Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-19/2023 23.01.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək, cavabdehdən 9.044 (doqquz min qırx dörd) manat məbləğində pulun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı işin məhkəmə baxışı zamanı iddiasını müdafiə edərək Cavabdeh məxsus, Neftçala şəhərində yerləşən “Lombard Respublika”dan 2019-cu ilin avqust ayında 500 manat məbləğində, hər ay üçün altı kredit faizi olmaqla nağd pul götürdüyünü bildirmişdir. Borcun təminatı kimi özünə məxsus olan əməkhaqqı kartını girov qoymuşdur. Şərtləşmişlər ki, cavabdeh borcunu götürdükdən sonra kartı geri qaytaracaq. Buna baxmayaraq cavabdeh onun əməkhaqqı kartından 01 avqust 2019-cu ildən 24 noyabr 2021-ci ilədək 9.044 manat pul çıxarmışdır. Nə qədər çalışsa da əməkhaqqı kartını və pulunu ondan ala bilməmişdir. Məcbur qalıb cavabdehin qanunsuz hərəkətlərindən polisə şikayət etmişdir. Şikayəti əsasında Neftçala Rayon Polis Şöbəsinin istintaq qrupunda müvafiq araşdırma aparılmış və 25 aprel 2022-ci il tarixdə “cinayət işi başlanmasının rədd edilməsi barədə” qərar qəbul edilmişdir. Həmin qərarla ona məhkəməyə mülki qaydada müraciət etmək hüquqlarının olması izah olunmuşdur. Müraciəti əsasında "xxxx" ASC-nin Neftçala filialından ona təqdim olunan ödəniş kartı üzrə çıxarışda qeyd olunur ki, ona məxsus əməkhaqqı kartından müxtəlif aylarda ümumilikdə 9.044 manat pul məxaric olunub. Qeyd edir ki, əməkhaqqı kartından həmin məbləğ məhz cavabdeh tərəfindən çıxarılmışdır. Bu barədə “video görüntü” də əldə etmişdir. Hesab edir ki, cavabdeh 9.044 manat əməkhaqqı pulunu ona qaytarmalı, o, da cavabdehə olan 500 manat və təxminən 100 manat faizi olmaqla, cəmi 600 manat borcunu cavabdehə qaytarmalıdır. Göstərilənləri nəzərə alaraq iddiasının təmin olunmasını məhkəmədən xahiş edir. Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçı 09 iyul 2019-cu il tarixdə “Lombard Respublika”nın Neftçala filialından 500 manat kredit götürərək əməkhaqqı kartını girov qoymuşdur. 10 sentyabr 2019-cu il tarixədək iddiaçı bu kredit üzrə olan 528 manat məbləği ödəməli idi, lakin həmin dövrdə iddiaçı, 16 iyul 2019-cu il tarixdə ümumi dəyəri 1.920 manat, 07 avqust 2019-cu il tarixdə ümumi dəyəri 1.400 manat, 16 dekabr 2019-cu il tarixdə ümumi dəyəri 640 manat, 26 dekabr 2019-cu il tarixdə 250 manat ilkin ödənişlə ümumi dəyəri 1.100 manat və 23 yanvar 2020-ci il tarixdə ümumi dəyəri 400 manat olmaqla qızıl-zinət əşyaları almış və iddiaçının “Lombard Respublika”nın Neftçala filialına qızıl-zinət əşyaları üçün cəmi 5.210 manat borcu yaranmışdır. Bu qızıl-zinət əşyalarının pulunu da onun əməkhaqqı kartına köçən vəsaitdən götürəcəyi barədə iddiaçı ilə qarşılıqlı razılığa gəlmişlər. 2020-ci ilin sentyabrında iddiaçı ona bildirmişdir ki, işdən çıxıb. Həmin vaxta kimi iddiaçı qızıl-zinət əşyalarının pulunu ödəmiş, lakin əvvəlki borcundan 471 manat borcu qalmışdır. 05 yanvar 2021-ci il tarixdə iddiaçını çağırıb əməkhaqqı kartını ona təhvil vermiş və o, kartı geri alması barədə sənəd imzalamışdır. Sonradan iddiaçıdan borc tələbinə dair iddia ərizəsi ilə Neftçala Rayon Məhkəməsinə müraciət etdiyi üçün iddiaçı onu qorxutmaq məqsədi ilə DİN-nin 102 xidmətinə, Neftçala Rayon Prokurorluğuna yalan və böhtan xarakterli şikayət ərizələri ilə müraciətlər etmişdir. Onun şikayətləri əsasında Neftçala RPŞ-də aparılan araşdırmanın nəticəsi olaraq 04 dekabr 2021-ci il tarixdə “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilsə də, iddiaçı bundan narazı qalaraq Neftçala Rayon Prokurorluğuna müraciət etmiş, təkrar aparılan araşdırmadan sonrada yenə eyni qərar qəbul edilmişdir. Yalnız bundan sonra iddiaçı məhkəməyə müraciət etmişdir. Neftçala RPŞ-nin istintaq qrupunun müstəntiqi Q.Məmmədov tərəfindən qəbul edilmiş 25 aprel 2022-ci il tarixli, “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarda göstərilir ki, iddiaçı DSX-nin X1 rayonu ərazisində yerləşən SMX-də mülki işçi işləmiş, 16 sentyabr 2020-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. 01 avqust 2019-cu il tarixdən, 16 sentyabr 2020-ci il tarixədək, onun əməkhaqqı kartına bağlı olan hesabına 5.267,41 manat əməkhaqqı və digər müavinətlər köçürülmüşdür. İddiaçı ilə əmək müqaviləsinə xitam verildikdən sonra, yəni 16 sentyabr 2020-ci il tarixdən 14 dekabr 2020-ci il tarixədək, onun əməkhaqqı kartına köçürülən 3.775 manat vəsait isə digər alıcılar tərəfindən bu karta köçürülən və onun özünə aid olan vəsaitlərdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş “ödəniş kartı üzrə çıxarış”dan aydın görünür ki, 14 dekabr 2020-ci il tarixdən sonra iddiaçıya məxsus əməkhaqqı kartı üzrə, çıxarışın hazırlanma tarixi olan 24 noyabr 2021-ci il tarixədək heç bir əməliyyat aparılmamışdır. Bu fakt isə sübut edir ki, iddiaçının guya onun əməkhaqqı kartının tərəfindən qanunsuz saxlanması barədə göstərdikləri yalan və böhtandır. Bir daha qeyd edir ki, iddiaçı ilə aralarında vaxtilə qızıl alverindən irəli gələn münasibətlər olmuşdur. Belə ki, o, iddiaçıya qızıl-zinət əşyaları vermiş onların dəyərini ödəmək məqsədilə iddiaçı özü əməkhaqqı kartını ona təqdim etmişdir. İddiaçıya məxsus əməkhaqqı kartı 01 iyul 2019-cu il tarixdən 05 yanvar 2020-ci il tarixədək onda olmuşdur. Həmin müddətdə sözügedən kartı heç kəsə verməmiş, onu yalnız özündə saxlamışdır. Onda olduğu müddətdə iddiaçıya satdığı qızılların müqabilində iddiaçının öz razılığı ilə həmin plastik kartdan ümumilikdə 5.267,41 manat pul çıxarmışdır. Bundan başqa iddiaçı ayrıca olaraq ona satılmış qızılların pulundan 471 manat pulu da nağd şəkildə ona ödəmişdir. Beləliklə, iddiaçı tərəfindən ona ümumilikdə 5.738,41 manat məbləğində pul ödənilmiş və iddiaçının ona heç bir borcu qalmamışdır. Hesab edir ki, iddiaçının ona qarşı iddiası tamamilə əsasızdır. Ona görə də iddianın rədd olunmasını məhkəmədən xahiş edir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını tədqiq edib, araşdırılmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, aşağıda göstərilən səbəblərə görə iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Mülki prosessual qanunvericiliyin yuxarıda göstərilən tələbini rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia tələbinin əsası kimi istinad olunan hallar iddiaçı tərəfindən, cavabdehin iddiaya qarşı etirazının əsası kimi istinad olunan hallar isə cavabdeh tərəfindən sübuta yetirilməlidir. "xxxx" ASC tərəfindən 24 noyabr 2021-ci ildə verilmiş «Ödəniş kartı üzrə çıxarış»dan görünür ki, İddiaçı aid «VSDC Electron Salary» növlü kart hesabından 07 avqust 2019-cu il tarixindən 14 dekabr 2020-ci il tarixinədək olan dövr ərzində müxtəlif vaxtlarda ümumilikdə 9.044,37 manat məbləğində pul məxaric olunub. Müvafiq məxariclərin mütləq əksəriyyəti “ATM Withdrawal KAPS” (bankomat) vasitəsilə həyata keçirilib. Cüzi miqdarda digər məxariclər isə bank hesabından “komissiya” kimi silinib. Cavabdeh məhkəməyə 23 yanvar 2023-cü ildə verdiyi ərizəsində bildirmişdir ki, iddiaçının bank kartı 01 iyul 2019-cu il tarixindən 05 yanvar 2021-ci il tarixinədək olan dövrdə onda (cavabdehdə) olub və həmin dövrdə bank kartı onun (cavabdeh) tərəfindən heç kəsə verilməyib. Cavabdeh bildirir ki, iddiaçı DSX-nin X1 rayonu ərazisində yerləşən SMX-də mülki işçi vəzifəsində işləmiş, 16 sentyabr 2020-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. 01 avqust 2019-cu il tarixindən 16 sentyabr 2020-ci il tarixinədək onun əməkhaqqı kartına bağlı olan hesaba 5.267,41 manat əməkhaqqı və digər müavinətlər köçürülüb. İddiaçı ilə əmək müqaviləsinə xitam verildikdən sonra, yəni 16 sentyabr 2020-ci il tarixdən 14 dekabr 2020-ci il tarixədək, iddiaçının əməkhaqqı kartına köçürülən 3.775 manat isə digər alıcılar tərəfindən bu karta köçürülən və onun (cavabdehin) özünə aid olan vəsaitlərdir. İddiaçı cavabdehin həmin dəlili ilə bağlı bildirmişdir ki, əvvəlki iş yerindən əməkhaqqıdan başqa ödənişlər də alıb. Bu səbəbdən cavabdehin dəlilləri həqiqətə uyğun deyil. Bununla yanaşı, əgər cavabdeh digər müştərilərdən ödənişlər alırdısa, hansı səbəbdən cavabdeh bu ödənişləri öz kartına deyil onun (iddiaçının) kartına etdirirdi? Qeyd olunmalıdır ki, cavabdeh məhkəməyə yuxarıda göstərilən dəlilini təsdiq edə biləcək heç bir sübut təqdim etməyib. Belə olan halda onun istinad etdiyi həmin hal, yəni müvafiq məbləğlərin cavabdehə aid olması halı sübuta yetirilmiş sayıla bilməz. Beləliklə, araşdırılmış sübutlarla müəyyən olunur ki, İddiaçı aid «VSDC Electron Salary» növlü kart hesabından 07 avqust 2019-cu il tarixindən 14 dekabr 2020-ci il tarixinədək olan dövr ərzində müxtəlif vaxtlarda ümumilikdə 9.044,37 manat məbləğində pul məxaric edilmiş, bu dövrdə iddiaçıya məxsus bank kartı cavabdehdə olmuşdur. Müvafiq dövr üzrə iddiaçının bank kartının cavabdehdə olduğunu və cavabdehin özünün bildirdiyinə görə həmin kartı 01 iyul 2019-cu il tarixindən 05 yanvar 2021-ci il tarixinədək olan dövrdə heç bir başqa şəxsə vermədiyini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, 9.044,37 manat məbləğində pul vəsaiti iddiaçıya aid bank kartından məhz cavabdeh tərəfindən məxaric olunub. Bu hal yuxarıda göstərilənlərlə yanaşı, iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş DVD diskdəki videogörüntülərlə də təsdiq edilir. Cavabdeh bildirir ki, iddiaçıya nağd qaydada 500 manat borc, həmçinin müxtəlif vaxtlarda ümumilikdə 5.210 manat dəyərində qızıl-zinət əşyaları verib. Aralarındakı razılığa əsasən cavabdeh yuxarıda göstərilən məbləği (ümumilikdə 5.710 manat) iddiaçının ona təqdim etdiyi bank kartından çıxarmalı idi. Bununla bağlı cavabdeh tərəfindən məhkəməyə aşağıdakı sübutlar təqdim olunub. A4 formatlı vərəqdə iddiaçının şəxsiyyət vəsiqəsinin surəti, onun imzası, lombardın möhürü və diyircəkli qələmlə iddiaçının özü tərəfindən yazılmış «İddiaçı 500 aldım. xx.xx.2019» sözləri əks olunub. Cavabdeh tərəfindən sübut kimi təqdim olunmuş 6 ədəd digər A4 formatlı kağızda iddiaçının şəxsiyyət vəsiqəsinin surəti, müvafiq qızıl-zinət əşyalarının fotoları, onların fərdi keyfiyyətləri və qiymətləri, həmçinin iddiaçının imzaları əks olunub. Bu vərəqlərdə əks olunan qızıl-zinət əşyalarının iddiaçı ilə cavabdeh tərəfindən razılaşdırılmış ümumi dəyəri 5.210 manat təşkil edir (850+1.070+700+700+640+850+190+210=5.210). İddiaçı yuxarıda göstərilən vərəqlərdəki qızıl-zinət əşyalarının həqiqətən də iddiaçıdan aldığını və vərəqlərdəki imzaların onun özü tərəfindən icra olunduğunu etiraf edir. Beləliklə, cavabdehin iddiaçıya 500 manat miqdarında pul və ümumilikdə 5.210 manat dəyərində qızıl-zinət əşyaları verməsi halı sübuta yetirilmiş sayılmalıdır. İddiaçı bildirir ki, cavabdehdən müxtəlif tarixlərdə aldığı qızıl-zinət əşyalarını başqabaşqa şəxslərə daha yüksək qiymətə satmış, satışdan əldə etdiyi pul məbləğindən öz “xeyrini” (qazancını) götürərək, qalan, yəni razılaşdıqları və yuxarıda göstərilən vərəqlərdə əks olunan məbləğləri cavabdehə vermişdir. Qeyd olunmalıdır ki, iddiaçının istinad etdiyi bu halı təsdiq edə biləcək hər-hansı mötəbər sübut məhkəməyə təqdim olunmayıb. Göstərilənləri və işin s. faktik hallarını nəzərdən keçirərək məhkəmə belə qənaətə gəlir ki, iddiaçı cavabdehdən 500 manat miqdarında pul və 5.210 manat dəyərində qızılzinət əşyaları almış, lakin həmin pulu və qızıl-zinət əşyalarının dəyərini cavabdehə ödəməmiş, qızıl-zinət əşyalarını qaytarmamışdır. Cavabdehin iddiaçıya aid bank kartından 9.044,37 manat miqdarında pul məxaric etdiyini, iddiaçının isə cavabdehə 5.710 manat miqdarında pul borcunun olduğunu nəzərə alaraq məhkəmə qeyd edir ki, müvafiq fərq 3.334,37 (9.044,37 – 5.710 = 3.334,37) manat təşkil edir. Azərbaycan Respublikası MM-nin 739.1 və 739.2-ci maddələrinə əsasən “Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür”, “Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır...”. İşin faktik hallarından görünür ki, iddiaçı cavabdehdən 500 manat miqdarında borc almış, lakin qaytarmamışdır. Azərbaycan Respublikası MM-nin 600.1 və 600.4-cü maddələrinə əsasən “Alqısatqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir”, “Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər”. İşin hallarından görünür ki, cavabdeh 5.210 manat miqdarında qızıl-zinət əşyalarını faktik olaraq iddiaçıya nisyə satmış, lakin iddiaçı həmin əşyaların dəyərini ödəməmişdir. Azərbaycan Respublikası MM-nin 425.1-ci maddəsinə əsasən «Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir». İşin faktik hallarını, o cümlədən 500 manat miqdarında borcun əvəzinin və 5.210 manat miqdarında qızıl-zinət əşyalarının dəyərinin iddiaçının bank kartından cavabdeh tərəfindən çıxarılmasına dair tərəflər arasında razılıq mövcud olduğunu, həmçinin qanunvericiliyin yuxarıda istinad edilən və s. aidiyyəti müddəalarının tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, cavabdeh iddiaçının bank kartından 5.710 manat miqdarında pulu çıxarmaqla öhdəliyin mahiyyətinə zidd hərəkət etməyib. Məhkəmə eyni zamanda hesab edir ki, cavabdeh iddiaçının bank hesabından öhdəlikdən kənar olaraq 3.334,37 manat miqdarında pul çıxarmaqla əsassız varlanmışdır. Azərbaycan Respublikası MM-nin 1091.1 və 1091.2-ci maddələrinə əsasən “Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin”, “Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir”. Həmin Məcəllənin 439.4-cü maddəsinə əsasən “Öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər”. Eyni Məcəllənin 1092.1-ci maddəsinə əsasən “Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır..”. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və işin faktik hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh 3.334,37 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə iddianın qiyməti 9.044 manat, iddianın təmin olunan hissəsi isə 3.334,37 manat təşkil edir ki, bu da iddia qiymətinin 36,9 faizidir. İddiaçı iddia ilə məhkəməyə müraciət edərkən dövlət rüsumu və həmin rüsumun ödənilməsi ilə bağlı bank xidmət haqqı kimi ümumilikdə 111 manat ödəmişdir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun 63,1 faizi (63,70 manat) iddiaçının özünə, 36,9 faizi (37,30 manat) isə cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 78.1-ci maddəsinə əsasən “Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın”. Eyni Məcəllənin 14.2 və 217.4-cü maddələrinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”, “Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 238, 252, 357 – 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 3.334 (üç min üç yüz otuz dörd) manat 37 (otuz yeddi) qəpik, habelə iddia ilə məhkəməyə müraciət edilməsi üçün ödənilmiş dövlət rüsumunun və rüsum ödənişi ilə bağlı bank xidmət haqqının əvəzi kimi 37 (otuz yeddi) manat 30 (otuz) qəpik tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd olunsun. Qətnamədən bir ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №2(053)-19/2023
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-19/2023
23.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver