Məhkəmə qərarları › İş №2(053)-609/2024

Neftçala Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(053)-609/2024

18.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-609/2024 18.07.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək cavabdehdən 720 manat pulun, həmçinin dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı işin məhkəmə baxışı zamanı iddiasını müdafiə edərək göstərmişdir ki, Türkiyə Respublikasında qiyabi təhsil alması üçün «Diploma Education» şirkətinə müraciət etmiş və şirkətin rəhbəri olan Samirə Məmmədova adlı xanımla görüşərək təhsil alması ilə əlaqədar xidmət haqqı olaraq 920 manat məbləğində pulu şirkətin hesabına ödəməsi ilə bağlı razılığa gəlmişlər. Razılaşmaya uyğun olaraq həmin məbləğdə ödəniş etmişdir. Müqavilədə nəzərdə tutulan xidmətlər icra edilmədiyindən ödədiyi pulu geri tələb etmişdir. Lakin şirkət tərəfindən pulun qaytarılması gecikdirilmişdir. Ona görə də sosial şəbəkələrdə özünü vəkil kimi təqdim edən Neftçala rayon sakini Cavabdeh ilə istifadəsində olan (050)- 822-42-46 və (050)-825-48-58 mobil telefon nömrələri vasitəsilə əlaqə saxlamış və sonuncudan məsələ ilə bağlı ona köməklik edə biləcəyini soruşmuşdur. Cavabdehə mövcud vəziyyəti izah etmiş, cavabdeh isə ona şirkətdən pulunu 10 gün müddətinə geri alacağı barədə vəd vermişdir. Bundan sonra cavabdeh ona borcun qaytarılması ilə bağlı Bakı şəhəri, Səbail Rayon Polis İdarəsinə şikayət etdiyini bildirmişdir. Daha sonra isə borcun qaytarılması tələbi ilə məhkəməyə müraciət edilməli olduğunu, bunun üçün zəruri sənədlərin toplamasını və 200 manat məbləğində pulu xidmət haqqı olaraq ödəməsini bildirmişdir. 10 və 11 dekabr 2023-cü il tarixlərində xidmət haqqı olaraq hər dəfə 100 manat olmaqla cəmi 200 manat məbləğində pulu özünə məxsus olan 416973******7729 və 416973******5913 nömrəli «Birbank Cashback» kartlarından cavabdehin göndərdiyi "xxxx" KB ASC-yə məxsus 524375******6355 nömrəli bank kartı hesabına köçürmüşdür. Cavabdeh yenidən 520 manat məbləğində pulun sənədlərin göndərilməsi üçün lazım olduğunu dedikdə, cavabdehə həmin məbləği nağd şəkildə ödəməyə imkanının olmadığını bildirmiş və bundan sonra pulun hissə-hisə ödənilməsi barədə razılığa gəlmişlər. Həmin məbləğin də 450 manatını hissə-hissə, yenə də özünə məxsus olan 416973******5913 nömrəli «Birbank Cashback» kartından, 70 manatını isə özünə məxsus olan 416973******7729 nömrəli «Birbank Cashback» kartından cavabdehin göndərdiyi "xxxx" KB ASC-yə 524375******6355 nömrəli bank kartı hesabına köçürmüşdür. Sonradan cavabdeh iddia tələbi ilə bağlı sənədləri hazırlayacağını və ümumilikdə ödədiyi 720 manat pulun 520 manatını özü qaytaracağını, qalan 200 manat xidmət haqqının əvəzini isə şirkətdən onun xeyrinə tutulacağını bildirmişdir. Qeyd edilən məsələ ilə bağlı, həmçinin cavabdeh barəsində digər vəkillərlə maraqlanıb, dəqiqləşdirmə apardıqda cavabdehin Vəkillər Kollegiyasının üzvü olmadığını bilmişdir. Bundan sonra cavabdehdən dəfələrlə pulunu geri tələb etmiş, lakin cavabdeh pulu qaytarmamışdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən iddiasının təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq göndərildiyinə baxmayaraq, o, gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. İddiaçı işə qiyabi icraat qaydasında baxılmasına etiraz etməmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 238-ci maddəsinin tələblərinə əsasən məhkəmə hazırkı mülki işə qiyabi icraat qaydasında baxmışdır. Məhkəmə iddiaçını dinləyib, toplanmış materialları tədqiq edib, araşdırılmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin çıxarışından görünür ki, «X1 Mərkəzi» Məhdud Məsuliyyətli Cəmiyyətinin (Dövlət qeydiyyatı № (VÖEN) **********) qanuni təmsilçisi Cavabdehdır. İş materiallarına "xxxx" ASC-yə aid olan və 09 dekabr 2023-cü ildən 13 dekabr 2023-cü ilədək olan dövrü əhatə edən kart hesabından çıxarış əlavə olunmuşdur. Həmin çıxarışda kart və hesab sahibinin İddiaçı, kartın növünün «Birbank Cashback», hesab nömrəsinin ********************, kart nömrəsinin isə 416973******5913 olduğu göstərilmişdir. Həmçinin çıxarışdakı cədvəllərdən görünür ki, 416973******5913 nömrəli kart hesabından 524375******6355 nömrəli bank kartı hesabına 11 dekabr 2023-cü ildə 100 manat, yenə də 11 dekabr 2023-cü ildə 130 manat və 70 manat, 12 dekabr 2023-cü ildə isə 250 manat məbləğində vəsait köçürülmüşdür. İş materiallarına həmçinin "xxxx" ASC-yə aid olan və 07 dekabr 2023-cü ildən 13 dekabr 2023-cü ilədək olan dövrü əhatə edən kart hesabından çıxarış əlavə olunmuşdur. Həmin çıxarışda kart və hesab sahibinin İddiaçı, kartın növünün «Birbank Cashback», hesab nömrəsinin ********************, kart nömrəsinin isə 416973******7729 olduğu göstərilmişdir. Həmçinin çıxarışdakı cədvəllərdən görünür ki, 416973******7729 nömrəli kart hesabından 524375******6355 nömrəli bank kartı hesabına 10 dekabr 2023-cü ildə 100 manat və 12 dekabr 2023-cü ildə 70 manat məbləğində vəsait köçürülmüşdür. Azərbaycan Respublikası MM-nin 21.1, 21.2 və 21.3-cü maddələrinə əsasən «Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın», «Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür», «Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır». Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və işin faktik hallarını nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən iddia ərizəsində göstərilən məbləğdə pulu tələb etmək hüququna malikdir. İddiaçı məhkəməyə müraciət edərkən 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən «Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir». Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən «Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir». Qanunvericiliyin yuxarıda göstərilən normalarını və işin faktik hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən «Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən «Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın». Eyni Məcəllənin 14.2 və 217.4-cü maddələrinə əsasən «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir», «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Azərbaycan Respublikası MPM-nin 241.1-ci maddəsinə əsasən «Qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır». Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 222, 227, 233, 238, 252, 357 – 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 720 (yeddi yüz iyirmi) manat, habelə iddia ilə məhkəməyə müraciət olunması üçün dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat tutularaq İddiaçı ödənilsin. Cavabdehə izah edilsin ki, qiyabi qətnaməni aldıqdan sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün Neftçala Rayon Məhkəməsinə ərizə vermək hüququna malikdir. Qətnamədən bir ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar