Məhkəmə qərarları › İş №2(053)-1059/2023

Neftçala Rayon Məhkəməsi Qərardad — İş №2(053)-1059/2023

06.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № 2(053)-1059/2023 06.10.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən, Neftçala Rayon Məhkəməsinin hakimi Quliyev Samir İdris oğlu, iddiaçı X2 cavabdeh Neftçala rayon Xolqarabucaq Bələdiyyəsinə qarşı «Neftçala rayon Xolqarabucaq Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, 05(4)-2021 saylı icra sənədinin məcburi icraya yönəldilməsi barədə qərar əsasında tutulmuş 4175 manat vəsaitin qeri qaytarılması» tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı X1 rayon Xolqarabucaq Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək haqqından tutulmuş 3902,40 manat vergi borcu və həmin icra sənədinə əsasən ondan tutulmuş 273,35 manat icra xərci və 62 manat dövlət rüsumunun Neftçala rayon Xolqarabucaq Bələdiyyəsindən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək belə qənaətə gəlirəm ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 149.2.2 -ci maddəsnə əsasən iddia ərizəsində “iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları)”, “iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb”. Azərbaycan Respublikası MPM-nin 50.1-ci maddəsinə əsasən «Prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər». İddia ərizəsi və ona əlavə edilmiş sənədlər prosessual qanunvericiliyin yuxarıda göstərilən tələbinə uyğun deyildir. İddia ərizəsindən görünür ki, iddiaçı X1 rayon Xolqarabucaq Bələdiyyəsinə qarşı iddia qaldırmaqla inzibati orqanın icra sənədi əsasında əmək haqqından tutulmuş vergi borcu, icra xərci və dövlət rüsumunun Neftçala rayon Xolqarabucaq Bələdiyyəsindən tutularaq onun xeyrinə ödənilməsi tələb edir. Mülki-Prosessual qanunvericiliyin yuxarıda istinad edilən müddəalarından isə görünür ki, iddiaçının tələbi inzibati orqanın qərarı əsasında ondan tutulmuş vəsaitin qeri qaytarılması olduğundan bu tələbə Neftçala Rayon Məhkəməsində baxıla bilməz. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən «İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür». Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən «əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə» hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Eyni Məcəllənin 152.2-ci maddəsinə əsasən «iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır». Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən «İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur». Yuxarıda göstərilənlərə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü və 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı X2 cavabdeh Neftçala rayon Xolqarabucaq Bələdiyyəsinə qarşı «Neftçala rayon Xolqarabucaq Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, 05(4)-2021 saylı icra sənədinin məcburi icraya yönəldilməsi barədə qərar əsasında tutulmuş 4175 manat vəsaitin qeri qaytarılması» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Neftçala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar