Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-400/2023 21.07.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, İddiaçı1, İddiaçı2, Cavabdeh1 Adil oğlunun nümayəndəsi Nümayəndə, Cavabdeh2 iştirakı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «yaşayış sahəsindən çıxarılma» tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və onun arvadı Cavabdeh2 və onların uşaqları xx.xx.2009-cu il təvəllüdlü X15 və xx.xx.2019-cu il təvəllüdlü X7 onların xüsusi mülkiyyətində olan Neftçala şəhəri, X21 küçəsi 98 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması və onlara məxsus olan əmlakın çıxarılmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 işin məhkəmə baxışı zamanı ərizə təqdim edərək ərizənin “xahiş edirəm” hissəsində dəqiqləşdirmə zərurətinin olduğunu göstərmiş və Cavabdeh1 və onun arvadı Cavabdeh2 və onların uşaqları xx.xx.2009-cu il təvəllüdlü X15 və xx.xx.2019-cu il təvəllüdlü X7 onların xüsusi mülkiyyətində olan Neftçala şəhəri, X21 küçəsi 98 ünvanında yerləşən 0,0420 ha. torpaq sahəsindən və onun üzərində yerləşən fərdi yaşayış evindən çıxarılmaları və onlara məxsus olan əmlakın çıxarılmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı1 işin məhkəmə baxışı zamanı iddianı müdafiə edərək bildirmişdir ki, reyestr nömrəsi **********76 saylı, qeydiyyat nömrəsi ********** olan xx.xx.2022-ci il tarixdə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən çıxarışa əsasən onun və anası İddiaçı2 xüsusi birgə mülkiyyətində olan Neftçala şəhəri, X21 küçəsi 98 ünvanında yerləşən torpaq sahəsi vardır. Cavabdeh1 onun ögey əmisi oğludur. Cavabdeh və onun arvadı Cavabdeh2 və onların uşaqları xx.xx.2009cu il təvəllüdlü X15 və xx.xx.2019-cu il təvəllüdlü X12 özbaşına olaraq onların mülkiyyətində olan fərdi yaşayış evini zəbt etmiş, hal-hazırda da həmin ünvanda yaşayırlar. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq evdən çıxmaq istəmirlər. Cavabdehin yaşamağa evi var və başqa ünvanda qeydiyyatdadır. Bilərəkdən onların xüsusi mülkiyyət hüququnu pozurlar. Yaşayış evinin altında yerləşən torpaq sahəsi dövlət tərəfindən mərhum atasına fərdi yaşayış evi tikmək üçün verilmiş, 1985-1986-cı illərdə həmin ev tikilib inşa edilmişdir. Cavabdehlər elə fikirləşirlər ki, həmin torpaq sahəsi onlara atasının anasından, Sübhanın isə nənəsindən miras qalmışdır. İlk əvvəllər həmin ərazidə yerləşən evdə babası və atası yaşamış, sonradan babasına məxsus ev plana düşmüşdür. Ev plana düşdüyündən onun atasına dövlət tərəfindən fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi ayrılmış və atası hazırkı mübahisəli evi inşa etdikdən sonra cavabdehlər oranı zəbt etmişlər. Ev onun mərhum atasına məxsus olmuş, atası isə evi inşa edəndən sonra yaşamamışdır. Özlərinin əlavə evləri olmuş, lakin orada yaşamışlar. Həyətyanı sahə isə 0,0420 hektardan ibarətdir. Hazırda mübahisəli torpaq sahəsi paylı torpaq sahəsi olmaqla ¼ hissədə ona, ¾ hissədə isə anasının adına rəsmiləşdirilmişdir. Hazırda anası və özü ünvan 2 ünvanında qeydiyyatdadırlar. Mübahisəli evdə atası və babası yaşamışdır. Cavabdehlərə dəfələrlə xəbərdarlıq etsələr də onlar evi tərk etməmişlər. Hazırda da mülkiyyətlərində olan evə getməyə cavabdehlər onlara imkan vermir. Göstərilənləri nəzərə alaraq iddianın təmin olunmasını məhkəmədən xahiş edir. İddiaçı2 işin məhkəmə baxışı zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması haqqında qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh2 iddianı qəbul etməyərək bildirmişdir ki, mübahisəli evdə on beş ildir ki, ailəsi ilə birlikdə yaşayır. Evin təmirə ehtiyacı olan vaxtlarda təmir etmişlər. Həmin evdə yaşadığı müddət ərzində iddiaçıları görməmişdir. Bildiyinə görə ev qayınata və qayınanasına məxsus olub. Onlar ondan əvvəl otuz il həmin evdə yaşamışlar. Ev plana düşəndə əri Sübhanın nənəsi orada yaşamışdır. İddiaçılarla aralarında hələki razılaşma yoxdur. Göstərilənləri, o cümlədən başqa yaşayış yerinin olmadığını nəzərə alaraq iddianın rədd olunmasını məhkəmədən xahiş edir. Cavabdehin nümayəndəsi Nümayəndə da iddianı qəbul etməyərək cavabdehin məhkəməyə bildirdiklərinə uyğun məzmunlu izahat vermişdir. O, həmçinin qeyd edir ki, Cavabdeh1 onun oğludur. Oğlu 30 ildir ki, həmin evdə yaşayır. Cavabdeh olan oğlu ailəsi ilə birlikdə iddiaçıların evini zəbt etməmişdir. Yarımtikilini onlar təmir edib ev halına salmışlar. Bu səbəbdən mübahisəli fərdi yaşayış evi cavabdehlərə məxsusdur. İddiaçılar həmin torpaq sahəsini öz adlarına sənədləşdirməklə onları evdən çıxarmaq istəyirlər. Onlar da mübahisəli evdə qalmaq istəmirlər. Lakin evin təmir və tikintisinə 40.000 manat pul xərcləmişlər. Çəkilmiş xərc ödənildiyi təqdirdə evdən çıxmağa razıdırlar. Tikilinin altındakı torpaq sahəsi iddiaçının mülkiyyətində olduğuna baxmayaraq, həmin tikili daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmayıb. Ona görə də o, özbaşına tikinti hesab olunmalıdır. Göstərilənləri nəzərə alaraq iddianın rədd olunmasını məhkəmədən xahiş edir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını tədqiq edib, araşdırılmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. «Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən» qeydiyyat nömrəsi ********** olan çıxarışın surəti ilə müəyyən olunur ki, Neftçala şəhəri, X21 küçəsi 98 ünvanında yerləşən torpaq sahəsi (00420 ha) olmaqla hüquq sahibləri ¼ hissədə İddiaçı1, ¾ hissədə isə İddiaçı2 paylı mülkiyyətindədir. Bununla əlaqədar olaraq daşınmaz əmlakın dövlət reyestrində 23 sentyabr 2022-ci il tarixdə qeydiyyat aparılmışdır. İş materiallarına həmin torpaq sahəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən tərtib olunmuş planı və ölçüsü də əlavə olunur. Həmin sənəddən görünür ki, plan və ölçünün verilməsinə əsas DTXK Neftçala rayon şöbəsi, Torpaq sahəsinin planı və ölçüsü, 047, xx.xx.2012; DTXK Neftçala rayon şöbəsi, Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında 2V-177, xx.xx.2022 İddiaçı1 sahibliyinə verilmişdir. “X6” AQİS-dən çıxarışlardan görünür ki, xx.xx.1984-cü il təvəllüdlü Cavabdeh1 ilə xx.xx.1984-cü il təvəllüdlü Məlikova X9 şəhəri, Ü.Hacıbəyov küçəsi, ev 1_B, mənzil 30 ünvanında qeydiyyatdadır. Eyni zamanda tərəflərin birgə nikahından xx.xx.2009-cu il tarixdə X15 və xx.xx.2019-cu il tarixdə X12 adlı uşaqlar doğulmuşdur. “Qanun üzrə vərəsəlik hüququ haqqında” Neftçala rayon Dövlət notariat kontorunun dövlət notariusunun təsdiq etdiyi şəhadətnamədə müəyyən olunmuşdur ki, “08 fevral 1989-cu ildə vəfat etmiş X2 əmlakının vərəsələrinin hər biri 2/5 hissədə oğlu- X16 (yaşayır Neftçala şəhəri, Hacıbəyov küçəsi, ev 1, mənzil 16-da), 3/5 hissəsi isə açıq saxlanılmaqla verilməsin”. Həmin şəhadətnamənin verildiyi vərəsəlik əmlakı şəhadətnamədə qeyd olunmuşdur. “Qeydiyyat vəsiqəsindən” görünür ki, Əli-Bayramlı sahəsi üzrə texniki inventarizasiya sənədlərində Neftçala rayonu, Qələbə küçəsində əmlakın vərəsəsi kimi X16 2/5 hissədə pay ayrılmış, 3/5 hissə isə açıq saxlanılmışdır. Neftçala Rayon Məhkəməsinin 2-49/1992 il tarixli qətnaməsindən görünür ki, iddiaçı X10, X11 və X3 cavabdeh Neftçala rayon notariat kontorundan, X8 vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi, miras əmlakın bölünməsi tələbinə dair iş üzrə iddiası təmin edilmiş və Neftçala rayon Dövlət notariat kontorunun 15 yanvar 1990-cı il tarixli şəhadətnaməsi ləğv edilmiş, X4 və X1 birgə nikah dövründə tikmiş olduqları Neftçala şəhəri, Qələbə küçəsində yerləşən ümumi sahəsi 44,8 kv.metr olan iki otaqlı şəxsi mənzil onların vərəsələri arasında bölünməsi, evin ümumi sahəsinin 54/70 hissəsi, (34,56 kv.metr sahəsi) X5, 16/70 hissəsi (10,24 kv.metr sahəsi) X16 verilməsi müəyyən edilmişdir. Tərəflərin məhkəməyə bildirdikləri ilə həmçinin müəyyən olunur ki, Cavabdeh1, Cavabdeh2 və onların uşaqları hazırda mübahisəli tikilidə yaşayır. Beləliklə, işin məhkəmə baxışı zamanı müəyyən olunur ki, mübahisəli tikilinin altındakı torpaq sahəsi iddiaçıların xüsusi mülkiyyətindədir. Həmin yaşayış evi İddiaçı1 atası Azər İsmayılov tərəfindən 1985-1986-cı illərdə inşa olunub. Cavabdeh1 İddiaçı1 ögey əmisi oğlu olmaqla inşa edildiyi vaxtdan mübahisəli tikiliyə köçmüş və Cavabdeh2 ilə nikah bağladıqdan sonra mübahisəli evdə yaşamaqla evdə təmir və digər tikinti işləri aparmışlar. İddiaçıların onlardan evdən çıxmasını tələb etdiyinə baxmayaraq, mübahisəli tikilidən çıxmamışlar. Mübahisəli tikili daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmayıb. Bir sıra işlər üzrə qərarlarında, o cümlədən “Önəryıldız Türkiyəyə qarşı” iş üzrə 18 iyun 2002-ci il tarixli qərarında Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyi bundan ibarət olmuşdur ki, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunmuş mülkiyyət anlayışı müstəqil mənaya malikdir. Əmlak sayıla bilən müəyyən hüquqlar və maraqlar da «mülkiyyət hüquqları» hesab edilə bilər və onlar 1 saylı Protokolunun 1-ci maddəsinin məqsədləri baxımından «mülkiyyət» sayıla bilərlər. Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyinə görə «mülkiyyət» anlayışı «mövcud mülkiyyətlə» məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və qanuni gözləntiyə malik olduğuna dair tələblərini də əhatə edə bilər. İşin faktiki halları ilə müəyyən olunur ki, Neftçala şəhəri, X21 küçəsi 98 ünvanında yerləşən torpaq sahəsinin iddiaçılara mülkiyyət hüququ ilə məxsus olmaqla yaşayış məntəqəsinin torpaqlarına aid olmaqla fərdi yaşayış evinin tikintisi üçün ayrılıb. Göstərilənlərlə yanaşı qeyd olunur ki, Azərbaycan Respublikası MM-nin 180.3-cü maddəsinə əsasən, tikinti aparılmış torpaq sahəsi şəxsin mülkiyyətində olduğu təqdirdə onun həmin tikiliyə (hətta özbaşına tikintiyə belə) mülkiyyət hüququ məhkəmə qaydasında tanına bilər. Məhkəmə bütün bunları nəzərə alaraq hesab edir ki, mübahisəli fərdi yaşayış evi tikilisi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığına baxmayaraq, iddiaçı həmin tikilinin mülkiyyət hüququ ilə öz adına rəsmiləşdirilməsi ilə bağlı əsaslı və qanuni gözləntiyə malikdir. Bu səbəbdən də o, mübahisələndirdiyi fərdi yaşayış evinə münasibətdə «perspektiv mülkiyyətçi» sayılmalıdır. Göstərilənlərə əsasən məhkəmə cavabdehin və digər cavabdehin nümayəndəsinin dəlilləri ilə razılaşmır və mübahisələndirilən tikili daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığına baxmayaraq, qanunvericiliyin mülkiyyətlə bağlı aidiyyəti müddəalarının hazırkı işə tətbiqini mümkün sayır. Məhkəmə cavabdehlərin mübahisəli fərdi yaşayış evindən çıxarılması ilə bağlı tələbə hüquqi qiymət verərək hesab edir ki, məsələ ilə əlaqədar olaraq ilk növbədə Cavabdeh1 Adil oğlunun və onun arvadı olan digər cavabdehin mübahisəli tikilidən istifadə hüququnun yaranıb-yaranmadığı araşdırılmalıdır. Bununla bağlı məhkəmə Azərbaycan Respublikası Mülki və Mənzil Məcəllələrinin aidiyyəti müddəalarına müraciət etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1, 228.2 və 228.5-ci maddələrinə əsasən "Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın", "Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir…", "Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir…". Göründüyü kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin yuxarıda istinad olunan 228.5-ci maddəsi mülkiyyətçinin onunla birlikdə yaşayan ailə üzvlərinin dairəsini dəqiq müəyyən etmişdir. Bunlar ər, arvad, valideynlər və uşaqlardır. Digər ailə üzvlərinin isə yaşayış binasının tərkib hissəsinə köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Cavabdehlər Cavabdeh1 Adil oğlu və Cavabdeh2 iddiaçılar İddiaçı1 və İddiaçı2 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsində sadalanan ailə üzvləri sırasına daxil deyil. Cavabdehlər Cavabdeh1 Adil oğlu və Cavabdeh2 iddiaçılar İddiaçı1 və İddiaçı2 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsində göstərilən "digər ailə üzvü" olub-olmaması məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair" 27 may 2008-ci tarixli Plenum Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, "...Mülki Məcəllənin 228.5-ci maddəsində əks olunmuş «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.1 və 228.2-ci maddələrinin tələbləri baxımından şərh olunmalı və bu normada nəzərdə tutulmuş «mülkiyyətçinin razılığı» yazılı şəkildə bağlanan razılaşmada ifadə edilməlidir. Həmin müddəanın belə şərhi mülkiyyətçinin Konstitusiyanın 13 və 29-cu maddələrində təsbit olunmuş təminat və hüquqlarını pozmur". Azərbaycan Respublikası Mülki Məcəlləsinin yuxarıda istinad olunan 228.1 və 228.2-ci maddələrinin məzmunundan isə görünür ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün şəxslə mülkiyyətçi arasında bağlanmış və notariat qaydasında təsdiqlənmiş yazılı razılaşma olmalı, həmçinin onun istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır. İşin faktiki hallarından görünür ki, iddiaçılarla cavabdehlər arasında yuxarıda qeyd olunan məzmunda yazılı razılaşma mövcud olmamış, həmçinin cavabdehlərin mübahisəli mənzilə münasibətdə hər-hansısa hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır (mübahisəli tikilinin hal-hazırda daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığı nəzərə alınaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinin tələblərinin icra edilməsi heç mümkün də deyildir). Beləliklə, cavabdehlər Cavabdeh1 Adil oğlunun və Cavabdeh2 mübahisəli evdən Azərbaycan Respublikasının Mülki Məcəlləsindən (mülki münasibətlərdən) irəli gələn istifadə hüququ yaranmayıb. Cavabdehlərin mübahisəli evdən Azərbaycan Respublikasının Mənzil Məcəlləsindən irəli gələn istifadə hüququna malik olub-olmaması məsələsinə qiymət verərək məhkəmə qeyd edir ki, həmin Məcəllənin 30.1 və 30.2-ci maddələrinə əsasən «Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər», «Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər…». İşin faktiki hallarından göründüyü kimi cavabdehlər Cavabdeh1 Adil oğlu və Cavabdeh2 iddiaçılar İddiaçı1 və İddiaçı2 Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsində bilavasitə təsbit olunmuş qohumları (arvad (ər), uşaqlar, valideynlər) sırasına daxil deyil. Cavabdehlərin iddiaçıların qanunvericiliyin yuxarıda qeyd olunan müddəasında təsbit olunmuş "digər qohumu" sayılıb-sayılmaması məsələsinə qiymət verərkən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair" 16 dekabr 2014-cü il tarixli Qərarında belə nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. İşin faktiki hallarından görünür ki, cavabdehlər Cavabdeh1 Adil oğlu və Cavabdeh2 iddiaçılar İddiaçı1 və İddiaçı2 Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən özünün saxlanılmasını tələb etmək hüququna malik şəxslər sırasına da daxil deyil. Beləliklə, onlar iddiaçıların Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsində göstərilən "digər qohum"u da sayıla bilməz. Belə olan halda cavabdehlər Cavabdeh1 Adil oğlunun və Cavabdeh2 mübahisəli evdən Azərbaycan Respublikasının Mənzil Məcəlləsindən, o cümlədən ailə münasibətlərindən irəli gələn istifadə hüququ da yaranmamışdır. Göstərilənləri nəzərə alaraq məhkəmə qeyd edir ki, mübahisəli ev cavabdehlərin istifadə hüququ ilə yüklü deyil. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5 və 157.2-ci maddələrinə əsasən «Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur», «Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın», «Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər». Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, cavabdehlər mübahisəli evə münasibətdə heç bir, o cümlədən istifadə hüququna malik olmadığı bir halda onların həmin evdə yaşaması əsassızdır və bu hal iddiaçıların mülkiyyət hüquqlarının (yuxarıda qeyd olunduğu kimi məhkəmə iddiaçını “perspektiv mülkiyyətçi” hesab edir) pozulması ilə nəticələnir. Ona görə də iddia təmin olunmaqla cavabdehlər Cavabdeh1 Adil oğlunun və Cavabdeh2 uşaqları ilə birlikdə iddiaçıların xüsusi mülkiyyətində olan Neftçala şəhəri, X21 küçəsi 98 ünvanında yerləşən 0,0420 ha. torpaq sahəsindən və onun üzərində yerləşən fərdi yaşayış evindən çıxarılmaları, eləcə də onlara məxsus olan əmlakın mübahisəli yaşayış sahəsindən çıxarılması qət edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən “Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 357-360 və 362-ci maddələrinə əsasən, məhkəmə Q Ə T E T D İ: İddia təmin olunsun. Cavabdehlər Cavabdeh1 Adil oğlu və Cavabdeh2 uşaqları ilə birlikdə Neftçala şəhəri, X21 küçəsi 98 ünvanında yerləşən və mülkiyyət hüququ ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 məxsus olan 0,0420 hektar torpaq sahəsindən və həmin sahədə inşa olunmuş fərdi yaşayış evindən çıxarılsınlar və yaşayış evi boşaldılaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 təhvil verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Quliyev
Məhkəmə qərarları › İş №2(053)-400/2023
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-400/2023
21.07.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver