Məhkəmə qərarları › İş №2(051)-942/2023

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-942/2023

20.06.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-942/2023 20.06.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Nəzirov Elzamin Çingiz oğlunun katibliyi İddiaçı: İddiaçı nümayəndəsi (vəkil) Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Mingəçevir şəhər 16 saylı tam orta məktəb ilə təmin edilmə tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Mingəçevir şəhər 16 saylı orta məktəbin direktoruna qarşı 18 saatdan az olmayan dərs yükü ilə təmin edilməsi tələbinə dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Mingəçevir şəhər 16 saylı orta məktəbin 29 iyun 2018-ci il tarixli 38 saylı əmri ilə onunla bağlanmış ibtidai sinif müəllimi kimi əmək müqaviləsinə xitam verilmişdir. Mingəçevir şəhər məhkəməsinin 03 avqust 2018-ci il tarixli 2(051)-2008/2018 saylı qətnaməsi ilə məktəbin əmri ləğv edilmiş, 29 iyun 2018-ci il tarixdən başlayaraq işə bərpa edildiyi günədək məcburi iş buraxdığı günlər üçün əmək haqqının hesablanıb ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və icra edilmişdir. Ancaq işə bərpa olunduqdan sonra məktəb ona 6 saat dərs vermiş və bildirmişdir ki, işə bərpa qətnaməsi ilə işə qayıdanların dərs saatı bu şəkildədir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli 215 nömrəli “Təhsil müəssisələrinin pedoqoji işçilərinin dərs yükü normalarının müəyyən edilməsi haqqında” Qərarının 1-ci hissəsinin 2-ci abzasına əsasən bütün tipdən olan ümumtəhsil məktəblərdə, gimnaziya və liseylər də peşə məktəbləri və peşə liseylərində müəllimlərin 1 stavka dərs yükü 18 saat müəyyən edilmişdir. Baxmayaraq ki, o, müddətsiz şərtlərlə müəllim kimi fəaliyyət göstərir, məktəb məhkəmə qətnaməsini nəzərər almayaraq ona müəyyən edilmiş 18 saatdan az olmayan dərs yükü ilə təmin etmir. Səbəb kimi isə müsabiqədən kənar işə qəbul olunduğunu göstərir. Bu əsaslarla onu diaqnostika qiymətləndirməyə buraxmamışlar. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. İddiaçının nümayəndəsi (vəkil) Vəkil məhkəmə iclası zamanı iddianı müdafiə etdi, əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Lakin cavabdeh 16 nömrəli tam orta məktəbin direktoru məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Həmçinin, Mingəçevir şəhər 16 saylı tam orta məktəbin nümayəndəsi əvvəlki məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, nazirliyini əmrinə əsasən onların heç kimə qanunda nəzərdə tutulmuş qaydada 6 saatdan artıq dərs verilməsinə icazə YOXdur. İddiaçı müəllimlərin işə qəbulundan kənar olduğu üçün diaqnostikada iştirak eməmişdir. Lakin sertifikasiyada iştirak edərsə 18 saatdan artıq dərslə təmin edilə bilər. Lakin onu da dəqiq bilmirlər ki, Elm və Təhsil nazirliyi ona icazə verəcəkmi. Onlar qeyd olunduğu kimi hazırkı şərtlərlə iddiaçıya 6 saatdan artıq dərs yükü verə bilmirlər. İddiaçı MİQ-dən kənar olduğu üçün 6 saatdan dərs yükü verilməsi mümkün deyil. Ona görə də izahatında qeyd olunanların nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini, iddiaçının nümayəndəsinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İşdə olan Mingəçevir şəhər məhkəməsinin 03 avqust 2018-ci il tarixli 2(051)- 2008/2018 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi haqqında Mingəçevir şəhər 16 saylı məktəbin 38 saylı, 29 iyun 2018-ci il tarixli əmri ləğv edilmiş, Nağızadə X1 şəhər 16 saylı orta məktəbində ibtidai sinif müəllimi vəzifəsinə bərpa edilməsi, İddiaçı 29 iyun 2018-ci il tarixdən başlayaraq işə bərpa edildiyi günədək məcburi iş buraxdığı günlər üçün əmək haqqı ödənilməsi qət edilmişdir. İşdə olan 16 № li tam orta məktəb tərəfindən verilmiş 20 iyun 2023-cü il tarixli 69 № li arayışdan görünür ki, Nağızadə X1 şəhəri S.Vurğun adına 16 № li orta məktəbdə müəllim vəzifəsində işləyir və ona 15 sentyabr 2022-ci il tarixli 57 № li əmrə əsasən 6 saat dərs yükü verilmişdir. xx.xx.2023-cü il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı xx.xx.2022-ci i tarixində Mingəçevir şəhər 16 saylı orta məktəbdə müddətsiz əmək müqaviləsi ilə müəllim vəzifəsinə qəbul olunmuşdur. Beləliklə, məhkəmə iddiaçının nümayəndəsinin izahatını və iş materiallarına əlavə edilmiş sənədlərin məhkəmə iclasında tədqiqi nəticəsində müəyyən etdi ki, iddiaçı xx.xx.1999-cu il tarixdə Mingəçevir şəhəri S.Vurğun adına 16 saylı orta məktəbə X2 vəzifəsinə təyin olunmuş, bundan sonra xx.xx.2015-ci il tarixdən ona ibtidai sinifdə dərs aparmağa icazə verilmiş və X2 vəzifəsindən azad edilmişdir. Həmin vaxtdan onunla daimi əsaslarla əmək müqaviləsi bağlanmışdır. Daha sonra Mingəçevir şəhər 16 saylı məktəbin 29 iyun 2018-ci il tarixli 38 saylı əmri ilə 29 iyun 2017-ci il tarixdən işdən azad edilmiş və onunla bağlanmış müddətsiz əmək müqaviləsinə xitam verilmişdir. Lakin Mingəçevir Şəhər Məhkəməsinin 03 avqust 2018-ci il tarixli 2(051)-2008/2018 saylı qətnaməsi ilə İddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi haqqında Mingəçevir şəhər 16 saylı məktəbin 38 saylı, 29 iyun 2018-ci il tarixli əmri ləğv edilmiş, Nağızadə X1 şəhər 16 saylı orta məktəbində ibtidai sinif müəllimi vəzifəsinə bərpa edilmiş və 15 sentyabr 2022-ci il tarixli 57 № li əmrə əsasən 6 (altı) saat dərs yükü ilə təmin olunmuşdur. Hazırda isə iddiaçı18 saat dərs yükü ilə təmin olunmasını xahiş edir, cavabdeh isə bundan imtina etmişdir. Ona görə də tərəflər arasında mübahisə yaranmışdır. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, iddiaçı ilə cavabdeh arasında yaranmış fərdi əmək mübahisəsinin düzgün həll edilməsi üçün ilk növbədə mübahisənin predmetinin nədən ibarət olması müəyyən edilməlidir. Məhkəmə işin müəyyən edilmiş hallarına əsasən hesab edir ki, iddiaçı ilə cavabdeh arasında yaranmış fərdi əmək mübahisəsinin predmeti əmək normalarının, həmçinin işçinin əmək funksiyasının həcminin müəyyən edilməsi ilə bağlı olduğundan, mübahisə əmək qanunvericiliyinin normaları və digər əlaqəli normativ hüquqi aktlar əsasında həll edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəllənin 147-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək normaları-hasilat normaları, vaxt normaları, xidmət normaları və işçilərin say normaları işçilər üçün texnikanın, texnologiyanın əldə edilmiş səviyyəsinə uyğun olaraq müəyyən edilir. Həmin Məcəllənin 147-ci maddəsinin 4-cü hissəsinə hasilat normaları elə müəyyən edilməlidir ki, tam iş vaxtı ərzində işçi əmək funksiyasını yerinə yetirmək imkanına malik olsun və onun əmək haqqının məbləği qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmasın. Həmin Məcəllənin 288-ci maddəsinə əsasən əmək normalarının, həmçinin işçinin əmək funksiyasının həcminin müəyyən edilməsinin tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli bu Məcəllə ilə nizama salınır: Həmin Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinin “b” bəndinə əsasən Əmək Məcəlləsinin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindəndir. İşin müəyyən olunmuş hallarından görünür ki, cavabdehin (işəgötürənin) əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirməməsi səbəbindən, iddiaçı tam iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək imkanına malik olmamış, nəticədə onun əmək haqqının məbləği qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmuşdur. Bu hal isə işçinin qanunla qorunan əmək hüquqlarının pozulmasına səbəb olmuşdur. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, ümumtəhsil məktəblərində müəllimlərin 1 (bir) stavka dərs yükü 18 saat (bu zaman həftəlik dərs yükü 2 (iki) stavkanı aşmamalıdır) müəyyən edidiyi halda, cavabdeh heç bir hüquqi əsas olmadan, yəni icrası hamı üçün məcburi olan normativ hüquqi akta istinad etmədən iddiaçının dərs yükünün 6 saat həcmində müəyyən etmişdir. Belə olan halda iddiaçı ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqından aşağı məbləğdə əmək haqqı almışdır. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli 215nömrəli “Təhsil müəssisələrinin pedaqoji işçilərinin dərs yükü normalarının müəyyən edilməsi haqqında” Qərarının 1-ci hissəsinin 2-ci abzasına əsasən bütün tipdən olan ümumtəhsil məktəblərində, gimnaziya və liseylərdə, peşə məktəbləri və peşə liseylərində müəllimlərin 1 (bir) stavka dərs yükü 18 saat (bu zaman həftəlik dərs yükü 2 (iki) stavkanı aşmamalıdır) müəyyən edilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları (bundan sonra mətndə Qaydalar) Təhsil Nazirliyi sisteminə daxil olan ümumtəhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsini, pedoqoji işçilərin işə qəbulu və yerdəyişməsini tənzimləyir, bu sahədə təhsil idarəetmə orqanlarının ərazi maliyyə hesablaşma mərkəzlərinin, müəssisə rəhbərlərinin səlahiyyət və vəzifələrini müəyyən edir (Qaydaların 1.2-ci bəndi). «Qaydalar» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 994 saylı sərəncamına və həmin «Qaydalar»ın 1.1-ci bəndində sadalanan digər səlahiyyətli orqanların normativ aktlarına uyğun olaraq hazırlanmışdır. «Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əmək haqqının artırılması haqqında» Azərbaycan Respublikası Prezidentinin 16 yanvar 2015-ci il tarixli 994 №li Sərəncamına, 23 avqust 2017-ci il tarixdə dəyişiklik edilərək 1-1-ci hissə əlavə edilmiş, həmin hissəyə əsasən Azərbaycan Respublikası Təhsil Nazirliyinin 2017-ci il yanvarın 1dən keçirdiyi mərkəzləşdirilmiş müsabiqə yolu ilə dövlət ümumi təhsil müəssisələrinə işə qəbul olunan müəllimlər diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərə bərabər tutulurlar. «Qaydalar»ın 4.1-ci bəndinə əsasən Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müddətsiz müqavilə ilə ixtisaslı müəllim kadrlarının işə qəbulu Nazirlik tərəfindən mərkəzləşdirilmiş müsabiqə yolu ilə həyata keçirilir. Həmin «Qaydalar»ın 5.2-ci bəndinə əsasən işə qəbul üzrə müsabiqədə yalnız ali və orta ixtisas təhsili müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli təhsil sənədi (diplom) almış işləməyən şəxslər, eləcə də müəssisələrdə müddətli əmək müqaviləsi ilə işləyən müəllimlər iştirak edə bilərlər. İşin faktiki hallarından göründüyü kimi iddiaçı işə götürülərkən işəgötürən «Qaydalar»ın 4.1-ci bəndinin tələbini pozaraq iddiaçı ilə müsabiqədən kənar müddətsiz əmək müqaviləsi bağlamış, sonradan əmək müqaviləsinə xitam versə də, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(051)-2008/2018 saylı qətnaməsi ilə sözügedən əmr etibarsız hesab edilmiş və iddiaçı müddətsiz əmək müqaviləsi ilə Mingəçevir şəhər 16 saylı Tam orta məktəbin ibtidai sinf müəllimi vəzifəsinə bərpa olunmuşdur. Bununla da iddiaçının mərkəzləşdirilmiş müsabiqədən kənar işə qəbul edilməsi məsələsi aradan qalxmışdır. Göründüyü kimi, «Qaydalar»ın 4.1-ci bəndinə görə işəgötürən işçini müddətsiz müqavilə ilə işə qəbulunu mərkəzləşdirilmiş müsabiqə yolu ilə həyata keçirməli idi. Belə olan vəziyyətdə cavabdeh iddiaçıya müsabiqədən kənar işə qəbul olunduğu üçün diaqnostik qiymətləndirməyə buraxmamaqda haqlı olmamışdır. Çünki sözügedən «Qaydalar»ın 5.2-ci bəndi buna imkan vermir. Belə ki, orada göstərilmişdir ki, işə qəbul üzrə müsabiqədə yalnız ali və orta ixtisas təhsili müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli təhsil sənədi (diplom) almış işləməyən şəxslər, eləcə də müəssisələrdə müddətli əmək müqaviləsi ilə işləyən müəllimlər iştirak edə bilərlər. Məhkəmə cavabdehin «Ümumi Təhsil Müəssislərində müəllimlərin və ümumi təhsil fənlərini tədris edən digər pedaqoji heyətin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması» Qaydalarının 5.5-ci bəndinə istinad etməsi ilə də razılaşmamışdır. Belə ki, həmin bənddə diaqnostik qiymətləndirmədə iştirak edərək hər hansı bölmə üzrə 10 faizdən aşağı nəticə göstərmiş, üzrsüz səbəbdən diaqnostik qiymətləndirmədə iştirak etməmiş, həmçinin 10 baldan aşağı nəticə göstərmiş müəllimlər üçün minimum dərs yükünün (6 saat) müəyyənləşdirilməsindən söhbət gedir ki, bunun da iddiaçıya heç bir aidiyyəti YOXdur. Ona görə ki, o, ümumiyyətlə yuxarıda göstərilən səbəbdən diaqnostik qiymətləndirməyə buraxılmamışdır. Həmin “Qaydalar”ın 7.2-ci bəndinə əsasən yerli təhsili idarəetmə orqanları imtahanda iştirak edəcək heyət haqqında məlumatın www.dq.edu.az saytına daxil edilməsi, məlumatların dürüstlüyünün təmin edilməsi, eləcə də diaqnostik qiymətləndirmənin məqsədinin heyətə düzgün formada çatdırılması öhdəliyini daşıyırlar. Həmin “Qaydalar”ın 7.3-cü maddəsinə əsasən yerli təhsili idarəetmə orqanları və təhsil müəssisələrinin rəhbərləri müəyyənləşdirilmiş vaxtda heyətin diaqnostik qiymətləndirmədə iştirakının təmin edilməsi üçün zəruri tədbirlərin görülməsi üçün birbaşa məsuliyyət daşıyırlar. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın 1.2-ci maddəsinə əsasən təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlər peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının YOXlanılması məqsədilə 5 (beş) ildə bir dəfə ödənişsiz sertifikatlaşdırmadan keçməlidirlər. Məhkəmə iclasında araşdırılmış sübutlara qiymət verərək, belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4–cü maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi YOXdur. Həmin Məcəllənin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM–in 216–220, 227 və 233– ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı Nağızadə X1 şəhər 16 saylı tam orta məktəbdə ibtidadi sinf müəllimi kimi 1 stavkadan (18 saatdan) az olmayan dərs yükü ilə təmin edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Mingəçevir Şəhər məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar