Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-1423/2025 06.11.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək, cavabdehdən borclu olduğu 600 manat məbləğində pulun və məhkəməyə müraciət etmək üçün ödədiyi 30 manat məbləğində dövlət rüsumunun alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı işin məhkəmə baxışı zamanı iddiasını müdafiə edərək bildirmişdir ki, hazırda ünvan 1ində yaşayır və kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olur. Neftçala rayonu Yuxarı Qaramanlı bələdiyyəsindən icarəyə götürdüyü 12,45 hektar, 18,775 hektar və 18,775 hektar olmaqla, ümumilikdə 50 hektar torpaq sahəsində hər il yonca, arpa, buğda və qarğıdalı əkməklə həmin məhsulları satıb qazanc əldə edir. Bəzən maddi imkanı olan şəxslər məhsulun pulunu yerində ödəyir, bəziləri isə malı satıb ödəyəcəyini bildirir və razılığa gəlirlər. 2024-cü ilin təxminən sentyabr ayının sonu oktyabr ayının əvvəllərində icarəyə götürdüyü torpaq sahəsində pres bağlayan işləyən X1 rayonu, Aşağı Surra kənd sakini Cavabdeh zəng edərək satlıq pres olduğunu bildirmiş və almaq istəyib-istəmədiyini soruşmuşdur. Cavabdeh almaq istədiyini bildirmişdir. Sonra Cavabdeh gəlib yerində presə baxıb bəyənmiş, bir ədədi 3,30 manat olmaqla, 810 ədəd presin alğı-satqısına dair razılaşmışlar. Cavabdeh sahədə olan presi başqa şəxsə satmamasını təkid edib yarım saata gəlib götürəcəyini demişdir. Həmin presin ümumilikdə dəyəri 2.673 manat olmuş, o, cavabdehin 73 manatı ödəməsini istəməmiş, Cavabdeh həmin gün sadəcə ödənilməsinə razılaşdıqları 2.600 manat puldan 1.000 manat ödəniş etmiş, qalan məbləğin ödənilməsini tələb etdikdə, Xəyyam ona presi satacağı adamın kartına pulu ödənilməsini gecikdirdiyini, pul kartına ödənilən kimi saatın neçə olmasından asılı olmayaraq qalan pulu ona çatdıracağını bildirmişdir. O da cavabdehə inanıb razılaşmışdır. Cavabdeh bundan bir həftə sonra borclu qaldığı məbləğdən yaşadığı evin yaxınlığında 1.000 manatı ödəmiş, qalan 600 manatı isə otu, daha sonra avtomobilini satıb ödəyəcəyini bildirmişdir. Cavabdeh avtomobili satıb özünə yeni avtomobil almış, lakin borcunu ödəməmişdir. Sonradan yeni mövsümdə ot satıb pulunu ödəyəcəyini bildirsə də, yenə də borclu olduğu məbləği ödəməmişdir. Bir müddət sonra cavabdehin həmin pulu ödəmək istəmədiyini eşitmişdir. Dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, cavabdeh müxtəlif bəhanələrlə borclu qaldığı pulu ona ödəməkdən yayınır. Bu səbəbdən də o, məhkəməyə iddia ərizəsi ilə müraciət etmək məcburiyyətində qalıb. Göstərilənlərə əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəmənin 07 oktyabr 2025-ci il tarixli hazırlıq iclasında iddianı qəbul etməyərək iddiaçıya heç bir borcunun olmadığını bildirmişdir. Qeyd edir ki, iddiaçı ilə aralarında həqiqətən ot presinin alğı-satqısı ilə bağlı razılıq olmuş və iddiaçıdan 810 ədəd ot presi almışdır. Bunun müqabilində də iddiaçının qeyd etdiyi məbləğdə pulu ona ödəməyi öhdəsinə götürüb. Lakin otu alıb evə gətirdikdən sonra otun müəyyən hissəsi quru olduğundan günün altında qalaraq yanmış və o da buna görə ziyana düşmüşdür. Bu səbəbdən də onun əlində 810 ədəd ot presindən cəmi 526 ədəd qalmışdır. Sahədə ota baxdıqda otun əksər hissəsinin yaş vəziyyətə olduğunu gördüyü üçün otun digər hissələrinin həmin vaxt quru olduğunu bilməmişdir. Bu səbəbdən iddiaçıya borclu olduğu 600 manat məbləğində pulu ona geri qaytarmamışdır. Göstərilənlərə əsasən iddianın rədd olunmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırıldığına baxmayaraq gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cavabdehin məhkəmə baxışı iclasına gəlməməsini üzrsüz sayıb işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. İşin məhkəmə baxışı zamanı iddiaçının vəsatəti ilə şahid qismində dindirilmiş X5 bildirmişdir ki, iddiaçı ilə qonşudur, cavabdehlə isə heç bir tanışlığı yoxdur. O, X4 ilə iddiaçının sahəsində olan ot presini bağlayarkən cavabdeh Cəsarətə zəng vurmuş və ot presi lazım olduğunu bildirmişdir. Cəsarət də ona hazırda iddiaçının ot presini bağladığını və gəlib ot presi ala biləcəyini demişdir. Bundan sonra cavabdeh gəlmiş və otu bəyənərək alacağını bildirmişdir. Həmin sahədə ot presini almaq üçün başqa alıcı olsa da, cavabdeh otun hamısının özünün alacağını deyərək birinin qiyməti 3,30 manat olmaqla, iddiaçı ilə 810 ədəd ot presini almaqla bağlı razılığa gəlmişdir. Ot presində isə heç bir problem olmamış, ot çox yaxşı vəziyyətdə olmuşdur. İşin məhkəmə baxışı zamanı iddiaçının vəsatəti ilə şahid qismində dindirilmiş X4 bildirmişdir ki, iddiaçı ilə qonşudur, cavabdehlə isə tanışlığı var. Cavabdeh Kamaz sürücüsüdür və o da traktor sürdüyü üçün onu sürücü kimi tanıyır. Onlar iddiaçıya məxsus sahədə ot presi bağlayarkən cavabdeh ona zəng vurmuş və ot lazım olduğunu bildirmişdir. O da cavabdehə hazırda iddiaçının ot presini bağladığını, otun satılması ilə bağlı gəlib iddiaçı ilə razılığa gəlməli olduğunu demişdir. Cavabdeh 1 saat sonra gəlmiş və ota baxan kimi bəyənmişdir. Otu aparmağa maşını olmadığı üçün evinə gedib Kamazla gəlmiş və otu da Kamaza dolduraraq götürüb aparmışdır. Lakin cavabdeh otu alan kimi satmamış və onu Kamazda üstü açıq vəziyyətdə saxlamışdır. Otu aldığı günün səhərisi günü yağış yağdığından ota ziyan dəymişdir. Lakin cavabdeh otu sahədən götürüb apardıqda ot çox yaxşı vəziyyətdə olmuşdur. Məhkəmə iddiaçını, cavabdehi və şahidləri dinləyib, iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə olunmuş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların surətlərindən görünür ki, Neftçala rayonu Yuxarı Qaramanlı bələdiyyəsinə məxsus olan, ünvan 1i ünvanında yerləşən və sahələri 18,775 ha, 12,45 ha və 18,775 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahələri 28 dekabr 2023cü ildə İddiaçı icarəyə verilmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsini və s. aidiyyəti müddəalarını rəhbər tutaraq hesab edir ki, iddiaçı tərəfin tələblərinin əsası kimi istinad olunan hallar iddiaçı tərəfindən cavabdeh tərəfin iddiaya qarşı etirazının əsası kimi istinad olunan hallar isə cavabdeh tərəfindən sübuta yetirilməlidir. Azərbaycan Respublikası MPM-nin 106.3-cü maddəsinə əsasən «Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir». Qeyd olunur ki, hazırkı iş üzrə bütün məhkəmə iclaslarının fasiləsiz audio-video yazısı aparılıb. Cavabdeh məhkəmənin 07 oktyabr 2025-ci il tarixli hazırlıq iclasında həqiqətən də iddiaçıdan ot presi aldığını və bunun müqabilində iddiaçıya 600 manat məbləğində pulu ödəmədiyini bildirmişdir. Cavabdeh pulu ödəməməsinin səbəbini otun yararsız və keyfiyyətsiz vəziyyətdə olması ilə izah edir. İşin məhkəmə baxışı zamanı iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X5 və X4 (hər iki şahid iddiaçının ot presini bağlayan şəxslərdir) isə cavabdehin ot presini aldığı zaman ot presinin çox yaxşı vəziyyətdə olduğunu, cavabdehin otu bəyəndiyini bildirmişlər. Bu səbəbdən cavabdehin otun keyfiyyətsiz və yararsız olması ilə bağlı bildirdikləri sübuta yetirilmir. Cavabdeh həmçinin iddiaçıya ot presinin alğı-satqısı müqabilində 600 manat pulu ona vermədiyini də qeyd etmişdir. Göstərilənlərə əsasən cavabdehin iddiaçıdan ümumilikdə 2.600 manat məbləğində ot presi alması, həmin borcdan 2.000 manat məbləğini ona ödəməsi və iddiaçıya 600 manat miqdarında borcu olması halı sübuta yetirilmiş sayılmalıdır. Azərbaycan Respublikası MM-nin 425.1-ci maddəsinə əsasən «Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir». Eyni Məcəllənin 385.1-ci maddəsinə əsasən «Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Azərbaycan Respublikası MM-nin 442 və 448.1-ci maddələrinə əsasən «Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür», «Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir». Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən «Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur». Azərbaycan Respublikası MM-nin 600.1 və 600.4-cü maddələrinə əsasən “Alqısatqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir”, “Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər”. Qanunvericiliyin yuxarıda istinad olunan müddəalarını və işin faktik hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh 600 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilməlidir. İddiaçı məhkəməyə müraciət etmək üçün 30 manat məbləğində dövlət rüsumu ödəyib. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən «Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir». Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən «Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir». İddianın təmin olunduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu məbləği cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən «Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən «Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın». Eyni Məcəllənin 14.2 və 217.4-cü maddələrinə əsasən «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir», «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 357 – 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 600 (altı yüz) manat, habelə iddia ilə məhkəməyə müraciət olunması üçün iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı verilsin. Qətnamədən bir ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №2(053)-1423/2025
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-1423/2025
06.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver