Məhkəmə qərarları › İş №2(052)-45/2023

Naftalan Şəhər Məhkəməsi Qətnamə — İş №2(052)-45/2023

16.03.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naftalan şəhəri İş № 2(052)-45/2023 16.03.2023 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ X11 Aydın oğlunun sədrliyi, İsmayılova Nüşabə Qaraş qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi (vəkil) Nümayəndə1, Cavabdeh direktoru Nümayəndə2 iştirakı ilə. İddiaçı Cavabdehnə qarşı “intizam tənbehi barədə əmrin ləğv edilməsi” tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh direktorunun “İddiaçı haqqında” 17 dekabr 2022-ci il tarixli 84 №li əmrinin ona aid hissəsinin qanunsuz olduğundan ləğv edilməsi və 50 manat mediasiya xərcinin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı daha sonra məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə müraciət edərək, Cavabdeh direktorunun “İddiaçı haqqında” 17 dekabr 2022-ci il tarixli 84 №li əmrinin qanunsuz hesab edilərək ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsində tələbini onunla əsaslandırmışdır ki, o, 01 dekabr 2000-ci il tarixdən hal-hazıradək Cavabdehndə fortepiano müəlimi işləyir. İşlədiyi müddət ərizində əmək funksiyasını lazımı qaydada yerinə yetirmiş və əmək intizamı sahəsində hər hansı intizam tənbehi almamışdır. 20 dekabr 2022-ci il tarixdə musiqi məktəbinin tabe olduğu X7 İdarəsinin nümayəndələri daxil olmuş şikayət əsasında məktəbdə araşdırma apararkən həmin nümayəndələrdən biri ona bildirmişdir ki, musiqi məktəbinin direktoru Nümayəndə2 17 dekabr 2022-ci il tarixli əmri ilə ona və məktəbin başqa bir müəllimi X2 töhmət verilmişdir. O, isə bildirmişdir ki, həmin əmrdən xəbəri yoxdur, əmr ona elan olunmamış və tanış olmaq üçün təqdim edilməmişdir. Odur ki, o, məktəbin direktoru Nümayəndə2 yaxınlaşaraq əmrlə tanış olmağı və surətini ona təqdim etməyi tələb etmişdir. Müəyyən mübahisədən sonra əmrdən çıxarış ona təqdim edilmişdir. Çıxarışda qeyd olunmuşdur ki, məktəbin fortepiano müəllimi İddiaçı xx.xx.2022-ci il tarixdə məktəbdə müəssisədaxili intizam qaydalarını pozması ilə əlaqədar ona AR Əmək Məcəlləsinin 186-cı maddəsinin 2ci hissəsinin “a” bəndinə əsasən töhmət verilsin. Əmrdə əsas kimi xx.xx.2022-ci il tarixli akt göstərilmişdir. O, həmin aktla tanış olmağını və aktın surətini ona təqdim etməsini cavabdeh direktordan tələb etsə də, direktor aktla tanış olmağa imkan verməmiş və aktın surətini təqdim etməkdən imtina edərək bildirmişdir ki, akt ələ verilmir. Töhmətin səbəbini soruşduqda isə direktor bildirmişdir ki, “sən mənimlə xx.xx.2022-ci il tarixdə müəllimlər otağında əsassız mübahisə etmisən, buna görə sənə töhmət verilmişdir”. O, izah etmişdir ki, direktorla işçi arasında şəxsi münasibətlər zəminində edilən söhbətə və ya mübahisəyə görə işçiyə töhmət verilə bilməz və imzaladığı əmr onun əmək funksiyası ilə əlaqədar olmadığına görə qanunsuzdur və əmr ləğv edilsin. Lakin, cavabdeh məktəbin direktoru öz əmrinə haqq qazandıraraq bildirmişdir ki, əmr qanunidir, ləğv edilməyəcəkdir. Məsələ ondan ibarətdir ki, cavabdeh məktəbin digər müəllimi Günel Qafarovanın yanında onun ünvanına çox nalayiq və təhqiredici sözlər demiş və onun ünvanına dediklərini həmin müəllim ona bildirmişdir. Odur ki, o, xx.xx.2022-ci il tarixdə müəllimlər otağında direktordan bununla bağlı açıqlama verməsini tələb etmişdir. Lakin direktor onun ünvanına söylədiklərini etiraf etməsə də, Günel Qafarova yanında onun ünvanına dediklərini üzünə qarşı söyləmiş və təsdiq etmişdir. Bundan sonra cavabdeh direktor Nümayəndə2 ilə müəllim Günel Qafarova arasında mübahisə yaranmışdır. Həmin vaxt müəllimlər otağında onlardan başqa dəstə hissə müdiri Pərvanə Əliyeva və Mətanət Bayramova da olmuşdur. Qısa müddətli mübahisədən sonra direktor müəllimlər otağını tərk edərək getmiş və onunla Günel Qafarova barəsində töhmət verilməsinə dair əmr imzalamışdır. Hesab edir ki, məktəbin direktoru Nümayəndə2 onun barəsində töhmət verilməsinə dair 17 dekabr 2022-ci il tarixli 84 №li əmri qanunsuzdur və ləğv edilməlidir. Mübahisəli əmrdə işəgötürən Əmək Məcəlləsinin 186-cı maddəsinin ikinci hissəsinə istinad etmişdir. Lakin həmin hüquq normasında işçinin intizam məsuliyyətinə cəlb edilməsinin əsası kimi işçi ilə işəgötürən arasında şəxsi münasibətlər zəminində olan söhbət, mübahisə deyil, bilavasitə işçi tərəfindən Əmək Məcəlləsi ilə və digər normativ hüquqi aktlarla müəyyən edilən vəzifələrini yerinə yetirməməsi, əmək müqaviləsi üzrə öhdəliklərini icra etməməsi, əmək funksiyasını tam və ya qismən yerinə yetirməməsi, yaxud keyfiyyətsiz yerinə yetirməsi, Əmək Məcəlləsinin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozması ola bilər. Qanunvericilikdə sadalanan həmin əsasların hər hansı biri ona münasibətdə olmamış, onun tərəfindən pozulmamışdır. Daha sonra əmrdə göstərilir ki, o, müəssisədaxili intizam qaydalarını pozmuşdur. Onun işlədiyi musiqi məktəbində işçilərin əmək vəzifələrini tənzimləyən rəsmi qaydada təsdiq olunmuş müəssisədaxili intizam qaydaları mövcud deyil, varsa da o, həmin qaydalarla tanış edilməmiş və tanış edilməyi ilə əlaqədar hər hansı bir rəsmi, yazılı sənədə, jurnala, iş dəftərinə və s. imza etməmişdir. Yəni ki, işə götürənin öz əmrində mövcud olmayan və ya onun tanış edilmədiyi bir qaydalara istinad etməsi də qanunsuzdur. İşəgötürənlə onun arasında onun təqsirli hərəkətləri nəticəsində, yəni ünvanına söylədiyi nalayiq və təhqiredici sözlərə görə müəllimlər otağında yaranmış şəxsi münasibətlər zəminində mübahisə və söhbət qanunvericiliyə müvafiq olaraq intizam xətası deyil, onun tərəfindən əmək müqaviləsi üzrə müəyyən edilmiş vəzifələr, öhdəliklər pozulmamış, əmək funksiyasının yerinə yetirilməməsinə yönələn hərəkətlərə yol verilməmişdir. Bundan başqa, “töhmət” intizam tənbehi ona gizli verilmiş, töhmətlə və onun verilməsinə əsas kimi göstərilmiş xx.xx.2022-ci il tarixli aktla tanış olmamış və imza etməmişdir. Eyni zamanda işəgötürən tərəfindən intizam tənbehi verilməmişdən əvvəl ondan yazılı izahat da tələb olunmamışdır. Həmin gün onun işdə olduğu iş günü olmamış, yəni cədvəl üzrə dərs saatı yox idi. Barəsində tətbiq olunan “töhmət” intizam tənbehi qanunsuz olmaqla işəgötürənin öz şəxsi ambisiyasının nəticəsidir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, 16 dekabr 2022-ci il tarixdə iş yoldaşı müəllimə Günel Qafarova direktor Nümayəndə2 onun barəsində nalayiq sözlər demiş olduğunu ona bildirmişdir. Belə ki, Günel direktora yaxınlaşaraq əlavə dərs saatları istəmiş, direktor isə bütün bunların Fərqanə tərəfindən təşkil edildiyini deyərək onun barində nalayiq ifadələr işlətmişdir. Ünvanına deyilən həmin nalayiq sözlərə aydınlıq gətirmək məqsədi ilə 17 dekabr 2022-ci il tarixdə, saat 09:30-da məktəbə gedərək ilk olaraq Günel müəllimə ilə sinif otağında görüşmüş, direktorun onun barəsində nalayiq ifadələr işlədib-işlətmədiyini ondan təkrar soruşmuş, Günel müəllimə də, direktorun dediklərini təsdiq etmişdir. Təxminən saat 09:40-da direktor məktəbə gəlmiş, Günel müəllimənin sinif otağında direktorla görüşərək onunla işi olduğunu bildirmişdir. Bu zaman direktor ona öz otağına gəlməsini bildirmiş, lakin o, direktora onun otağında söhbət etmək istəmədiyi bildirmişdir. Buna səbəb dediyi sözləri sonradan başqa cür hallanacağını istəməməsi olmuşdur. 10 dəqiqə sonra dərs hissə müdiri Pərvanə Əliyevanın otağına keçərək ondan direktoru həmin otağa çağırmasını xahiş etmişdir. Daha sonra direktor Nümayəndə2 oraya gəlmişdir. Həmin vaxt o, Günelə onun barəsində nalayiq ifadələri işlədib-işlətmədiyini soruşmuş, direktor isə həmin sözləri dediyini etiraf etməmişdir. Bundan sonra Günel müəllimə oraya gəlmiş, bu zaman otaqda Pərvanə müəllimə və Mətanət müəllimə də olmuşdur. Günel müəllimə direktorun onun ünvanına dediyi sözlərin hamsını direktorun yanında təsdiqləmişdir. Bu zaman direktorla Günel müəllimə arasında mübahisə düşmüş və Günel müəllimə otağı tərk etmişdir. Təxminən 4-5 saniyə sonra dəhlizdən səs eşidilmiş, həmin istiqamətə getdiklərində Günel müəllimənin otağında olan tefal çaydanın yerə düşdüyünü görmüşlər. Bundan sonra direktor öz otağına qalxmış, o da, məktəbi tərk etmişdir. Onunla direktor arasında heç bir mübahisə olmamışdır. Ümumiyyətlə söhbət zamanı yüksək səs ilə danışmamışdır. Yalnız direktor ilə Günel müəllimə arasında azacıq mübahisə olmuşdur. 20 dekabr 2022-ci il tarixdə X7 İdarəsinin nümayəndələri şikayət əsasında məktəbdə araşdırma apararkən nümayəndələrdən biri olan Tacir müəllim ona direktor tərəfindən töhmət verildiyini bildirmişdir. Bu zaman o, barəsində töhmət əmri imzalandığından məlumatsız olmuşdur. Belə ki, əmr ona verilməmişdən əvvəl ondan yazılı izahatı tələb olunmamış, həmçinin daha sonra əmrin surəti ona təqdim edilməmişdir. Direktordan töhmətin səbəbini soruşduqda 17 dekabr 2022-ci il tarixdə məktəbdə onunla əsassız yerə mübahisə etmiş olması ilə izah etmişdir. Ümumiyyətlə 17 dekabr 2022-ci il həftənin şənbə gününə təsdüf edir ki, həmin gün ümumiyyətlə onun iş günü deyildir. Belə ki, direktorun rəsmi əmri müəyyən edilən vahid dərs cədvəlinə əsasən həftənin 1, 4 və 5-ci günləri onun iş günləridir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi (vəkil) Nümayəndə1 məhkəmə iclasında izahat verərək bildirdi ki, cavabdeh tərəfindən 17 dekabr 2022-ci il tarixdə aralarında olan şəxsi münasibətlər zəminində söhbətdən sonra iddiaçının məlumatı olmadan barəsində töhmət əmri imzalanmışdır. Bu zaman əmrin verilməsinə əsas olmuş aktı imzalayan şəxslərin hər biri mübahisənin şahidi olmuş şəxslər olmamışlar. Əmrdə iddiaçının daxili intizam qaydalarını pozduğuna görə barəsində töhmət verildiyi göstərilsə də, məktəbdə ümumiyyətlə daxili intizam qaydalarına dair hər hansı bir əmr mövcud olmamışdır. Yalnız iş məhkəmənin icraatında olan zaman verilən qanunsuz əmri əsaslandırmaq üçün həmin qaydalar 09 fevral 2023-cü il tarixdə məktəbdə müəllimləri yığmaqla onlara oxunmuş, iclasda qısa formada izah edilmişdir. Halbuki həmin qaydalar divardan asılmalı və hər kəsin bundan məlumatı olmalıdır. Bu da həmin əmrin əsassız olduğunu göstərir. Əmrdə qeyd edilən maddə ilə töhmət əmrinin verilməsi üçün intizam xətası törətmiş işçi əmək funksiyasını pozmalıdır. Bundan başqa intizam tənbehi verilməmişdən əvvəl işçinin izahatı alınmalı, işçi izahat verməkdən imtina edərsə, bu barədə akt tərtib edilməli idi. Daha sonra iddiaçı barəsində olan əmr ilə tanış olmalı, əmr ona təqdim edilməli idi. Lakin işə götürən tərəfindən Əmək Məcəlləsinin tələbləri kobud surətdə pozulmaqla icraat aparılmış, işçinin izahatı alınmamış, əmr ona təqdim edilməmişdir. Bu isə onu deməyə əsas verir ki, intizam tənbehi qərəzli verilmiş, direktor öz üstün səlahiyyətlərindən istifadə edərk belə bir əmr imzalamışdır. Həmçinin müəyyən olunur ki, əmrin imzalandığı tarix ümumiyyətlə iddiaçının qeyri iş günü olmuşdur. Direktor isə buna məhəl qoymadan, tez-tələsik töhmət əmrini imzalamışdır. Odur ki, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh direktoru Nümayəndə2 məhkəmə iclasında izahat verərək bildirdi ki, artıq bir neçə ildir mümkün olan dərs saatları verilməsinə baxmayaraq məktəbin fortepiano müəllimi İddiaçı və onun həyat yoldaşı onun barəsində müxtəlif orqanlara əsassız şikayətlər edirlər. Həmçinin İddiaçı yalnız özü deyil, məktəbin digər müəllimlərini də öz ətrafına toplayaraq ona qarşı qruplaşma yaradır. Dəfələrlə ona və məktəbin digər müəlliməsi Günel Qafarovaya mümkün olacağı təqdirdə dərs saatlarını artıracağını demiş olsa da, həmin müəllimələr buna məhəl qoymadan məktəbdə problemlər yaratmağa davam etmişlər. 17 dekabr 2022-ci il tarixdə, Fərqanə müəllimənin rəsmi iş günü olmadığı halda əvvəlcədən planlaşdırılmış şəkildə məktəbdə problemlər yaratmaq məqsədi ilə səhər saat 9-10 radələrində məktəbə gəlmişdir. O, sinif otaqlarında dərslərin gedişatını yoxlayarkən, iddiaçını ilk olaraq məktəbin müəlliməsi Günel Qafarovanın sinfində görmüş, ondan nə üçün işə gəldiyini soruşmuş, iddiaçı isə ona onunla söhbəti olduğunu, bu məqsədlə gəldiyini, lakin onun otağında deyil, birinci mərtəbədə hər kəsin gözü qarşısında onunla danışacağını demişdir. Bir qədər sonra ikinci mərtəbədə öz otağında olarkən məktəbin tədris işləri üzrə direktor müavini Pərvanə Əliyeva ona Fərqanənin onu əsəbi formada birinci mərtəbəyə çağırdığını demiş. O da, daha böyük problemlər yaşanmasın deyə məktəbin birinci mərtəbəsinə düşmüş, dərs hissə müdirinin otağına keçərək qapını bağlanmasını istəsə də, iddiaçı buna imkan verməmiş və yüksək səslə koridorda onun ünvanına Günel müəllimənin yanında şərəf və ləyaqətimi alçaldan ifadələr işlətdiyini, nə səbəbdən bunu etdiyini demişdir. Bunu deyən zaman isə nümayişkəranə şəkildə “qoy hamı eşitsin” sözlərini işlətmişdir. Bu zaman səs-küyə məktəbin digər müəllimləri də sinif otaqlarından çıxmışlar. Həmin vaxt o, Fərqanə müəlliməyə məktəbdə şagird və müəllimlərin olduğunu, qapını bağlayaraq otqada söhbət edə biləcəkərini demiş olsa da, Fərqanə buna razı olmamış və yüksək səslə, əsəbi formada qapının açıq qalaçağını bildirmişdir. O, iddiaçıya Günel Qafarovanın yanında onun barəsində heç bir söz demədiyini bildirsə də, Fərqanə buna inanmamışdır. Daha sonra iddiaçı Günel Qafarovanı oraya çağırmış, Günel də qapının girəcəyində duraraq yüksək səslə ona iş saatları yazılmadığını, ona sanatoriyada işləməsini deyildiyini deməyə başlamışdır. Bundan sonra Günel müəllimə otağına qalxmış, otağından çaydanı götürmüş və sərt şəkildə yerə çırpmışdır. Bu hadisəni həmin gün məktəbdə işləyən bütün müəllim heyyəti də görmüşdür. Bu səbəbdən akt tərtib edilmiş və hər iki müəllimə onun tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət verilmişdir. Əslində həmin gün İddiaçı rəsmi iş günü olmamışdır. Bu səbəbdən qeyri iş günü onun məktəbə gəlməsi və orada qaydaları pozması tam qanunsuz olmuşdur. Daha sonra ona məlum olmuşdur ki, qanunvericilikdə töhmət əmrinin verilməsindən əvvəl işçinin izahatının alınması tələb olunurmuş. Lakin töhmət əmri imzalanarkən qanunvericiliyin bu tələbindən məlumatlı olmamışdır. Buna baxmayaraq İddiaçı yol vermiş olduğu hərəkətlər ona verilmiş töhmətin haqlı olduğunu göstərir. Töhmət iddiaçının müəssisədaxili intizam qaydalarını pozduğu üçün verilmişdir. Məktəb dövlət müəssisəsidir, tərbiyə ocağıdır, iddiaçı və Günel Qafarovanın direktora qarşı müəllim və şagirdlərin qarşısında bu cür hərəkətləri qəbuledilməzdir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iddiaçının, onun nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə iclasında İddiaçı təşəbbüsü ilə dindirilmiş şahid X5 ifadəsində bildirdi ki, iddiaçı ilə iş yoldaşı kimi münasibətləri vardır. Direktor Nümayəndə2 ilə isə heç bir düşmənçiliyi və ədavəti yoxdur. Direktordan dəfələrlə ona ayrılmış dərs saatlarının artırılmasını xahiş etsə də, heç bir nəticəsi olmamışdır. Hətta bununla bağlı aralarında mübahisə yaranmış, direktor isə onun İddiaçı tərəfindən öyrədildiyini ona bildirmişdir. Bu zaman direktor həm onun, həm də Fərqanənin ünvanına alçaldıcı ifadələr işlətmişdir. O da, bu barədə Fərqanə müəlliməyə məlumat vermişdir. 17 dekabr 2022-ci il tarixdə tərəflərin arasında mübahisə yaranan zaman ilk olaraq orada olmamış, daha sonra oraya cağırılmışdır. Bu zaman otaqda Almaz, Fərqanə və Mətanət müəllimənin də olduğunu görmüşdür. İçəri girərkən isə əli ilə otağən qapısını dartmışdır. İddiaçı ondan direktorun onun barəsində nə dediyini soruşmuş, o da baş verənləri olduğunu kimi danışmışdır. Bu zaman orada səs-küy böyümüşdür. Daha sonra o, otqadan çıxaraq yuxarı qalxmışdır. Bir qədər sonra isə təsadüfən əlində olan çaydan əlindən yerə düşmüşdür. Bunu o bilərkdən etməmiş, ehtiyatsızlıqdan baş vermişdir. Bir neçə gün sonra isə məlum olmuşdur ki, direktor tərəfindən iddiaçıya və ona töhmət verilmişdir. Lakin onların töhmətin verilməsindən xəbərləri olmamışdır. Bu barədə regional idarədən gələn yoxlama zamanı məlumatları olmuşdur. Məhkəmə iclasında cavabdeh Nümayəndə2 təşəbbüsü ilə dindirilmiş şahid X6 ifadə verərək bildirdi ki, dərs prosesi başlayan zaman iddiaçı onun otağına gələrək ailəsində problem olduğunu və direktoru çağırmasını bildirmişdir. O da, direktora zəng etmiş, direktor isə iddaçının onun otağına qalxmasını bildirmişdir. İddiaçı bununla razılaşmamış, direktorun aşağı düşməsini istəmişdir. O, artıq zəng etməmiş, direktorun otağına qalxaraq bu barədə ona məlumat vermişdir. Direktor aşağı düşdükdən sonra isə ilk olaraq Fərqanə müəllimə, sonra isə Günel müəllimə ilə aralarında mübahisə yaranmışdır. Bu zaman məktəbdə olan digər şəxslər də səs-küyü eşitmişlər. Məhkəmə iclasında cavabdeh Nümayəndə2 təşəbbüsü ilə dindirilmiş şahid X4 ifadə verərək bildirdi ki, 17 dekabr 2022-ci il tarixdə işdə olan zaman tərəflər arasında mübahisə yaranmışdır. İddiaçı direktora onun haqqında alçaldıcı söz deməsini bildirmiş, direktor isə bunu qəbul etməmişdir. Koridorda səs-küy yaranmışdır. Sonra Günel müəllimə oraya gəlmiş, Günel ilə də direktor arasında mübahisə yaranmışdır. Məhkəmə iclasında cavabdeh Nümayəndə2 təşəbbüsü ilə dindirilmiş şahid X1 ifadə verərək bildirdi ki, 17 dekabr 2022-ci il tarixdə məktəbin 1-ci mərtəbəsində sinif otağında dərs keçən zaman yüksək səslə mübahisə edildiyini eşitmişdir. Lakin o, sinif otağından çıxmamış, dərsdə olan şagirdlərin də həmin səsi eşitməməsi üçün şagirdə yüksək səslə çalmasını bildirmişdir. Mübahisə 5-10 dəqiqə davam etmişdir. Daha sonra direktordan nə olduğunu soruşduqda Fərqanə və Günel müəllimənin onunla mübahisə etdiklərini bildirmişdir. İş materiallarında olan X7 İdarəsi Cavabdeh direktoru Nümayəndə2 “İddiaçı haqqında” 17 dekabr 2022-ci il tarixli 84 №li əmrdən çıxarışdan görünür ki, İddiaçı - məktəbin fortepiano müəllimi, xx.xx.2022-ci il tarixdə məktəbdə müəssisədaxili intizam qaydalarını pozması ilə əlaqədar ona Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət verilmişdir. İş materiallarında olan 17 dekabr 2022-ci il tarixli məktəbin direktoru Nümayəndə2, tədris işləri üzrə direktor müavini Pərvanə Əliyeva, təsərrüfat işləri üzrə direktor müavini Sücayyət Salehova tərəfindən tərtib edilmiş aktdan görünür ki, həmin tarixdə məktəbin müəllimi İddiaçı həmin gün işləmədiyi halda səhər saat 09-10 radələrində X5 ilə birgə məktəbdə xoşagəlməz hallar yaratmış, dərslərin gedişatını pozmuşlar. İddiaçı sonradan özünün müəllimələrə dediyinə görə özünün mobil telefonu ilə harasa zəng etmiş, xətti açıq qoyaraq məktəbdə direktorla olan söhbətini kiməsə dinlətdirmişdir. Direktoru kabinetindən aşağı yəni birinci mərtəbəyə çağırtdırıb “mənim şərəf və ləyaqətimi aşağı salan sözlər demisiniz” deyərək koridorda çığırıb müəllimlərin yanında səs-küy salmış, Günel Qafarovanı guya sübut etmək üçün çağırmış, Günel Qafarova isə direktora böhtan ataraq “siz mənə dediniz ki, get sanatoriyada parafin qoy” demiş və qəfildən yuxarı mərtəbəyə qalxıb elektroçayniki götürüb pilləkənə çırpıb qırmışdır. Bu hərəkətləri məktəbdə işləyən bütün müəllimlər, eləcə də koridorda olan gözətçi də görmüşdür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinə əsasən əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etmək. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 187-ci maddəsinin 1-ci hissəsinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 189-cu maddəsinin 2-ci hissəsinə əsasən intizam tənbehi işçiyə işdə olduğu iş günü ərzində verilə bilər. Məzuniyyətdə, ezamiyyətdə olan, əmək qabiliyyətini müvəqqəti itirdiyi müddət ərzində işçiyə intizam tənbehi verilə bilməz. Məhkəmə qeyd edir ki, 17 dekabr 2022-ci il tarixdə İddiaçı yol vermiş olduğu hərəkətlər onun müəssisədaxili intizam qaydalarını pozmuş olduğunu deməyə əsas verir. Bu hal cavabdehin izahatı, iş materialları, eləcə də məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri ilə öz təsdiqini tapmışdır. Beləliklə iddiaçı Əmək Məcəlləsinin 10-cu maddəsinin b) bəndində nəzərə tutulmuş əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək vəzifəsini yerinə yetiməmiş, bu səbəbdən müəssisənin rəhbəri tərəfindən barəsində eyni Məcəllənin 186-cı maddəsinə əsasən töhmət növündə intizam tənbehi verilmişdir. Bununla yanaşı qeyd edilməlidir ki, Əmək Məcəlləsinin 187-ci maddəsinin 1-ci hissəsində intizam tənbehinin verilməsindən əvvəl işəgötürənin işçidən yazılı izahat verməsini tələb etməli olması imperativ olaraq qeyd edilmişdir. Lakin məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Nümayəndə2 (cavabdeh) işəgötürən qismində işçi İddiaçı (iddiaçıdan) yazılı izahat verməsini tələb etməmişdir. Bu hal cavabdehin özünün məhkəmə iclasında vermiş olduğu izahatı ilə də təsdiqini tapır. Belə ki, cavabdeh ümumiyyətlə qanunvericiliyin qeyd edilən tələbindən məlumatlı olmamış, yalnız müvafiq əmri imzaladıqdan bir müddət sonra bu barədə məlumatlanmışdır. Odur ki, mübahisəli əqd qanunvericiliyin imperativ normasına riayət edilmədən rəsmiləşdirilmişdir. Eyni zamanda o da qeyd edilməlidir ki, intizam tənbehinin rəsmiləşdirildiyi 17 dekabr 2022-ci il tarixdə İddiaçı musiqi məktəbinin binasında olmuş olsa da, həmin gün onun işdə olduğu iş günü olmamışdır. Belə ki, Əmək Məcəlləsinin 189-cu maddəsinin 2-ci hissəsində qeyd edilmişdir ki, intizam tənbehi işçiyə işdə olduğu iş günü ərzində verilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. X7 İdarəsi Cavabdeh direktoru Nümayəndə2 tərəfindən imzalanmış məktəbin fortepiano müəllimi İddiaçı töhmət verilməsi barədə 17 dekabr 2022-ci il tarixli 84 №li əmr ləğv edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Naftalan Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ayaz Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar