Azərbaycan Respublikası adından QƏTNAMƏ Naftalan şəhəri İş № 2(052)-46/2024 04.04.2024 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ X7 Aydın oğlunun sədrliyi, İsmayılova Nüşabə Qaraş qızının katibliyi, ilk iddia üzrə İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh), onun nümayəndəsi Nümayəndə, ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2, ilk iddia üzrə Cavabdeh1 və ilk iddia üzrə cavabdehlərin vəkili Vəkil iştirakı ilə. İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı «istifadə hüququnun tanınması və evə köçürülmə» tələbinə dair ilk iddia ərizəsi və Cavabdeh2 İddiaçı qarşı «əşyaların evdən çıxarılması» tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İlk iddia üzrə İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladı xx.xx.2022-ci il təvəllüdlü X3 ilə birlikdə Naftalan Şəhəri Q.Namazəliyev məhəlləsi, 8-ci küçədə yerləşən fərdi yaşayış evinə istifadə hüquqlarının tanınması və onların həmin evə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, Cavabdeh2 işə əlavə cavabdeh qismində cəlb edilməsini xahiş etmişdir. İlk iddia üzrə iddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh1 onun qaynanasıdır. O, cavabdehin oğlu X2 ilə xx.xx.2021-ci il tarixdə rəsmi nikaha girmişdir. Birgə nigahlarından xx.xx.2022-ci il təvəllüdlü X3 anadan olmuşdur. O, ailə qurduqları vaxtdan cavabdehə məxsus Naftalan şəhəri Q.Namazəliyev məhəlləsi, 8-ci küçədə yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. Bütün cehiz əşyaları hazırda həmin ünvandadır. Bu səbəbdən onun və azyaşlı uşağının həmin yaşayış evindən istifadə hüquqları yaranmışdır. Onların başqa yerdə yaşayış yerləri yoxdur. O, azyaşlı uşağı ilə birlikdə cavabdehə məxsus evə köçürülməli və onların həmin evə istifadə hüquqları tanınmalıdır. Cavabdeh hazırda onu və uşağını evə buraxmır. Cavabdeh onu öz razılığı ilə evdə yaşamaq, evdən istifadə etmək üçün gəlin gətirmişdir. O da, cehiz əşyalarını həmin evə yığmış, əri ilə birgə yaşamış və onunla birgə təsərrüfat aparmışdır. Onların uşağı da, həmin evdə doğulmuş və yaşamışdır. Onun və uşağının cavabdeh ilə etibarlı ailə əlaqələri olmuş, birgə həmin evdə yaşamış və həmin evdən istifadə etmişlər. Hazırda onun və uşağının buna çox ehtiyacı vardır. Belə ki o, uşağı ilə birlikdə qardaşının evində müvəqqəti sığınacaq tapmışdır. Qeyd edilənlərə əsasən himayəsində körpə uşağının olması, maddi vəziyyətinin qənaətbəxş olmaması, başqa yaşayış sahəsinin olmaması nəzərə alınaraq onun və uşağının həmin fərdi yaşayış evinə köçürülməsi və yaşayış evindən istifadə hüquqlarının tanınması qanuna müvafiqdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xüsusi mülkiyyətində olan ünvan 1 ünvanından İddiaçı bütün əşyalarının çıxarılması və dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manat pul vəsaitinin İddiaçı alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı qardaşı X1 həyat yoldaşı olmuşdur. Onlar xx.xx.2021-ci il tarixdə rəsmi nikaha girmişlər. Bundan sonra Sahilə ünvan 2 ünvanına gəlin köçmüş və cehiz əşyalarını da həmin evə yerləşdirmişdir. Birgə nikahlarından X3 adlı bir nəfər övladları olmuşdur. 05 noyabr 2023cü il tarixdə İddiaçı ilə qardaşı faktiki olaraq ayrılmışlar və həmin gün Sahilə mübahisəli evi tərk etmişdir. O, evdən gedərkən özünün və azyaşlı övladının geyim və qızıl-ziynət əşyalarını özü ilə aparmışdır. Lakin bütün cehiz əşyaları hal-hazıradək evdə qalmaqdadır. ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi onun xüsusi mülkiyyətindədir. Buna dair daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarış almışdır. İddiaçı mübahisəli mənzildə 1 ədəd stol və 6 ədəd stul, 1 ədəd jurnal stolu, uşaq üçün yemək stolu, 2 ədəd kreslo, 1 ədəd divan, 1 ədəd mətbəx stolu və 4 ədəd mətbəx stulu, 1 ədəd mətbəx üçün künc divan, 4 ədəd lüstür, 1 ədəd televizor altı, paltar şkafı, elektrik peçi, paltaryuyan maşın, iki nəfərlik yataq çarpayısı (taxt) və 2 ədəd tubbuçka, 1 ədəd divar güzgüsü, 1 ədəd ütü stolu, 1 ədəd ət çəkən maşın, uşaq üçün çarpayı, üşaq üçün kolyaska, 2 ədəd karniz, mətbəx üçün kiçik manqal, yataq otağında güzgülü kamot, paltar qurudan, soyuducu, aspirator, qaz peçi, mətbəx mebeli və mətbəx üçün moykadan ibarət əşyaları qalmaqdadır. Cavabdehə məxsus əşyaların mülkiyyətində olan evdə yerləşməsi onun fərdi yaşayış evindən sərbəst və maneəsiz istifadəsinə mane olur və onun mülkiyyət hüquqlarını məhdudlaşdırır. Odur ki, iddiasının təmin edilməsini xahiş edir. Məhkəmə iclasında ilk iddia üzrə İddiaçı izahat verərək bildirdi ki, o, 2021-ci ildə Müşfiq Mikayılov ilə ailə həyatı qurduqdan sonra mübahisəli evə gəlin köçmüş və cehiz əşyalarını həmin evə yerləşdirmişdir. Evə köçərkən ev əvvəldən tikilmiş olsa da, tam təmirli olmamışdır. Belə ki, evin divar kağızlarını gəlin köçdükdən sonra şəxsən özü seçərək almışdır. Evin sənədləri olmasa da, yerləşdiyi torpaq sahəsi keçmiş əri Müşfiqin adına olmuşdur. O, məhkəməyə iddia ərizəsi ilə müraciət edərək evə köçürülmə tələbini irəli sürdükdən sonra Müşfiq həmin torpağı qardaşı Sübhanın adına keçirmiş, qardaşı da torpağın üzərində yerləşən evi öz adına rəsmiləşdirmişdir. Hazırda onun və azyaşlı qızının yaşamaq üçün başqa yerləri yoxdur. Müvəqqəti olaraq qardaşının evində məskunlaşmış olsa da, qısa müddət sonra qardaşının ailə həyatı qurması ilə əlaqədar oradan çıxmalıdır. Valideynlərinin hər ikisini itirmişdir. Maddi vəziyyəti isə aşağı olduğu üçün kirayə ev tuta bilmir. Aldığı 437 manat əmək haqqı ilə çətinliklə dolanır. Əşyalarının isə həmin evdən çıxarılmasına razı deyildir. Belə ki, həmin əşyaları yığmaq üçün evi olsa idi, o, hazırki iddianı ümumiyyətlə qaldırmazdı. O, köçmək istədiyi evdə daimi deyil, gələcəkdə maddi vəziyyəti yaxşı olandan sonra özünə sərbəst yaşayış sahəsi təşkil edənədək yaşamaq istəyir. Həmçinin keçmiş əri istəyərsə əgər azyaşlı uşağı üçün kiçik bir ev ala bilər. Əslində Müşfiq və ailəsinin maddi vəziyyəti buna yetəcək qədərdir. Bu səbəbdən ilk iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında ilk iddia üzrə İddiaçı nümayəndəsi Nümayəndə izahat verərək bildirdi ki, iddiaçı Mənzil Məcəlləsinin 30-cu maddəsinə əsasən nikah münasibətlərinə xitam verildikdən sonra həmin mübahisəli evdə yaşamağa davam edə bilər. Həmçinin iddiaçı mübahisəli evə köçərkən ev sənədsiz olmuşdur. Hazırda evə dair hüquqmüəyyənedici sənədlərin olması heç nəyi dəyişmir. Bu səbəbdən ilk iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında ilk iddia üzrə Cavabdeh1 izahat verərək bildirdi ki, mübahisəli ev ona məxsus deyildir. Evin mülkiyyətçisi hazlrda oğlu Sübhandır. Bu səbəbdən bununla bağlı hər hansı bir söz dəyə bilmir. İddiaçı əgər uşağına qiymət vermiş olsa idi, evdə oturardı. İddianı isə qəbul etmir və iddiaçının mübahisəli evə köçməsini istəmir. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2 izahat verərək bildirdi ki, ilk iddianı qəbul etmir. İddiaçı onun qardaşının keçmiş arvadıdır. Mübahisəli ev isə onun xüsusi mülkiyyətidir və öz ailəsi ilə həmin evə köçərək yaşamaq fikrindədir. Evin tikildiyi torpaq sahəsi əvvəldən ona məxsus olsa da, ilk əvvəllər formal olaraq qardaşının adında olmuşdur. Həmçinin iddiaçı gəlin kimi həmin evə köçmüş olsa da, ev onun tərəfindən tikilmiş və ona məxsus olmuşdur. Daha sonra qardaşı torpaq sahəsini onun adına keçirmiş, o da, əmlaka dair ümumi çıxarış almışdır. Qarşılıqlı iddia isə tam əsaslıdır. Belə ki, İddiaçı hazırda ona məxsus evdə yaşamadığı üçün Sahilənin əşyalarının mübahisəli evdə qalması əsassızdır. Bu hal onun bir mülkiyyətçi kimi hüquqlarını pozur. Bu səbəbdən ilk iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında ilk iddia üzrə cavabdehlərin vəkili Vəkil bildirdi ki, ilk iddia tam əsassızdır. Belə ki, tərəflər arasında hüquq münasibəti 24 yanvar 2021-ci il tarixdə yaranmışdır ki, həmin tarixdə mübahisə predmeti olan fərdi yaşayış evi dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Hətta reyestrdə qeydiyyata alınmış olsa idi belə, iddiaçının yaşayış sahəsindən istifadə hüququna dair notarial qaydada təsdiq edilmiş müqaviləsi olmamışdır. Bu isə o deməkdir ki, iddiaçının mübahisəli yaşayış sahəsinə münasibətdə istifadə hüququ yaranmamışdır. Həmçinin qeyd edilməlidir ki, iddiaçı ilə Müşfiq İsmayılovun arasında olan nikah artıq pozulmuşdur. Hətta məsələyə Mənzil Məcəlləsinin 30-cu maddəsinə istinadən yanaşılarsa, keçmiş ailə üzvünün yaşayış sahəsinə dair istifadə hüququ saxlanılmır. Ümumiyyətlə nəzərə alınmalıdır ki, hazırda mülkiyyətçi iddiaçının keçmiş əri yox, qaynı Cavabdeh2dur. Bu isə o deməkdir ki, iddiaçı ilə hazırki mülkiyyətçinin əvvəldən ailə münasibətləri olmadığından istifadə hüququndan söhbət gedə bilməz. Həmçinin qarşılıqlı iddia tam əsaslı və qanunidir. Çünki cehiz əşyaların hazırda mübahisəli evdə qalması mülkiyyətçi Cavabdeh2 hüquqlarının pozulması ilə nəticələnir. Belə ki, mülkiyyətçi bu halda özünün istifadə, sahiblik və sərəncam hüquqlarını lazımi qaydada həyata keçirə bilmir. Qeyd edilənlərə əsasən ilk iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilk iddia rədd, qarşılıqlı iddia isə təmin edilməlidir. İş materiallarında olan ********** qeydiyyat nömrəli, xx.xx.2024-cü il qeydiyyat tarixli, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 Cavabdeh2 adına xüsusi mülkiyyət hüququ əsasında qeydiyyata alınmışdır. İş materiallarında olan Naftalan Şəhər İra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 29 fevral 2024-cü il tarixli 174 nömrəli arayışında qeyd edilmişdir ki, cavabdeh İddiaçı həqiqətən xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək Naftalan şəhəri, Q.Namazəliyev adına yaşayış məhəlləsi, 9 saylı küçədə yerləşən fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşamışdır. İş materiallarında olan Naftalan Şəhər Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli, 2(052)-265/2023 saylı qətnaməsindən görünür ki, tərəflər arasında 24 yanvar 2021-ci il tarixdə Naftalan şəhər qeydiyyat şöbəsində 02 nömrə ilə qeydə alınmış nikah pozulmuşdur. Məhkəmə ilk iddiaya münasibətdə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə 1-ci hal mövcuddur, yəni iddiaçı köçmək istədiyi evdə bir neçə il yaşamışdır. Ona görə də 2-ci və 3-cü halların mövcud olub-olmadığı aydınlaşdırılmalıdır. Belə ki, tərəflərin izahatı ilə müəyyən olunur ki, iddiaçı mübahisəli fərdi yaşayış evindən zorla çıxarılmamış, o, ailədaxili mübahisə zəminində öz razılığı ilə evdən çıxaraq getmişdir. Məhkəmə hesab edir ki, 2-ci hal, yəni mərhumetmə mövcud olmadığından, 3-cü halın, yəni mərhumetmənin qanuniliyi və qanunsuzluğu məsələsinin də müzakirə edilməsinə zərurət yoxdur. Beləliklə, cavabdehlər yuxarıda qeyd olunan qadağanedici normanı pozmamışlar. İddiaçının tələbinin əsaslı olub-olmamasının müəyyən edilməsi üçün ilk növbədə onun həmin evə dair istifadə hüququnun yaranıb-yaranmaması məsələsinə qiymət verilməlidir. Məhkəmə qeyd edir ki, hər hansı bir əmlak üzərində mülkiyyət hüququ sahiblik, istifadə və sərəncam vermək hüququnu ehtiva edir. Mövcud qanunvericiliyə görə də daşınmaz əmlak üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alındığı təqdirdə yaranır, əks halda həmin əmlak özbaşına tikili kimi qəbul edilməklə həmin əmlaka hər hansı bir hüquq tanına bilinməz. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Hazırkı işdən göründüyü kimi iddiaçının öz azyaşlı uşağı ilə köçmək istədiyi fərdi yaşayış evi iddiaçı evə gəlin köçərkən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış və özbaşına tikili olmuş, iddiaçı oradan çıxıb getdikdən sonra, yəni xx.xx.2024cü il tarixdə rəsmi reyestrdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 217.2-ci-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 8 oktyabr 2013-cü il tarixli qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabr ayının 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublıkasının Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 11 iyul 2014-cü il qərarında qeyd olunmuşdur ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Göründüyü kimi, tərəflər arasında hüquq münasibətləri 2009-cu ilin oktyabr ayının 1-dən sonra yarandığı üçün məhkəmə hesab edir ki, iddiaçının mübahisəli mənzilə istifadə hüququnun yaranıb-yaranmaması məsələsi hazırda qüvvədə olan Mənzil Məcəlləsinin müddəalarına uyğun qaydada həll olunmalıdır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. İstinad edilən normadan göründüyü kimi, mənzildən istifadə hüququnun yaranması üçün köçürülən şəxslər ya ailə üzvləri (arvadı, uşaqları, valideynləri), ya mülkiyyətçinin digər qohumları və yaxud da mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürülmüş onun himayəsində olan əmək qabiliyyəti olmayanlar olmalıdırlar. Əlavə olaraq qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Pleniumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair 16 dekabr 2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. İddiaçı isə qeyd edilən şəxslərin dairəsinə aid deyildir. Belə ki, iddiaçının keçmiş əri X2 ilə ailə münasibətlərinə xitam verildiyindən, cavabdehlərə münasibətdə nə əri (arvadı), nə qohumu, nə himayəsində olan əmək qabiliyyəti olmayan şəxs, nə də ki, Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxslərin siyahısına aiddir. Bu baxımdan, məhkəmə belə qənaətə gəlir ki, iddiaçının mübahisəli evə münasibətdə istifadə hüququ mövcud olmadığından iddia tələbi əsassızdır və onun həmin evə köçürülməsi tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsində qeyd olunmuşdur ki, on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır. İş materialları ilə müəyyən olunur ki, iddiaçının himayəsində olan uşaq 14 yaşına çatmamış fiziki şəxsdir. Mülki qanunvericilyin yuxarıda qeyd olumuş normasına əsasən həmin şəxsin yaşayış yeri hazırda sağ olan valideynlərinin yanıdır. Lakin qeyd olunmalıdır ki, iddiaçının 1 nəfər azyaşlı uşağı nikah pozularkən onun yanında saxlanılmışdır. Odur ki, iddiaçı (uşağın anası) mübahisəli evə köçürülmədiyindən, onun yanında yaşayan bir nəfər azyaşlı uşağının da həmin evə köçürülməsi təmin edilə bilməz. Məhkəmə qarşılıqlı iddiaya münasibətdə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsininə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsində qeyd olunmuşdur ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 29.1-ci maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfındən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə hesab edir ki, mülkiyyətçinin iradəsinə zidd olaraq hazırda qarşılıqlı iddia üzrə cavabdehə məxsus əmlakların mübahisəli fərdi yaşayış evində qalmaqda davam etməsi, mülkiyyətçinin əmlakı üzərində mülkiyyət hüquqlarının həyata keçirməsinin əsassız məhdudlaşırılması kimi qiymətləndirilməlidir. Odur ki, qarşılıqlı iddia təmin olunmalı və iddia ərizəsində adları sadalanan əşyalar İddiaçı tərəfindən Cavabdeh2 məxsus evdən çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda ilk iddia rədd edildiyindən ilk iddia üzrə İddiaçı tərəfindən ödənilmiş 50 (əlli) manat dövlət rüsumu onun özünə aid edilməli, qarşılıqlı iddia təmin edildiyindən qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı alınaraq Cavabdeh2 verilməlidir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlk iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «istifadə hüququnun tanınması və evə köçürülmə» tələbi barədə iddiası rədd edilsin. İlk iddia üzrə İddiaçı tərəfindən ödənilmiş məhkəmə xərcləri onun özünə aid edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı «əşyaların evdən çıxarılması» tələbi barədə iddiası təmin edilsin. Naftalan şəhəri, Q.Namazəliyev adına yaşayış məhəlləsi, 8 nömrəli küçədə yerləşən 19 nömrəli fərdi yaşayış evindən İddiaçın məxsus 1 ədəd stol və 6 ədəd stul, 1 ədəd jurnal stolu, 1 ədəd uşaq üçün yemək stolu, 2 ədəd kreslo, 1 ədəd divan, 1 ədəd mətbəx stolu və 4 ədəd mətbəx stulu, 1 ədəd mətbəx üçün künc divan, 4 ədəd lüstur, 1 ədəd televizor altı, 1 ədəd paltar şkafı, 1 ədəd elektrik peçi, 1 ədəd paltaryuyan maşın, 1 ədəd iki nəfərlik yataq çarpayısı (taxt) və 2 ədəd tumbuçka, 1 ədəd divar güzgüsü, 1 ədəd ütü stolu, 1 ədəd ət çəkən maşın, 1 ədəd uşaq üçün çarpayı, 1 ədəd üşaq üçün kolyaska, 2 ədəd karniz, 1 ədəd mətbəx üçün kiçik manqal, 1 ədəd yataq otağında güzgülü kamot, 1 ədəd paltar qurudan, 1 ədəd soyuducu, 1 ədəd aspirator, 1 ədəd qaz peçi, 1 dəst mətbəx mebeli və 1 ədəd mətbəx üçün moykadan ibarət əşyalar İddiaçı tərəfindən çıxarılsın. Qarşılıqlı iddia üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı alınaraq Cavabdeh2 verilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Naftalan Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. X8
Məhkəmə qərarları › İş №2(052)-46/2024
Naftalan Şəhər Məhkəməsi Qətnamə — İş №2(052)-46/2024
04.04.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver