Məhkəmə qərarları › İş №2(052)-186/2025

Naftalan Şəhər Məhkəməsi Qətnamə — İş №2(052)-186/2025

04.12.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naftalan şəhəri İş № 2(052)-186/2025 04.12.2025 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ X3 Aydın oğlunun sədrliyi, İsmayılova Nüşabə Qaraş qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Naftalan şəhəri, X1 küçəsi, ev 20 ünvanında yerləşən mülkiyyət hüququ ilə ona məxsus fərdi yaşayış evinə istifadə hüququna xitam verilməklə, onun həmin evdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, seriya RX № ********** saylı Dövlət Reyestrindən Çıxarışa əsasən Naftalan şəhəri, X1 küçəsi 20 saylı mənzil onun tam mülkiyyətindədir. Həmin mənzildə qeydiyyatda olan Cavabdeh mənzildən çıxamlı olsa da, əsassız olaraq mənzili boşaltmır. Bu da onun mülkiyyətçi kimi bir sıra hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxarmışdır. Hazırda cavabdeh qeyd edilən mənzildə yaşamaqdadır. Odur ki, cavabdehin məcburi qaydada mənzildən çıxarılmasını xahiş edir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə izahat verərək bildirdi ki, iddiaçı onun qardaşıdır. Naftalan şəhəri, X1 küçəsi, ev 20 ünvanında yerləşən ev 1961-ci ildə ataları tərəfindən inşa edilmiş və ailədə olan 8 nəfər uşaq orada böyümüşdür. Daha sonra ataları ölmüş və əmlak analarının adına keçmişdir. Anaları isə sağlığında fərdi yaşayış evini qardaşları İddiaçı bağışlamışdır. Hazırda mübahisəli fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi hər birinin ½ hissədə payı olmaqla onun, yəni Nümayəndə və Cavabdeh xüsusi mülkiyyətindədir. Onun adına olan ½ hissədə torpaq sahəsi əslində qardaşı İddiaçı məxsusdur və gələcəkdə onun adına keçəcəkdir. X2 Federasiyasının vətəndaşı olduğu üçün torpağın onun adına qeydiyyata alınması mümkün deyildir. Məhəmməd uzun illər Rusiya Federasiyasında yaşadığı üçün bacısı Cavabdeh uşaqları ilə mübahisəli evdə yaşamışlar. Hazırda Məhəmməd mülkiyyət hüququ ilə ona məxsus evina qayıdaraq yaşamaq istəyir. Lakin cavabdeh öz ailə üzvləri ilə həmin evdə yaşadığından, Məhəmməd sərbəst şəkildə evinə gələ bilmir. Torpaq sahəsinin naturada bölünərək cavabdehə düşən hissənin ona verilməsinə etiraz etmir. Lakin cavabdeh torpağa dair hüquqmüəyyənedici sənədini aldıqdan sonra dərhal evi tərk edəcəyi barədə üzərinə öhdəlik götürmür. Odur ki, cavabdehin iddiaçıya məxsus mənzildən məcburi qaydada çıxarılmasına dair qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirdi ki, Naftalan şəhəri, X1 küçəsi, ev 20 ünvanında yerləşən mübahisəli fərdi yaşayış evi onun mərhum atası tərəfindən inşa edilmiş, ailə üzvləri ilə həmin evdə yaşamış, daha sonra 1984-cü ildə ailə həyatı quraraq evdən gəlin köçmüşdür. 1994-cü ildə isə ailə həyatı dağılmış və yoldaşından ayrılmışdır. Bu səbəbdən anası onu uşaqları ilə birlikdə ata ocağına qaytarmışdır. 1994-cü ildən bu günə qədər uşaqları ilə həmin evdə yaşayır. Anası ilə birlikdə yaşadığı dövrdə anası evi ona bağışlayacağını demiş olsa da, sonradan anası ondan xəbərsiz evi qardaşı Məhəmmədə bağışlamışdır. Uzun illər ərzində evin təmiri və saxlanmasına xeyli miqdarda xərc çəkmişdir. Belə ki, orada yaşadığı 32 il ərzində evi təmir etmiş və abadlaşdırma işləri görmüşdür. Mübahisəli evin yerləşdiyi torpaq sahəsinin ½ hissəsi ona məxsus olduğu üçün, həmin sahənin naturada ayrılaraq özünə verilməsini istəyir. Daha sonra isə bir neçə ay ərzində həyətdə inşa etmiş olduğu evin təmirini tamamlamaq və kommunal xətlər çəkmək niyyətindədir. Yalnız bundan sonra evi tərk edə bilər. Hazırda qeyd etdiyi işləri görməyə maddi imkanı olmadığı üçün iddianın rədd edilməsini xahiş edir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də, o, məhkəmə iclasına gəlməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Naftalan şəhəri, X1 küçəsi ev 20 ünvanda yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə İddiaçı, torpaq sahəsi isə hər birinin ½ hissədə payları olmaqla xüsusi mülkiyyət hüququ ilə Nümayəndə və Cavabdeh adına qeydiyyata alınmışdır. xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçının nümayəndəsi Nümayəndə adından məhkəməyə müraciət üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında işin araşdırılan halları ilə müəyyən olundu ki, Naftalan şəhəri, X1 küçəsi, ev 20 ünvanda yerləşən fərdi yaşayış evi İddiaçı, həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi isə iddiaçının bacıları Nümayəndə və Cavabdeh hər birinin ½ hissədə payları olmaqla xüsusi mülkiyyətlərindədir. Hazırda Cavabdeh ailə üzvləri ilə birlikdə İddiaçı tam mülkiyyət hüququ ilə məxsus həmin evdə yaşamaqdadır. İddiaçı hazırda cavabdehin ona məxsus fərdi yaşayış evində yaşamasını öz hüquqlarının pozulması kimi qiymətləndirir və onun evdən yaşayış hüquqlarına xitam verilməklə çıxarılmasını istəyir. Cavabdeh isə hazırda maddi imkanı yol vermədiyi üçün mübahisəli evdən çıxmaq istəmədiyini, bu səbəbdən iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Konstitusiyası: 13-cü maddəsinin birinci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 135.4. Əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. 135.9. Əgər müxtəlif növlü əşyalar ümumi təyinat üzrə istifadə edilməsini nəzərdə tutan vahid tam yaradırlarsa, bir əmlak (mürəkkəb əmlak) sayılırlar. Mürəkkəb əmlak barəsində bağlanmış əqdin qüvvəsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, onun bütün tərkib hissələrinə şamil edilir. 135.10. Adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: 13.7. Üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır. Məhkəmə qeyd edir ki, hər hansı bir əmlak üzərində mülkiyyət hüququ sahiblik, istifadə və sərəncam vermək hüququnu ehtiva edir. Mövcud qanunvericiliyə görə də daşınmaz əmlak üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alındığı təqdirdə yaranır, əks halda həmin əmlak özbaşına tikili kimi qəbul edilməklə həmin əmlaka hər hansı bir hüquq tanına bilinməz. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Vahid məhkəmə təcrübəsini müəyyən edən qərarlar” (üç ulduz) bölməsində yerləşdirilmiş Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(102)-233/2025 saylı qərarında qeyd edilmişdir ki, vahid mülkiyyət qaydasına uyğun olaraq, mübahisəli ev onun yerləşdiyi torpaq sahəsinin tərkib hissəsidir, dolayısı ilə də onlar vahid daşınmaz əşya hesab edilir. Tərkib hissənin, o cümlədən vahid əşyanın hüquqi vəziyyəti ilə bağlı qeyd edilmişdir ki, bir əşya başqa bir əşyanın tərkib hissəsinə çevrildiyi andan müstəqil əşya vəsfini itirir, əsas əşyanın hüquqi vəziyyətinə tabe olur. Bu o deməkdir ki, əsas əşyanın mülkiyyətçisi tərkib hissənin də mülkiyyətçisi hesab olunur. Mülki Məcəllənin 135.10-cu maddəsində əşyanın mülkiyyətçisinin onun bütün tərkib hissələrinin mülkiyyətçisi olduğu açıqca göstərilir. Bundan əlavə, həmin Məcəllənin 135.4-cü maddəsində xüsusi olaraq göstərilmişdir ki, torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Beləliklə, tərəflər arasında mübahisəli daşınmaz əşyanın hazırkı məqamda mövcud olan hüquqi vəziyyəti nəzərə alınmadan bir mülkiyyətçi olan iddiaçının tələbi ilə digər mülkiyyətçi olan cavabdeh mübahisəli daşınmaz əşyadan çıxarıla bilməz. Çünki, qanunvericiliyimizdə bir mülkiyyətçinin öz təşəbbüsü ilə digər mülkiyyətçini iradəsinə zidd şəkildə kompensasiya ödəməklə daşınmaz əşyadan çıxarması nəzərdə tutulmamışdır. Əks yanaşma cavabdehin mülkiyyət hüquqlarının qanuni əsas olmadan məhdudlaşdırılması ilə nəticələnərdi. Belə olduğu halda, hazırkı məqamda iddiaçı tərəfindən kompensasiya ödənilməklə cavabdehin istifadə hüququna xitam verilməsi mümkün deyil. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququ üzrə oxşar hüquqi mövqelər ifadə etmişdir. Belə ki, Məhkəmənin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə legitim məqsəd daşımalıdır. 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır. Bu hüquqi mövqelərə əsaslanaraq qeyd olunmalıdır ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimləmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir. Bu məqsədlərə nail olmaq üçün yaşayış sahəsinin mülkiyyətçisi və onun ailə üzvləri arasında həmin yaşayış sahəsinə dair qarşılıqlı hüquq və vəzifələrin həcmini müəyyən edən hüquqi əsasları, o cümlədən ailə üzvlərinin yaşayış sahəsindən istifadə etmək hüququnun yaranması əsaslarını müəyyən etmək vacibdir. Hazırkı işdən göründüyü kimi mübahisə predmeti Naftalan şəhəri, X1 küçəsi ev 20 ünvanda yerləşən ev, yəni ki, 0.1475 ha torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evidir. Hansı ki, daşınmaz əmlakın dövlət reyestrində həmin torpaq sahəsinin ½ hissəsi paylı mülkiyyət hüququ əsasında cavabdehin adına qeydiyyata alınmışdır. Bu cür əşyalara aid hüquq münasibətləri isə mülki qanunvericiliyin daşınmaz əşya üzərində mülkiyyət hüququ ilə bağlı ümumi normaları əsasında tənzimlənir. Yuxarıda qeyd edilən maddi hüquq normalarından da görünür ki, torpaq sahələri və torpaqla möhkəm bağlı olan (ondan ayrılabilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Belə ki, əsas daşınmaz əşya sayılan torpaq sahəsi və ona bağlı olan digər fiziki obyektlər mülkiyyət hüququnun predmetidir. Yəni ki, mülki hüququn subyektləri onun üzərində mülkiyyət hüququ qura bilərlər. Məhkəmə qeyd edir ki, ümumi mülkiyyət halında bir neçə mülkiyyət deyil, bir əşya üzərində bir mülkiyyət hüququ mövcud olur. Həmin hüquq iki və ya daha artıq şəxsdən ibarət ümumiliyə aiddirsə bir mülkiyyət, müvafiq paylarla birdən çox şəxsə məxsus olduqda isə paylı mülkiyyət sayılır. Bu səbəbdən qanunda nəzərdə tutulmuşdur ki, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdiliməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Ümumi mülkiyyətin növləri olaraq birgə və ya paylı olması əşyaya deyil, əşya üzərindəki hüquqa münasibətdə aparılan bölgüdür. Bu isə o deməkdir ki, ümumi mülkiyyətdəki əşya üzərində payı olan şəxs həmin payı nisbətində əşyanın hansısa bir hissəsinin mülkiyyətçisi deyil, əşyanın tamamı üzərində olan vahid mülkiyyət hüququna öz payı nisbətində şərikdir. Başqa sözlə, ümumi mülkiyyətçinin hüququ əşyanın naturada bir hissəsinə yox, onun tamamına şamil olunur. Odur ki, iş üzrə cavabdehin torpaq sahəsinə dair dövlət reyestrində qeydə alınmış ümumi paylı mülkiyyət hüququ mübahisəli evin (tikilinin) altında yerləşən torpaq sahəsinə də aiddir. Yəni ki, cavabdeh bu evin bitişik olduğu torpaq sahəsinin paylı mülkiyyətçisidir. Beləliklə tərəflər arasında mübahisəli daşınmaz əşyanın hazırkı məqamda mövcud olan hüquqi vəziyyəti nəzərə alınmadan bir mülkiyyətçi olan iddiaçının tələbi ilə digər mülkiyyətçi olan cavabdeh mübahisəli daşınmaz əşyadan çıxarıla bilməz. Əks yanaşma cavabdehin mülkiyyət hüquqlarının qanuni əsas olmadan məhdudlaşdırılması ilə nəticələnərdi. Bundan başqa məhkəmə qeyd edir ki, mövcud hüquqi vəziyyətə görə iddianın təmin edilməsinin mümkün olmaması, iddiaçını gələcəkdə yeni əsaslarla eyni iddianı qaldırmaq imkanından məhrum etmir. Belə ki, ümumi mülkiyyətdə olan əşyadan payın naturada ayrılması və ya bölünməsi mümkündür. Bunu edən ümumi mülkiyyətçi əşyanın öz payına uyğun olaraq naturada ayrılmış (və ya bölünmüş) hissəsinə fərdi mülkiyyət hüququ əldə edir. Fərdi mülkiyyət hüququna malik olan şəxs isə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbini irəli sürə bilər. Bu halda qaldırılacaq iddia yeni əsasla irəli sürülmüş tələb sayılacaq. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçının Cavabdeh qarşı “evdən çıxarılma” tələbinə dair iddiası rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Naftalan Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar