Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-367/2024 14.06.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “Pul tələbinə dair” iddiası üzrə mülki işə açıq məhkəmə iclasında audio video yazı istifadə edilməklə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək, cavabdehdən 6.000 manat məbləğində pulun, eyni zamanda ödənilmiş 80 manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin məhkəmə baxışı zamanı İddiaçı bildirmişdir ki, 2023-cü ilin iyun ayının əvvəlində Abşeron rayonu Fatmayı kəndində olan evini təmir etdirmək məqsədi ilə 4 ilə yaxın tikinti mühəndisi kimi tanıdığı Cavabdeh müraciət etmiş, cavabdehlə təmir ediləcək evdə görüşüb, təmirlə əlaqədar görüləcək işlərlə bağlı ətraflı danışaraq, qiymətləşmiş və razılığa gəlmişlər. Aralarında əldə olunmuş razılığa əsasən ona evin təmiri üçün hissəhissə, müxtəlif vaxtlarda ümumi olaraq 14.000 manat məbləğində pul ödənişi etmişdir. Sonradan evin yerləşdiyi ərazi söküntü zonasına düşdüyü üçün işi yarımçıq saxlamaq məcburiyyətində qalmış və bununla bağlı da cavabdehlə razılığa gəlmişdir. Cavabdehin onun evində 1 aya yaxın müddətdə gördüyü işin dəyəri təxminən 8.000 manat civarında olmuşdur. Yerdə qalan 6.000 manat məbləğində pulu cavabdeh ona qaytarmalı idi, (həmin məbləğ evin təmirində görüləcək son işlərlə bağlı əvvəlcədən ödədiyi avans məbləğ olub) bunula bağlı da cavabdehlə razılığa gəlmişlər. Lakin bir müddət keçmiş və cavabdeh hər dəfə min bir bəhanə ilə günü-günə sataraq, müxtəlif səbəblər gətirərək pulun qaytarılmasını yubadmışdır. O, artıq məcbur qalıb bununla bağlı müvafiq polis orqanına şikayət etmiş və bunu edəcəyini də bir neçə dəfə həm telefon, həm də whatsap yazışmalarında ona bildirmişdir. Təmir görülən müddətdə aralarında whatsap sosial şəbəkəsi vasitəsilə yazışmalar aparılmışdır. Həmin yazışmalarda cavadehə göndərdiyi pul vəsaiti, qarşı tərəfin pulu alması ilə bağlı təsdiq mesajları, həmçinin görülən işin həcmi ilə bağlı məlumatlar əks olunmuşdur. Əlavə olaraq cavabdehlə aralarında olan dəfələrlə telefon danışıqları zamanı ona olan borcunu qaytaracağı ilə bağlı vədləri də qeydə alınmışdır. Ona qarşı edilmiş dələduzluq əməlinə görə polisə yazılı ərizə ilə müraciət etdikdən sonra belə cavabdeh yenə də yalan vədlərinə davam edərək pulu qaytaracağını bildirsə də, nəticə əldə olunmamışdır. Cavabdeh, Bakı şəhər Nərimanov RPİ-də verdiyi izahatında ondan 14.000 manat pul aldığını etiraf etmiş, lakin 9.000 manatlıq iş gördüyünü bildirmişdir. Özündən yeni bir ssenari uyduraraq hal-hazırda 3.000 manat borclu olduğunu, həmin pulu qaytara biləcəyini bildirmişdir. Nərimanov RPİ-nin 17 noyabr 2023-cü il tarixli qərarı ilə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Göstərilənləri nəzərə alaraq iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İşin məhkəmə baxışının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, “Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir”. Məhkəmə cavabdehin məhkəmə iclaslarının vaxtı və yeri barədə əvvəlcədən xəbərdar olunmasına baxmayaraq gəlmədiyini, iddiaçının isə işə qiyabi icraat qaydasında baxılmasına etiraz etdiyini nəzərə alaraq, işə cavabdehin iştirakı olmadan baxılaraq qətnamə çıxarılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən «Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən «Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın». Eyni Məcəllənin 14.2 və 217.4-cü maddələrinə əsasən «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir», «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Azərbaycan Respublikası Mülki-Prosessual Qanunvericiliyinin yuxarıda istinad olunan tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia tələblərinin əsası kimi istinad olunan hallar iddiaçı tərəfindən, iddiaya qarşı etirazın əsası kimi istinad olunan hallar isə cavabdeh tərəfindən sübuta yetirilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmənin sorğusu əsasında göndərilmiş 17 noyabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Bakı şəhəri Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi X1 icraatında olan İddiaçı müraciəti əsasında araşdırma aparılmış və müəyyən edilmişdir ki, İddiaçı etdiyi şikayətə əsasən hər hansı cinayət və inzibati hüquq pozuntusunun tərkibi yoxdur. Eyni zamanda Cavabdeh izahatında İddiaçı Fatmayi kəndində olan evini təmir etmək üçün ona müraciət etdiyini, təmir xərci olaraq ümumilikdə 14.000 manat pul aldığını, daha sonra evdə ümumilikdə 9.000 manatlıq iş görüldüyünü və xx.xx.2023-cü il tarixdə evin plana düşdüyü üçün Əlimuxtarın təmir işini dayandırdığını qeyd edərək, hazırda İddiaçı 3.000 manat borcu qaldığını və həmin puluda hissə-hissə ona qaytarcağını bildirmişdir. İş materiallarına əlavə edilmiş başlığında Seyid Səmədağa qeyd edilmiş “whatsapp” sosial şəbəkə yazışmalarının məzmunundan görünür ki, tərəflər arasında təmir işləri ilə bağlı müvafiq razılaşma olmuş və Cavabdeh iddiaçı tərəfindən təmir işləri ilə əlaqədar müxtəlif tarixlərdə onun adına olan kart hesabına (xx.xx.2023-cü ildə saat 17:32-də 3500 manat, 17:39-da 400 manat, xx.xx.2023-cü ildə 2000 manat, xx.xx.2023-cü ildə 3150 manat, xx.xx.2023-cü ildə 2000 manat, xx.xx.2023-cü ildə 1500 manat, xx.xx.2023-cü ildə 1000 manat) pul məbləğləri köçürülmüş, cavabdeh bu məbləğləri qeyd olunan yazışmalarda da qəbul etdiyini bildirmişdir. İddiaçı tərəfindən cavabdehin kart hesabına edilmiş yuxarıda qeyd olunan köçürmələrdəki məbləğlərin cəmi 13.550 manat təşkil edir. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş ******* saylı Qaimədən, həmçinin digər qeydlərdən görsənir ki, də cəmi 8.000 manatlıq tikinti materialları evin təmir üçün alınmışdır. Həmçinin tərəflər arasında olan bu yazışmalardan görünür ki, artıq xx.xx.2023-cü il tarixdən etibarən başlayaraq xx.xx.2023-cü il tarixə kimi iddiaçı təmir işlərinin dayandırılması ilə əlaqədar cavabdehdən qalan pulunu istəmiş, təmirlə bağlı narazılıqlarını ifadə etmiş, cavabdeh onu pulunu qaytaracağına arxayın etmiş, lakin verdiyi sözə əməl etməmişdir. Beləliklə işin məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla, o cümlədən cavabdehin, Bakı şəhər Nərimanov RPİ-də verdiyi izahatında iddiaçıdan 14.000 manat pul aldığını etiraf etməsi və cavabdehə 3.000 manat borcunun qalması, habelə yuxarıda göstərilən “Qeydlər”lə isə cavabdehin iddiaçıdan evin təmir üçün həmin məbləğdən cəmi 8.000 manatlıq tikinti materialları alındığı müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 106.3-cü maddəsinə əsasən “Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir”. Yuxarıda qeyd olunanları və işin s. faktik hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya olduğu borcun 3.000 manat olması halı sübuta yetirilmiş hesab olunmamalıdır. Beləliklə, işin məhkəmə baxışı zamanı müəyyən olunur ki, cavabdeh iddiaçıdan evin təmiri üçün 14.000 manat pul aldığını etiraf etsə də, işdə olan qəbzlərdən həmin məbləğin 13.550 manat olduğu, bu vəsaitdən ümumilikdə təmir üçün 8.000 manat vəsait xərləndiyi görsənir. Cavabdeh yerdə qalan 5.550 manat məbləği iddiaçıya geri qaytarmamışdır. Həmçinin məhkəmə qeyd edir ki, işə əlavə olunmuş sənədlərdə cavabdeh iddiaçının iddia etdiyi 6.000 manat borcun 3.000 manatını etiraf edir. Lakin qalan borcun iddiaçıya qaytarılması və ya evin təmiri üçün həmin məbləğdə hansısa formada vəsaiti xərcləməsi barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Beləliklə, iddiaçı tərəfindən evin təmiri üçün cavabdehə ödənilmiş 13.550 manat puldan iddiaçının bildirdiyinə görə cəmi 8.000 manatlıq təmir-tikinti işləri görülməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası MM-nin 425.1-ci maddəsinə əsasən «Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir». Həmin Məcəllənin 739.1, 739.2 və 740.1-ci maddələrinə əsasən «Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür», «Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır», «Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır». Eyni Məcəlləsinin 385.1-ci maddəsinə əsasən «Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Azərbaycan Respublikası MM-nin 442 və 448.1-ci maddələrinə əsasən «Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür», «Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir». Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən «Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur». Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını, habelə cavabdehin üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən 5.550 manat məbləğində pulu tələb etmək hüququna malikdir. Göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. İş materiallarına əlavə edilmiş qəbzlə müəyyən olunur ki, iddiaçı məhkəməyə müraciət etmək üçün bank xidmət haqqı ilə birlikdə dövlət rüsumu kimi 80,40 manat məbləğində pul ödəyib. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən «Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir». Eyni Məcəllənin 119.1-ci maddəsinə əsasən «Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir». Hazırkı iş üzrə iddia qiyməti, tələb olunan məhkəmə xərcinin məbləği istisna olmaqla 6.000 manat təşkil edir. Hazırkı qətnamə ilə iddianın qismən təmin olunduğunu və yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ödənilmiş məhkəmə xərci iddanın təmin olunmuş hissəsinə uyğun olaraq 75 (yetmiş beş) manat məbləğində cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 222, 227, 233, 357 – 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 5.550 (beş min beş yüz əlli) manat məbləğində pul və ödənilmiş 75 (yetmiş beş) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 01 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Quliyev
Məhkəmə qərarları › İş №2(053)-367/2024
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-367/2024
14.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver