Məhkəmə qərarları › İş №2(053)-1054/2025

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-1054/2025

20.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-1054/2025 20.10.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Qasımzadə Ləman Fəxrəddin qızının sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 9200 (doqquz min iki yüz) manat pulun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 112 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Neftçala Rayon Dövlət Yanğından Mühafizə Hissəsində 2018-ci il tarixdən 2024-cü ilədək rəis vəzifəsində xidmət etmişdir. Xidmət etdiyi dövrdə hazırki iş üzrə cavabdeh X1 ilə işçi və rəis münasibəti yaranmış aralarında olan inam əsasında bir biriylə dəfələrlə ayrı-ayrı mövzularda müəyyən sözlər, vədlər verilmiş sözünü və vədini vaxtında tutaraq bir-birilərində inam yaratmışlar. Cavabdeh ona 2024-cü ilin aprel ayının 16-da müraciət edərək özünə pambıq becərmək üçün 7000 (yeddi min) manat məbləğdə pul vəsaitinin lazım olduğunu bildirmişdir. O da ona bu qədər pulu necə qaytaracağını soruşduqda o ona ailə üzvlərinə məxsus torpaq sahəsində əkinçilik təsərrüfatı ilə məşğul olduqlarını, həmin torpaq sahəsində pambıq, qarpız və taxıl bitkiləri əkilib və becərilməsi üçün sərf edəcəyini, aldığı pulu isə 2024-cü ilin iyul ayının sonunda biçin başa çatdıqdan sonra qaytaracağını bildirmişdir. O da ona inanaraq istədiyi məbləğdə Azərbaycan manatının olmadığı üçün ona 4000 dollar yəni 6800 manat məbləğdə pulu vermis, həmin zaman özü onun dilindən borc öhdəliyi haqqında yazılı iltizam almış, 3 nəfərin iştirakı ilə pulu vermişdir. Cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Neftçala Rayon Dövlət Yanğından Mühafiza Hissəsinin 109 saylı bölməsinda Sürücü vəzifəsində hazırda xidmət edir. Pulu aldıqdan təxmini bir ay sonra İbadulla axşam saatlarında ona mobil telefon vasitəsilə əlaqə saxlayaraq görüşmək istədiyini bildirmiş , o da onu yaşadığı evə dəvət etmişdir. O onun yaşadığı ünvana gəlmiş və işlərini tamamalaya bilmədiyini, qarpız bitkisinin əkininin yarımçıq qaldığını, ona yenidən 3500 (üç min beş yüz manat) pul vəsaitinin lazım olduğunu demişdir. O da evdə olan pulundan ona lazım olan məbləği vermişdir. Daha sonra o İbadullanın özünə məxsus BMW markalı avtomobili ilə avtoqəza keçirdiyini və pulunu ora istifadə etdiyini öyrənmişdir. Sonra 2024-cü ilin iyul ayının sonlarında İbadulladan verdiyi pul vəsaitinin ona qaytarmasını istəmiş, o isə müxtəlif bəhanələr gətirərək verdiyi sözü tutmamış, müəyyən vaxt istədiyini bildirirmişdir. Ayrı-ayrı vaxtlarda o ondan pulunu istəmiş, o da eyni qaydada bəhanələrlə sözünü tutmamış, imzaladığı iltizamın məsuliyyətindən boyun qaçırmışdır. Daha sonra onun ona ümumi 10300 məbləğdə olan borcundan ayrı-ayrı vaxtlarda hissə hissə olmaqla 1100 manatını qaytarmışdır. Hazırki vaxtda cavabdehin ona 9200 manat borcu qalmışdır. Hər dəfə mobil telefon vasitəsilə əlaqə saxlayarkən o yenə müxtəlif bəhanələr gətirərək öhdəliyini yerinə yetirməmişdir. Dəfələrlə onun atası Yadulla ilə əlaqə saxlamış, o da eyni qaydada müxtəlif vədlər vermiş, İbadullanın pulu qaytaracağını bildirmişdir. Lakin hazırki günə qədər onun tərəfindən ona 1100 manat puldan başqa pul qaytarılmamışdır. Son zamanlar mobil telefon zənglərindən də imtina etmişdir. O, isə "whatsapp" sosial şəbəkəsi vasitəsilə onunla əlaqə saxlayaraq pulunu istəmişdir. O da pulunu qaytaracağını bildirmiş, o isə onun yazdıqları sms mətnlərinin ekran görüntüsünü etiraf məzmunlu telefonun yaddaşında saxlamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçıdan 4000 ABŞ dolları, 3500 manat borca pul götürmüşdür. Lakin həmin pulları qaytarmışdır. İddiaçıya borcu qalmamışdır. 4000 ABŞ dollarını sənədə imza ataraq götürmüşdür. Daha sonra hissə-hissə qaytarmış, 3500 manatı da mal-qara alıb satmaq üçün alımış, sonradan heyvanları sataraq onu da qaytarmışdır. Əlyazmada olan imza ona aiddir. Məhkəmə tərəflərin izahatlarını dinləyib,təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan əlyazmadan müəyyən edilir ki, İddiaçı xx.xx.2024-cü il tarixdə pambıq becərmək üçün Cavabdeh 4000 ABŞ dolları vermiş, Cavabdeh isə aldığı 4000 ABŞ dollarını xx.xx.2024-cü il tarixədək qaytarcağını qeyd etmişdir. Əlyazma İddiaçı, Cavabdeh, Rüfət Qorçiyev tərəfindən imzalanmışdır. iş materiallarında olan whatsapp yazışmalarından müəyyən edilir ki, Cavabdeh İddiaçı 4000 ABŞ dolları və 3500 manat borcu olduğunu etiraz edir və qaytaracağını bildirir. Cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli və xx.xx.2025-ci il tarixli qəbzlərə əsasən müvafiq olaraq 500 manat və 300 manat pul iddiaçının kart hesabına köçürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Mülki qanunvericilik normalarından görünür ki, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri əsassız varlanmadır. Əsassız varlanma hər hansı hüquqi əsas olmadan başqa şəxsin hesabına əmlak əldə edilməsi halında yaranır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı xx.xx.2024-cü il tarixdə pambıq becərmək üçün Cavabdeh 4000 ABŞ dolları vermiş, Cavabdeh isə aldığı 4000 ABŞ dollarını xx.xx.2024-cü il tarixədək qaytarcağını qeyd etmişdir.Həmçinin iddiaçı cavabdehə 4000 ABŞ dollarından başqa 3500 manatda borc vermişdir. Bu whatsapp yazışmaları, həmçinin cavabdehin həmin pulu ona verməsinə dair etirafı ilə təsdiqlənir. Yəni cavabdehin iddiaçıdan 4000 ABŞ dolları və 3500 manat borc götürməsi işin mübahisəsiz halıdır. Cavabdeh isə həmin borcunu hamsını qaytardığını bildirir. Cavabdeh borcunun 800 manatını qaytardığını təsdiq edən qəbzlərə məhkəməyə təqdim etmiş, iddiaçı da həmin borcdan 1100 manat qaytarıldığını, qalan 9200 manatın qaytarılmadığını qeyd edir. Cavabdeh borcunun qalan hissəsini qaytarmağını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən məhkəmə borcunu qaytarması ilə bağlı dediklərini cavabdehin borcundan yayınmaqla bağlı bəhanə kimi qəbul edir. Cavabdeh İddiaçı 9200 manat məbləğində pulunu qaytarmamaqla əsassız olaraq varlanmışdır və qanunvericiliyin tələbinə müvafiq olaraq varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 9200 (doqquz min iki yüz) manat pul tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, iddianın dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddia tələbi təmin edildiyindən, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 112 (yüz on iki) manat pul cavabdehdən tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 9200 (doqquz min iki yüz) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 112 (yüz on iki) manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ləman Qasımzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar