Məhkəmə qərarları › İş №2(053)-39/2023

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-39/2023

14.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-39/2023 14.02.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, İddiaçı, cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh "xxxx" MMC Neftçala poçt filialına qarşı «zərərin əvəzinin ödənilməsi tələbinə dair» iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-nin Neftçala poçt filialına qarşı iddia ilə məhkəməyə müraciət edərək "xxxx" MMC-nin Neftçala poçt filialının poçt rabitəçisi operatoru S.Qəfərovanın etinasızlığı nəticəsində 593,48 manat məbləğində əmlaka dəymiş zərərin, 135 manat məbləğində pozulmuş hüquqlarının bərpası üçün çəkdiyi xərclərin, ümumilikdə 728,48 manat məbləğində dəymiş real zərərin cavabdehdən xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı işin məhkəmə baxışı zamanı iddiasını müdafiə edərək, oğlu X4 Sərhəd Xidmətinin Akademiyasında təhsil aldığını bildirmişdir. Onun üçün nisyə alğı-satqı müqaviləsi əsasında bir ədəd «X7 8 32 GB Blue» markalı mobil telefon və hər birinin qiyməti 25 manat olan 2 ədəd köynək almışdır. Həmin əşyaları 18 iyul 2022-ci il tarixdə oğlu Mirxalidin qoşun təcrübəsi keçdiyi Cəbrayıl rayonunun Çocuq Mərcanlı kəndinə yola salmaq üçün "xxxx" MMC-nin Neftçala poçt filialına müraciət etmişdir. Lakin göndərişin qablaşdırılması və qəbulu zamanı poçtun müştəri xidmətləri şöbəsinin operatoru Sevil Qəfərovanın etinasızlığı səbəbindən göndəriş oğluna deyil, Gəncə şəhərində yaşayan X2 göndərilmişdir. Göndərişi alan Əminə adlı xanımla əlaqə saxlamış, həmin xanım göndərişin onun öz adına gəldiyini və telefonu satdığını deyərək buna görə məsuliyyət daşımadığını bildirmişdir. Belə olduğu üçün «Poçt rabitəsi xidmətlərinin göstərilməsi» Qaydalarına müvafiq olaraq "xxxx" MMC-yə pretenziya qaydasında müraciət etmək qərarına gəlmişdir. 18 sentyabr 2022-ci ildə "xxxx" MMC-nin müraciətinə baxılmasının nəticəsi barədə cavab məktubunu almışdır. Həmin məktubla ona göndərişin qiyməti bəyan olunmamış göndəriş olduğuna görə «Poçt haqqında» Azərbaycan Respublikası Qanununun 17.1.3-cü maddəsinə əsasən, ödədiyi pulun 10 misli miqdarında kompensasiya ödənilməsi müəyyən edilmiş və 51 (əlli bir) manat məbləğində pul köçürməsi göndərilmişdir. Ancaq həmin məbləği almamışdır. Çünki ona lazım olan bu deyildir. Hesab edir ki, poçt rabitəsi operatorunun etinasızlığı nəticəsində 543.48 AZN məbləğində mobil telefon və ümumi olaraq 50 AZN məbləğində olan 2 ədəd köynəyin pulu və pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərclər real zərər qismində tanınmalı və ümumi məbləğ "xxxx" MMC tərəfindən tam şəkildə ona ödənilməlidir. Bildirir ki, mobil telefon 2020-ci ildə alınsa da, oğlu xüsusi təyinatlı təhsil müəssisəsində təhsil aldığından və təhsil müəssisəsinin qapalı tipli olması səbəbindən telefondan yalnız 14 (on dörd) günlük qış məzuniyyəti və 2 (iki) aylıq yay məzuniyyəti dövrdə istifadə edilmişdir. Oğlunun bundan artıq telefonla təmasda olmaq imkanı olmamışdır. 2020-ci ilin mart ayından etibarən pandemiya dövrü və sərt karantin rejimi səbəbindən məzuniyyətlərə qoyulan məhdudiyyətləri də nəzərə alaraq ötən 2 il yarımlıq müddət ərzində sözü gedən telefon cəmi 2 (iki) ay işlənmişdir. Bunu nəzərə alaraq mobil telefon üçün alğı-satqı müqaviləsi ilə ödədiyi pulu cavabdehdən tam şəkildə tələb edir. Belə ki, bununla bağlı qanun və müqavilədə ayrı hal da nəzərdə tutulmayıb. "xxxx" MMC-nin Neftçala poçt filialının poçt rabitəsi operatoru Sevil Qəfərovanın etinasızlığı nəticəsində oğluna göndərmək istədiyi əşyalar Gəncə şəhərində yaşayan Mehdiyeva Əminə adlı şəxsə göndərilmiş, həmin şəxs əşyaları qaytarmaqdan imtina etmiş və bunu «WhatsApp» sosial şəbəkəsində ona göndərdiyi səs yazıları ilə bildirmişdir. Beləliklə, bir istehlakçı kimi hüquqları pozulmuş, əmlakından məhrum olmuş və pozulmuş hüquqlarının bərpası ilə əlaqədar xərclər çəkmək məcburiyyətində qalmışdır. Məhrum olduğu əmlakla əlaqədar maddi olaraq itkisi ümumi 594.48 AZN təşkil edir. 2 ay yarımlıq müddət ərzində pozulmuş hüquqlarının bərpası ilə əlaqədar isə yol xərcləri təxminən, 100 manat, "xxxx" MMC-yə ünvanladığı pretenziya 5 manat və iddia ərizəsinin hazırlanmasına görə 50 manat olmaqla, ümumi məsrəfləri 135 manat təşkil edir. Göründüyü kimi, "xxxx" MMC-nin Neftçala poçt filialı qüsurlu xidmət göstərərək göndərişi sifarişdə nəzərdə tutulmayan ünvana göndərərək müqavilə öhdəliklərini pozmuşdur. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. İddiasının tam təmin olunmasını məhkəmədən xahiş edir. Cavabdehin nümayəndəsi X3 iddianı qəbul etməyərək bildirmişdir ki, İddiaçı göndəriş üçün poçta müraciət edərkən göndərişinin sadə göndəriş formasında qəbul olunmasını istəmişdir. Qaydalara uyğun olaraq həmin gönədirşə görə ondan 5,10 manat xidmət haqqı alınmışdır. Nümayəndə həmçinin qeyd edir ki, işlənilmə, daşınma və çatdırılma (verilmə) formasından asılı olaraq poçt göndərişləri sadə və sifarişli, adi və qiyməti bəyan olunmuş kateqoriyalara bölünür. Göndərən şəxs müraciət etdikdə ondan hansı formada göndəriş etmək istədiyi soruşularaq müvafiq seçim imkanı yaradılır. İddiaçı göndəriş növünü özü müstəqil olaraq sadə göndəriş formasında seçmişdir. İddiaçının göndərişi tələb olunan ünvana çatdırılmamışdır. Bu səbəbdən «Poçt haqqında» Azərbaycan Respublikası Qanununun müvafiq tələbinə uyğun olaraq ona ödədiyi xidmət haqqının 10 misli miqdarında, yəni 51.00 (əlli bir) manat məbləğində kompensasiya ödənilmiş, bununla bağlı 29 avqust 2022-ci il tarixli qəbz tərtib olunaraq iddiaçıya rəsmi məlumat verilmişdir. Lakin iddiaçı həmin pulu almaqdan imtina etmişdir. Beləliklə, cavabdeh "xxxx" MMC İddiaçı vurulmuş zərərin əvəzini qanunvericiliklə nəzərdə tutulan qaydada və miqdarda tam ödəyib. İddiaçı indi də müraciət edib həmin 51,00 manatı ala bilər. Nümayəndə göstərilənləri nəzərə alaraq iddianın rədd olunmasını məhkəmədən xahiş edir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikası MM-nin 442-ci maddəsinə əsasən “Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür”. Həmin Məcəllənin 443.2-ci maddəsinə əsasən “Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir”. Eyni Məcəllənin 21.1-ci maddəsinə əsasən “Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın”. Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 6 fevral 2016-cı il tarixli 0001 nömrəli qərarı ilə təsdiq edilmiş “Poçt rabitəsi xidmətlərinin göstərilməsi qaydaları”nın 2.7-ci bəndinə əsasən “Qəbul, işlənilmə, daşınma və çatdırılma (verilmə) texnologiyasından asılı olaraq poçt göndərişləri sadə, sifarişli, adi və qiyməti bəyan olunmuş kateqoriyalara bölünür”. “Poçt haqqında” Azərbaycan Respublikası Qanununun 17.1.1, 17.1.2 və 17.1.3-cü maddələrinə əsasən poçt rabitəsi operatorları istifadəçilər qarşısında “qiyməti bəyan olunmuş poçt göndərişinin itirilməsi, oğurlanması, zədələnməsi və xarab olmasına görə poçt göndərişinin bəyan olunmuş dəyəri həcmində”, “qiyməti bəyan olunmuş poçt göndərişinin içərisindəkilərin bir hissəsinin itirildiyi, oğurlandığı zədələndiyi və xarab olduğu halda həmin əşyaların göndəricinin siyahıda göstərdiyi qiymətdən artıq olmamaq şərti ilə dəymiş ziyanın dəyəri miqdarında”, “daxili sifarişli poçt göndərişinin və ya adi bağlamanın itirilməsinə, oğurlanmasına, zədələnməsinə və xarab olmasına görə ödənilmiş haqqın 10 misli miqdarında” məsuliyyət daşıyırlar. Tərəflərin bildirdikləri və iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, iddiaçı 18 iyul 2022-ci il tarixində "xxxx" MMC-nin Neftçala poçt filialına müraciət edərək sadə göndəriş formasında göndəriş təqdim etmiş, bununla əlaqədar 5,10 manat miqdarında ödəniş etmiş, lakin MXŞ-nin əməliyyatçısı S.Qəfərovanın diqqətsizliyi üzündən (göndərişin üzərində alıcının ünvanının, adının və soyadının səhv yazılması) göndəriş səhv ünvana çatdırılmışdır. Bununla əlaqədar 29 avqust 2022-ci il tarixli qəbzlə iddiaçıya 51,00 manat miqdarında kompensasiya ödənilib. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Mülki-prosessual qanunvericiliyin yuxarıda istinad olunan tələbini rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia tələbinin əsası kimi istinad olunan hallar iddiaçının özü tərəfindən sübuta yetirilməlidirlər. İddiaçı sadə göndəriş formasında göndərişlə 543,48 manat dəyərində mobil telefon və hər biri 25 manat dəyərində 2 ədəd köynək göndərdiyini bildirir. İlk növbədə qeyd olunmalıdır ki, iddiaçının bildirdiyi mobil telefonun reallıqda göndərilib-göndərilmədiyi, əgər göndərilibsə, onun markası (poçt göndərişi ilə məhz «X7 8 32 GB Blue» markalı mobil telefon aparatının göndərildiyi), aşınması nəzərə alınmaqla real dəyərinin həqiqətdə 543,48 manat olub-olmaması, habelə iddiaçının bildirdiyi köynəklərin göndərilib-göndərilmədiyi və dəyərinin məhz hər biri 25 manat olmaqla ümumilikdə 50 manat təşkil etdiyi iş materialları ilə sübuta yetirilmir. Beləliklə, iddiaçı yuxarıda qeyd olunan mobil telefon aparatının 31 dekabr 2019-cu ildə nisyə alğı-satqı müqaviləsi əsasında alındığına dair sübut təqdim etdiyinə baxmayaraq (köynəklərlə bağlı məhkəməyə ümumiyyətlə heç bir sübut təqdim edilməyib), poçt vasitəsilə məhz həmin əşyaları göndərdiyinə və onların real dəyərinə dair heç bir sübut təqdim etməmişdir. Ən əsası isə budur ki, iddiaçı öz göndərişini sadə göndəriş formasında göndərmiş, onun içərisindəki əşyaların qiymətini bəyan etməmişdir. Bunu, habelə Azərbaycan Respublikası MM-nin, “Poçt haqqında” Azərbaycan Respublikası Qanununun və “Poçt rabitəsi xidmətlərinin göstərilməsi qaydaları”nın yuxarıda istinad edilən və s. aidiyyəti müddəalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh “Poçt haqqında” Azərbaycan Respublikası Qanununun 17.1.3-cü maddəsini rəhbər tutmaqla iddiaçıya ödənilməli olan kompensasiyanı 51 manat, yəni ödənilmiş 5,10 manat haqqın 10 misli miqdarında müəyyən etməkdə haqlı olub. Göstərilənlərə əsasən iddia rədd olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 78.1-ci maddəsinə əsasən «Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın». Azərbaycan Respublikası MPM-nin 14.2 və 217.4-cü maddələrinə əsasən «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir», «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 238, 357 – 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-nin Neftçala poçt filialına qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən 1 ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar