Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-869/2022 10.05.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi İddiaçı: İddiaçı və onun vəkili X4 Cavabdeh: Ələmdar Quliyev adına Mingəçevir Peşə Məktəbinin direktoru X6 iştirakı ilə İddiaçı cavabdeh Ələmdar Quliyev adına Mingəçevir Peşə Məktəbinə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqı tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Ələmdar Quliyev adına Mingəçevir Peşə Məktəbinə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqı tələbinə dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, məhkəmədən Ələmdar Quliyev adına Mingəçevir Peşə Məktəbinin 21 yanvar 2022-ci il tarixli, 08 saylı əmrinin ləğv edilməsi, onun həmin məktəbə istehsalat təlimi ustası vəzifəsinə bərpa edilməsi, işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün aylıq əmək haqqının ödənilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddianı müdafiə etdi, əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, o, 1989-cu ildə Bakı Sənaye Pedoqoji Texnikumunun İstehsalat təlimi ixtisasını bitirmişdir. 11.10.1989– cu il tarixdə Mingəçevir Peşə Məktəbində istehsalat təlimi ustası vəzifəsinə təyin edilmiş, daha sonra həmin vəzifə ixtisara salındığından 1999-cu ilin avqust ayında həmin peşə məktəbində müəllim vəzifəsinə təyin edilmişdir. Sonradan müxtəlif vəzifələr üzrə həmin peşə məktəbində işləmişdir. Son dövrdə isə məktəbin istehsalat təlimi ustası vəzifəsində işləmişdir. Sonradan isə onunla müddətli əmək müqaviləsi bağlanmışdır. Buna razı olmadığı təqdirdə onu işdən azad edəcəkdilər. Daha sonra isə məktəbin direktoru onun işdən azad olunduğunu bildirmiş və ona 17.09.2019-cu il tarixli, 122 nömrəli əmr təqdim etmişdir. Həmin əmrdən narazı olduğu üçün bununla bağlı Mingəçevir Şəhər Məhkəməsinə müraciət etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 28.10.2019-cu il tarixli qətnaməsinə, AR Ali Məhkəməsinin 24.11.2020-ci il tarixli qərarına, Şəki Apellyasiya Məhkəməsinin 03.03.2021-ci il tarixli qətnaməsinə əsasən o, 10.11.2021-ci il tarixdə məcburi iş buraxma müddəti üçün aylıq əmək haqqı ödənilməklə işə bərpa olunmuşdur. Bundan iki gün sonra isə direktor qərəzlə onu yenidən işdən azad edəcəyini və ona ixtisar haqqında məlumatı imzalamağını bildirmişdir. Etiraz etdikdə isə onun etirazına baxmayacağını və onu məhkəməyə verməklə təhdid etmişdir. Onun işdən qeyri-qanuni çıxarıldığı müddətdə onun işləmiş olduğu həm fənn müəllimi, həm də istehsalat təlimi ustası vəzifəsi üzrə yeni işçilər işə götürülmüşdür. İxtisar edərkən ona heç bir iş təşkil olunmamışdır. O, həmin məktəbdə ilk təyinatla elektrik montyoru ixtisası üzrə istehsalat təlimi ustası, sonrakı illərdə isə həmin ixtisasda fənn müəllimi kimi fəaliyyət göstərmişdir. Hal-hazırda həmin ixtisas məktəbdə var və qeyd edilən vəzifə üzrə yeni işçi qəbul olunmuşdur. Nəticədə məktəbin direktoru məhkəmə qərarlarını pozaraq, onu ikinci dəfə işdən azad etmişdir. O həmin əmrə iradını bildirmiş, onunla yeni müqavilə bağlanmasını tələb etmiş, lakin direktor imtina etmişdir. Hesab edir ki, məktəbin direktorunun ona qarşı qərəzli münasibəti vardır və qeyd edilən əmr qanunsuz, əsassızdır. Odur ki, iddiasının təmin olunması, Mingəçevir Peşə Məktəbinin 21 yanvar 2022-ci il tarixli, 08 saylı əmrinin ləğv edilməsi, onun həmin məktəbə istehsalat təlimi ustası vəzifəsinə bərpa edilməsi, işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün aylıq əmək haqqının ödənilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. İddiaçı vəkili X7 məhkəmə iclası zamanı iddianı müdafiə etdi, təmsil etdiyi şəxslə eyni məzmunlu izahat verdi və iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclası zamanı cavabdeh Ələmdar Quliyev adına Mingəçevir Peşə Məktəbinin direktoru X12 təmsil etdiyi qurumun adından iddianı qəbul etmədi və izahatında göstərdi ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-2220/2019 saylı, 28.10.2019-cu il tarixli qətnaməsinə əsasən 12.11.2021-ci il tarixdə Mingəçevir Peşə Məktəbinin 122 nömrəli, 17.09.2019-cu il tarixli əmri ləğv edilmiş, İddiaçı məktəbin istehsalat təlimi ustası işinə bərpa edilmiş və ona məcburi iş buraxma müddəti üçün əmək haqqı tam ödənilmişdir. Bundan sonra 21.01.2022-ci il tarixdə İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin b bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) xitam verilərkən ƏM-in 71-ci maddəsinin 1-ci bəndinin tələbinə uyğun müəyyən edilmiş işəgötürən tərəfindən yerinə yetirilməli tədbirlər görülmüşdür. Eyni zamanda iddiaçının əmək müqaviləsi ƏM-in 80-ci maddəsinin 1-ci hissəsinə əməl edilərək, həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilmişdir. Bundan başqa iddiaçı onun əmək hüquqlarının pozulması barədə X11 Xidmətinə müraciət etmiş və Xidmət tərəfindən müraciətin araşdırılması üçün 17.01.2022-ci il tarixdə **********7 saylı məktubla məktəbə müraciət edilmişdir. Tərəfimizdən 25.01.2022-ci il tarixdə 04 saylı məktubla 24 adda təsdiqedici sənədlər Xidmətə göndərilmişdir. X11 Xidməti araşdırma nəticəsində müraciətin əsaslı olmadığı və bütün hüquq normalarına riayət edildiyi haqda iddiaçıya məktub ünvanlamışdır. Qeyd edilənlərə əsasən, məhkəmədən iddianın rədd edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclası zamanı Ələmdar Quliyev adına Mingəçevir Peşə Məktəbinin Həmkarlar Təşkilatının sədri X10 izahatında göstərdi ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin b bəndinə əsasən xitam verilməsi barədə məlumatı vardır. Belə ki, məktəbin direktoru tərəfindən təqdimat məktubu daxil olmuş, iclas keçirilmişdir. 5 komitə üzvü iclasda iştirak etmişdir. İddiaçı iclasa dəvət edilməmişdir. İşə bərpa olunan zaman ştat YOX idi. Sonradan isə ixtisasına uyğun ştatın olmaması səbəbilə əmək müqaviləsinə xitam verilməsinə razılıq verilməsi haqda direktorun təqdimatı daxil olmuşdur. İddiaçı diaqnostikadan elektrik qaynaqçısı kimi keçmişdir. Hal-hazırda belə qrup YOXdur, ona görə də ştat YOXdur. Məhkəmə tərəflərin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 09 mart 2022-ci il tarixli, 347/15620 nömrəli arayışdan görünür ki, həmin arayış Mingəçevir Peşə Məktəbinin direktoru X6, İddiaçı tərəfindən təsvir edildiyi kimi, işə bərpa mübahisəsi üzrə 09.03.2022-ci il tarixində, saat 15:00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etmədiyini təsdiq etmək üçün verilmişdir. İşdə olan əmək kitabçasının surətindən görünür ki, İddiaçı 11.10.1989-cu il tarixdə 154 nömrəli əmrə əsasən Mingəçevir şəhər 69 saylı texniki-peşə məktəbində istehsalat təlimi ustası vəzifəsinə, 31.08.1999-cu il tarixdə istehsalat təlimi ustası vəzifəsi ixtisar edildiyindən, məktəbdə ixtisas fənn müəllimi vəzifəsinə təyin edilmişdir. İddiaçı 01.09.2000-ci il tarixdə istehsalat təlimi ustası vəzifəsinə keçirilmişdir. 17.09.2018-ci il tarixdə tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmiş, İddiaçı istehsalat təlimi ustası vəzifəsinə işə qəbul edilmişdir. 17.09.2019-cu il tarixdə müqavilənin müddətinin bitməsi əsası ilə əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı 10.11.2021-ci il tarixdə istehsalat təlimi ustası vəzifəsinə işə bərpa edilmişdir. 21.01.2022-ci il tarixdə 08 saylı əmrə əsasən işçilərin sayının və ştatlarının ixtisar edilməsi əsası ilə əmək müqaviləsinə xitam verilmişdir. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin 28.10.2019-cu il tarixli, 2(051)-2220/2019 saylı qətnaməsindən görünür ki, İddiaçı cavabdeh Ələmdar Quliyev adına Mingəçevir Peşə Məktəbinə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqı tələbinə dair iddiası təmin edilmiş, Mingəçevir Peşə Məktəbi direktorunun 122 nömrəli, 17.09.2019-cu il tarixli əmrinin ləğv edilməsi, İddiaçı Mingəçevir Peşə Məktəbinə müddətsiz əmək müqaviləsi ilə istehsalat təlimi ustası vəzifəsinə işə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün ona əmək haqqının ödənilməsi qət edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24.11.2020-ci il tarixli, 2(102)-5832/2020 saylı qərarından görünür ki, İddiaçı kassasiya şikayəti təmin edilmiş, iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04.06.2020-ci il tarixli, 2(107)-471/2020 saylı qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün Şəki Apellyasiya məhkəməsinə qaytarılmışdır. İşdə olan Ələmdar Quliyev adına Mingəçevir Peşə Məktəbinin 74 saylı, 10.11.2021-ci il tarixli əmrindən görünür ki, Mingəçevir Peşə Məktəbi direktorunun 122 nömrəli, 17.09.2019-cu il tarixli əmri ləğv edilmiş, İddiaçı Mingəçevir Peşə Məktəbinə müddətsiz əmək müqaviləsi ilə istehsalat təlimi ustası vəzifəsinə işə bərpa edilmiş, ona məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi təmin edilmişdir. İş materiallarına əlavə edilmiş Ələmdar Quliyev adına Mingəçevir Peşə Məktəbinin Həmkarlar Təşkilatının sədri X5 ünvanlanmış 11 noyabr 2021-ci il tarixli işçilərin saylarının və ya ştatlarının ixtisar edilməsi barədə təqdimatdan görünür ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən 28.09.2021-ci il tarixli F-462/1 saylı əmri ilə təsdiq edilmiş peşə təhsili üzrə 2021/2022-ci tədris ilində tələbə qəbul planında İddiaçı ixtisasına uyğun qrup nəzərdə tutulmadığına görə və məktəbin 29.09.2021-ci il tarixli ştat cədvəlinə əsasən, onunla bağlanmış əmək müqaviləsinə 21.01.2022-ci il tarixdən Əmək Məcəlləsinin 70-ci maddəsinin b bəndi ilə xitam verilməsi barədə münasibət bildirilməsi xahiş edilmişdir. İşdə olan Ələmdar Quliyev adına Mingəçevir Peşə Məktəbi tərəfindən 19 noyabr 2021-ci il tarixli işçilərinin saylarının və ya ştatlarının ixtisar edilməsi barədə xəbərdarlıqdan görünür ki, Ələmdar Quliyev adına Mingəçevir Peşə Məktəbində Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən “Elektrik qaz qaynağı” peşəsi üzrə 2019/2020-ci tədris ilindən məktəbin qəbul planına tələbə qəbulu nəzərdə tutulmadığından, hal-hazırda həmin ixtisas üzrə qruplarının olmaması və madditexniki bazası olmadığı üçün gələcək tədris illərində də olması proqnozlaşdırılmadığı üçün ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq (11.11.2021-ci il tarixli 74/1 saylı əmrlə) İddiaçı 21.01.2021-ci il tarixdən işdən azad edilməsi barədə xəbərdar edilmişdir. İşdə olan Ələmdar Quliyev adına Mingəçevir Peşə Məktəbinin 08 saylı, 21.01.2022-ci il tarixli əmrindən görünür ki, məktəbin istehsalat təlimi ustası vəzifəsində işləyən İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin b bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) 21.01.2022-ci il tarixdən işdən azad edilmiş və əmək müqaviləsinə xitam verilmişdir. İşdə olan Mingəçevir şəhər Təbiət-Riyaziyyat və X8 Lisey tərəfindən verilmiş 10 mart 2022-ci il tarixli, 33 saylı arayışdan görünür ki, X1 həmin Liseyin altıncı sinfində oxuyur. İş materiallarına əlavə edilmiş Ələmdar Quliyev adına Mingəçevir Peşə Məktəbinin 05 yanvar 2022-ci il tarixli məktəbdə tədris olunan ixtisaslar üzrə təhsil alan tələbələrin siyahısından görünür ki, məktəbdə 2021-2022-ci tədris ilində dərzi, tikiş avadanlıqlarının operatoru, tikişçi, çilingər-santexnik, rəqəmli idarə olunan dəzgahların kompüter operatoru, elektrik xətlərinin quraşdırılması və təmiri üzrə mütəxəssis ixtisasları üzrə tədris həyata keçirilir. Beləliklə, məhkəmə tərəflərin izahatlarının və iş materiallarına əlavə edilmiş sənədlərin məhkəmə iclasında tədqiqi nəticəsində müəyyən etdi ki, İddiaçı 11.10.1989-cu il tarixdə Mingəçevir Peşə Məktəbində elektrik montyoru ixtisası üzrə istehsalat təlimi ustası vəzifəsinə, 31.08.1999-cu il tarixdə istehsalat təlimi ustası vəzifəsi ixtisar edildiyindən, məktəbdə həmin ixtisasda fənn müəllimi vəzifəsinə təyin edilmişdir. İddiaçı 01.09.2000-ci il tarixdə yenidən istehsalat təlimi ustası vəzifəsinə keçirilmişdir. 17.09.2018-ci il tarixdə tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmiş və İddiaçı müddətli əmək müqaviləsi ilə istehsalat təlimi ustası vəzifəsinə həmin məktəbə işə qəbul edilmişdir. 17.09.2019-cu il tarixdə isə müqavilənin müddətinin bitməsi əsası ilə Mingəçevir Peşə Məktəbi tərəfindən əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı isə işə bərpa edilməsi ilə bağlı məhkəməyə müraciət etmiş, iddiası təmin edilərək, 10.11.2021ci il tarixdə məktəbdə müddətsiz əmək müqaviləsi ilə istehsalat təlimi ustası vəzifəsinə işə bərpa edilmişdir. 21.01.2022-ci il tarixdə isə Mingəçevir Peşə Məktəbinin 08 saylı əmrinə əsasən işçilərin sayının və ştatlarının ixtisar edilməsi əsası ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə qeyd edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri əmək münasibətləri ilə bağlı yaranan mübahisədir və mübahisə Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulan əmək müqaviləsinə xitam verilməsi əsasları və fərdi əmək mübahisələrinin həlli qaydaları əsasında həll olunmalıdır. Məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında yaranmış fərdi əmək mübahisəsinin düzgün həll edilməsi üçün ilk növbədə əmək müqaviləsinə xitam verilməsi əsaslarının, əmək müqaviləsinin xitam verilməsi haqqında əmrin məzmununun əmək qanunvericiliyinin tələblərinə uyğun olub–olmaması araşdırılmalıdır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68–ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin maddənin 2–ci hissəsində əmək müqaviləsinə xitam verilməsinin əsasları sadalanmışdır. Həmin maddənin 2–ci hissəsinin “a” bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü ilə, “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarmasına, “c” bəndinə əsasən əmək şəraitinin şərtlərinin dəyişdirilməsinə, “ç” bəndinə əsasən müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar olaraq (bu Məcəllənin 63–cü maddəsinin ikinci hissəsində göstərilən işçilər), “d” bəndinə əsasən tərəflərin iradəsindən asılı olmayan hallara, “e” bəndinə əsasən tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallara görə əmək müqaviləsinə xitam verilə bilər. Həmin Məcəllənin 70–ci maddəsində isə işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları sadalanmışdır. Belə ki, həmin Məcəllənin 70–ci maddəsinin «a» bəndinin tələblərinə görə müəssisə ləğv edildikdə, «b» bəndinin tələblərinə görə işçilərin sayı və ya ştatları ixtisar edildikdə, «c» bəndinin tələblərinə görə peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə, «ç» bəndinin tələblərinə görə işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72–ci maddəsinədə sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda, həmin maddənin «d» bəndinin tələblərinə görə sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda, həmçinin «e» bəndinin tələbinə görə dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 71–ci maddəsinin 1-ci bəndinə əsasən işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. Həmin Məcəllənin 80–ci maddəsinin 1–ci bəndinə görə bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Məhkəmə işin müəyyən edilmiş hallarına və sadalanan hüquq normalarına əsasən hesab edir ki, işəgötürən Ələmdar Quliyev adına Mingəçevir Peşə Məktəbi İddiaçı ixtisasına uyğun “Elektrik qaz qaynağı” peşəsi üzrə məktəbin qəbul planına tələbə qəbulunun nəzərdə tutulmamasını və həmin ixtisas üzrə qruplarının olmamasını qeyd edərək, məktəbin istehsalat təlimi ustası vəzifəsində işləyən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin b bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) xitam versə də, əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini düzgün şəkildə əsaslandırmamışdır. Belə ki, İddiaçı mexanik-texnoloq, istehsalat təlimi ustası vəzifəsi üzrə ixtisası bitirmişdir. Yəni cavabdehin qeyd etdiyi ixtisasın İddiaçı ixtisası ilə eyni olması əsaslandırılmamışdır. Bununla bağlı olaraq İddiaçı ixtisası və həmin ixtisas üzrə Mingəçevir Peşə Məktəbində tədris qruplarının olmaması barədə əsaslandırıcı sənədlər X3 təqdim edilməmişdir. Məhkəmə, həmçinin qeyd edir ki, İddiaçı məktəbdə işlədiyi illərdə elektrik montyoru ixtisası üzrə istehsalat təlimi ustası və ya ixtisas fənn müəllimi kimi fəaliyyət göstərmiş və hazırda da məktəbdə həmin ixtisas üzrə tədris həyata keçirilir. Belə ki, məktəbdə 2021- 2022-ci tədris ilində elektrik xətlərinin quraşdırılması və təmiri üzrə mütəxəssis ixtisası üzrə tələbələr məktəbə qəbul edilmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, cavabdeh müəssisədə işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən işdə saxlanmağa üstünlüyü olan şəxslər barəsində də araşdırma aparmamışdır. Göründüyü kimi İddiaçı 10.11.2021-ci il tarixdə məktəbə istehsalat təlimi ustası vəzifəsinə işə bərpa olunduqdan 1 gün sonra məktəbdə onun ixtisasına uyğun tədris həyata keçirilməsinə baxmayaraq, cavabdeh tərəf iddiaçının ixtisasına uyğun qrupun olmamasına görə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin b bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) xitam verilməsinə razılıq verilməsi barədə müəssisədə fəaliyyət göstərən X3 təqdimat məktubu ünvanlamaqla iddiaçıya qarşı qərəzli mövqe tutduğunu nümayiş etdirmişdir. Məhkəmə işdə olan sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verərək, belə qənaətə gəlir ki, İddiaçı ilə Ələmdar Quliyev adına Mingəçevir Peşə Məktəbi arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilmişdir. Ona görə də iddiaçının işdən azad edilməsinə dair Ələmdar Quliyev adına Mingəçevir Peşə Məktəbi direktorunun 08 saylı, 21.01.2022-ci il tarixli əmri ləğv edilməlidir. Məhkəmə öz mövqeyini onunla əsaslandırır ki, cavabdeh tərəf iddiaçının işdən azad edilməsinə dair əmr verərkən əmək müqaviləsinə xitam verilməsinin əsaslarını tənzimləyən Əmək Məcəlləsinin 70–ci maddəsinin “b” bəndinə formal şəkildə istinad etsə də, iddiaçının əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini düzgün şəkildə əsaslandırmamış, həmin faktı təsdiq edən sənədləri X3 təqdim etməmiş, lakin qeyd edilən təşkilatın formal razılıq məktubunu alaraq əmək müqaviləsinə xitam vermişdir. Nəticədə əmək müqaviləsinə xitam verilməsi ilə bağlı Əmək Məcəlləsində nəzərdə tutulmuş tələbləri pozmuşdur. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71–ci maddəsinin 3–cü bəndinə əsasən işəgötürən bu Məcəllənin 70–ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Həmin Məcəllənin 76–cı maddəsinə 1–ci hissəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75–ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Həmin maddənin 2–ci hissəsinin tələbinə görə əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Həmin Məcəllənin 78-ci maddəsinin 1-ci bəndinə əsasən müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. Həmin Məcəllənin 300–cü maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75–ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76–cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79–cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddiaçı Ələmdar Quliyev adına Mingəçevir Peşə Məktəbi tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68, 70-ci maddələrində nəzərdə tutulmuş əmək müqaviləsinin ləğv edilməsi əsasları pozularaq işdən azad edildiyindən, Ələmdar Quliyev adına Mingəçevir Peşə Məktəbinin 21.01.2022-ci il tarixli 08 nömrəli əmri ləğv edilməli, iddiaçıya məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə əvvəlki işinə, yəni Ələmdar Quliyev adına Mingəçevir Peşə Məktəbində istehsalat təlimi ustası vəzifəsinə bərpa olunmalıdır. Məhkəmə iclasında araşdırılmış sübutlara qiymət verərək, belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4–cü maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi YOXdur. Həmin Məcəllənin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM–in 216–220, 227 və 233–ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh Ələmdar Quliyev adına Mingəçevir Peşə Məktəbinin direktorunun İddiaçı işdən azad edilməsinə dair 21.01.2022-ci il tarixli 08 nömrəli əmri ləğv edilsin. İddiaçı əvvəlki işinə, yəni Ələmdar Quliyev adına Mingəçevir Peşə Məktəbinə istehsalat təlimi ustası vəzifəsinə bərpa edilsin. Cavabdeh Ələmdar Quliyev adına Mingəçevir Peşə Məktəbi tərəfindən 21.01.2022–ci il tarixdən işə bərpa olunduğu günə qədər məcburi iş buraxdığı müddət üçün aylıq əmək haqqı hesablanaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №2(051)-869/2022
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-869/2022
10.05.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver