Azərbaycan Respublikası adından QƏTNAMƏ Naftalan şəhəri İş № 2(052)-85/2023 20.07.2023 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ X13 Aydın oğlunun sədrliyi, İsmayılova Nüşabə Qaraş qızının katibliyi, İlk iddia üzrə İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) nümayəndəsi (vəkil) Vəkil1, ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh və onun nümayəndəsi (vəkil) Vəkil2 iştirakı ilə. İddiaçı Cavabdeh qarşı «zəbt olunmuş torpaq sahəsindən çıxarılma» tələbinə dair ilk iddia ərizəsi və Cavabdeh İddiaçı qarşı «alğı-satqı müqaviləsinin ləğv edilməsi» tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ona məxsus ünvan 2ndə yerləşən 0.27 ha torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 2ndə ona məxsus 0.27 ha torpaq sahəsi vardır. Həmin torpaq sahəsinə dair mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və bu barədə ona hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Sözügedən torpaq sahəsi Naftalan şəhər XDS İK-nin 25 may 1982-ci il tarixli 65 №li qərarı ilə yeni hamam binasının tikintisi üçün ayrılmışdır. Bundan sonra hamam binası 0.27 ha torpaq sahəsi ilə birlikdə Dövlət Əmlak Komitəsi tərəfindən X8 adına özəlləşdirilmişdir. Daha sonra müxtəlif illərdə hamam binası və 0.27 ha torpaq sahəsi müxtəlif şəxslərə satılmışdır. O isə obyekti sonuncu dəfə X5 almışdır. Hazırda torpaq sahəsinin üzərindəki köhnə tikililəri sökmüş və bundan sonra yalnız 0.27 ha torpaq sahəsinə dair mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmışdır. Lakin qonşuluqda yaşayan Cavabdeh ona məxsus 0.27 ha torpaq sahəsinin təxminən 4-5 sotunu tamamilə qanunsuz olaraq zəbt edib öz həyətinə birləşdirmişdir. O, cavabdehə qanunsuz zəbt etdiyi torpaq sahəsindən çıxması üçün dəfələrlə müraciət etmiş olsa da, cavabdeh ona məhəl qoymayaraq torpaq sahəsini tərk etməmişdir. Bu səbəbdən əlacsız qalaraq mübahisənin həllini məhkəmədə axtarmaq qərarına gəlmişdir. İddiaçının nümayəndəsi (vəkil) Vəkil1 daha sonra məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, cavabdehin iddiaçıya məxsus olan ünvan 2ndə yerləşən 0.27 ha torpaq sahəsinin zəbt olunmuş hissəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı 0.27 ha torpaq sahəsinin xüsusi mülkiyyətə alınmasına əsas olmuş xx.xx.2017-ci il tarixli 4Ə-139 nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən, 2534 kv.m həyətyanı torpaq sahəsi və ümumi sahəsi 117.5 kv.m olan fərdi yaşayış evi onun xüsusi mülkiyyətindədir. Reyestrdə 982 № ilə qeydə alınmış qeydiyyat vəsiqəsi, fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu, torpaq sahəsinin planı və ölçüsü və Naftalan Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli 268 №li sərəncamı ilə təsdiq olunur. Onun həyətyanı torpaq sahəsinə bitişik ərazidə olan İddiaçı məxsus torpaq sahəsi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən tərtib edilmiş koordinatlar üst-üstə düşür. Mübahisələndirilən torpaq sahəsi onun xüsusi mülkiyyətində olmaqla 1962-ci ildən faktiki olaraq istifadəsindədir. Onun mülkiyyət sənədləri qanunvericiliyin tələbinə uyğun hazırlanmış, bütün mülkiyyət sənədləri Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyatdan keçmişdir. İddiaçı mülkiyyət sənədlərindən görünür ki, 0.27 ha torpaq sahəsinin xüsusi mülkiyyətdə olması barədə çıxarışı xx.xx.2018-ci il tarixdə almışdır. Həmin tarixdə mübahisələndirilən ərazi qapalı məkan olmuş, yəni xüsusi mülkiyyətdə olan həyətyanı torpaq sahəsinin kənarları daş hasarla bağlanmışdır. Həmin mübahisələndirilən 0.2534 ha ərazi 40 ildən çox müddətdir ki, sərhədləri bağlı vəziyyətdə xüsusi mülkiyyətdə olmaqla istifadəsindədir. İddiaçı xx.xx.2017-ci il tarixdə Naftalan şəhəri notariat ofisində mübahisəli mülkü X6 4Ə-139 nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsi əsasında almışdır. İddiaçı torpağı alan zaman aldığı ərazinin sərhədləri dəqiqləşdirilməmiş və alğı-satqı əməliyyatı qeyri-qanuni aparılmış, qanunvericiliyin tələb etdiyi kimi sənədləşdirilməmişdir. Həqiqətən də, onun aldığı torpaq sahəsindən 4-5 sotu zəbt olunmuşdursa həmin məsələ yerindəcə həll edilməli idi. Lakin İddiaçı həmin vaxt ona qarşı torpağın zəbti ilə əlaqədar heç bir iddiası və şikayəti olmamışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti alğısatqı əməliyyatı aparan zaman alıcının aldığı torpağın koordinatlarını düzgün müəyyən etməmişdir. Belə ki, satılan torpaqların koordinatlarının onun xüsusi mülkiyyətində olan torpaq sahəsinin koordinatları ilə üst-üstə düşməsi qeyri-qanuni olmaqla qanunvericiliyin tələblərinə ziddir. Odur ki, alğı-satqı müqaviləsinin ləğvinə dair qarşlıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı nümayəndəsi (vəkil) Vəkil1 məhkəmə iclasında izahat verərək bildirdi ki, ilk iddia tam əsaslıdır. Belə ki, İddiaçı məxsus torpaq sahəsinin müəyyən hissəsinin Cavabdeh faktiki olaraq qanunsuz istifadə və sahibliyində olması iş üzrə əldə edilmiş mütəxəssiz və ekspert rəyi ilə öz təsdiqini tapmışdır. Həmçinin Cavabdeh ümumiyyətlə torpaq sahəsinin ona aid olduğunu göstərən heç bir sənədi məhkəməyə təqdim etməmişdir. İddia ərizəsində torpaq sahəsinin ona məxsus olduğunu qeyd etsə də, bununla bağlı heç bir sənədi yoxdur. Onun yalniz fərdi yaşayış evinə dair qeydiyyat vəsiqəsi vardır. Qarşılıqlı iddia ərizəsi isə tam əsassızdır. Çünki Cavabdeh ümumiyyətlə İddiaçı və Əzimzadə Paşayev arasında bağlanmış 28 dekabr 2017-ci il tarixli alğı-satqı müqaviləsinin ləğv edilməsi barədə iddia qaldırmaq hüququ yoxdur. Belə ki, Cavabdeh həmin müqavilə üzrə tərəf deyildir. Odur ki, ilk iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında ilk iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsi barədə qətamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi (vəkil) Vəkil2 məhkəmə iclasında izahat verərək bildirdi ki, ilk iddia tam əsassızdır. Bununla bağlı qeyd edilməlidir ki, Daşınmaz Əmlakın Dövlət reyestri xidməti mübahisəli daşınmaz əmlakı qeydiyyata alarkən bir çox qanunsuzluqlara yol vermişdir. Belə ki, 40 ildən çox, 50 ilə yaxın müddətdir ki, mübahisəli torpaq sahəsi hüquqlarını müdafiə etdiyi Cavabdeh və onun ailə üzvlərinin istifadəsindədir. Reyestr xidmətinin əməkdaşları isə ən azından İddiaçı adına çıxarış verərkən mübahisəli torpaq sahəsinin zəbt olunmuş olmasını görmüşlər. Yəni ki, həmin sahə Cavabdeh istifadəsində olmaqla, hasarın daxilində olmuşdur. Qanunvericilikdə isə birbaşa göstərilmişdir ki, torpaq sahəsinə dair şəxslər arasında mübahisə vardırsa, həmin mübahisə məhkəmə qaydasında həll edilməyənədək torpağa çıxarış verilməməlidir. Halbuki həmin sahənin hüquqlarını müdafiə etdiyi şəxsə məxsus olması mövcud kifayət qədər olan sənədlər ilə öz təsdiqini tapır. Həmçinin 7 mart 2016 cı il tarixli, 818 nömrəli torpaq münasibətlərinin tənzimlənməsinə dair fərmana əsasən qeyd edilən məsələlər əslində öz həllini tapmışdır. Həmin fərmana əsasən torpaq sahəsi üzrə işləri görən, əvvəllər mövcud olmuş iki idarə ləğv edilmiş və bütün baza məlumatları daşınmaz əmlakın dövlət reyestri xidmətinə verilmişdir. Fərmanda o da nəzərdə tutulmuşdur ki, kim faktiki olaraq haranı istifadə edirsə, o şəxsə həmin yerə dair mülkiyyət sənədi verilməlidir. Cavabdeh heç kimin yerində gözü yoxdur. Yalnız özünə məxsus yeri istəyir. Reyestr xidməti qeyd edir ki, Cavabdeh İddiaçı məxsus torpağın 5 sot hissəsinə girmişdir. Əgər elədirsə idarə hüquqlarını müdafiə etdiyi şəxsə də məxsus 5 sot torpağın harada olmasını göstərməlidir. Mübahisəli torpaq sahəsi əzəldən Cavabdeh ailə üzvlərinə məxsus olub. Daha sonra yaxınlıqda olan köhnə hamam adlanan ərazinin torpaq sahəsi müxtəlif şəxslərə satılmışdır. Mübahisəli 5 sot torpaq sahəsi isə həmin dövrdən hasara alınmaqla istifadədə olmuşdur. Bu isə o deməkdir ki, əzəldən istifadədə olan torpaq sahəsi başqa şəxsə satıla bilməzdi və satılmamışdır. Reyestr xidməti həmin sahəyə İddiaçı üçün çıxarış verərkən torpağın zəbtdə olduğunu nəzərə almadan, həmçinin zəbtin səbəbini belə araşdırmadan birbaşa çıxarış vermişdir. Orqanın bu hərəkəti qanunun 23-cü maddəsinin birbaşa ziddinədir. İddianın mahiyyətindən belə çıxır ki, Cavabdeh İddiaçı məxsus torpağın 5 sot hissəsini gedib zəbt edib həyətinə qatmışdır. Halbuki bu hadisə baş verməmişdir. Hətta lazım gələrsə yenidən məhkəmə ekspertiza təyin edilərək yenidən ölçü işləri aparıla bilər. Mülki Məcəllənin 178.5-ci maddəsində qeyd edilmişdir ki, əgər daşınmaz əmlakın dövlət reyestrində əsassız qeydə alınmış mülkiyyətçi qeydəalmanın əsassız olduğunu bilməyərək, torpaq sahəsinə 10 il ərzində fasiləsiz və etirazsız sahiblik etmişsə, həmin şəxs bu torpaq sahəsinin mülkiyyətçisi sayılır. Qeyd olunan maddi hüquq norması tətbiq edilərsə mübahisəli sahə Cavabdeh verilməlidir. Odur ki, işin ədalətli həlli üçün ilk iddia rədd edilməli, qarşılıqlı iddia isə təmin edilməklə alğı-satqı müqaviləsi ləğv edilməli, yenidən ölçü işləri aparılmaqla hər kəsə öz torpaq sahəsi verilməlidir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilk iddia təmin, qarşılıqlı iddia isə rədd edilməməlidir. İş materiallarında olan AN ******* saylı, 28 dekabr 2017-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı X1 şəhəri, Nizami küçəsi ünvanında yerləşən ümumi sahəsi 2700 kv/m olan torpaq sahəsini alıcı İddiaçı satmışdır. İş materiallarında olan ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli, **********98 reyestr nömrəli çıxarışın surətindən görünür ki, ünvan 2ndə yerləşən 0.27 ha sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaq sahəsi İddiaçı adına mülkiyyət hüququ əsasında daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Naftalan şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən 06 “A” literli tikilidən ibarət yaşayış evi Cavabdeh adına mülkiyyət hüququ əsasında qeydə alınmışdır. İş materiallarında olan 07 aprel 2022-ci il tarixli Naftalan Bələdiyyəsi tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh mərhum atası X3 adına H.Z.Tağıyev küçəsində 2534 kv.m torpaq sahəsi var və həmin torpaq sahəsi hal-hazırda qızı Cavabdeh istifadəsindədir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş 31 mart 2023-cü il tarixli, 3-21-3-46/2-1497/2023 nömrəli mütəxəssis rəyində qeyd edilmişdir ki, xx.xx.2018-ci il tarixli, ******* saylı çıxarışa əsasən İddiaçı mülkiyyətində olan ünvan 2ndə yerləşən 0.27 hektar torpaq sahəsi, onun faktiki naturada istifadə etdiyi torpaq sahəsi ilə qismən üst-üstə düşür. Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində ******* saylı çıxarışla İddiaçı mülkiyyətinə verilmiş 0.27 ha torpaq sahəsinin 0.0540 ha hissəsini Cavabdeh istifadə edir. xx.xx.2003-cü il tarixli, 982 saylı qeydiyyat vəsiqəsinə əsasən Cavabdeh mülkiyyətində olan Naftalan şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən fərdi yaşayış evi xx.xx.2018-ci il tarixli, ******* saylı çıxarışa əsasən İddiaçı mülkiyyətində olan ünvan 2ndə yerləşən 0.27 hektar torpaq sahəsinin üzərində yerləşmir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 30 may 2023-cü il tarixli, 10/2726 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, müqayisəli torpaq sahəsinin koordinatarı naturada təyin edilərək TEKUİS məlumat bazasına əsasən müqayisə edilmişdir. İddiaçı mülkiyyətinə verilmiş 0.27 ha torpaq sahəsinin 0.0540 ha hissəsini Cavabdeh istifadə etdiyi müəyyən edilmişdir. xx.xx.2003-cü il tarixli 982 saylı qeydiyyat vəsiqəsinə əsasən Cavabdeh mülkiyyətində olan Naftalan şəhəri H.Z.Tağıyev küçəsində yerləşən fərdi yaşayış evinin, xx.xx.2018-ci il tarixli ******* saylı çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Naftalan şəhəri, Nizmai küçəsində yerləşən 0.27 hektar torpaq sahəsinin üzərində yerləşmədiyi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsininə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci bəndində əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin 2-ci bəndinə əsasən özbaşına tutulmuş, zəbt olunmuş torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətə gətirilməsi (orada olan binaların, tikililərin, qurğuların da sökülməsi daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsi ilə nəzərdə tutulan mülki qanunvericiliyin prinsiplərindən biri də mülkiyyətin toxunulmazlığıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Eyni Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 170.2-ci maddəsinin tələbinə görə qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Qeyd edilən hüquq normalarına görə mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Qanunvericiliyin tələbinə görə ilk növbədə mübahisəli əmlakın iddia edən şəxsin mülkiyyətində olub-olmaması, həmin əmlakın digər şəxsin (şəxslərin) sahibliyində olubolmaması və bu sahibliyin qanunsuz olub-olmaması müəyyən olunmalıdır. Məhkəmə ilk iddiaya münasibətdə qeyd edir ki, iş materiallarına əlavə edilmiş ekspert rəyi ilə iddianın əsaslı olması qənaətinə gəlinir. Belə ki, qeyd edilən rəydən görünür ki, İddiaçı mülkiyyətinə verilmiş 0.27 ha torpaq sahəsinin 0.0540 ha hissəsi faktiki olaraq Cavabdeh istifadəsindədir. Həmçinin nəzərə alınmalıdır ki, Cavabdeh faktiki istifadə etdiyi torpaq sahəsinə dair heç bir hüquqmüəyyənedici sənədi möcud deyildir. Bu isə onu deməyə əsas verir ki, İddiaçı məxsus torpaq sahəsinin müəyyən bir hissəsi Cavabdeh sahibliyindədir və bu sahiblik qanunsuzdur. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Odur ki, ilk iddia təmin edilməli, Cavabdeh İddiaçı mülkiyyətinə verilmiş 0.27 ha torpaq sahəsinin 0.0540 ha hissəsindən çıxarılmalı və torpaq sahəsinin qeyd olunan hissəsi qanuni sahibinə qaytarılmalıdır. Məhkəmə qarşılıqlı iddiaya münasibətdə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsində qeyd edilmişdir ki, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 423-cü maddəsində qeyd edilmişdir ki, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Qeyd olunmalıdır ki, məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Bu səbəbdən məhkəmə ilk olaraq iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ”L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007- ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 8 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Qeyd edilən maddi hüquq normaları onu deməyə əsas verir ki, müqavilənin ləğv edilməsi barədə iddia tələbini yalnız həmin müqavilənin tərəfi olmuş şəxlər irəli sürə bilərlər. Göründüyü kimi Cavabdeh satıcı X9 ilə alıcı İddiaçı arasında bağlanmış 28 dekabr 2017-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin tərəfi olmadığından qarşılıqlı iddianın predmeti olan iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi də qəbul edilə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, mütəxəssis rəyinin verilməsi üçün 95 (doxsan beş) manat pul vəsaiti İddiaçı tərəfindən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin müvafiq hesabına ödənilmişdir. Odur ki, ilk iddia təmin, qarşılıqlı iddia rədd edildiyindən məhkəmə xərcləri Cavabdeh aid edilməli və ondan ekspertiza tədqiqatının dəyərinə görə 100 ( bir yüz) manat pul vəsaiti alınaraq X2 ((kod:210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ********************, SVİFT BİK- CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE ********************) hesabına, həmçinin mütəxəssis rəyinin dəyərinə görə ödənilmiş 95 (doxsan beş) manat pul vəsaiti alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlk iddia təmin edilsin. Cavabdeh İddiaçı məxsus ünvan 2ndə yerləşən 0.27 ha torpaq sahəsinin 0.0540 ha hissəsindən çıxarılsın. Qarşılıqlı iddia rədd edilsin. Cavabdeh iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərinə görə 100 (bir yüz) manat pul vəsaiti alınaraq X2 ((kod:210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ********************, SVİFT BİK-CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE ********************) hesabına ödənilsin. Cavabdeh mütəxəssis rəyinin dəyərinə görə ödənilmiş 95 (doxsan beş) manat pul vəsaiti alınaraq İddiaçı verilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Naftalan Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. X15
Məhkəmə qərarları › İş №2(052)-85/2023
Naftalan Şəhər Məhkəməsi Qətnamə — İş №2(052)-85/2023
20.07.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver