Məhkəmə qərarları › İş №2(053)-54/2024

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-54/2024

23.01.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-54/2024 23.01.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı «torpaq sahəsinin geri qaytarılması və maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair» iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək özünə və mərhum atasına məxsus olan və cavabdeh tərəfindən zəbt edilmiş pay torpaq sahəsinin zəbtdən çıxarılaraq geri qaytarılmasına və 9 il müddətində “dəymiş ziyanın 50.000 manatın 9 ilin taxılını və pambığını hesablayaraq ödənilməsi” barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı işin məhkəmə baxışı zamanı iddiasını müdafiə edərək, çoxuşaqlı ailədə doğulduğunu bildirmişdir. Valideynləri – 1940-cı il təvəllüdlü X10 və 1944-cü il təvəllüdlü X11r. X27 2013-cü ildə vəfat etmiş, anası Şahnisə Qubadova isə sağdır. X12, X5, X16, X6, X17 və X18 onun bacı və qardaşlarıdırlar. Neftçala rayonu, Xolqaraqaşlı kənd inzibati ərazi dairəsinin Mürsəqulu kəndi ərazisində yerləşən və ümumilikdə 15,92 ha təşkil edən pay torpaq sahəsi ailə üzvlərinin və onun birgə mülkiyyətindədir. Həmin torpaq sahəsi onlara Neftçala rayon Aqrar İslahat Komissiyasının 15 iyun 1997-ci il tarixli 20 nömrəli qərarı ilə verilib. Özü uzun müddətdir ki, ailəsi ilə birgə Bakı şəhərində yaşayır. Ona görə də yuxarıda qeyd olunan torpaq sahəsindən ümumiyyətlə istifadə etməyib. Həmin torpaq sahəsinin özünə aid hissəsini dövlət tərəfindən verilən subsidiyanı alıb, həmçinin torpağı icarəyə verib dolanması üçün anasına vermişdir. Anası isə özünə və ona (iddiaçıya) aid torpaq sahəsini icarə əsasında əvvəl Xeyrulla adlı həmkəndlisinə, daha sonra isə Cavabdeh verib. Bu torpaqlar hal-hazıradək, yəni təxminən 10 ilə yaxındır ki, cavabdeh tərəfindən əkilib-becərilir. Onda olan məlumata görə cavabdeh 3 – 4 ildir ki, torpağa görə icarə haqqı vermir. İndi maddi vəziyyəti ilə bağlı torpağa ehtiyacı yaranmış, ona görə də cavabdehdən torpağın geri qaytarılmasını tələb etmişdir. Lakin, cavabdehdən torpaq sahəsini geri qaytarmasını bir neçə dəfə tələb etsə də, sonuncu imtina edir. Qeyd edir ki, cavabdeh 80 yaşlı anasını, o cümlədən bacıları Səfanə, Hürnisə və Gülnarı aldadaraq onlarla 03 noyabr 2019-cu il tarixli icarə müqaviləsini bağlamışdır. Müqavilədə onun imzası və adı olmadığı halda cavabdeh onun da torpağını əkir. Cavabdeh hətta öz pay torpağını başqa şəxsə icarəyə verməsinə belə mane olaraq buna imkan vermir. Bu isə haqsızlıq və qanunsuzluqdur. Ailəli olmaqla bir uşağı var. Ailəsinin normal yaşaması üçün öz torpağından gəlir əldə edə bilməsi onun haqqıdır. Hesab edir ki, cavabdehin ixtiyarı yoxdur ki, onun torpağını gizli şəkildə 9 il müddətində əkib özünə qazanc əldə etsin. Ona görə də lazımi sənədlərini toplayaraq hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Verilmiş suallara cavab olaraq iddiaçı işin məhkəmə baxışı zamanı həmçinin bildirmişdir ki, müvafiq dövlət aktında adı üçüncü sırada, yəni atasından və anasından sonra qeyd edildiyindən 15,92 hektarlıq pay torpaq sahəsinin sıra ilə üçüncü olan və təxminən 1,769 ha təşkil edən hissəsi onun ayrıca mülkiyyəti sayılmalıdır. Anası isə bu sahəni cavabdehin icarəsinə verib. Həmin 1,769 hektarı vaxtilə anasına, sonuncunun maddi cəhətdən dolanacağını təmin etmək üçün vermiş və ümumiyyətlə bu sahə ilə maraqlanmamışdır. Maraqlanmamasının səbəblərindən biri Bakı şəhərində yaşaması və təsərrüfatla məşğul olmaması, digəri isə xəstəliyi ilə bağlı olub. Özünə məxsus torpaq sahəsini hazırda tələb etməsi maddi çətinlikləri ilə bağlıdır. Göstərilənlərə əsasən iddiasının təmin olunmasını məhkəmədən xahiş edir. Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, sözügedən 15,92 ha torpaq sahəsinin bir hissəsini hələ 2010-cu illərin əvvəllərində iddiaçının ailə üzvlərindən icarəyə götürmüş və o, vaxtdan etibarən əkib becərir. Bununla bağlı aralarında icarə müqaviləsi də olub. Sonradan onunla X19, X7, X5 və X13 arasında 03 noyabr 2019-cu ildə yenidən icarə müqaviləsi bağlanmış və qeyd olunan 15,92 hektarlıq torpaq sahəsinin 7,0755 hektarlıq hissəsi 2030-cu ilədək onun icarəsinə verilmişdir. Qalan 8,8445 hektarlıq sahənin təxminən 1,769 hektarlıq hissəsi də iddiaçının qardaşı X17 ilə bağlanmış müqaviləyə əsasən onun icarəsindədir. 15,92 hektarlıq torpaq sahəsinin qalan hissəsindən iddiaçının digər ailə üzvləri istifadə edirlər. Onun icarə haqqını ödəmədiyinə dair iddiaçının məhkəməyə bildirdikləri həqiqətə uyğun deyil. Belə ki, icarə haqqını tam olaraq ödəmiş, icarəyə verənlərə heç bir pul və s. borcu yoxdur. Bu hal aralarında bağlanmış müqavilənin məzmunu ilə də müəyyən olunur. Bununla yanaşı, iddiaçının anası, bacıları və qardaşları ilə həmişə yaxşı münasibətləri olmuş, hətta iddiaçının anasının bir sıra problemlərinin həllinə imkanları daxilində kömək göstərmişdir. Cavabdeh eyni zamanda bildirir ki, bu il, yəni 2024-cü ildə mübahisəli torpaq sahəsindən məhsulu topladıqdan sonra daha əkibbecərməyəcək, torpağı öz sahiblərinə qaytaracaq. Səbəbi isə iddiaçının yersiz iddiaları və hərəkətləri ilə bağlıdır. Verilmiş suallara cavab olaraq cavabdeh eyni zamanda bildirmişdir ki, iddiaçı son vaxtlara qədər olan dövrdə ondan torpağı qaytarmasını və ya torpağa dair hər hansı başqa tələbinin olmasını bildirməyib. Bu səbəbdən də icarəyə götürdüyü sahəni uzun illər ərzində sərbəst və maneəsiz əkib-becərib. İndi isə mübahisə yarandığını nəzərə alıb, gələcəkdə iddiaçının yersiz davranışı səbəbindən hər hansı xoşagəlməz hallarla rastlaşmaması üçün belə qərara gəlib ki, 2024-cü ildə məhsulu topladıqdan sonra torpağı sahiblərinə qaytarsın. Göstərilənlərə əsasən iddiaçının ona qarşı tələbini tamamilə əsassız sayır və iddianın rədd olunmasını məhkəmədən xahiş edir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia rədd edilməlidir. «Torpağa mülkiyyət hüququna dair» Dövlət Aktının (J№-0011; kod ********) surətindən görünür ki, Neftçala rayonu, Mürsəqulu kənd sakinləri X10, X19, İddiaçı, X12, X5, X16, X6, X17 və X2 təsərrüfatı məhsullarının istehsalı məqsədilə Neftçala rayonu Aqrar İslahat Komissiyasının 1997-ci il 15 iyun tarixli 20 nömrəli qərarı ilə aktda göstərilən cizgilər daxilində yerləşən 15,92 hektar torpaq sahəsi ayrılmışdır. “Ölüm haqqında” şəhadətnamənin surətindən görünür ki, X10 21 fevral 2023-cü ildə ölüb. İcarəyə verənlər X19, Sultanova (Qubadova) Səfanə Əlisahib qızı, X5 və X13 ilə icarəçi Cavabdeh arasında 03 noyabr 2019-cu ildə notariat qaydasında bağlanmış icarə müqaviləsindən görünür ki, «1. İcarəyə verən (X19, X7, X5 və X13) Neftçala rayonu, Mürsəqulu kəndi ünvanında yerləşən, ümumi sahəsi 15,92 ha olan torpaq sahəsinin 7,0755 ha şəxsi torpaq paylarını icarəçi Cavabdeh icarəyə verirlər. Yerdə qalan 8,8445 ha torpaq sahəsinin X15 məxsus olan hissəsi bundan əvvəl bağlanmış müqavilə üzrə xx.xx.2023-cü ilədək İcarəçinin istifadəsində qalacaq. Digər mülkiyyətçilərin torpaq payları isə icarəyə verilmir və bu müqavilənin predmeti deyildir. 2. İcarəyə verilən əmlak – Neftçala rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 20 saylı qərarı ilə Neftçala rayonu torpaq şöbəsi və Dövlət Yerquruluşu Layihə İnstitutu tərəfindən xx.xx.1998-ci il tarixdə verilmiş seriya nömrəsi JN-0011, KOD 80710028 olan dövlət aktına əsasən (birgə mülkiyyət üzrə 15,92 ha-nın 7,0755 ha-dan ibarət olan hissəsi) icarəyə verən X19, X7, X5 və X3 məxsusdur. 3. İcarə müddəti xx.xx.2030-cu il tarixədək müəyyən edilir və onun bitməsinə 1 (bir) ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə icarə müddəti daha 1 (bir) il müddətinə uzadılmış hesab edilir. 4. Bu müqavilə bağlananadək daşınmaz əmlak ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağa qoyulmamışdır. 5. İcarəyə verilən sahənin istifadəsinə görə – icarəyə götürən Cavabdeh icarəyə verənlərə illik 318 (üç yüz on səkkiz) manat icarə haqqı ödəyir; İcarəyə götürən Cavabdeh icarəyə verənlərə 11 illik icarə haqqı olan 3.498 (üç min dörd yüz doxsan səkkiz) manatı qabaqcadan ödəmişdir…». Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Neftçala X31 Mərkəzi tərəfindən İddiaçı ünvanlanmış 06 dekabr 2023-cü il tarixli 3-22-3-47/2-Q-112-39-8/2023 nömrəli «əkin sahəsinə dəymiş maddi ziyanın müəyyənləşdirilməsinə dair» məktubda aşağıdakılar göstərilir: «…«Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi X31 mərkəzlərinin Əsasnaməsi»ndə fiziki şəxslərin əkin sahələrinə dəymiş maddi ziyanın hesablanması ilə bağlı hər hansı vəzifə öz əksini tapmamışdır. Bu səbəbdən Sizin istifadənizdə olan əkin sahəsinə dəymiş maddi ziyanın müəyyənləşdirilməsi Neftçala DAİM-in səlahiyyətləri xaricindədir…». Mübahisənin mahiyyəti ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. İşin mübahisəsiz hallarından görünür ki, Neftçala rayonu, Mürsəqulu kəndi ərazisində yerləşən və ümumi sahəsi 15,92 ha təşkil edən kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X10, X19, İddiaçı, X12, X5, X16, X6, X17 və X14 məxsusdur. İddiaçının anası və bacıları olan X19, Sultanova (Qubadova) Səfanə Əlisahib qızı, X5 və X13 ilə Cavabdeh arasında 03 noyabr 2019-cu ildə notariat qaydasında icarə müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən X19, X7, X5 və X1 rayonu, Mürsəqulu kəndi ünvanında yerləşən, ümumi sahəsi 15,92 ha təşkil edən torpaq sahəsinin 7,0755 hektarını Cavabdeh icarəyə vermişlər. Müqavilədən həmçinin görünür ki, 15,92 hektarlıq torpaq sahəsinin daha bir hissəsi (müqavilədə bu hissə iddiaçının qardaşı X15 məxsus hissə kimi göstərilib) X17 ilə bağlanmış müqaviləyə əsasən 01 may 2023-cü il tarixinədək cavabdehin icarəsində qalıb. Tərəflərin bildirdiklərindən görünür ki, 15,92 ha təşkil edən torpağın qalan hissəsindən cavabdeh istifadə etməyib. Mülkiyyətçilər X10, İddiaçı (iddiaçı), X16 və X18 ilə cavabdeh arasında torpağa dair hər hansı müqavilə mövcud deyil. Tərəflərin bildirdiklərindən həmçinin görünür ki, X19, Sultanova (Qubadova) Səfanə Əlisahib qızı, X5, X13 və X17 ilə cavabdeh arasında daha əvvəl bağlanmış müqaviləyə (və ya müqavilələrə) əsasən torpaq sahəsinin bir hissəsindən Cavabdeh əvvəllər də, yəni 03 noyabr 2019-cu il tarixindən əvvəl icarə əsasında istifadə edib. İddiaçı cavabdehin icarə haqqını ödəmədiyini bildirdiyinə baxmayaraq, bu halı işin məhkəmə baxışı zamanı sübuta yetirə bilməmişdir. Əksinə 03 noyabr 2019-cu il tarixli müqavilənin məzmunundan görünür ki, cavabdeh razılaşdırılmış icarə haqqı məbləğini əvvəlcədən ödəyib. İddiaçı bildirir ki, torpağın özünə məxsus hissəsini anasının maddi cəhətdən dolanacağını təmin etmək üçün sonuncuya vermiş və son vaxtlaradək bu sahə ilə maraqlanmamışdır. Maraqlanmamasının səbəblərindən biri Bakı şəhərində yaşaması və təsərrüfatla məşğul olmaması, digəri isə xəstəliyi ilə bağlı olub (iddiaçı uzunmüddətli xəstəliyi və bu xəstəliyi səbəbindən ötən uzun müddət ərzində torpaqla maraqlanmaq imkanından məhrum olmasına dair heç bir sübut təqdim etməyib). Cavabdeh isə bildirir ki, ötən 10 il müddətində torpaqdan maneəsiz istifadə etmiş, iddiaçı ona digər mülkiyyətçilərlə icarə münasibətlərinə dair heç bir etiraz bildirməmiş və tələb irəli sürməmişdir. İddiaçı yalnız 2023-cü ildə ondan torpağın qaytarılmasını tələb edib. İddiaçı torpağın ümumi sahəsinin 15,92 ha təşkil etdiyini və müvafiq Dövlət Aktında 9 nəfərin adının qeyd olunduğunu əsas gətirərək hesab edir ki, torpağın 1,769 hektarı onun ayrıca mülkiyyəti sayılmalıdır (15,92 : 9 = 1,76888...). İddiaçı həmçinin torpağın mərhum atası X4 məxsus olmuş hissəsinin də ona (iddiaçıya) məxsus olduğunu iddia edir. Bununla bağlı məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 52-ci maddəsinin tələbinə görə “1. Torpaq sahəsi üzərində birgə hüquqlar iki və daha çox şəxsin mülkiyyətində, istifadəsində və icarəsində torpaq sahəsi olduqda, habelə mülkiyyətçi, istifadəçi və icarəçi arasında qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanan müqavilə əsasında onlara məxsus olan torpaq sahələrinin birləşdirilməsi zamanı yaranır. 2. İki və daha çox şəxsin mülkiyyətində, istifadəsində və icarəsində olan torpaq sahəsi həmin şəxslərin birgə mülkiyyət, birgə istifadə və ya birgə icarə hüququnda məxsus ola bilər. Birgə mülkiyyətdə olan torpaq sahələrinə sahiblik, onlardan istifadə və onlar barədə sərəncam verilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin birgə mülkiyyət hüququ haqqında müddəalarına uyğun olaraq həyata keçirilir”. Azərbaycan Respublikası MM-nin 213.1 və 213.2-ci maddələrinə əsasən “İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur”, “Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər”. İşin faktik hallarından görünür ki, «Torpağa mülkiyyət hüququna dair» Dövlət Aktında göstərilən 15,92 ha torpaq sahəsi mülkiyyətçilər arasında paylara bölünməyib. O cümlədən, iddiaçının bildirdiyi 1,769 hektarlıq sahənin də onun ayrıca mülkiyyətində olması halı müəyyən edilmir. Qeyd olunanları nəzərə alaraq məhkəmə iddiaçının müvafiq dəlilini əsassız sayır və hesab edir ki, Dövlət Aktında göstərilən torpaq sahəsi X10, X19, İddiaçı, X12, X5, X16, X6, X17 və X8 birgə mülkiyyəti sayılmalıdır. Azərbaycan Respublikası MM-nin 222-ci maddəsinin tələblərinə görə əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. Birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. Beləliklə, mülki qanunvericiliyin tələbinə görə birgə mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilməlidir. Ona görə də birgə mülkiyyətçilərdən birinin ümumi mülkiyyətdə olan əmlaka digər birgə mülkiyyətçilərdən hər hansı birinin razılığı olmadan sərəncam verməsi müvafiq əqdin etibarsızlığı ilə nəticələnə bilər. İşin faktik hallarından görünür ki, X19, Sultanova (Qubadova) Səfanə Əlisahib qızı, X5, X13 və X17 birgə mülkiyyətdə olan torpaq sahəsinə sərəncam verməklə onu cavabdehin icarəsinə vermişlər. Müvafiq müqavilə digər mülkiyyətçilər tərəfindən imzalanmayıb. Məhkəmə bunu qeyd etməklə yanaşı eyni zamanda vurğulayır ki, yuxarıda göstərilən hal mövcud olduğuna baxmayaraq, iddiaçı müqavilənin (və ya müqavilələrin) etibarsız sayılmasına dair hər hansı iddia tələbi irəli sürməyib. Məhkəmə həmçinin aşağıdakıları qeyd edir. “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 3 mart 2023-cü il tarixli Qərarında əks olunmuş hüquqi mövqeyə görə: “...birgə mülkiyyətçilərdən birinin ümumi mülkiyyətdə olan əmlaka sərəncamla bağlı əqdi digər birgə mülkiyyətçilərdən hər hansı birinin razılığı olmadan bağlaması qanunvericiliyin məcburi göstərişlərinə zidd olduğu üçün etibarsızlıq halının yaranmasına səbəb olur. Lakin burada nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 358ci maddəsinə əsasən, səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Mülki Məcəllənin Səlahiyyət verilməyən şəxsin əqd bağlaması adlanan 360.2-ci maddəsinə görə, təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir. Mülki hüququn bəyənmə - sonradan verilən razılıq institutunu nəzərdə tutan Mülki Məcəllənin 357-ci maddəsinə əsasən, əqd bağlanmasının bəyənilməsi, əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə (ex tunc) malikdir. Səlahiyyət verilməyən şəxsin bağladığı əqdin təmsil edilən tərəfindən bəyənilməsi, əqd bağlanan zaman əqdi bağlayan şəxsin səlahiyyətə malik olması kimi qiymətləndirilir və təmsil edilən şəxs üçün bütün müvafiq hüquqi nəticələrə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı) səbəb olur. Sonradan verilən razılığın nə zaman verilməsindən asılı olmayaraq, o əqdin bağlandığı andan əqdin tərəfi hesab edilir. Hüquqi təbiətinə görə əqdin bəyənilməsi birtərəfli əqd olaraq qəbul edilir, belə ki, onun bağlanması üçün yalnız təmsil edilən şəxsin iradə ifadəsi zəruri və yetərlidir. Mülki Məcəllənin 355.2-ci maddəsinin “razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur” müddəası mahiyyət və məzmun etibarı ilə məhz bəyənmə hallarına aiddir. Bu nöqteyi-nəzərdən də hüquqi baxımdan məcburi forma şərtinə tabe tutulan müəyyən bir əqdə dair təmsil olunanın konkludent hərəkətləri və rəftarı (məsələn, əqd üzrə icra olunanların qəbul edilməsi, əşyaya dair sənədlərin verilməsi, uzun müddət ərzində əşyadan əqd üzrə qarşı tərəfin öz əşyası kimi fasiləsiz və bariz istifadəsinə etiraz etməməsi və s.) onun tərəfindən əqdin bəyənilməsinə dəlalət edir. Bu baxımdan, əqdin bağlanmasına zahirən razılığı olmayan ümumi mülkiyyət sahibinin bu əqddən xəbərdar olması və bəyəndiyini göstərən hərəkət və rəftarı işin hallarından bariz məlum olduğu təqdirdə, işin halları tam və hərtərəfli araşdırılıb bunlara hüquqi qiymət verilmədən, birgə mülkiyyətçilərdən hər hansı birinin imzasının olmamasına görə onun bu əqdə razılığının olmadığı qənaətinə gəlinməsi mülki hüququn vicdanlılıq və hüquqdan sui-istifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar. Göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, müqavilənin imzalanmaması (ona razılıq verilməməsi) və ya forma tələbinə riayət edilməməsi əsasları ilə hüquqi qüvvəsinin olmaması barədə iddialara baxarkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, tərəflərin vicdanlılığının və davranışlarının ardıcıllığının müəyyən edilməsi üçün işin bütün hallarını hərtərəfli araşdırmalı, yaranacaq nəticənin ədalətlilik və vicdanlılıq prinsiplərinə uyğunluğunu müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir. ... Mülki Məcəllənin 404-cü maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu mənada mülki dövriyyənin sabitliyinin təmin edilməsi məqsədi ilə məhkəmələr təqdim olunmuş sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 88-ci maddəsinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq onların əsasında müqavilə üzrə tərəflərin əsl məqsədlərini və iradə ifadələrini dəqiqləşdirməli, iradə ifadəsinin hansı şərtlər və şərait daxilində bildirilməsini müəyyən etməli, müqavilələrin etibarlı olub-olmamasına düzgün hüquqi qiymət verməlidir. Konstitusiya Məhkəməsi Plenumunun əvvəlki qərarlarında da formalaşdırdığı hüquqi mövqeyə əsasən, müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyəqədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr tarixli Qərar). Xüsusən mülkiyyət hüququ ilə bağlı mübahisələrin həllində məhkəmələr formal mülahizələrdən çıxış etməməli, məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün hüquqi vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmalıdırlar (Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayətinə dair 2021-ci il 12 aprel tarixli Qərarı)”. İşin faktik hallarından, o cümlədən iddiaçının özünün bildirdiklərindən görünür ki, o, özünə ayrıca mülkiyyət hüququ ilə məxsus olduğunu iddia etdiyi təxminən 1,769 ha torpaq sahəsini anasına, sonuncunun maddi cəhətdən dolanacağını təmin etmək məqsədilə vermiş və sonrakı dövrdə bu sahə ilə maraqlanmamış, onun əvvəl bir şəxsin, sonra isə cavabdehin icarəsinə verilməsinə heç bir etiraz bildirməmişdir. İddiaçı 2023-ci ildə və hazırda cavabdehə etirazlar bildirməsini öz maddi çətinliklərinin yaraması səbəbindən torpağa ehtiyacının olması ilə izah edir. Cavabdeh də bildirir ki, iddiaçı 2023-cü ilədək ona qarşı torpaqla bağlı hər hansı etiraz etməmiş, iddia qaldırmamışdır. Yuxarıda qeyd olunanlar iddiaçının ümumilikdə torpaq sahəsinin, o cümlədən ayrıca mülkiyyət hüququ ilə özünə məxsus olduğunu iddia etdiyi təxminən 1,769 hektarlıq sahənin anası və digər mülkiyyətçilər tərəfindən icarəyə verilməsinə razı olduğunu, müvafiq müqaviləni (və ya müqavilələri) şəxsən imzalamadığına baxmayaraq, icarə münasibətlərini elə əvvəlcədən, yəni icarə münasibətləri yarandığı vaxtdan bəyəndiyini təsdiq edir. İşin müəyyən olunmuş hallarından görünür ki, cavabdeh icarəyə götürdüyü torpaq sahəsi ilə bağlı vicdanlı hərəkət etmiş, müqavilə ilə üzərinə götürdüyü öhdəliyi icra edərək razılaşdırılmış icarə haqqını tam olaraq ödəmişdir. İddia ərizəsində cavabdehin mübahisəli torpaq sahəsini zəbt etdiyi göstərilir. Cavabdehin torpaq mülkiyyətçilərinin bir qismi ilə icarə müqaviləsi bağladığını, onun məhz həmin müqavilədə göstərilən və razılaşdırılmış torpaq sahəsindən istifadə etdiyini, mülkiyyətçilərdən heç biri, o, cümlədən 2023-cü il tarixinədək iddiaçı tərəfindən torpaqla bağlı etiraz bildirilmədiyini, razılaşdırılmış icarə haqqının cavabdeh tərəfindən ödənildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, mübahisəli torpaq sahəsi cavabdeh tərəfindən zəbt olunmuş sayıla bilməz. Məhkəmə eyni zamanda vurğulayır ki, icarə müqaviləsi notariat qaydasında bağlanıb. Bunu nəzərə aldıqda görünür ki, cavabdeh müqaviləni bağlayarkən onun qanunun bütün tələblərinə uyğun olmasını düşünə, müqavilənin qanuniliyinə özüözlüyündə əmin ola bilərdi. Qanundan irəli gələn məsələlər isə (məsələn, bütün mülkiyyətçilərin razılığının alınması) notarius tərəfindən araşdırmalı, müqavilə tərəflərinə izah edilməli, müqavilənin qanuna zidd olduğunu aşkar etdikdə isə notarius onu təsdiqləməkdən imtina etməli idi. Göründüyü kimi cavabdeh müqavilə bağlanan anda da müqavilənin qarşı tərəfi ilə birlikdə notariusa müraciət etməklə vicdanlı hərəkət edib. Belə olan halda iddiaçı cavabdehdən əldə etdiyi məhsulun dəyərini və ya iddia ərizəsində göstərilənlərdən irəli gələn hər hansı “zərərin” əvəzini tələb edə bilməz. Ona görə də iddia rədd olunmalıdır. Məhkəmə eyni zamanda izah edir ki, əgər iddiaçı icarə münasibətləri zəminində ona maddi zərər vurulduğunu düşünürsə müvafiq tələblə torpağın aidiyyəti mülkiyyətçilərinə qarşı iddia qaldıra bilər. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddianın rədd olunduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, məhkəmə xərcləri, o cümlədən ödənilmiş dövlət rüsumu məbləği iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən «Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən «Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın». Azərbaycan Respublikası MPM-nin 14.2 və 217.4-cü maddələrinə əsasən «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir», «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 357 – 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «torpaq sahəsinin geri qaytarılması və maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair» iddiası rədd edilsin. İddia ilə məhkəməyə müraciət olunması üçün ödənilmiş dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən 1 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar