Məhkəmə qərarları › İş №2(053)-64/2024

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-64/2024

26.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-64/2024 26.01.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı “Pul tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 36.500 manat borc və ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, onunla Cavabdeh arasında əldə olunan razılaşmaya uyğun olaraq tərəfindən cavabdehǝ 36.500 (otuz altı min beş yüz) manat borc verilmişdir. Cavabdeh 05 sentybr 2023-cü il tarixdə qəbz yazaraq ona həmin məbləğdə borcu olduğunu etiraf etmiş və borcu qısa bir zamanda ödəyəcəyinə söz vermişdir. Cavabdeh bildirmişdir ki, 2023-cü ilin sentyabr ayının sonuna kimi həmin borcu tam olaraq iddiaçıya ödəyəcəkdir. Lakin cavabdeh bu öhdəliyini yerinə yetirməmişdir. Bu ilin oktyabr ayının əvvəlində o, cavabdehə müraciət edərək borcu qaytarmasını tələb etsə də, cavabdeh borcu qaytarmamış və öz öhdəliyinin icrasından yayınmışdır. Odur ki, cavabdehdən borcun tutulması üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Aşağıda göstərilən əsaslara görə Cavabdeh 36.500 (otuz altı min beş yüz) manat məbləğində borc tutularaq ona, yəni İddiaçı ödənilməlidir. Belə ki, cavabdehin əlyazma üsulu ilə yazıb imzaladığı xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, cavabdehin ona həmin tarixə olan borcu 36.500 manat təşkil edir. Cavabdeh yazdığı qəbzdə borcu qısa vaxt ərzində ödəyəcəyinə söz versə də, bunu ödəməmişdir. Odur ki, həmin borc məbləği cavabdehdən məhkəmə qaydasında tutulmalıdır. Göstərilənlərə əsasən borcun və dövlət rüsumunun tutulması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İşin məhkəmə baxışı iclasının vaxtı və yeri haqqında lazımı məlumat verilmiş iddiaçı və onun nümayəndəsi, Vəkil gəlməmiş, lakin nümayəndə telefon əlaqəsi yaradaraq işə iştirakı olmadan baxılıb, iddianın təmin olunmasını xahiş etmişdir. İşin məhkəmə baxışı iclasının vaxtı və yeri haqqında lazımı məlumat verilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş, 04 dekabr 2024-cü il tarixdə məhkəməyə ərizə təqdim edərək iddia tələbi ilə tanış olduğunu, həqiqətən də İddiaçı 36.000 (otuz altı min beş yüz) manat borc pul aldığını, maddi durumunun pis olması ilə əlaqədar iddiaçıya olan borcunu qaytara bilmədiyini, iddia tələbini qəbul etdiyini bildirmişdir. Əlavə olaraq qeyd etmişdir ki, növbəti məhkəmə iclaslarında işi ilə əlaqədar üzrlü səbəbdən iştirak edə bilməyəcəyini nəzərə alaraq işə onun iştirakı olmadan baxılmasını və iddianını təmin olunmasını xahiş etmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh təqdim etdiyi ərizədən görünür ki, o, iddia tələbini etiraf edir. Azərbaycan Respublikasının MPM-nin 52.2-ci maddəsinə görə cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, cavabdehin iddianı etiraf etməsi qanuna zidd deyil, hər hansı bir şəxsin hüquqlarını, qanunla qorunan mənafeyini pozmur və məhkəmə tərəfindən qəbul olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş materiallarını araşdırıb, sübutları tədqiq edib və müvafiq maddi və prosessual hüquq normalarına uyğun olaraq qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzdə qeyd edilmişdir: “təsdiq edirəm ki borcumun ödənilməsi üçün aylıq əmək haqmın Məyən hissəsini götürlməyçün əmək haqı öz razlıxımla İddiaçı oxluna vermişdim bu günə dək əmək haqı kartımdan götürlən pullar da borcdan çıxldxdan sonra hal hazırda İddiaçı oxluna 36,500) (otuz altmin beşüz) manat borcum vardır bu borcu ən qısa zamanda ödəməyə öhdəmə götürürəm”. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (MM) 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının MM-nin 740-cı maddəsinə əsasən, borc müqaviləsinin forması müəyyən edilmişdir. Belə ki, həmin maddəyə görə «borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər». Azərbaycan Respublikasının MM-nin 427.3-cü maddəsinə görə “əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir”. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq “borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır”. Azərbaycan Respublikasının MM-nin 385.1-ci maddəsinə görə «öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Yuxarıda qeyd olunan hüquq normalarına əsasən məhkəmə belə hesab edir ki, iddiaçı onun tərəfindən verilmiş pulun cavabdehdən tutulması tələbində haqlıdır. Odur ki, iddia tələbi təmin edilməli, Cavabdeh 36.500 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilməlidir. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 199,50 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 199,50 manat məbləğində pul vəsaiti Cavabdeh oğlundan iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh iddianı etiraf etməsi təsdiq edilsin. Cavabdeh 36.500 (otuz altı min beş yüz) manat, habelə iddia ilə məhkəməyə müraciət olunması üçün iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 199,50 (yüz doxsan doqquz manat əlli qəpik) manat alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar