Məhkəmə qərarları › İş №2(053)-542/2025

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-542/2025

29.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-542/2025 29.08.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək, daha sonra Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən işin məhkəmədə baxılmağa hazırlanması mərhələsində ərizə təqdim etməklə iddia tələbinin həcmini dəyişərək Cavabdeh birgə götürülmüş borca görə 10.000 manat, habelə əldə edilmiş 20.000 manat məbləğində gəlirdən ona çatacaq hissənin alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı işin məhkəmə baxışı zamanı iddiasını müdafiə edərək Neftçala rayonunda Qaravəlili adlanan ərazidə İbrahim adlı şəxsə məxsus 150 hektar torpaq sahəsini 10 il müddətinə icarəyə götürdüyünü bildirmişdir. Təsərrüfat fəaliyyəti ilə məşğul olması üçün həmin torpaq sahəsində el arasında damba adlandırılan və balıq saxlanması üçün nəzərdə tutulan süni göllər yaratmağı, ərazidə olan yararsız torpaqları yararlı hala gətirməyi planlaşdırırdı. Bununla bağlı ərazidə xeyli vəsait xərcləyib işlər görmüşdü. Bu ərəfədə Cavabdeh ilə görüşmüş və söhbət əsnasında həmin sahə ilə bağlı planlarını ona bildirib müvafiq məqsədlə bankdan kredit götürmək istədiyini bildirmişdir. Cavabında Xəyal ona bildirmişdir ki, bu məqsəd üçün müvafiq dövrdə Rusiya Federasiyasında yaşamış dostu X3 borca pul götürə bilər. O (iddiaçı), cavabdehlə razılaşmış, Xəyal Faiqə zəng edərək borca pul istəmiş, eyni zamanda həmin pulla bağlı birgə planlarını Faiqə bildirmişdir. Beləliklə, o, Xəyal vasitəsilə Faiqdən hissə-hissə olmaqla ümumilikdə 20.000 manat məbləğində pul götürmüş və bu məbləğlə sözügedən sahədə 20 hektarlıq balıq gölü yaratmağa başlamışdır. Qeyd olunur ki, iddiaçı əvvəl cavabdehin yuxarıda göstərilən göldə sadəcə işçi kimi işlədiyini bildirdiyinə baxmayaraq, sonradan bildirmişdir ki, əslində orada Xəyalla şərikli işləyiblər. Yəni ilkin razılıqları belə olub ki, balığı satdıqdan sonra çəkilmiş xərcləri çıxıb, əldə olunan gəliri aralarında yarı böləcəklər. İddiaçı eyni zamanda bildirir ki, cavabdeh yuxarıda göstərilən 20 hektarlıq sahəyə (süni balıq gölünə) heç bir xərc çəkməyib. O, daha sonra cavabdehlə birlikdə 2.000 manat müqabilində 11 hektarlıq sahəni (süni balıq gölünü) icarəyə götürmüş və onu da şərikli işlətməyə başlamışlar. Göstərilən 11 hektarlıq sahəyə də ümumilikdə 22.000 manat civarında xərc çəkmiş, cavabdeh bu pulun 3.000 manatlıq hissəsini sonradan ona qaytarmış 19.000 manat civarında borclu qalmışdır. İyul ayının 17-dək Xəyalla birlikdə şərikli işləmiş, lakin aralarında yaranmış narazılıqlar səbəbindən ayrılmışlar. Beləliklə, iyul ayının 17-dən sonrakı dövrdə 20 hektarlıq sahəyə o, özü, 11 hektarlıq sahəyə isə cavabdeh nəzarət etmişdir. Eyni zamanda hər iki gölə görə bütün xərcləri o (iddiaçı), çəkdiyindən belə razılaşmışlar ki, 11 hektarlıq sahədən əldə olunacaq qazancı da yarı böləcəklər. O (iddiaçı), 20 hektarlıq sahədən 59.000 manat məbləğində pul qazanıb. Cavabdeh isə 11 hektarlıq sahədən təxminən 40.000 manat qazanc əldə etmiş, lakin razılaşma şərtlərini pozaraq bunun yarısını təşkil edən 20.000 manatı ona verməmişdir. İddiaçı eyni zamanda bildirir ki, Cavabdeh X3 borc kimi götürülmüş 20.000 manat məbləğində pulun 10.000 manatlıq hissəsini sonuncuya qaytarmış, lakin qalan 10.000 manatlıq hissəsini qaytarmamışdır. Bu səbəbdən X9 ona (iddiaçıya) qarşı məhkəmədə iddia qaldırmış və Neftçala Rayon Məhkəməsi iddianı təmin edərək, ondan X4 xeyrinə 10.000 manat məbləğində pul tutulmasını qət etmişdir. Göstərilənlərə əsasən iddiasının təmin olunmasını məhkəmədən xahiş edir. Cavabdeh iddianı qəbul etməyərək işin məhkəmə baxışı zamanı qeyd etmişdir ki, iddiaçının bildirdikləri həqiqətə uyğun deyil. O, həqiqətən də iddiaçının xahişinə əsasən dostu X3 borc istəmiş, sonuncu onlara müxtəlif məbləğlərlə ümumilikdə 20.000 manat məbləğində borc pul vermişdir. Bu məbləğ şərikli işlətməyi planlaşdırdıqları süni balıq gölünə xərclənməsi üçün İddiaçı verilib. Qeyd olunan məbləğin əksər hissəsi iddiaçının bildirdiyi 20 hektarlıq əraziyə, xeyli az məbləği isə sonradan icarəyə götürülmüş 11 hektarlıq əraziyə xərclənib. İddiaçı öz şəxsi vəsaitindən 11 hektarlıq gölə ümumiyyətlə heç bir vəsait xərcləməmiş, ona zəruri xidmət göstərilməsində hər hansı zəhməti olmamışdır. 11 hektarlıq gölə lazımi xidmət göstərilməsi üçün sonradan lazım olmuş pul məbləğlərini isə o (cavabdeh), şəxsi vəsaitindən xərcləyib. Cavabdeh bildirir ki, 20 ha ərazidə yerləşən gölün ərsəyə gəlməsində onun xeyli zəhməti olub. Xərclər isə yuxarıda qeyd olunduğu kimi yalnız borc götürdükləri pul vəsaiti hesabına çəkilib. Lakin aralarında narazılıq yaranmış və ayrılmaq qərarına gəlmişlər. Beləliklə, sonradan o, 11 hektarlıq gölə, iddiaçı isə 20 hektarlıq gölə qulluq ediblər. Əldə edilməli olan gəlirin bölünməsi ilə bağlı da aralarında olan razılıq pozulmuşdur. Müvafiq razılıq yalnız 20 hektar ərazi ilə bağlı olub. Yuxarıda qeyd olunan 11 hektarlıq ərazi ilə bağlı isə aralarında hər hansı bir şəriklilik razılığı olmamışdır. Cavabdeh həmçinin qeyd edir ki, 20.000 manat borcu X3 birlikdə götürdüklərinə görə o (cavabdeh), bu məbləğin yarısını təşkil edən 10.000 manatı Faiqə qaytarmışdır. Qalan məbləği Faiqə iddiaçı qaytarmalı idi. Lakin iddiaçı bu razılaşmanı da pozaraq X5 heç bir məbləğ qaytarmamışdır. Ona görə də Faiq məcburiyyət qarşısında qalıb Sakitə qarşı pul tələbi ilə məhkəmədə iddia qaldırmış və Neftçala Rayon Məhkəməsinin qətnaməsi ilə həmin iddia təmin olunmuşdur. Göstərilənlərə əsasən iddianın rədd olunmasını məhkəmədən xahiş edir. İşin məhkəmə baxışı zamanı iddiaçının vəsatəti ilə şahid qismində dindirilmiş X10 bildirmişdir ki, həm iddiaçı, həm də cavabdehlə normal münasibəti var. Bir reysi 70 manata olmaqla balıq daşımaqla məşğuldur. İddiaçı sifarişi əsasında onun sahəsinə 5 reys balıq gətirib. Şahid qeyd edir ki, balıq gətirdiyi sahədə 3 – 4 süni balıq gölü var. İddiaçının sifarişi ilə gətirdiyi balıqları həmin göllərdən bir-ikisinə boşaldıb. Süni göllər arasında 1 – 1,5 km məsafə var idi. O, fərqli vaxtlarda gətirdiyi xırda balıqlarla iri balıqları ayrı-ayrı göllərə boşaldıb. Lakin balıq boşaltdığı göllərinin konkret olaraq hansının kimə məxsus olması barədə məlumatı yoxdur. İddiaçı ilə cavabdeh arasında şəriklik münasibətlərinin olmasını da bilməyib. İşin məhkəmə baxışı zamanı cavabdehin vəsatəti ilə şahid qismində dindirilmiş X1 bildirmişdir ki, cavabdehin işlətdiyi 11 hektarlıq göldə işləmiş və buna görə bilavasitə cavabdehdən ayda 350 manat olmaqla zəhmət haqqı almışdır. Cavabdehin yanında işlədiyi müddətdə vəzifəsi balıqları yemləməkdən və gölü mühafizə etməkdən ibarət olub. Cavabdehə aid olan göllə iddiaçıya aid göl arasında müəyyən qədər məsafə var. İddiaçı arada bir cavabdehə aid olan gölün yanına kənar adam kimi gəlib sadəcə suya baxıb gedirdi. Onun (iddiaçının), qeyd olunan 11 hektarlıq gölə hər hansı aidiyyətinin olması barədə məlumatı yoxdur. Eyni zamanda iddiaçının bu gölə görə hər hansı vəsait xərcləməsini (məsələn balıq, yem və s. alınması) və ya göllə bağlı təsərrüfatla məşğul olmasını görməyib və eşitməyibdir. Həmin gölə aid bütün işləri cavabdeh təşkil edirdi. İddiaçı ilə cavabdeh arasında həmin göllə bağlı şəriklik münasibətlərinin olduğunu da bilmir. Məhkəmə iddiaçını, cavabdehi və şahidləri dinləyib, iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia rədd olunmalıdır. Məhkəmənin sorğusu əsasında Neftçala Rayon Polis Şöbəsi tərəfindən təqdim olunmuş sənədlərdən görünür ki, iddiaçı və cavabdeh eyni mübahisə ilə bağlı rayon polis şöbəsində də izahatlar vermişlər. Eyni zamanda X4 verdiyi yazılı izahatın məzmunundan görünür ki, Cavabdeh öz öhdəsinə düşən 10.000 manat məbləğində pulu ona geri qaytarmış, İddiaçı isə öhdəsinə düşən qalan 10.000 manat borcu qaytarmamışdır. Neftçala Rayon Məhkəməsinin 2(053)-322/2025 nömrəli iş üzrə 13 mart 2025-ci il tarixli qətnaməsi ilə X4 İddiaçı qarşı pul tələbinə dair iddiası təmin edilmiş, İddiaçı 10.000 manat məbləğində pulun alınaraq X5 verilməsi qət edilmişdir. Qətnamənin məzmunundan həmçinin görünür ki, Əsgərov X2 Faiq Fazil oğluna 10.000 manat məbləğində borcunun olması halını etiraf edib. Eyni zamanda X4 nümayəndəsi X8 məhkəmə iclaslarında bildirmişdir ki, Faiq Ağakişiyevdən alınmış borc məbləğinin 10.000 manatlıq hissəsi Cavabdeh tərəfindən artıq qaytarılıb. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən «Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Mülki prosessual qanunvericiliyin yuxarıda göstərilən və s. aidiyyəti müddəalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia tələblərinin əsası kimi istinad olunan hallar iddiaçının özü tərəfindən sübuta yetirilməlidir. Məsələ ilə bağlı qeyd olunur ki, iddiaçı məhkəməyə öz tələblərinin əsası kimi istinad etdiyi halları təsdiq edə biləcək hər hansı mötəbər sübut təqdim etməyib. Bununla yanaşı, iddiaçının özü tərəfindən məhkəməyə bildirilənlər də kifayət qədər ziddiyyətlidir. Məsələn, iddiaçı bildirir ki, cavabdehlə birlikdə X3 20.000 manat məbləğində borc götürmüş və bu məbləğ şərikli təsərrüfat fəaliyyətinə xərclənmişlər. Son razılaşmaları isə belə olub ki, 11 hektarlıq süni balıq gölündən əldə ediləcək gəlir cavabdehlə aralarında bölünəcək (iddiaçı 20 hektarlıq göldən əldə olunmuş gəlirin də razılaşmaya əsasən bölünməli olduğunu bildirmir). Qeyd olunmalıdır ki, götürülmüş borc məbləğinin hamısının 11 hektarlıq süni balıq gölünə xərclənməsi halı iş materialları ilə müəyyən olunmur. Əksinə cavabdehin bildirdiklərindən və iddiaçının qismən etirafından görünür ki, bu məbləğin əksər hissəsi 20 hektarlıq süni balıq gölünə, daha az bir hissəsi isə 11 hektarlıq süni balıq gölünə xərclənib. İddiaçı ilə cavabdehin bildirdikləri, həmçinin işin digər faktik halları ilə müəyyən olunur ki, yuxarıda göstərilən 20.000 manat borcun yarısı, yəni 10.000 manatı borcverən X5 Cavabdeh tərəfindən qaytarılıb. Göstərilənləri nəzərə aldıqda sual yaranır. Əgər birgə təsərrüfat fəaliyyətinin həyata keçirilməsi üçün alınmış 20.000 manat məbləğində borc hər iki gölə xərclənibsə, onda hansı səbəbdən gəlirin şərikli bölünməsinə dair razılıq yalnız 11 hektarlıq göllə əlaqəli olub? Başqa bir sual. Borcun birgə götürüldüyü və bunun bir hissəsinin iddiaçının sonradan ayrıca sahibliyində olmuş 20 hektarlıq gölə xərcləndiyi bir halda (hər iki tərəf bildirir ki, aralarındakı razılaşma pozulduqdan sonra 20 hektarlıq gölü iddiaçı, 11 hektarlıq gölü isə cavabdeh ayrıca idarə ediblər), hansı səbəbdən borcun hamısı cavabdeh tərəfindən ödənilməlidir? Digər sual. Əgər iddiaçı şərik olduqlarını əsas gətirərək 11 hektarlıq göldən əldə olunan gəlirə iddia edirsə, hansı səbəbdən o, 20 hektarlıq göldən əldə olunmuş gəlirin də şəriklik münasibətlərinə əsasən bölünməli olduğunu bildirmir? Yuxarıda göstərilən və bununla əlaqəli digər suallara iddiaçı işin məhkəmə araşdırması dövründə ağlabatan cavab verə bilməmişdir. Şahidlər də iddianı təsdiq edə biləcək ifadə verməyiblər. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları işin məhkəmə baxışı dövründə sübuta yetirə bilməmişdir. Belə olan halda iddia cavabdeh tərəfin gətirdiyi dəlillərin məzmunundan asılı olmayaraq rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən «Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir». Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən «Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir». Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və iddianın rədd olunduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş məhkəmə xərcləri onun özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 78.1-ci maddəsinə əsasən «Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın». Həmin Məcəllənin 14.2 və 217.4-cü maddələrinə əsasən «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir», «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 357 – 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası rədd edilsin. İddia ilə məhkəməyə müraciət olunması üçün ödənilmiş dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən bir ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar