Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-909/2023 03.08.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçı: İddiaçı nümayəndəsi (vəkil) Vəkil1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən Cavabdeh azyaşlı uşağı X11 ilə birlikdə çıxarılması tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldırmışdır. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, uzun müddətdir ki, Mingəçevir şəhərində yaşayır. Ali təhsillidir. 30 ildən artıq həkim işləmişdir. X1 19 yanvar 2016-cı il tarixdə vəfat etmişdir. Mingəçevir şəhəri, 20 Yanvar küçəsi 12 saylı evin 30 saylı mənzili üzərində onun tam mülkiyyət hüququ Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Seriya RX ******* №li Çıxarış əsasında xx.xx.2012-ci il tarixdən qeydə alınmışdır. Cavabdeh böyük oğlu X6 arvadıdır. Anar ailənin xeyir duasını almamış Cavabdeh ilə 2015-ci ildə evlənmişdir. Anar hazırda xarici ölkədə, Polşada yaşayır. Cavabdeh mülkiyyətində olan mənzilə qeydiyyata aldırmışdır. Baxmayaraq ki, xeyli müddətdir, oğlu Anar xarici ölkədə yaşayır, Cavabdeh azyaşlı qızı İnci ilə onun mənzilində yaşayır. 7 ildən artıqdır ki, həyat yoldaşını itirmişdir. 70-ə yaxın yaşı var. Ona qulluq edən, ən əsası sakitlik lazımdır. Paltarlarını özü yuyur, yeməyini özü hazırlayır. Öz mənzilində sakit yaşaya bilmir. Cavabdeh ona qayınata kimi hörmətlə yanaşmır, digər oğlu Azərlə yola getmir. Onun mülkiyyət hüquqlarını pozur. Odur ki, onun xüsusi mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən mənzildən Cavabdeh azyaşlı uşağı X11 ilə birlikdə çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclası zamanı iddia tələbini müdafiə etdi, əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, lakin xx.xx.2023-cü il tarixdə onun nümayəndəsi Vəkil2 məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə işə cavabdehin və onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Seriya RX ******* saylı, **********25-05101-093023 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, ümumi sahəsi 63.85 kv.m olan, ünvan 1 ünvanında yerləşən mənzil üzərində İddiaçı tam mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestrində xx.xx.2012–ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası DİN-in yaşayış yeri üzrə qeydiyyat haqqında arayışından görünür ki, İddiaçı, Cavabdeh və onun azyaşlı uşağı X2 şəhəri, 20 Yanvar küçəsi, ev 12, mənzil 30 ünvanında yerləşən mənzildə yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı ilə X5 arasında xx.xx.1987-ci il tarixdə Mingəçevir nikah evində rəsmi nikah bağlanmış və həmin nikah 164 nömrə ilə dövlət qeydiyyatına alınmışdır. Nikah bağlandıqdan sonra arvada “Əhmədova” soyadı verilmişdir. İşdə olan ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X4 xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. İşdə olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X12 xx.xx.1989-cu il tarixdə Mingəçevir şəhərində doğulmuşdur. Atası İddiaçı, anası isə X3r. Beləliklə, məhkəmə təqdim edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, ümumi sahəsi 63.85 kv.m olan, ünvan 1 ünvanında yerləşən mənzil üzərində iddiaçının tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla onun adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış verilmişdir. Cavabdehin isə həmin mübahisəli mənzil üzərində heç bir əşya hüquqları qeydə alınmamışdır. Eləcə də, iddiaçı ilə cavabdeh arasında heç bir ailə münasibətləri olmamışdır. Cavabdeh yalnız 2015-ci ildə iddiaçının oğlu Anarla evlənmişdir. Hazırda cavabdehin əri Anar mübahisıli evdı yaşamır. Ona baxmayaraq, cavabdeh hazırda da iddiaçıya məxsus mənzildən istifadə etməklə bərabər, ona sahiblik edir. Belə olan halda məhkəmə hesab edir ki, mübahisənin düzgün həll edilməsi üçün ilk növbədə cavabdehin mübahisəli mənzilin tərkib hissəsindən istifadə hüququnun yaranması əsasları, yəni cavabdehin iddiaçının ailə üzvü olub–olmaması məsələsi müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1 və 228.2–ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2–ci maddələrinin şərh edilməsinə dair 16 dekabr 2014–cü il tarixli qərarında qeyd etmişdir ki, Mənzil Məcəlləsinin 30–cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15–ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1–ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Ailə Məcəlləsinin 13 və 15–ci fəsillərinin müvafiq müddəalarına əsasən valideynlərin uşaqlarını saxlamağa borclu olması, əmək qabiliyyətini itirən və maddi yardıma ehtiyacı olan ər və arvadın bir-birinə kömək etməli olması, qardaş və bacıların yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan qardaş və bacılarını saxlamaq, baba və nənənin nəvələri saxlamaq, həmçinin nəvələrin baba və nənəni saxlamaq, yetirmələrinin öz faktiki tərbiyəçilərini saxlamaq, həmçinin ögey oğul və qızların ögey ata və ananı saxlamaq vəzifəsi müəyyən edilmişdir. Göründüyü kimi ailə qanunvericiliyinin istinad edilən müvafiq normalarında cavabdeh “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxil edilməmişdir. Ona görə iddiaçının, yəni qayınatanın, cavabdehi, yəni gəlini saxlamaq vəzifəsi müəyyən olunmamışdır. Məhkəmə, öz qənaətini onunla əsaslandırır ki, iddiaçı ilə cavabdeh arasında ailə qanunvericiliyi əsasında heç bir yaxın qohumluq münasibəti olmadığından, cavabdehin mübahisəli mənzil üzərində hər hansı bir əşya hüququ qeydə alınmadığından, habelə mübahisəli mənzilin mülkiyyətçisi ilə onun arasında müqavilə və ya ailə münasibətləri mövcud olmadığından, onun iddiaçı ilə birlikdə mübahisəli mənzildə onun ailə üzvü kimi yaşamaq və yaxud özünün saxlanılmasını tələb etmək, həmçinin mübahisəli mənzilin tərkib hissəsindən istifadə hüququ yaranmamışdır. Bununla yanaşı, məhkəmə, həmçinin qeyd edir ki, Cavabdeh mübahisəli mənzildə yaşayış yeri üzrə qeydiyyatda olması, onun həmin mənzilin tərkib hissəsindən istifadə hüququnun yaranması üçün əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair xx.xx.2020-ci il tarixli Qərarının 1-ci bəndində göstərmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, iddiaçının qanunla qorunan və tanınan mülkiyyət hüququ heç bir hüquqi əsas olmadan cavabdeh tərəfindən pozulmuşdur. Ona görə də məhkəmə, mübahisənin düzgün həll edilməsi üçün işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsinə əşya hüquq münasibətləri əsas olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı mübahisə üzrə əşya hüquq münasibətlərini tənzimləyən mülki hüquq normaları müvafiq olaraq tətbiq edilməlidir. Belə ki, iddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2–ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göstərilən normanın tələbinə görə iddiaçının tələbinin əsaslı olmasını şərtləndirən hallar ondan ibarətdir ki, iddiaçı mülkiyyətçi olmalı, əşya cavabdehin sahibliyində olmalı və cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır. Yəni, cavabdehin sahibliyi qanunsuz olmalıdır. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq ilk növbədə iddia tələbində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2–ci maddəsində göstərilən şərtlərin cavabdehə münasibətdə məcmu halında mövcud olub–olmaması halının araşdırılmasının zəruriliyini nəzərə alaraq, belə qənaətə gəlir ki, hazırkı iş üzrə tətbiq olunan normada göstərilən şərtlər cavabdehə münasibətdə məcmu halında mövcuddur. Belə ki, iddiaçının mübahisəli mənzil üzərində mülkiyyət hüququ dövlət tərəfindən tanınmışdır. Buna baxmayaraq, həmin mənzil cavabdehin istifadəsində və sahibliyindədir. Cavabdehin həmin mübahisəli mənzil üzərində heç bir əşya hüququ qeydiyyata alınmamışdır. Ona görə də cavabdehin sahibliyi qanunsuzdur. İddiaçının cavabdehə qarşı tələb hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1–ci maddəsinə müvafiq olaraq mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Azərbaycan Respublikası Konstitusiyasının 13–cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29–cu maddəsinin İ hissəsində qeyd edilmişdir ki, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin İV hissəsinə görə heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152–ci maddəsinə əsasən mülkiyyət hüququ–subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə, həmçinin cavabdehin xx.xx.2016-cı il tarixdə doğulmuş, azyaşlı uşağı X8 münasibətdə iddia tələbini əsaslı hesab edir. Məhkəmə işin müəyən olunmuş hallarına əsasən hesab edir ki, cavabdehin uşağı azyaşlı və daima ana qayğısına ehtiyacı olduğundan, onun yaşayış yeri də valideynin yaşadığı yer olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, cavabdeh mübahisəli mənzildən çıxarılmalıdır. Qey olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2016-cı il tarixdə doğulmuş azyaşlı uşağı X11 ilə birlikdə RX seriyalı ******* saylı, **********25-05101-093023 reyestr nömrəli “Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış” əsasında İddiaçı mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №2(051)-909/2023
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-909/2023
03.08.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver