Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-97/2024 08.01.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Nəzirov Elzamin Çingiz oğlunun katibliyi İddiaçı: X1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 Vidadi qızı və X3 qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və X3 qarşı məhkəmədə iddia qaldıraraq cavabdehlər Cavabdeh1 və X2 ailəsi uşaqları və əşyaları ilə birlikdə onun ünvan 1 ünvanında yerləşən və onun mülkiyyətində olan fərdi yaşayış evindən çıxarılmaları tələbinə dair iddia qaldırmışdır. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdehlər Cavabdeh1 və X4 onun gəlini və oğludur. ünvan 1 ünvanında yerləşən və onun mülkiyyətində olan fərdi yaşayış evinə ailəsi ilə birlikdə müvəqqəti olaraq yerləşmişlər və öz evləri olmasına baxmayaraq bu günədək də, onun mülkiyyətində olan həmin evdə yaşamaqdadırlar. Cavabdehlər evinə yerləşdiyi vaxtdan mütəmadi olaraq heç bir əsaslı səbəb olmadan təhqir edirlər. Uzun müddətdir ki, bu vəziyyət davam etməkdədir. O, yaşlı qoca bir anadır. Artıq bu vəziyyətə tab gətirə bilmir. O, cavabdehlərin ailəsi uşaqları və əşyaları ilə birlikdə onun ünvan 1 ünvanında yerləşən mülkiyyətində olan fərdi yaşayış evindən çıxarılmasını istəyir. Dəfələrlə cavabdehlərə ailəsi və əşyaları ilə birlikdə evindən çıxarılmasını tələb etsədə tələbinə əməl edilməmişdir. Odur ki, cavabdehlər Cavabdeh1 və X2 ailəsi uşaqları və əşyaları ilə birlikdə onun ünvan 1 ünvanında yerləşən və onun mülkiyyətində olan fərdi yaşayış evindən çıxarılmaları haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə ilə müraciət edərək, cavabdehlər Cavabdeh1 və X2 mənzildən çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddia tələbini müdafiə etdi, əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq qeyd etdi ki, Cavabdeh1 Vidadi qızı 15-16 il bundan əvvəl ailə qurmuş və cavabdeh X3 məxsus evə gəlin köçmüşdür. Sonradan həmin evi satmış, onun evində qeydiyyata düşmüş və orada yaşayırlar. Məhkəmədən iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1 Vidadi qızına və X3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmişlər, lakin cavabdeh X4 xx.xx.2023-cü il tarixdə məhkəməyə teleqram ünvanlayaraq, məhkəmə iclasında iştirak edə bilməyəcəyini və qanuna müvafiq qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət **********01- 10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, ümumi sahəsi 120,5 kv.m olan, ünvan 2 ünvanında yerləşən mənzil üzərində İddiaçı tam mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestrində xx.xx.2020–ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş fərdi yaşayış evinin texniki pasportundan görünür ki, reyestr nömrəsi **********01-10301 olan ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinin hüquqi subyekti İddiaçıdır. İşdə olan xx.xx.2019-cu il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı müqaviləsindən görünür ki, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 120,5 kv.m olan fərdi yaşayış evinin tam mülkiyyət üzrə ona məxsus hissəsindən aşağıda göstərilən hissəni alıcının mülkiyyətinə vermiş, satıcı X6 alıcı İddiaçı satmışdır. İşdə olan 09 fevral 2019-cu il tarixli Daşınmaz Əmlakın bağışlanma müqaviləsindən görünür ki, hədiyyə verən ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 120,49 kv.m yaşayış sahəsi 82,6 kv.m yardımçı sahəsi 37,89 kv.m olan 4 otaqlı fərdi yaşayış evinin tam mülkiyyət üzrə ona məxsus hissəsindən göstərilən hissəsini hədiyyə alanın mülkiyyətinə vermiş, Hədiyyə verən X7 olan hədiyyə alan X5 bağışlamışdır. Beləliklə, məhkəmə təqdim edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, ümumi sahəsi 120,5 kv.m olan, ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi üzərində iddiaçının tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla onun adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Sözü gedən fərdi yaşayış evində qeydiyyatda olan cavabdehlər X4 iddiaçının oğludur. Digər Cavabdeh1 isə iddiaçının gəlinidir. Məhkəmə hesab edir ki, iddianın cavabdeh X3 aid hissəsində təmin edilməməlidir. Digər Cavabdeh1 isə həmin mübahisəli mənzil üzərində heç bir əşya hüquqları qeydə alınmamışdır. Hazırda cavabdehlər hər ikisi mübahisəli evdə yaşayır. Cavabdehlər hazırda da iddiaçıya məxsus mənzildən istifadə etməklə bərabər, ona sahiblik edirlər. Belə olan halda məhkəmə hesab edir ki, mübahisənin düzgün həll edilməsi üçün ilk növbədə cavabdehlərin mübahisəli mənzilin tərkib hissəsindən istifadə hüququnun yaranması əsasları, yəni cavabdehlərin iddiaçının ailə üzvü olub–olmaması məsələsi müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1 və 228.2–ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2–ci maddələrinin şərh edilməsinə dair 16 dekabr 2014–cü il tarixli qərarında qeyd etmişdir ki, Mənzil Məcəlləsinin 30–cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15–ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1–ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Ailə Məcəlləsinin 13 və 15–ci fəsillərinin müvafiq müddəalarına əsasən valideynlərin uşaqlarını saxlamağa borclu olması, əmək qabiliyyətini itirən və maddi yardıma ehtiyacı olan ər və arvadın bir-birinə kömək etməli olması, qardaş və bacıların yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan qardaş və bacılarını saxlamaq, baba və nənənin nəvələri saxlamaq, həmçinin nəvələrin baba və nənəni saxlamaq, yetirmələrinin öz faktiki tərbiyəçilərini saxlamaq, həmçinin ögey oğul və qızların ögey ata və ananı saxlamaq vəzifəsi müəyyən edilmişdir. Göründüyü kimi ailə qanunvericiliyinin istinad edilən müvafiq normalarında iddiaçı oğlu X2 özünün saxlanmasını tələb etmək hüququ olduğundan iddia bu hissədə əsassızdır. Lakin gəlin (Cavabdeh1 Vidadi qızı) “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxil edilmədiyindən ona görə iddiaçının, yəni qaynananın, cavabdehi, yəni gəlini saxlamaq vəzifəsi müəyyən olunmamışdır. Bu hissədə isə iddia əsaslıdır. Məhkəmə, öz qənaətini onunla əsaslandırır ki, Cavabdeh1 Vidadi qızının mübahisəli mənzil üzərində hər hansı bir əşya hüququ qeydə alınmadığından, habelə mübahisəli mənzilin mülkiyyətçisi ilə onun arasında müqavilə mövcud olmadığından, həmçinin özünün saxlanılmasını tələb etmək hüququ olmadığından, həmçinin mübahisəli mənzilin tərkib hissəsindən istifadə hüququ yaranmadığından iddia bu hissədə təmin edilməlidir. Bununla yanaşı, məhkəmə, həmçinin qeyd edir ki, Cavabdeh1 Vidadi qızının mübahisəli mənzildə yaşayış yeri üzrə qeydiyyatda olması, onun həmin mənzilin tərkib hissəsindən istifadə hüququnun yaranması üçün əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair xx.xx.2020-ci il tarixli Qərarının 1-ci bəndində göstərmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, iddiaçının qanunla qorunan və tanınan mülkiyyət hüququ heç bir hüquqi əsas olmadan Cavabdeh1 Vidadi qızı tərəfindən pozulmuşdur. Ona görə də məhkəmə, mübahisənin düzgün həll edilməsi üçün işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsinə əşya hüquq münasibətləri əsas olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı mübahisə üzrə əşya hüquq münasibətlərini tənzimləyən mülki hüquq normaları müvafiq olaraq tətbiq edilməlidir. Belə ki, iddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2–ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göstərilən normanın tələbinə görə iddiaçının tələbinin əsaslı olmasını şərtləndirən hallar ondan ibarətdir ki, iddiaçı mülkiyyətçi olmalı, əşya cavabdehin sahibliyində olmalı və cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır. Yəni, cavabdehin sahibliyi qanunsuz olmalıdır. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq ilk növbədə iddia tələbində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2–ci maddəsində göstərilən şərtlərin Cavabdeh1 Vidadi qızına münasibətdə məcmu halında mövcud olub–olmaması halının araşdırılmasının zəruriliyini nəzərə alaraq, belə qənaətə gəlir ki, hazırkı iş üzrə tətbiq olunan normada göstərilən şərtlər Cavabdeh1 münasibətdə məcmu halında mövcuddur. Belə ki, iddiaçının mübahisəli mənzil üzərində mülkiyyət hüququ dövlət tərəfindən tanınmışdır. Buna baxmayaraq, həmin mənzil Cavabdeh1 Vidadi qızınının istifadəsində və sahibliyindədir. Cavabdehin həmin mübahisəli mənzil üzərində heç bir əşya hüququ qeydiyyata alınmamışdır. Ona görə də Cavabdeh1 Vidadi qızının sahibliyi qanunsuzdur. İddiaçının Cavabdeh1 Vidadi qızına qarşı haqlı tələb hüququ yaranmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13–cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29–cu maddəsinin İ hissəsində qeyd edilmişdir ki, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin İV hissəsinə görə heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152–ci maddəsinə əsasən mülkiyyət hüququ–subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 Vidadi qızı mübahisəli mənzildən çıxarılmalıdır. Qey olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 Vidadi qızı İddiaçı mülkiyyətində olan, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin hakimi: Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №2(051)-97/2024
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-97/2024
08.01.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver