Məhkəmə qərarları › İş №2(053)-1743/2025

Neftçala Rayon Məhkəməsi Qərardad — İş №2(053)-1743/2025

22.12.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № 2(053)-1743/2025 22.12.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən – Neftçala Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu, iddiaçılar İddiaçı1, Həsənova (Məmmədova) Ülviyyə Müzəffər qızı, Mənəfova (Məmmədova) Rüfanə Müzəffər qızı, İddiaçı4 və İddiaçı5 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsini ona əlavə edilmiş sənədlərlə birlikdə nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı1, Həsənova (Məmmədova) Ülviyyə Müzəffər qızı, Mənəfova (Məmmədova) Rüfanə Müzəffər qızı, İddiaçı4 və İddiaçı5 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı iddia ilə məhkəməyə müraciət edərək, Neftçala rayonu, Xanməmmədli kəndində yerləşən iddiaçıların mülkiyyətində olan 6,35 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdehlərin çıxarılması, onların həmin torpaq sahəsindən qanunsuz istifadə etmələrinin qarşısının alınması və onların qanunazidd hərəkətlərinə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək belə qənaətə gəlirəm ki, ərizə geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 149.2.2-ci maddəsinə əsasən iddia ərizəsində «iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları)» göstərilməlidir. Qeyd olunur ki, iddiaçılar özlərinin və cavabdehlərin şəxsiyyətlərini eyniləşdirməyə imkan verən digər məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi), yaşayış yeri və ya olduğu yer, mobil telefon nömrələrini iddia ərizəsində ümumiyyətlə göstərməmişlər. İddia ərizəsində iddiaçıların və cavabdehlərin şəxsiyyətlərini eyniləşdirməyə imkan verən digər məlumatların (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi), yaşayış yeri və ya olduğu yerin, mobil telefon nömrələrinin göstərilməsi qanunvericiliyin tələbi olduğundan, bu tələbə riayət edilməlidir. Lakin, göründüyü kimi iddiaçılar mülki-prosessual qanunvericiliyin yuxarıda qeyd olunan tələbinə riayət etməmişdir. Eyni zamanda, bu və digər səbəblərə görə iddiaçıların əksəriyyətinin və cavabdehlərin elektron sistemə daxil edilməsi mümkün olmur. Beləliklə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər yuxarıda göstərilən tələblərə uyğun deyil. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən «İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür». Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən «iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə» hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Eyni Məcəllənin 152.2-ci maddəsinə əsasən «iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır». Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən «İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur». Yuxarıda göstərilənlərə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264-cü və 266 – 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı1, Həsənova (Məmmədova) Ülviyyə Müzəffər qızı, Mənəfova (Məmmədova) Rüfanə Müzəffər qızı, İddiaçı4 və İddiaçı5 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçılara izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Neftçala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar