Məhkəmə qərarları › İş №2(053)-134/2023

Neftçala Rayon Məhkəməsi Qərardad — İş №2(053)-134/2023

17.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № 2(053)-134/2023 17.01.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən - Neftçala Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu, Ərizəçi «doğum faktının müəyyən edilməsinə dair» ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək X1 11 avqust 1946-cı ildə, atası X2 və anası X5 olmaqla doğum faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, ərizə yolverilməz olduğundan onun qəbul edilməsindən imtina olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən «Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir». Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə «doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının» müəyyən edilməsi barədə işlərə baxır. Eyni Məcəllənin 308-ci maddəsinə əsasən «Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın». Ərizəyə əlavə olunan sənəd surətlərindən görünür ki, X4 xx.xx.1946-cı ildə doğulmuş (atası: X8; anası: X5), bununla bağlı Xıllı rayonu, Seyidlər, Uzunbabalı kənd sovetliyi tərəfindən 20 avqust 1946-cı ildə akt qeydləri kitabında 16 nömrəsi ilə qeydiyyat aparılaraq İE seriyalı 710985 nömrəli doğum haqqında şəhadətnamə verilmişdir. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, X1 doğumu faktı qanunla müəyyən edilmiş qaydada qeydə alınıb. Bu səbəbdən eyni faktın məhkəmə tərəfindən yenidən müəyyən edilməsinə heç bir qanuni əsas yoxdur. Ərizənin məzmunundan görünür ki, ərizəçinin məhkəməyə müraciət etməsinin əsl səbəbi müxtəlif sənədlərdə X1 ata adının fərqli yazılması ilə bağlıdır (bəzi sənədlərdə X1 atasının adı “X8”, bəzilərində isə “X3” olmaqla göstərilib. Bunu nəzərə alaraq məhkəmə hesab edir ki, ərizəçi məhkəməyə hazırkı məzmunlu ərizə ilə deyil, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan məzmunlu ərizə ilə müraciət etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən «iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür». Həmin Məcəllənin 153.2.1-ci maddəsinə əsasən «ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə», hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir». Eyni Məcəllənin 153.3-cü maddəsinə əsasən «Hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir». Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 153.3, 153.4, 153.5, 153.6, 264, 266 – 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizəçi ərizəsi yolverilməz olduğundan onun qəbul edilməsindən imtina olunsun. Ərizəçiyə izah olunsun ki, Azərbaycan Respublikası MPM-nin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Qərardaddan 10 (on) gün müddətində Neftçala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar