Məhkəmə qərarları › İş №2(053)-28/2025

Neftçala Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(053)-28/2025

20.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-28/2025 20.02.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək cavabdehdən 4.800 manat məbləğində borc pulun və 68 manat məbləğində dövlət rüsumunun tutulub ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Beyləqan rayonu ərazisində yerləşən “N” saylı hərbi hissədə qulluq edən Cavabdeh 02 fevral 2024-cü il tarixdə borc pula ehtiyacı olduğu üçün ondan (iddiaçıdan) 4.800 manat məbləğində borc almışdır. Cavabdeh pulu 1 ay müddətinə qaytaracağına dair öhdəlik götürmüşdür. Cavabdeh ona həmin öhdəliklə bağlı öz xətti ilə yazılmış qəbz də təqdim etmişdir. Həmçinin yazdığı qəbzdə əgər borcunu qaytarmazsa, onun (iddiaçının) pul tələbinə dair mülki icraat qaydasında məhkəməyə şikayət verəcəyi ilə bağlı razılaşmışdır. Lakin cavabdeh ondan aldığı pulu 1 ay müddətində geri qaytarmamışdır. Pulu tez bir zamanda qaytaracağına dair dəfələrlə söz versə də, müxtəlif bəhanələr gətirərək bu günə kimi borcunu qaytarmayıb. Əvvəllər telefon zənglərinə cavab versə də, daha sonra telefon zənglərinə belə cavab vermir və borcunu ödəməkdən yayınır. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. İddiaçı məhkəmə iclaslarında iştirak etməmiş, 14 fevral 2025-ci ildə məhkəməyə teleqram göndərərək üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və işə qiyabi icraat qaydasında baxılmasına etirazının olmadığını bildirib, iddianın təmin olunmasını xahiş etmişdir. İşin məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 238-ci maddəsinə əsasən məhkəmə hazırkı mülki işə qiyabi icraat qaydasında baxılmasını mümkün saymışdır. Məhkəmə iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İddiaçının öz tələblərinin əsası kimi təqdim etdiyi 02 fevral 2024-cü il tarixli qəbzdə aşağıdakılar qeyd olunur: «Mən Cavabdeh ehtiyacım olduğu üçün tanışım İddiaçı borc olaraq 4800 manat (dörd min səkkiz yüz) həmin aldığım pulu 1 ay müddətində geri qaytaracağıma dair söz verirəm. Əgər həmin tarixdə İddiaçı götürdüyüm 4800 manatı geri qaytarmasam mənim barəmdə mülki icraat qaydasında məhkəməyə şikayət edə bilər. Özüm yazdım öz imzamla təsdiq edirəm». Qəbz imzalanıb. İddiaçı bildirir ki, bu qəbz cavabdehin öz xətti ilə yazılmış və sonuncunun şəxsən özü tərəfindən imzalanmışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsini və s. aidiyyəti müddəalarını rəhbər tutaraq hesab edir ki, iddiaçı tərəfin tələblərinin əsası kimi istinad olunan hallar iddiaçı tərəfindən cavabdeh tərəfin iddiaya qarşı etirazının əsası kimi istinad olunan hallar isə cavabdeh tərəfindən sübuta yetirilməlidir. İddiaçı sübut növü kimi yuxarıda göstərilən qəbzə istinad edərək bildirir ki, cavabdeh bu qəbzi iddiaçıya olan borcunun etirafı kimi öz xətti ilə yazmış və imzalamışdır. Məhkəmə bir daha vurğulayır ki, cavabdeh istər şifahi (telefon vasitəsilə), istərsə də rəsmi bildirişlər göndərilməklə dəfələrlə məhkəməyə dəvət olunduğuna baxmayaraq gəlməmiş, iddiaya rəsmi etiraz bildirməmişdir. Belə olan halda iddiaçının öz tələblərinin əsası kimi istinad etdiyi halların və sübutların (o cümlədən yuxarıda göstərilən qəbzin) mötəbərliyini şübhə altına almaq üçün mövcud vəziyyətdə heç bir əsas yoxdur. İş üzrə yekun qənaətə gələrkən məhkəmə Azərbaycan Respublikası MPM-nin 241.1-ci maddəsinin və s. aidiyyəti müddəalarının tələblərini də nəzərə alır və hesab edir ki, hazırkı qətnaməni çıxararkən yalnız təqdim olunmuş sübutların tədqiqi ilə kifayətlənməlidir. Göstərilənlərə əsasən iddiaçının cavabdehə 4.800 manat miqdarında pul borc verməsi halı sübuta yetirilmiş sayılmalıdır. Azərbaycan Respublikası MM-nin 425.1-ci maddəsinə əsasən «Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir». Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən «Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür». Eyni Məcəlləsinin 385.1-ci maddəsinə əsasən «Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Azərbaycan Respublikası MM-nin 442 və 448.1-ci maddələrinə əsasən «Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür», «Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir». Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən «Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur...». Qanunvericiliyin yuxarıda istinad olunan müddəalarını və işin faktik hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. İddiaçı məhkəməyə müraciət edərkən 68 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən «Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir». Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən «Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir». Mülki-prosessual qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və iddianın təmin olunduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən «Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Eyni Məcəllənin 78.1-ci maddəsinə əsasən «Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın». Azərbaycan Respublikası MPM-nin 14.2 və 217.4-cü maddələrinə əsasən «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir», «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Azərbaycan Respublikası MPM-nin 241.1-ci maddəsinə əsasən «Qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır». Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 222, 227, 233, 238, 252, 357 – 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 4.800 (dörd min səkkiz yüz) manat, habelə iddia ilə məhkəməyə müraciət olunması üçün dövlət rüsumu kimi ödənilmiş 68 (altmış səkkiz) manat tutularaq İddiaçı verilsin. Cavabdehə izah edilsin ki, qiyabi qətnamə ona rəsmi qaydada verildikdən sonra on gün müddətində həmin qətnamənin ləğvi üçün Neftçala Rayon Məhkəməsinə ərizə vermək hüququna malikdir. Qətnamədən rəsmi qaydada verildikdən sonra bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar