Məhkəmə qərarları › İş №2(053)-152/2025

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-152/2025

21.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-152/2025 21.02.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında audio video yazı istifadə edilməklə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək cavabdehdən 350 manat borc pulun və 30 manat ödənilmiş dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı işin məhkəmə baxışı zamanı iddiasını müdafiə edərək, Neftçala rayonu, Söyüdlü kəndində yaşayan Cavabdeh ona məxsus olan dükanda satıcı işlədiyini bildirmişdir. Əlavə olaraq qeyd etmişdir ki, Nuriyyə dükanda işləyən vaxtlarda ona demişdir ki, anası bankdan kredit götürüb, borcu çoxalıb, 1.450 manat məbləğindədir. Onlara 1.450 manat borc pul versin, hər ay 100 manat qaytarar. O da Nuriyyəni tanıdığından və həm də satıcısı olduğu üçün 1.450 manat dükanda ona pul vermişdir. Sonrada ondan xahiş etmişdir ki, 1.450 manat borc pul almağı və hər ay 100 manat puldan qayataracağı barədə bir qəbz yazsın. Nuriyyə də öz xətti ilə İddiaçı 1.450 manat pul aldığını və hər ay 100 manat qayarmaq şərti ilə qəbz yazmışdır. Cavabdeh verdiyi sözə əməl edərək 2021-ci il sentyabr ayından 2022-ci il iyul ayınadək 1.100 manat pul ödəmişdir. Nuriyyənin borc aldığı 1.450 manat puldan 350 manatı ödənilməmiş qalmışdır. 2022-ci ilin iyul ayından bu günə kimi dəfələrlə 350 manat pulu ödəməsi barədə məlumatlandırılsa da, lakin o, hər dəfədə müxtəlif bəhanələr gətirərək pulu ödəməkdən yayınmışdır. O, könüllü olaraq 350 manat qalıq borcu ödəmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən iddiasının təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımı məlumat verilmiş cavabdeh məhkəmə iclaslarına gəlməmiş, 21 yanvar 2025-ci il tarixdə ərizə göndərərək məhkəmə baxışı iclasında Lənkəran şəhərində ailə qurub yaşadığı üçün iştirak edə bilməyəcəyini, işə onun iştirakı olmadan baxıb iddianın təmin edilməməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçını dinləyib, toplanmış materialları tədqiq edib, araşdırılmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən «Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən «Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın». Eyni Məcəllənin 14.2 və 217.4-cü maddələrinə əsasən «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir», «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Azərbaycan Respublikası mülki-prosessual qanunvericiliyinin yuxarıda istinad olunan tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia tələblərinin əsası kimi istinad olunan hallar iddiaçı tərəfindən, iddiaya qarşı etirazın əsası kimi istinad olunan hallar isə cavabdeh tərəfindən sübuta yetirilməlidir. İş materiallarına əlavə edilmiş 21 yanvar 2025-ci il tarixli ərizənin məzmunundan görünür ki, cavabdeh iddianı qəbul etmədiyini bildirsə də əslində iddia tələbini etiraf etmişdir. Lakin o, iddiaçıya borlu qaldığı 350 manatı etiraf etsə də iddiaçıya olan 350 manat borcu qaytarmamasının səbəbi kimi işlədiyi 1 ay 17 günün haqqını iddiaçının ona vermədiyi ilə izah etmişdir. O, həmçinin qeyd edir ki, bu halda iddiaçı ona borclu qalmış, son danışıqları belə olmuşdur ki, vermədiyi maaşı borcla əvəz etsin və belə razılaşmışlar. Lakin 7 ay keçdikdən sonra iddiaçı ona zəng edib pulunu istəmişdir. Bu səbəbdən cavabdeh hazırkı iddia tələbinə münasibət bildirərək iddianın əsassız olduğundan təmin olunmamasını xahiş etmişdir. Həm iddiaçı tərəfin, həm də cavabdehin bildirdiklərindən həmçinin görünür ki, Cavabdeh İddiaçı 350 manat məbləğində borcu vardır. Cavabdeh hazırda iddiaçının ona 1 ay 17 gün işlədiyinin müqabilində borcu olduğunu bildirdiyinə baxmayaraq bu halları işin məhkəmə baxışı zamanı sübuta yetirə bilməmişdir. Beləliklə işin məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla, o cümlədən yuxarıda göstərilənlərlə, cavabdehin iddiaçıdan borc məqsədilə pul istəməsi, alması və tam qaytarmaması, 350 manat borclu qalması müəyyən olunur. Azərbaycan Respublikası MPM-nin 106.3-cü maddəsinə əsasən “Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir”. Azərbaycan Respublikası MM-nin 425.1-ci maddəsinə əsasən «Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir». Həmin Məcəllənin 739.1, 739.2 və 740.1-ci maddələrinə əsasən «Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür», «Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır», «Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır». Eyni Məcəlləsinin 385.1-ci maddəsinə əsasən «Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Azərbaycan Respublikası MM-nin 442 və 448.1-ci maddələrinə əsasən «Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür», «Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir». Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən «Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur». Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını, habelə cavabdehin üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən 350 manat məbləğində pulu tələb etmək hüququna malikdir. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İş materiallarına əlavə edilmiş qəbzlə müəyyən olunur ki, iddiaçı məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi 30 manat məbləğində pul ödəyib. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən «Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir». Eyni Məcəllənin 119.1-ci maddəsinə əsasən «Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir». Hazırkı iş üzrə iddia qiyməti, tələb olunan məhkəmə xərcinin məbləği istisna olmaqla 350 manat təşkil edir. Hazırkı qətnamə ilə iddianın əsas etibarilə təmin olunduğunu və yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 222, 227, 233, 357 – 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 350 (üç yüz əlli) manat məbləğində pul və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 01 (bir) ay müddətində Elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetlə Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməzsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar