Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-40/2025 23.01.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “Pul tələbinə dair” iddiası üzrə mülki işə açıq məhkəmə iclasında audio video yazı istifadə edilməklə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən icarəyə götürülmüş 1 ədəd “Playstation 5”in dəyəri 1.200 manat məbləğində pulun, oyun konsollarının icarə müddətində geri qaytarıldığı təqdirdə əşyadan mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərdən məhrum olduğunu nəzərə alaraq, əldən çıxmış faydaya görə 1.000 manat pulun cavabdehdən tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin məhkəmə baxışı zamanı İddiaçı oyun konsollarının icarəyə verilməsi üzrə sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu bildirmişdir. Qeyd edir ki, 01 dekabr 2023-cü il tarixdə Cavabdeh ona zəng edərək fərdi istifadəsi üçün “Playstation 5” oyun konsolunu icarəyə götürmək istədiyini bildirmiş və o, həmin cihazı onun təhvil alacağı ünvana kuryer ilə göndərərək həmin tarixdə ona təhvil vermişdir. İcarəçi 1 ədəd “Playstation 5” oyun konsulunu şifahi razılaşmaya əsasən 1 ay müddətinə icarəsi üçün icarǝverənə 270 manat icarə haqqı ödəmişdir. Razılaşmalarına əsasən Cavabdeh xx.xx.2024-cü tarixində icarəyə götürdüyü cihazı ona təhvil verməli idi. Buna baxmayaraq xx.xx.2024-cü il tarixdə icarə müddəti bitsə də icarəçi Cavabdeh icarǝyǝ götürdüyü 1 (bir) ədəd “Playstion 5” oyun konsolunu geri qaytarmaqdan boyun qaçırmışdır. Qeyd edir ki, dəfələrlə telefon vasitəsilə oyun konsulunu geri qaytarmağı və ya dəymiş zərərin əvəzinin ödənilməsini tələb etsə də, Cavabdeh buna məhəl qoymayaraq öhdəliklərini icra etməyib. İcarəyə götürən şəxsin qeyri-qanuni əməlini sübut edən aralarında olan danışıqlardan bəzilərini sübut olaraq səs yazmaları formasında saxlamışdır. Səs yazmaları qanunun tələblərinə cavab verir, çünki bu səs yazmalarındakı danışıqlarından öncə Cavabdeh zəngin qeydə alınması barədə məlumatlandırılmışdır. İcarəçinin oyun konsolunu geri qaytarmaması nəticəsində sahibkar kimi həmin əşyaların başqa şəxslərə icarəyə verərək əldə edəcəyi gəlirdən məhrum edilmişdir. Hər dəfə məhkəmə iclaslarında iştirak etsə də cavabdeh məhkəmə iclaslarından yayınır. Onların arasında şifahi razılaşma olmuşdur. Göstərilənləri nəzərə alaraq iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İşin məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclaslarına gəlməmiş, lakin 13 dekabr 2024-cü ildə teleqram göndərərək həmin tarixə təyin olunmuş məhkəmə iclasında işi ilə əlaqədar iştirak edə bilmədiyini, iddianı qəbul etmədiyini, növbəti məhkəmə iclasında işə onun iştirakı ilə baxılmasını xahiş etmişdir. Məhkəməyə 23 yanvar 2025-ci ildə daxil olmuş teleqramda Cavabdeh həmin tarixə təyin olunmuş məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini, iddianı qəbul etdiyini, özü də işləmədiyinə görə həmin məbləğin hissə-hissə bölünməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, “Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir”. Məhkəmə cavabdehin məhkəmə iclaslarının vaxtı və yeri barədə əvvəlcədən xəbərdar olunmasına baxmayaraq gəlmədiyini, iddiaçının isə işə qiyabi icraat qaydasında baxılmasına etiraz etdiyini nəzərə alaraq, işə cavabdehin iştirakı olmadan baxılaraq qətnamə çıxarılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən «Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən «Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın». Eyni Məcəllənin 14.2 və 217.4-cü maddələrinə əsasən «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir», «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Azərbaycan Respublikası Mülki Prosessual Qanunvericiliyinin yuxarıda istinad olunan tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia tələblərinin əsası kimi istinad olunan hallar iddiaçı tərəfindən, iddiaya qarşı etirazın əsası kimi istinad olunan hallar isə cavabdeh tərəfindən sübuta yetirilməlidir. İş materiallarına əlavə edilmiş tap.az saytından çıxarılmaş “Sony PlayStation 5” modelinin fotoşəkili əks olunmuş və qiyməti 999 manat qeyd edilmişdir. İş materillarına əlavə edilmiş teleqramlardan görünür ki, cavabdeh əvvəlcə iddianı qəbul etməsə də xx.xx.2025-ci il tarixli teleqramda iddianı qəbul etdiyini və həmin məbləğin hissə-hissə tərəfindən ödənilməsinə şərait yaradılmasını xahiş etmişdir. Tərəflərin bildirdikləri ilə müəyyən olunmuşdur ki, ödənilmiş məbləğin cəmi 1.200 manat təşkil edir. Həm iddiaçı tərəfin, həm də cavabdehin bildirdiklərindən görünür ki, tərəflər arasında şifahi də olsa müəyyən olunmuş şərtlərlə icarə razılaşması olmuşdur. Cavabdeh iddianı qəbul etdiyini bildirsə də iddiaçının ondan əldən çıxmış faydaya görə 1.000 manat məbləğində pul tələb etməsi təmin edilə bilməz. İddiaçı oyun konsollarının icarə müddətində geri qaytarıldığı təqdirdə əşyadan mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərdən hansı formada məhrum olduğunu əsasladıra biləcək sübut təqdim edə bilməmişdir. Məhkəmə iclasında iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş “yaddaş” kartına baxış keçirilmişdir. Beləliklə işin məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla, cavabdehin şifahi razılaşma əsasında hazırda iddiaçıya 1.200 manat məbləğində borclu olduğu müəyyən olunur. Azərbaycan Respublikası MPM-nin 106.3-cü maddəsinə əsasən “Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir”. Yuxarıda qeyd olunanları və işin s. faktik hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya 1.200 manat məbləğində borclu olması halı sübuta yetirilmiş hesab olunmalıdır. Azərbaycan Respublikası MM-nin 425.1-ci maddəsinə əsasən «Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir». Həmin Məcəllənin 739.1, 739.2 və 740.1-ci maddələrinə əsasən «Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür», «Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır», «Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır». Eyni Məcəlləsinin 385.1-ci maddəsinə əsasən «Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Azərbaycan Respublikası MM-nin 442 və 448.1-ci maddələrinə əsasən «Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür», «Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir». Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən «Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur». Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını, habelə cavabdehin üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən 1.200 manat məbləğində pulu tələb etmək hüququna malikdir. Göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. İş materiallarına əlavə edilmiş qəbzlə müəyyən olunur ki, iddiaçı məhkəməyə müraciət etmək üçün bank xidmət haqqı ilə birlikdə dövlət rüsumu kimi 42,40 manat məbləğində pul ödəyib. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən «Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir». Eyni Məcəllənin 119.1-ci maddəsinə əsasən «Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir». Hazırkı iş üzrə iddia qiyməti, tələb olunan məhkəmə xərcinin məbləği istisna olmaqla 2.200 manat təşkil edir. Hazırkı qətnamə ilə iddianın qismən təmin olunduğunu və yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ödənilmiş məhkəmə xərci (32 manat) cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 222, 227, 233, 357 – 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1.200 (min iki yüz) manat məbləğində pul və 32 (otuz iki) manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetlə Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Samir Quliyev
Məhkəmə qərarları › İş №2(053)-40/2025
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-40/2025
23.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver