Məhkəmə qərarları › İş №2(053)-1170/2023

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-1170/2023

19.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-1170/2023 19.12.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “Pul tələbinə dair” iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 5.500 manat məbləğində borcun, 75 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı işin məhkəmə baxışı zamanı bildirmişdir ki, ünvan 1 ünvanda yaşayır. Cavabdeh ilə dostunun vasitəsilə tanış olmuşdur. 22 oktyabr 2021-ci il tarixdə Cavabdeh onun yanına gəlib pula ehtiyacı olduğunu deyərək, ona 3000 (üç min) manat pul lazım olduğunu bildirmişdir. Həmin 3000 manat pulu borc olaraq şəxsi problemlərini həll etmək üçün istəmişdir. Cavabdeh pulu iki ay müddətində qaytaracağına söz vermişdir. O da, cavabdehə inanıb, ona 3000 manat pulu borc olaraq vermişdir. Bu barədə cavabdeh ona yazılı qəbz təqdim etmişdir. Bundan sonra cavabdeh qeyd olunan məbləği qaytarmamış və bir müddət telefon zənglərinə cavab verməmiş, hətta telefonu bağlı olmuşdur. Sonradan Cavabdeh 22 dekabr 2022-ci il tarixdə bir daha onlara gələrək böyük problemlərlə üzləşdiyini və yaxınlarda bankdan yüksək məbləğdə kredit götürərək bütün çətinliklərini həll edəcəyini və eyni zamanda borcunu da qaytaracağını söz vermişdir. Cavabdeh bir daha əlavə olaraq ona 2500 manat verməyini xahiş etmiş, o cavabdehə əvvəl verdiyi pulun batmaması üçün yenə də sadəlöhflük edib, inananraq 2500 manat məbləğində pulu ona vermişdir. Bu barədə cavabdeh yenə də ona yazılı qəbz təqdim etmişdir. Bununla da cavabdehin ona ümumilikdə 5500 manat borcu yaranmışdır. Lakin cavabdeh yenə də onu aldadaraq aldığı pulu qaytarmamışdır. Dəfələrlə cavabdehǝ sifariş göndərsə də, zənglər etsə də heç bir nəticəsi olmamışdır. Məcbur qalaraq məhkəməyə müraciət etməli olmuşdur. Göstərilənləri nəzərə alaraq iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh iddianı qismən qəbul edərək bildirmişdir ki, iddiaçı “sələmçilik” fəaliyyəti ilə məşğul olur. Pula ehtiyacı olduğundan iddiaçıdan deyil onun anası Adilə xanımdan ilkin olaraq 2021-ci ildə cəmi 1.000 manat məbləğində pul götürmüşdür. Həmin pul məbləği kartına köçürülmüşdür. Qəbz isə onunla Muxtar arasında yazılmışdır. Məcburiyyətdən borc almış, qəbzə 3.000 manat yazmış və imzalamışdır. Aralarında belə razılaşma olmuşdur ki, hər ay 150 manat faizlə borcunu qaytarmalıdır. İki ay ödəniş etmiş, borcunu ödəyə bilmədiyi üçün 14 ay sonra ikinci dəfə 2.500 manat pulu aldığı barədə qəbz yazıb imzalamışdır. Söz verir ki, borclu olduğu 1.000 manat məbləğində pulu 2024-cü ilin may ayından sonra hissə-hissə ödəyəcəkdir. Eyni zamanda bildirmişdir ki, etdiyi ödənişlərlə bağlı əlində yazılı sübutu yoxdur. Göstərilənlərə əsasən iddianın qismən təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iddiaçını və cavabdehi dinləyib, iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən «Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən «Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın». Eyni Məcəllənin 14.2 və 217.4-cü maddələrinə əsasən «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir», «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Azərbaycan Respublikası Mülki Prosessual Qanunvericiliyinin yuxarıda istinad olunan tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia tələblərinin əsası kimi istinad olunan hallar iddiaçı tərəfindən, iddiaya qarşı etirazın əsası kimi istinad olunan hallar isə cavabdeh tərəfindən sübuta yetirilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli “qəbz” də göstərilir ki, ünvan 2 ünvanında yaşayan, hazırda ünvan 3ci bölüyündə döyüş maşın komandiri vəzifəsində xidmət edən Cavabdeh pula ehtiyacı olduğu üçün Ağcabədi rayonu, H.Əliyev prospekti, ev 145 -də yaşayan İddiaçı 3.000 manat borca pul almış, aldığı borcu 2 ay müddətində qaytaracağına söz vermişdir. Həmçinin iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli “qəbz” də göstərilir ki, 1989-cu il mart ayının 27-də Neftçala rayonu, Bankə qəsəbəsində anadan olmuş və həmin ünvanında yaşayan, hazırda ünvan 5ü bölüyündə döyüş maşın komandiri vəzifəsində işləyən Cavabdeh pula ehtiyacı olduğu üçün Ağcabədi rayonu, H.Əliyev prospekti, ev 45 də yaşayan İddiaçı 2.500 manat borc pul götürmüş, götürdüyü 2.500 manat borc pulu 2 ay müddətinə ödəyəcəyinə söz vermişdir. Həm iddiaçı tərəfin, həm də cavabdehin bildirdiklərindən görünür ki, “qəbzlər”də göstərilən “ünvan 2 ünvanında yaşayan Cavabdeh” sözləri, “xx.xx.2021” rəqəmləri, “3000 manat” sözləri, “xx.xx.2022-ci il”, “2500 manat” sözləri habelə cavabdehin mobil telefon nömrəsi olan “***-***-**-**” və “***-***-**-**” nömrəsi cavabdehin özü tərəfindən (öz xətti ilə) yazılıb. Həm iddiaçı tərəfin, həm də cavabdehin bildirdiklərindən həmçinin görünür ki, “qəbzlər”də əks olunan imza da cavabdehin özünə məxsusdur. Cavabdeh iddiaçının “sələmçilik” fəaliyyəti ilə məşğul olduğunu və iddiaçıdan və ya (anasından) əslində 3.000 manat deyil, 1.000 manat məbləğində pul götürdüyünü bildirdiyinə baxmayaraq (cavabdeh bildirir ki, iddiaçı ondan götürmədiyi, əvvəlki borcuna görə borc olaraq yazıb imzaladığı 2.500 manat pulu ödəməli olduğunu da tələb etmişdir), bu halları işin məhkəmə baxışı zamanı sübuta yetirə bilməmişdir. İddiaçı cavabdehə pul məbləğinin anası tərəfindən deyil özü tərəfindən verildiyini bildirmişdir. Beləliklə işin məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla, o cümlədən yuxarıda göstərilən “qəbzlər”lə, cavabdehin iddiaçıdan ilkin olaraq 3.000 manat, sonra isə 2.500 manat miqdarında borc aldığı müəyyən olunur. Cavabdeh bildirir ki, 1.000 borcunu 2024-cü ilin may ayından sonra hissə-hissə qaytaracaqdır. İddiaçı cavabdehin heç bir ödəniş etmədiyini, sübutları varsa təqdim etməsini bildirmişdir. Azərbaycan Respublikası MPM-nin 106.3-cü maddəsinə əsasən “Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir”. Cavabdeh iddiaçıya müxtəlif vaxtlarda nağd qaydada da müəyyən məbləğlərdə pul verdiyini işin məhkəmə baxışı zamanı bildirdiyinə baxmayaraq, bu halı sübuta yetirə bilməmişdir. Yuxarıda qeyd olunanları və işin s. faktik hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehin iddiaçıdan aldığı borcun 300 manatlıq hissəsini qaytarması halı sübuta yetirilmiş hesab olunmamalıdır. Beləliklə işin məhkəmə baxışı zamanı müəyyən olunur ki, cavabdeh iddiaçıdan iki dəfəyə 5.500 manat miqdarında pul borc almış və aldığı həmin məbləği qaytarmamışdır. Azərbaycan Respublikası MM-nin 425.1-ci maddəsinə əsasən «Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir». Həmin Məcəllənin 739.1, 739.2 və 740.1-ci maddələrinə əsasən «Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür», «Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır», «Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır». Eyni Məcəlləsinin 385.1-ci maddəsinə əsasən «Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Azərbaycan Respublikası MM-nin 442 və 448.1-ci maddələrinə əsasən «Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür», «Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir». Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən «Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur». Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını, habelə cavabdehin üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən 5.500 manat məbləğində pulu tələb etmək hüququna malikdir. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İş materiallarına əlavə edilmiş qəbzlə müəyyən olunur ki, iddiaçı məhkəməyə müraciət etmək üçün bank xidmət haqqı ilə birlikdə dövlət rüsumu kimi 75,40 manat məbləğində (cəmi 76 manat məbləğində) pul ödəyib. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən «Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir». Eyni Məcəllənin 119.1-ci maddəsinə əsasən «Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir». Hazırkı iş üzrə iddia qiyməti, tələb olunan məhkəmə xərcinin məbləği istisna olmaqla 5.500 manat təşkil edir. Hazırkı qətnamə ilə iddianın əsas etibarilə təmin olunduğunu və yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ödənilmiş məhkəmə xərci (75 manat) cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 222, 227, 233, 357 – 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 5.500 (beş min beş yüz) manat məbləğində pul, habelə məhkəməyə müraciət olunması üçün iddiaçı tərəfindən bank xidmət haqqı ilə birlikdə dövlət rüsumu kimi ödənilmiş 75 (yetmiş beş) manat 40 (qırx) qəpiyin (cəmi 76) (yetmiş altı) manatın 75 (yetmiş beş) manatlıq hissəsi tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 01 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar