Məhkəmə qərarları › İş №2(053)-21/2023

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-21/2023

09.01.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-21/2023 09.01.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək, uşaqları X3 və X2 ilə birlikdə Neftçala şəhəri, Heydər Əliyev prospektində yerləşən 11 nömrəli evin 45 nömrəli mənzilinə köçürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı işin məhkəmə baxışı zamanı iddiasını müdafiə edərək, cavabdehlə 10 noyabr 2007-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurduğunu bildirmişdir. Birgə nikahdan 21 iyul 2008-ci il təvəllüdlü X3 və 05 oktyabr 2013-cü il təvəllüdlü X2 adlı uşaqları doğulub. Cavabdehlə nikah bağladıqdan sonra Neftçala şəhəri, Heydər Əliyev prospektində yerləşən 11 nömrəli evin 45 nömrəli mənzilinə gəlin köçmüş və 2007-ci ildən 2013-cü ilədək uşaqları ilə birlikdə orada yaşamışdır. Ona məxsus olan bütün əşyalar, o cümlədən cehiz əşyaları da hazırda mübahisəli mənzildədirlər. Həmin mənzildən məcburi çıxarılıb. Belə ki, cavabdehlə ailə münasibətləri pozulduqdan sonra azyaşlı uşaqları ilə birlikdə mənzildən qovulmuşdur. Beləliklə, məcburiyyət qarşısında qalaraq Bakı şəhərinə getmiş və hazırda uşaqları ilə birlikdə anasına məxsus evdə yaşayır. Hesab edir ki, mübahisəli evdən istifadə etmək hüququ var və bu səbəbdən də həmin evə köçürülməlidir. Göstərilənlərə əsasən iddiasının təmin olunmasını məhkəmədən xahiş edir. Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçının iddia etdiyi mənzil atasının xüsusi mülkiyyətində olmaqla, ona (cavabdehə) heç bir aidiyyəti yoxdur. Həqiqətən də iddiaçı ilə 2007-ci ildə ailə qurduqdan sonra atasına məxsus mənzildə yaşamışlar. Sonradan onlar boşanmış, özü isə artıq 7 ildir ki, tamamilə başqa bir yerdə – ünvan 1 ünvanında yaşayır. Həqiqətən də iddiaçının cehiz əşyaları hazırda sözügedən mənzilin bir otağına yerləşdirilib. Bununla əlaqədar olaraq atası X4 cehiz əşyalarının evdən çıxarılması ilə bağlı Neftçala Rayon Məhkəməsində iddia qaldırmış və iddiası təmin edilmişdir. Göstərilənlərə əsasən iddianın rədd olunmasını məhkəmədən xahiş edir. Məhkəmə işdə iştirak edən şəxsi dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq edib və s. sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd olunmalıdır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Neftçala şəhəri, H.Əliyev prospektində yerləşən 11 nömrəli evin 45 nömrəli mənzili tam mülkiyyət hüququ üzrə cavabdehin atası X1 adına qeydə alınıb. İş materiallarına həmçinin yuxarıda göstərilən mənzilin texniki pasportunun notariat qaydasında təsdiqlənmiş surəti əlavə edilib. Neftçala Rayon Məhkəməsinin 2(053)-337/2022 nömrəli iş üzrə 03 iyun 2022-ci il tarixli qətnaməsi ilə iddiaçı X1 cavabdeh İddiaçı qarşı iddiası tam təmin olunaraq, iddiaçı X1 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən evdə cavabdeh İddiaçı yaşayış sahəsindən istifadə hüququ itirilmiş hesab edilmiş və cavabdeh İddiaçı məxsus olan cehiz əmlaklarının həmin evdən götürülərək cavabdeh İddiaçı verilməsi qət edilmişdir. Şirvan Apelyasiya Məhkəməsinin 2(106)-1861/2022 nömrəli mülki iş üzrə 21 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə Neftçala Rayon Məhkəməsinin 2(053)-337/2022 nömrəli mülki iş üzrə 03 iyun 2022-ci il tarixli qətnaməsi cavabdeh İddiaçı X1 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən evdə yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi hissəsində ləğv edilmiş və iddia həmin hissədə rədd olunmuşdur. Neftçala Rayon Məhkəməsinin qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlanılıb. Şirvan Apelyasiya Məhkəməsi iş üzrə gəldiyi qənaəti aşağıdakı kimi əsaslandırmışdır: “İşin hallarından yaşayış sahəsinin mülkiyyətçisi ilə cavabdeh arasında istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı ilə bağlı notariat qaydasında təsdiqlənmiş müqavilənin olmadığı, həmin hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığı müəyyəndir. Demək cavabdehin mübahisəli mənzilə istifadə hüququ yaranmamışdır, olmayan hüququn isə məhkəmə qaydasında xitamı mümkün deyildir. Odur ki, birinci instansiya məhkəməsi olmayan hüququ itirilmiş hesab etməklə maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Cavabdehə məxsus əşyaların evdən çıxarılması hissəsində isə iddianı təmin etməklə birinci instansiya məhkəməsi işin müəyyən olunan halları üzrə maddi hüquq normalarını düzgün tətbiq etmişdir, belə ki, iddiaçı bir mülkiyyətçi kimi əmlakına (əşyaya) sərbəst surətdə sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməmək, əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri etmək sərbəstliyinə malikdir”. Beləliklə, Şirvan Apelyasiya Məhkəməsinin 2(106)-1861/2022 nömrəli iş üzrə qanuni qüvvədə olan 21 sentyabr 2022-ci il tarixli qətnaməsinin yuxarıda istinad olunan və s. aidiyyəti müddəaları ilə müəyyən olunur ki, İddiaçı hazırkı iş üzrə mübahisələndirilən, Neftçala şəhəri, Heydər Əliyev prospektində yerləşən 11 nömrəli evin 45 nömrəli mənzilindən istifadə hüququ yoxdur. Neftçala Rayon Məhkəməsinin 2(053)-337/2022 nömrəli iş üzrə 03 iyun 2022-ci il tarixli qətnaməsinin yuxarı instansiya məhkəməsi tərəfindən müvafiq hissədə ləğv olunmasının səbəbi isə İddiaçı həmin mənzildən istifadə hüququna malik olması ilə deyil, birinci instansiya məhkəməsinin İddiaçı mövcud olmayan istifadə hüququnun itirilmiş hesab edilməsinə dair qərar verməsi ilə bağlı olub. Qeyd olunmalıdır ki, İddiaçı mübahisəli mənzilə münasibətdə hər hansı hüquqa malik olması (sonradan yaranması) halı hazırkı iş üzrə məhkəmə baxışı dövründə də müəyyən edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən «Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir». Mülki-prosessual qanunvericiliyin yuxarıda istinad olunan müddəasını, işin faktik hallarını, o cümlədən Şirvan Apelyasiya Məhkəməsinin 2(106)-1861/2022 nömrəli iş üzrə qanuni qüvvədə olan 21 sentyabr 2022-ci il tarixli qətnaməsinin preyudisial əhəmiyyətini nəzərə alaraq məhkəmə İddiaçı mübahisəli mənzilə münasibətdə hər hansı hüquqa malik olmadığını qeyd edir. Belə olan halda onun uşaqları ilə birlikdə Neftçala şəhəri, Heydər Əliyev prospektində yerləşən 11 nömrəli evin 45 nömrəli mənzilinə köçürülməsi də mümkün deyil. Göstərilənlərə əsasən iddia rədd olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Eyni Məcəllənin 78.1-ci maddəsinə əsasən “Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir”. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216 – 220, 227, 357 – 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddiası rədd edilsin. Qətnamədən bir ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar