Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-91/2024 18.09.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı: İddiaçı1 və İddiaçı2 və onların etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil, Cavabdeh: Cavabdeh1 və Cavabdeh2 vəkili X1 iştirakı ilə, İddiaçı1 və İddiaçı2 Cavabdeh1n və Cavabdeh2 qarşı «Fərdi yaşayış evi üçün nəzərdə tutulmuş torpaq sahəsinin alınmasına, həmin torpaq sahəsində evin tikintisinə və təmirinə çəkilmiş xərclər » tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: İddiaçı1 və və İddiaçı2 iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanda yerləşən 0.03 ha fərdi yaşayış evi üçün nəzərdə tutulmuş torpaq sahəsinin alqı-satqısına verdiyi 5000 (beş min) manatın, həmin torpaq sahəsində 183.10 kvadrat metrdə yerləşən evin tikintisinə v\ə təmirə çəkilən 20.000 (iyirmi min) manatın, vəkilə hüquqi xidmət üçün ödənilən 200 (iki yüz) manatın, dövlət rüsumu kimi ödənilən 168 (bir yüz altmış səkkiz) manatın, səndələrin notarial qaydada təsdiqi üçün ödənilən 9 (doqquz) manatın, vəkilə verilən etibarnamə üçün 17.25 (on yeddi manat, iyirmi beş qəpik) manat pulun cavabdehlərdən alınıb onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı1 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, iddiaçı Cavabdeh2 Cavabdeh1 qarşı birgə nikah dövründə əldə edilmiş əmlak bölgüsünə dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edilmiş, 2(051)-1377/2023 saylı mülki iş açılmışdır. Məlumat üçün bildirir ki, onlar İddiaçı1 və İddiaçı2 ilə 17 iyun 1992-ci ildə rəsmi nikah qeyd etdirməklə ailə münasibətlərinə daxil olmuşlar. Onların nikahından iki övladları, bir nəfər oğlan və bir nəfər qız övladları olmuşdur. Hər iki uşaqlarına yaxşı qayğı göstərmiş, normal həyat şəraitində böyütmüş, təhsil vermişlər. Hər iki övladlarını evləndirib, toyunu etmişlər. O, İddiaçı1 uzun müddətdir ki, Mingəçevir şəhərində küçə ticarəti məşğul olur. Arvadı İddiaçı2 ilə birlikdə Qəbələ rayonunda (hər ikisi Qəbələ rayonundandırlar) kənd təsərrüfatı məhsullarını alıb, Mingəçevir şəhərində satışı ilə məşğul olurlar. Ər-arvad ümumi qazancları hesabına Mingəçevir şəhəri, Təbriz küçəsi 19 saylı evin 12 saylı mənzilini almışlar. 2014-cü ildə ünvan 2 ünvanda yerləşən 0.03 ha fərdi yaşayış evi üçün nəzərdə tutulmuş torpaq sahəsini Nəbi adlı (Mingəçevir Bələdiyyəsinin işçisi) şəxsdən İkram vasitəsi ilə 5000 (beş min) manat nəğd pul ödəməklə oğlu Cavabdeh1 adına almışdır. 2016-cı ilin sentyabr ayında oğlu Elmirə toy etmişlər. Elmir Günay adlı şəxslə ailə qurmuşdur. Günay gəlin olaraq o, Azadın mülkiyyətində olan Mingəçevir şəhəri, Təbriz küçəsi 19 saylı evin 12 saylı mənzilinə köçmüşdür. Mənzili bir otaq idi, iki ailə üçün darısqal idi. ünvan 1 ünvanda yerləşən 0.03 ha fərdi yaşayış evi üçün nəzərdə tutulmuş torpaq sahəsində ər-arvad ümumi qazancları hesabına ev tikdirməyə başlamışlar. Çox geniş sahəyə malik evin bönövrəsini tökdülər (183.10 kv.m ölçüdə). Tikinti başlanıldı. Gördülər ki, xırda qazancları hesabına evi başa çatdıra bilməyəcəklər. O, Azadın mülkiyyətində olan Mingəçevir şəhəri, Təbriz küçəsi 19 saylı evin 12 saylı mənzilini 18500 (on səkkiz min beş yüz) manata X2 xx.xx.2019-cu il tarixdə alqısatqı müqaviləsinə əsasən satdılar, alqı-satqı müqaviləsində isə (on yeddi min) manat göstərilmişdir. Mingəçevir şəhəri, Təbriz küçəsi 19 saylı evin 12 saylı mənzilininin satışından ələdə edikləri 18500 (on səkkiz min beş yüz) manatı tam olaraq ünvan 1 ünvanda yerləşən 0.03 ha fərdi yaşayış evi üçün nəzərdə tutulmuş torpaq sahəsində fərdi yaşayış evinin tikintisi və təmirinə sərf etdilər. Bundan başqa xırda-xırda gözçarpmayan pullar xərclədilər. ünvan 1 ünvanda yerləşən 0.03 ha torpaq sahəsində tikilmiş fərdi yaşayış evini mülkiyyət hüququ əsasında oğulları Cavabdeh1 adına rəsmiləşdirdilər. Fikirləşdilər ki, bir oğulları var, onun adına olsun. Gəlinləri Cavabdeh2 ilə oğulları Cavabdeh1 arasında məhkəmə qaydasında pozulmuşdur. Məhkəmədə onların xərcləri hesabına tikilmiş evi birgə nikah dövründə əldə edilmiş əmlak kimi bölmək istəyirlər. ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evində yalnız onlar İddiaçı1 və İddiaçı2 yaşayırlar, həmin evdə onlardan başqa yaşayan yoxdur. Baxmayaraq ki, mübahisə edilən ev oğulları Elmirin adına rəsmiləşdirilmişdir. O torpaq sahəsi və evi onlar ərarvad olaraq qazancları hesabına əldə etmişlər. Hər iki cavabdehdən çəkilmiş xərclərini tələb edirlər. 5000 (beş min) manat torpaq sahəsi alınmasına verdikləri, evin tikintisinə və təmirinə çəkilmiş 20.000 manat (18.500 manat əvvəlki evin satışından əldə etdikləri pul və 1500 manat xırda xərclər – hələ daha çox çəkmişlər) xərci – cəmi 25.000 (iyirmi beş min) manat xərclərini tələb edirlər. Cavabdeh1 2(051)-1377/2023 saylı mülki iş üzrə göndərdiyi etiraz ərizəsində onların tərəfindən çəkilmiş xərcləri qismən etiraf edir. Məhkəmədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanda yerləşən 0.03 ha fərdi yaşayış evi üçün nəzərdə tutulmuş torpaq sahəsinin alqı-satqısına verdiyi 5000 (beş min) manatın, həmin torpaq sahəsində 183.10 kvadrat metrdə yerləşən evin tikintisinə v\ə təmirə çəkilən 20.000 (iyirmi min) manatın, vəkilə hüquqi xidmət üçün ödənilən 200 (iki yüz) manatın, dövlət rüsumu kimi ödənilən 168 (bir yüz altmış səkkiz) manatın, səndələrin notarial qaydada təsdiqi üçün ödənilən 9 (doqquz) manatın, vəkilə verilən etibarnamə üçün 17.25 (on yeddi manat, iyirmi beş qəpik) manat pulun cavabdehlərdən alınıb onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı2 məhkəmə iclası zamanı iddia tələbini müdafiə etdi və iddia tələbinin təmin edilməsini xahiş etdi. İddiaçıların etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasızamanı iddia tələbini müdafiə etdi və iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh1 etiraz ərizəsinə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, iddia tələbi əsassızdır. Yalandır, ev ona hədiyyə edilməyib. O yalnız təmirə valideynlərinin kömək etdiyini bildirib. Torpaq birgə nikah dövründən öncə onun tərəfindən alınmışdır. Sonra isə torpaq sahəsinin üzərində ev onun və valideynlərinin ümumi vəsaiti hesabına tikilmişdir. Ev sənədləşdiriləndə valideynləri hədiyyə kimi evi ona verərək onun üzərinə sənədləşdirmişlər. Mingəçevir Şəhər Məhkəməsinin qərarına əsasən həmin evdən ½ pay qarşı tərəf olan keçmiş arvadına verilmişdir. O isə şikayət etməmiş və etiraz etməmişdir. İddiaçılar Şəki Apellyasiya məhkəməsinə şikayət verdilər və 2/3 hissə pay istədilər. Lakin sübut edə bilmədilər. Mingəçevirin qətnaməsi qüvvəsində qaldı. Əlavə heç kəsə pay vermək fikri yoxdur. Ona verilən hədiyyədir. Hədiyyədən pay qayıtmır. Onun həmin mülkdən 1 manat belə vermək fikri yoxdur. İddia tələbilə qətiyyən razı deyil. 2014-cü ildən bəri işləyir. Torpağın alınması tarixini dəqiq bilmir. Torpaq sahəsi 2015-ci ildə alınmışdır. 650 manat əmək haqqı alırdı. Torpağı almaq üçün kredit götürmüşdür. Həmin kreditlə də torpağı almışdır. Həmin evin tikintisinə bu günə kimi 80.000 manat xərc çəkilmişdir. Ana pensiya alıb və atası ilə o qazanıb evi tikmişlər. Müştərək qaydada pul qoyulduqdan sonra həmin ev ona bağışlanmışdır. O öz uşağına pampers və uşaq yeməyi alır. Onda gərək o da uşaq böyüyəndə desin ki, qaytar bunları. Valideynlərinin xərcləri ona məxsus 1\2 hissədədir. Gəlib orada onunla birlikdə yaşaya bilərlər. Onun veriləsi pulu yoxdur. O mülkündən heç kəsə bir qəpik belə verməyəcəkdir. Ev ona verilib və onun adına səndələşdirib. Burada heç bir yazılı müqavilədən söhbət belə gedə bilməz. Ev sadəcə olaraq ona verilib. O bunu hədiyyə kimi qəbul edib. 2015-də tikinti başlayıb. 2016-da ailə həyatı qurub. İşinin ağırlığı səbəbindən yaddaşında çox şey qalmır. Cavabdeh2 vəkili X3 məhkəmə iclası zamanı verdiyi izahatında göstərmişdir ki, 5000 manatın onlara heç bir aidiyyəti yoxdur. 5000 manat torpağın pulu yalnız Elmirə aiddir. Onların torpaqda payı yoxdur və ona görə də nu pulun onun müvəkkilinə aidiyyəti yoxdur. Qalan hissə ilə bağlı qeyd edir ki, onların evi 17000 manata satıb nə etmələrinə dair onun müvəkkili deyir ki, xəbəri yoxdur. Lakin Elmir hazırda bu hissəni bu cür deyirsə, o da onun şəxsi məsələsidir və onun müvəkkilinə yenə də aidiyyəti yoxdur. Atası və dayısı orada işləyibdir. Torpaqlarını satıb oraya qoymuşlar. Valideynlərinin oğullarına bəxşiş və ya hədiyyə formasında əmlak vermələri onlar arasında olan məsələdir. Müvəkkili evin əri tərəfindən tikildiyini söyləmişdir. İddia tələbi əsassızdır. İddia tələbinin rədd edilməsini xahiş edir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməklə hesab edir ki, iddia tələbi əsassızdır. Məhkəmə işə əlavə olunmuş sənədləri nəzərdən keçirib, CD-diski və iş üzrə şahid qismində dindirilmiş şəxslərin ifadələrini işə əlavə olunmuş sənədləri, CD-diski və şahid ifadələrini mötəbər sübut hesab etmir və hüquqi qiymət vermir. Məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1–ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88–ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Eləcə də, «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007–ci il tarixli qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən «sübut etmə yükü təkzib edənin deyil, iddia edən tərəfin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir–birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiq təcrübəsi haqqında 12 mart 2024-cü il tarixli 1/2024 saylı qərarından görünür ki, 5.4.E.Salmanlının şikayəti üzrə 2023-cü il 28 dekabr tarixli Qərarında Konstitusiya Məhkəməsi belə nəticəyə gəlmişdir ki, Mülki Məcəllənin 225.2 və Ailə Məcəlləsinin 34.1- ci maddələri üzrə əvəzsiz əqd (bağışlama müqaviləsi) əsasında əldə olunmuş əşyanın ərin və ya arvadın ayrıca əmlakı hesab edilməsi üçün belə əqdin yazılı forması sübutetmə şərti kimi qəbul edilməlidir. Həmin qərarda ifadə edilmiş hüquqi mövqelərə əsasən, pul vəsaitinin bağışlanması ilə bağlı müqavilənin yazılı forması ilə bağlı qanunvericilikdə imperativ tələb olmasa da, nikah dövründə əldə edilmiş əmlakın məhz tərəflərdən birinə bağışlanmış pul vəsaiti hesabına əldə edilməsi əsası ilə ər-arvadın ümumi birgə deyil, ərin və ya arvadın şəxsi əmlakı kimi qiymətləndirilməsi və bununla da onların əmlakının 8 qanuni rejimindən kənara çıxılması üçün, ilk növbədə, bağışlamanın ailəyə deyil, məhz tərəflərdən birinə edilməsini, habelə həmin vəsait hesabına mübahisəli əşyanın əldə edilməsini təsdiqləyəcək mötəbər, o cümlədən əyani sübutların (yazılı müqavilə və s.) mövcud olması zəruridir. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə iddia ərizəsində göstərilən xərclərin çəkilməsini sübutetmə yükü iddiaçının, lakin həmin xərclərin çəkilmədiyini sübut etmə yükü isə cavabdeh tərəfin üzərinə düşür. Məhkəmə qanunvericiliyin tələbindən çıxış edərək iddia tələbinə hüqüqi verərək aşağıdakı nəticəyə gəlir: İddiaçı tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilmədi və məhkəməyə mötəbər sübutlar təqdim edə bilmədi. Ona görə də məhkəmə hesab edir ki, iddi tələbi əsassızdır və rədd edilməlidir. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 238- 241, 357 və 360-cı maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia tələbi rədd edilsin. İddiaçı1 və İddiaçı2 Cavabdeh1n və Cavabdeh2 qarşı «Fərdi yaşayış evi üçün nəzərdə tutulmuş torpaq sahəsinin alınmasına, həmin torpaq sahəsində evin tikintisinə və təmirinə çəkilmiş xərclər » tələbinə dair iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №2(051)-91/2024
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-91/2024
18.09.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver