Məhkəmə qərarları › İş №2(053)-1055/2023

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-1055/2023

28.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-1055/2023 28.11.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Neftçala rayon Aqrar İslahat Komissiyasının 28 sentyabr 2022-ci il tarixli 64 saylı qərarı əsasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Neftçala Rayon Şöbəsi tərəfindən 22 iyun 2006-cı ildə verilmiş JN – 1632F, KOD 80701004 nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə ilə mərhum qardaşı X7 məxsus olan və Neftçala şəhəri, Nizami küçəsi ünvanında yerləşən 0,05 ha həyətyanı torpaq sahəsindən ibarət mirasın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi işin məhkəmə baxışı zamanı ərizəsini müdafiə edərək bildirmişdir ki, mərhum qardaşı X9 22 oktyabr 1938-ci ildə Neftçala şəhərində doğulmuş və Neftçala şəhərində yaşamışdır. Mirqabil ailə qurmamış, subay olmuş və 22 iyun 2000-ci ildə dünyasını dəyişmişdir. Mirqabilin yaşadığı Neftçala şəhəri, Nizami küçəsində 1948-ci ildə inşa edilmiş 5 saylı binada yerləşən, ümumi sahəsi 30,51 kv.m, yaşayış sahəsi 22,6 kv.m olan birmərtəbəli fin tipli, iki otaqdan ibarət 1 saylı mənzil və mənzilin yerləşdiyi ümumi sahəsi 0,05 ha olan həyətyanı torpaq sahəsi onun ölümündən sonra miras qalmışdır. Sözügedən miras əmlaklardan biri olan mənzilə onun və mərhum bacısı X5 qanun üzrə vərəsəlik hüququ tanınmış və notariusun verdiyi 16 fevral 2006-cı il tarixli, 2.4/04 reyestr nömrəli şəhadətnaməyə əsasən payları müəyyən edilmişdir. Bundan sonra, yəni 02 iyun 2006-cı il tarixli, 4Ə/32 reyestr nömrəli bağışlama müqaviləsi əsasında mənzili oğlu X14 hədiyyə etmişlər. Mənzil 13 iyun 2006-cı il tarixli MN seriyalı ******* nömrəli Çıxarışla oğlu X10 mülkiyyətindədir. Hal-hazırda həmin mənzildə yaşayırlar. Qeyd edir ki, mənzilin vərəsəlik yolu ilə sənədləşdirilməsi zamanı onun yerləşdiyi, miras qalmış 0,05 ha həyətyanı torpaq sahəsinin hüquq müəyyənedici sənədləri olmadığından sözügedən torpaq sahəsi bu sənədləşmədən kənarda qalmışdır. Sonradan Neftçala rayonunda həyətyanı torpaq sahələrinin kütləvi sənədləşdirilməsi işləri aparılmış və nəhayət Neftçala rayonu Aqrar İslahat Komissiyasının 28 sentyabr 2022-ci il tarixli 64 saylı qərarı əsasında həmin torpaq sahəsi 22 iyun 2006-cı ildə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Neftçala Rayon Şöbəsi tərəfindən mərhum qardaşı X6 adına sənədləşdirilmiş və bu barədə JN – 1632F, KOD 80701004 nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə verilmişdir. Ərizəçi həmçinin qeyd edir ki, qardaşı Mirqabilin ölümündən sonra həmin mirası qəbul etməklə onun faktik sahibliyini və idarə edilməsini də özü həyata keçirmişdir. Hal-hazırda da ailə üzvləri ilə birlikdə həmin torpaq sahəsində yerləşən mənzildə yaşayır. Miras əmlak olan həmin torpaq sahəsinə dair vərəsəlik şəhadətnaməsinin verilməsi üçün 11 avqust 2023-cü il tarixdə Salyan regional «ASAN xidmət» mərkəzi notariat ofisinə müraciət etmişdir. Müraciətinə cavab olaraq Salyan regional «ASAN xidmət» mərkəzi notariat ofisinin xüsusi notariusu X26 tərəfindən mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddəti ötürməsi əsas gətirilərək ona vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina edilmişdir. Notariusun imtinasını əsassız sayır və hesab edir ki, qeyd edilən miras əmlakın tərəfindən faktik olaraq qəbul edilməsini kifayət qədər təsdiq edən hallar mövcuddur. Qeyd edilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəsinin təmin olunmasını xahiş edir. Məhkəmə ərizəçini dinləyib sənədləri və işin faktik hallarını araşdırıb, işin məhkəmə baxışı zamanı araşdırılmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Ərizəçinin şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, o, Neftçala rayonu, Böyük Oriyat kəndində doğulub və hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Neftçala Rayon Şöbəsi tərəfindən 22 iyun 2006-cı ildə verilmiş Nt-1632 nömrə ilə kitabda qeydə alınmış JN seriyalı 1632F nömrəli, 80701004 kodlu «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin surətindən görünür ki, şəhadətnamədə göstərilən sərhədlər daxilində yerləşən 0,05 hektar həyətyanı torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün Neftçala rayonu Aqrar İslahat Komissiyasının 28 sentyabr 2022-ci il tarixli 64 saylı qərarı ilə Neftçala şəhər sakini X6 mülkiyyətinə verilmişdir. Şəhadətnamədən həmçinin görünür ki, ümumi sahəsi 510,4 kv.m olan həmin torpaq sahəsinin 84,5 kv.m-lik hissəsində yaşayış evi və 40.9 kv.m-lik hissəsində başqa tikililər olmaqla tikinti altında olan hissəsi 125,5 kv.m təşkil edir. Ölüm haqqında şəhadətnamənin surəti ilə müəyyən olunur ki, X9 22 iyun 2000-ci ildə ölmüşdür. «Doğum haqqında» şəhadətnamələrin surətlərindən görünür ki, X9 22 oktyabr 1938-ci ildə, Ərizəçi xx xxxxxx 1946-cı ildə Neftçala rayonunda doğulmuşlar. X1, anaları isə X20 olmaqla hər ikisinin valideynləri eynidir. Neftçala rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 02 avqust 2023-cüil tarixli arayışdan görünür ki, X9 öldüyü 22 iyun 2000-ci il tarixədək subay olmuşdur. Neftçala Rayon İcra Hakimiyyəti başçısının Neftçala şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 10 avqust 2023-cü tarixli 2940 nömrəli vərəsəlik arayışından görünür ki, Ərizəçi qardaşı X2 22 iyun 2000-ci il tarixdə vəfat etmişdir. Onun sonuncu daimi yaşayış yeri ünvan 3 ünvanı olmuşdur. Atası və anası vəfat etmişdir. X2 vəfat edəndən sonra aşağıdakı vərəsələri qalmışdır: 1. Ərizəçi, xx.xx.1946 – qardaşı; 2. X11 – xx.xx.2005-ci ildə vəfat edib – qardaşı; 3. Kərimova (Cavadova) Mirbacı Mirxalıq qızı – xx.xx.2018-ci ildə vəfat edib – bacısı. Qeyd olunanlardan başqa digər vərəsələri yoxdur. X3 vəfat edəndən sonra ondan miras qalmış əmlakı faktik olaraq qardaşı Ərizəçi qəbul etmiş, kommunal xərcləri də ödəməklə təsərrüfatı o, idarə edir. Neftçala rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 10 avqust 2023-cüil tarixli arayışdan görünür ki, X13 24 fevral 2018-ci ildə Neftçala şəhərində ölmüşdür. AZ-İ seriyalı 062353 nömrəli «ölüm haqqında» şəhadətnamənin surətindən görünür ki, X11 13 aprel 2005-ci ildə Neftçala şəhərində ölmüşdür. Salyan regional «ASAN xidmət» mərkəzi notariat ofisinin xüsusi notariusu X21 X8 ünvanladığı 11 avqust 2023-cü il tarixli 446g nömrəli imtina məktubunda aşağıdakılar qeyd olunub: «Sizin xx.xx.2023-cü il tarixdə Maraqlı şəxs2nə xx.xx.2000-ci ildə vəfat etmiş mərhum qardaşınız X4 miras qalan əmlaka dair vərəsəlik şəhadətnaməsi verilməsi ilə bağlı etdiyiniz müraciətə cavab olaraq bildiririk ki, Mülki Məcəllənin 1256-cı maddəsinə əsasən mirasın qəbulu üçün müəyyən edilmiş ötürmüsünüz. Qeyd olunan səbəbdən vərəsəlik şəhadətnaməsi verilməsindən imtina edirik». Beləliklə işin ərizəçinin bildirdikləri və işin s. faktik halları ilə ərizəçinin qardaşından miras qalmış daşınmaz əmlakı qəbul etdiyi görünür. Belə ki, Azərbaycan Respublikası MM-nin 1243-cü maddəsinə əsasən “1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir”. İşin hallarından görünür ki, Ərizəçi mərhum qardaşı X4 miras qalmış, JN seriyalı 1632F nömrəli, 80701004 kodlu «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnaməyə aid olan və Neftçala şəhəri, Nizami küçəsində yerləşən 0,05 hektar həyətyanı torpaq sahəsini notarial qaydada qəbul etmək üçün notariat ofisinə qanunla müəyyən edilmiş müddəti buraxmaqla müraciət etdiyinə baxmayaraq, qardaşı X6 ölümündən bilavasitə sonra, yəni qanunla müəyyən edilmiş müddət çərçivəsində həmin torpağa sahiblik etməyə və onu idarə etməyə faktik başlamış və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. Göstərilənlərə əsasən ərizəçinin mirası qəbul etməsi halı müəyyən edilmiş sayılmalıdır. Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsinə əsasən məhkəmə «mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin» müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən «Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın». Ərizənin mahiyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, ərizəçi müvafiq faktı təsdiq edən sənədləri başqa qaydada ala bilməz. Ona görə də ərizə təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 307, 311, 357 – 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin olunsun. Neftçala rayon Aqrar İslahat Komissiyasının 28 sentyabr 2022-ci il tarixli 64 saylı qərarına əsasən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Neftçala rayon şöbəsi tərəfindən 22 iyun 2006-cı ildə verilmiş və Nt-1632 nömrəsi ilə qeydə alınmış, JN seriyalı 1632F nömrəli, 80701004 kodlu «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnaməyə əsasən X2na məxsus olan, Neftçala şəhəri, Nizami küçəsində yerləşən 0,05 hektar həyətyanı torpaq sahəsinin Ərizəçi tərəfindən miras qismində qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən bir ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar