göndərmiş olduğu təqdimatın baxılması üçün keçirilmiş iclasa da dəvət olunmamış, həmkarlar komitəsi onun iştirakı olmadan iclas keçirmiş, o, öz hüquqlarını müdafiə etmək üçün iclasda iştirak etməmişdir. Hesab edir ki, cavabdeh peşə məktəbinin direktorunun onunla bağlanmış əmək müqaviləsinə xitam veilməsi barədə 07 №-li 21 yanvar 2022-ci il tarixli əmri qanunsuzdur, ona görə də iddianın təmin olunmasını, həmin əmrin ləğv edilməsi, onun işə bərpa olunması və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılnasını xahiş edir. İddiaçının vəkili Vəkil da əmr qanunsuz olduğuna görə iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh Ələmdar Quliyev adına Mingəçevir Peşə məktəbinin direktoru X9 məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında bildirdi ki, İddiaçı ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilərkən qanunvericiliyin hər bir tələbinə riayət edilmişdir. Belə ki, 2021/2022-ci ilin tədris ilində tələbə qəbulu planında İddiaçı ixtisasına uyğun “Rəqəmli idarəolunan dəzgahların kompüter operatoru” ixtisası verilib. Lakin eyni ixtisas üzrə istehsalat təlimi ustası işləyən X4 diaqnostik qiymətləndirmə imtahanından keçdiyindən peşəkarlıq səviyyəsi müəyyən edilərək, eləcə də şəhid ailəsi üzvü olduğuna görə işdə saxlanılması üçün ona üstünlük verilmişdir. İddiaçı ilə əmək müqaviləsinə xitam verilməmişdən əvvəl Əmək Məcəlləsinin 80-ci maddəsinin 1-ci hissəsinə əməl edilərək həmkarlar ittifaqı təşkilatına təqdimat verilmiş, razılıq alındıqdan sonra müqavilə ləğv edilmişdir. Hesab edir ki, şikayət əsassızdır və təmin olunmamasını xahiş edur. Mingəçevir peşə məktəbinin həmkarlar ittifaqı komitəsinin sədri Abbasov Mirpaşa Nemət oğlu məhkəmə iclasında bildirdi ki, peşə məktəbinin direktoru İlham İlyasov 16.11.2021-ci il tarixli məktəbin məktubun həmkarlar ittifaqı komitəsinə təqdimat verərək bildirmişdir ki, 2021/2022-ci tədris ilində tələbə qəbulu planında İddiaçı Adil qızının ixtisasına uyğun “Rəqəmli idarəolunan dəzgahların kompüter operatoru” ixtisası verilib. Lakin eyni ixtisas üzrə istehsalat təlimi ustası olan X8 qızının diaqnostik qiymətləndirmədən keçməsini, peşəkarlıq səviyyəsini, şəhid ailəsi olduğunu nəzərə alaraq digər istehsalat təlimi ustası İddiaçı Adil qızı ilə bağlanmış əmək müqaviləsinə 21.01.2022-ci il tarixdən Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə xitam veriləcəkdir. Peşə məktəbinin Həmkarlar komitəsinin 17.11.2021-ci il tarixli iclasında işçilərin saylarının və ştatların ixtisarı məsələsinə baxılmış, diaqnostik qiymətləndirmədən keçdiyinə, şəhid ailəsi üzvü olduğuna görə X2 işdə saxlanılması üstünlüyünə malik olması nəzərə alınaraq İddiaçı ilə əmək müqaviləsinə xitam verilməsinə razılıq verilmişdir. Həqiqətən də, İddiaçı həmkarlar komitəsinin iclasına dəvət olunmamışdır, ona görə ki, buna zərurət YOX idi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. İşə əlavə edilmiş Mingəçevir şəhər məhkəməsinin 2(051)-331/2020 №-li 06 mart 2020-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Adil qızının Mingəçevir peşə məktəbinə qarşı əmrin ləğv edilməsi, işəbərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddiasının təmin olunması, cavabdeh Mingəçevir peşə məktəbinin direktorunun 165 №-li 16 dekabr 2019-cu il tarixli əmrin ləğv olunması, İddiaçı müddətsiz əmək müqaviləsi ilə Mingəçevir peşə məktəbinə istehsalat təlimi ustası işinə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi qət edilmişdir. İşə əlavə olunmuş Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-1598/2020 №-li 27 avqust 2020-ci il tarixli qətnaməsindən görünür ki, cavabdehin apelyasiya şikayəti təmin olunmuş, Mingəçevir şəhər məhkəməsinin 06 mat 2020-ci il tarixli qətnaməsi ləğv edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(0102)- 1167/2021 №-li 22.02.2021-ci il tarixli qərarından görünür ki, İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-1598/2020 №-li 27 avqust 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. İşdə olan Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-1022/2021 №-li 08.06.2021-ci il tarixli qətnaməsindən görünür ki, cavabdeh Ələmdar Quliyev adına Mingəçevir peşə məktəbinin direktoru X9 tərəfindən veriliş apelyasiya şikayətinin təmin olunmaması, Mingəçevir şəhər məhkəməsinin 2(051)-331/2020 №-li 06 mart 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İşdə olan Ələmdar Quliyev adına Mingəçevir peşə məktəbinin direktorunun 75 №-li 12 noyabr 2021-ci il tarixli əmrindən görünür ki, Mingəçevir şəhər məhkəməsinin 06.03.2020-ci il tarixli qətnaməsinin icrası məqsədilə əmr verilmiş, əmrdə İddiaçı Adil qızının müddətsiz əmək müqaviləsi ilə Mingəçevir peşə məktəbinə istehsalat təlim ustası vəzifəsinə bərpa edilməsi, işburaxma müddəti üçün İddiaçı əmək haqqı ödənilməsinin təmin edilməsi göstərilmişdir. İşdə olan Mingəçevir peşə məktəbinin direktorunun İddiaçı göndərdiyi 19 noyabr 2021-ci il tarixli xəbərdarlıqda göstərilir ki, peşə məktəbində aparılan işçilərin sayı və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən 21.01.2021-ci il tarixdən tutduğunuz vəzifədən azad olunacaqsınız. İşdə olan Mingəçevir peşə məktəbinin direktorunun məktəbin həmkarlar təşkilatına 16 noyabr 2021-ci il tarixdə məktəbin həmkarlar təşkilatının sədri Mirpaşa Abbasova göndərdiyi işçilərin saylarının və ya ştatlarının ixtisar edilməsi barədə təqdimatda göstərilmişdir ki, 2021/2022-ci tədris ilində tələbə qəbulu planında İddiaçı ixtisasına uyğun “Rəqəmli idarə olunan dəzgahların kompüter operatoru” ixtisası verilib. Lakin eyni ixtisas üzrə istehsalat təlim ustası olan X2 şəhid ailəsi olmasını, diaqnostik qiymətləndirmədən keçməsini nəzərə alaraq İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 21.01.2022-ci il tarixdən Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə xitam veriləcəkdir. Qeyd olunanlara 18 noyabr 2021-ci il tarixinədək münasibət bildirilməsi xahiş olunur. İşdə olan Ələmdar Quliyev adına Mingəçevir peşə məktəbinin HK-nin 17.11.2021-ci il tarixli iclas protokolunda göstərilir ki, İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə 21.01.2022-ci ildən xitam verilməsinə etiraz olunmur. İşə əlavə olunmuş Ələmdar Quliyev adına Mingəçevir peşə məktəbinin HİK sədri Mirpaşa Abbasovun məktəbin direktoruna ünvanlandığı 2 №-li 18 noyabr 2021-ci il tarixli məktubunda göstərilir ki, peşə məktəbin həmkarlar ittifaqı komitəsinə göndərdiyiniz məktuba cavab olaraq bildirilir ki, 2021/2022 tədris ilində tələbə qəbulu planında İddiaçı ixtisasına uyğun “Rəqəmli idarə olunan dəzgahları kompüter operatoru” ixtisası verilib. Lakin eyni ixtisas üzrə istehsalat təlim ustası olan X2 Dövlət Peşə Təhsil müəssisəsində çalışan işçilərin bilik və bacarıqlarını diaqnostik qiymətləndirilməsindən küçməsini, şəhid ailəsi üzvü olduğunu nəzərə alaraq İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə etiraz etmir. İşə əlavə olunmuş Ələmdar Quliyev adına Mingəçevir Peşə məktəbinin direktorunun 07 №-li 21 yanvar 2022-ci il tarixli əmrində göstərilir ki, məktəbin təlim ustası İddiaçı Adil qızı Əmək Məcəlləsinin 70-c- maddəsinin “b” bəndinə əsasən (işçilərin sayı və ştatla ixtisar edildikdə) 21.01.2022-ci il tarixdən əmək müqaviləsinə xitam verilsin. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 14-cü maddəsinə əsasən əmək münasibətlərinin tənzimlənməsi sahəsində qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları öz səlahiyyətləri çərçivəsində qanunvericiliyin tələblərinə əmək münasibətlərinin subyektləri tərəfindən hər yerdə eyni qaydada və dürüst əməl olunmasını; sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunmasını; işçilərin və işəgötürənlərin hüquqlarının pozulmasının qarşısının alınmasını; işçilərin və işəgötürənlərin pozulmuş hüquqlarının bərpa olunmasını; səlahiyyətləri çərçivəsində əmək qanunvericiliyinin təkmilləşdirilməsini; əmək münasibətləri sahəsində Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş insan hüquqları və azadlıqları prinsipləri əsasında dövlət siyasətinin həyata keçirilməsini təmin etməlidirlər. Əmək Məcəlləsinin 294-cü maddəsinin 1-ci bəndində göstərilir ki, bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Həmin Məcəllənin 297-ci maddəsində göstərilir ki, fərdi əmək mübahisələrinə məhkəmələrdə baxılması bu Məcəllə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə və digər müvafiq normativ hüquqi aktlarla nizama salınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İddiaçının iş materiallaına əlavə edilmiş əmək kitabçasnın surətindən görünür ki, o, 1981ci ildə Mngəçevi peşə məktəbinə laborant işinə qəbul edilmiş, 1995-ci ldə həmin məktəbdə istehsalat təlimi ustası vəzifəsinə keçirilmiş, müqavilənin müddəti qurtarması əsası ilə 16 dekabr 2019-cu il tarixl əmrlə cavabdeh tərəfindən əmək müqaviləsinə xitam verilmişdir. Mingəçevir şəhər məhkəməsinin 06 mart 2020-ci il tarixli qətnaməsi ilə iddiaçı Gülüstan Kərimova müddətsiz əmək müqaviləsi ilə Mingəçevir peşə məktəbinə istehsalat təlimi ustası işinə bərpa olunması, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi qət edilmiş, Şəki Apellyasiya Məhkəməsinin 08.06.2021-ci il tarixli qətnaməsi ilə Mingəçevir şəhər məhkəməsinin qeyd edilən qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Lakin məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra uzun müddət icra olunmamışdır. Bir neçə aydan sonra Mingəçevir şəhər məhkəməsinin 06.03.2020-ci il tarixli qətnaməsinin icrasının təmin etmək məqsədi ilə 75 №-li 12 noyabr 2021-ci il tarixli əmr verilsə də əmr faktiki olara icra olunmamış, iddiaçı peşə məktəbinə işinə bərpa olunmamışdır. Həmin əmrdən bir həftə sonra, 19 noyabr 2021-ci il tarixdə iddiaçıya xəbərdarlıq göndərilərək Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən tutduğu vəzifədən azad olunacağı bildirilmişdir. Cavabdeh 07 №-li 21 yanvar 2022-ci il tarixli əmri ilə də Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən iddiaçı ilə həmin tarixdə əmək müqaviləsinə xitam vermişdir. Beləliklə, məhkəmə qətnaməsi icra olunmadan iddiaçı ilə əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsnin 70-ci maddəsinin “b” bəndinə görə işçilərin sayı və ya ştatların ixtisar edilməsi əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinin əsaslarındandır. Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü bəndinin tələbinə görə işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. İş materialları ilə müəyyən edildi ki, 2021/2022-ci tədris ilində İddiaçı ixtisasına uyğun “Rəqəmsal idarəolunan dəzgahların kompüter operatoru” ixtisası veilib. Ancaq istehsalat təlim ustası olan X3 üstünlük verilərək o, işdə saxlanılmışdır. Cavabdeh, eləcə də məktəbin həmkarlar təşkilatı komitəsi bunu X.Rüstəmovanın şəhid ailəsi üzvü olması və diaqnostik qiymətləndirmədən keçməsi ilə əsaslandırmışdır. Lakin X.Rüstəmovanın şəhid ailəsi üzvü olması, ona şəhid ailəsi statusunu verilməsini təsdiq edən sənəd iş materiallarına əlavə olunmamışdır və məhkəməyə də təqdim edilmədi. Eləcə də müəyyən edildi ki, iddiaçı ondan asılı olmayan səbəbdən diaqnostik qiymətləndirmədən keçməmişdir, yəni diaqnostik qiymətləndirməyə dəvət olunmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi YOXdur. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddiaçı ilə işçilərin sayı və ya ştatın ixtisarı əsasıilə əmək müqaviləsinə xitam veilməsi qeyri-qanunidir. Ona görə də iddia təmin olunmalı, Ələmdar Quliyev adına Mingəçevir peşə məktəbinin direktorunun 07 №-li 22 yanvar 2022-ci il tarixli əmri ləğv edilməli, iddiaçı istehsalat təlimi ustası işinə bərpa olunmalı, məcbur iş buraxma müddəti üçün əmək haqqı ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216– 220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qət etdi: İddia təmin olunsun. Cavabdeh direktorunun 07 №-li 22 yanvar 2022-ci il tarixli əmri ləğv edilsin. İddiaçı Kərimova X5 şəhər Peşə məktəbinə istehsalat təlimi ustası işinə bərpa olunsun. Məcburi iş buraxma müddəti üçün İddiaçı əmək haqqı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : Məhburə Kərimova
Məhkəmə qərarları › İş №2(051)-858/2022
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-858/2022
17.05.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver