Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № 2(053)-1063/2023 09.10.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən – Neftçala Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Ərizəçi müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X6, X5, X7, X8, X2 və X1 qarşı «mirasın qəbul edilməsi faktının müəyyən edilməsi» tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİM: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, mərhum əri X3 ilə ümumi birgə mülkiyyətində olan və Neftçala rayonu, Qaraqaşlı kəndində yerləşən, qeydiyyat nömrəsi ********** olan, 16 sentyabr 2020-ci ildə **********07-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmış 0,2128 ha həyətyanı torpaq sahəsində özünə məxsus paya münasibətdə və xüsusi mülkiyyətində olan fərdi yaşayış evinə, həmçinin qeydiyyat nömrəsi ********** olan, 24 may 2023-cü ildə **********34 reyestr nömrəsi ilə qeydiyyata alınmış ümumi birgə mülkiyyətdə olan 2,0206 ha torpaq sahəsində özünün payına olan münasibətdə və qeydiyyat nömrəsi ********** olan, 24 may 2023-cü ildə **********35 reyestr nömrəsi ilə qeydiyyata alınmış ümumi birgə mülkiyyətdə olan 3,2561 ha torpaq sahəsində özünün payına olan münasibətdə torpaq sahəsinə mirasın qəbulu üçün ötürülmüş müddətin üzrlü hesab edilməklə tam olaraq qanun üzrə vərəsə kimi mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərə hesab edirəm ki, ərizə yolverilməz olduğundan onun qəbul edilməsindən imtina olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 305.1.1-ci maddəsinə əsasən məhkəmə «hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında» işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən «Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir». Eyni Məcəllənin 307.2.9-cu maddəsinə əsasən məhkəmə «mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin» müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 306.1 və 306.2-ci maddələrinə əsasən «Məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır», «Xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə baxılır». Ərizənin məzmunundan görünür ki, ərizəçinin məhkəməyə müraciət etməsinin səbəbi mərhum ərindən miras qalmış əmlaklara özünün payına olan münasibətdə mirasın qəbulu üçün ötürülmüş müddətin üzrlü hesab edilməklə qanun üzrə vərəsə kimi mülkiyyət hüququnun tanınmasına nail olmaqdır. Bu növ tələblərə isə xüsusi icraat qaydasında deyil iddia icraatı qaydasında baxılmalıdır. Buna baxmayaraq Ərizəçi məhkəməyə xüsusi icraat qaydasında müraciət etmiş, öz prosessual vəziyyətini «xüsusi ərizəçi» kimi göstərmişdir. Bununla yanaşı, Neftçala rayon notariat ofisinin ərizəçinin özü tərəfindən məhkəməyə təqdim olunmuş 27 iyul 2023-cü il tarixli 221 nömrəli məktubunun məzmunundan görünür ki, vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün zəruri olan sənədlər notariusa təqdim edilməmiş, həmçinin vərəsələr arasında mübahisə mövcuddur (qeyd olunur ki, notariusun yuxarıda göstərilən məktubu ərizəçiyə deyil, hazırkı tələb üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb edilmiş X4 ünvanlanıb). Göründüyü kimi, notariusun vərəsəlik hüququ haqqında şəhadətnamə verməkdən imtinası mirasın qəbul edilməsi üçün qanunvericilikdə nəzərdə tutulan müddətin buraxılması ilə bağlı olmayıb. Belə olan halda ərizəçi vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün ilk növbədə zəruri sənədlərlə birlikdə notariusa müraciət etməlidir. Notarius mirasın qəbul edilməsi üçün qanunvericilikdə nəzərdə tutulan müddətin buraxılması əsası ilə notariat əməliyyatının aparılmasından imtina edəcəyi təqdirdə ərizəçi Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində nəzərdə tutulan xüsusi icraat qaydasında məhkəməyə müraciət edə bilər. Ərizəçinin qanun üzrə vərəsə kimi mülkiyyət hüququnun məhkəmə tərəfindən mövcud vəziyyətdə tanınması da mümkün deyil. Belə ki, şəxsin əmlak üzərində mülkiyyət hüququnun rəsmiləşdirilməsi zəruri sənədlər (o cümlədən vərəsəlik hüququ haqqında şəhadətnamə) təqdim olunduqdan sonra daşınmaz əmlakın dövlət reyestri xidməti orqanları tərəfindən həyata keçirilir. Müvafiq rəsmiləşdirmə aparılmasından əsassız imtina olunacağı təqdirdə isə ərizəçi Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən «iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür». Həmin Məcəllənin 153.2.1-ci maddəsinə əsasən «ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə», hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir». Eyni Məcəllənin 153.3-cü maddəsinə əsasən «Hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir». Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 153.3, 153.4, 153.5, 153.6, 264, 266 – 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizəçi ərizəsi yolverilməz olduğundan onun qəbul edilməsindən imtina olunsun. Ərizəçiyə izah olunsun ki, Azərbaycan Respublikası MPM-nin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Qərardaddan 10 (on) gün müddətində Neftçala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №2(053)-1063/2023
Neftçala Rayon Məhkəməsi Qərardad — İş №2(053)-1063/2023
09.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver