Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-657/2025 29.07.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək, cavabdehdən ona borclu olduğu 20.600 manat məbləğində pulun və ödədiyi 154 manat məbləğində dövlət rüsumunun alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ondan bir neçə dəfə borc pul almış, alarkən aralarında olan yaxın münasibəti (cavabdehin arvadı ilə də münasibəti yaxşı olub) nəzərə alaraq ona etibar etdiyindən, onunla rəsmi (notarial qaydada) borc müqaviləsi bağlamamış, özünün yazılı və şifahi zəmanətlərinə inanaraq ona ümumilikdə 22.600 manat məbləğində borc pul vermiş və pulu aldığına dair öz xətti ilə ona yazılı iltizam vermişdir. Belə ki, Cavabdeh 12 yanvar 2023-cü il tarixdə ondan 2.600 manat məbləğində borc pul alaraq borcunu hər ay 500 manat olmaqla hissə-hissə ona qaytaracağı ilə bağlı yazılı iltizam vermişdir. Lakin həmin puldan heç bir məbləğ qaytara bilməmiş, bunun səbəbini isə gördüyü işdə ziyana düşməsi ilə izah etmişdir. Sonra yenə həmin ilin avqust ayının 16-da ondan əlavə olaraq 6.000 manat borc pul götürərək, yenə hər ay 500 manat olmaqla borcunu hissə-hissə qaytaracağı barədə yazılı iltizam vermişdir. Cavabdeh 2024-cü ilin əvvəlinədək ona heç bir məbləğdə pul qaytarmamışdır. Sonuncu dəfə isə 2024-cü ilin yanvar ayının 18-də ondan 14.000 manat borc pul alaraq yenə də hər ay ən azı 1.000 manat ödəməklə ondan götürdüyü pulları hissə-hissə qaytaracağına dair yazılı iltizam vermişdir. Beləliklə, Cavabdeh 2023-cü ilin əvvəlindən 2024-cü ilin yanvar ayının 18-i də daxil olmaqla bir il ərzində ondan ümumilikdə 22.600 manat məbləğində borc pul almış, həmin məbləğdən 2024-cü ilin yanvar-aprel ayları ərzində hər ay 500 manat olmaqla 4 aya cəmi 2.000 manat pul qaytarmış, buna dair iltizamda qeyd apararaq imza etmişdir. Son 1 il ərzində isə cavabdeh borclu olduğu 20.600 manat məbləğində pulu qaytaracağı barədə dəfələrlə vəd versə də, vədinə əməl etməmiş, hər dəfə müxtəlif bəhanələrlə ondan vaxt alaraq borcu qaytarmaqdan yayınmışdır. Hal-hazırda cavabdehin ona 20.600 manat məbləğində borcu var və bu gün də borcu ödəməkdən yayınır. İddiaçı məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq gəlməmiş, lakin 28 iyul 2025-ci ildə məhkəməyə teleqram göndərərək 29 iyul 2025-ci il tarixdə saat 11.00-a təyin edilmiş məhkəmə prosesində səhhəti yol vermədiyi üçün iştirak edə bilmədiyini bildirib, iddia ərizəsinə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh məhkəmənin 06 may 2025-ci il tarixli hazırlıq iclasında iddianı qəbul edərək həqiqətən də İddiaçı 22.600 manat məbləğində borc pul aldığını bildirmişdir. Həmin borcdan 2.000 manat məbləğində qaytarmış və hazırda iddiaçıya 20.600 manat borcu qalmışdır. Qalan borcu da iddiaçıya hissə-hissə ödəyəcək. İddianın təmin olunmasına etirazı yoxdur. Cavabdeh həmçinin 06 may 2025-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək iddianı qəbul etdiyini və borcu hissə-hissə ödəməyə razı olduğunu bildirmiş, növbəti məhkəmə iclaslarında iştirak etmədiyi halda işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə cavabdehi dinləyib, iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş ayrı-ayrı iltizamlarda qeyd olunur: «Mən Cavabdeh İddiaçı götürdüyüm 14 min pulu 2024.01.18 hər ay 1000 manatla ödəməklə razılaşdır. Əgər ödəməsəm mənim barəmdə tədbirlər görülsün»; «Mən Cavabdeh İddiaçı götürdüyüm 2023.08.16 6 min pulu hər ay 500 ödəməklə razılaşdım. Əgər ödəməsəm mənim barəmdə tədbir görülməyinə icazə verirəm. Yanvar 500; Fevral 500; Mart 500; Aprel 500»; « Mən Cavabdeh xx.xx.2023 – 2600 m pul götürdüm və hər ayın 12-i 500 manat qaytaracam. Cavabdeh F». Cavabdeh həmin iltizamları öz imzası ilə təsdiq etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsini və s. aidiyyəti müddəalarını rəhbər tutaraq hesab edir ki, iddiaçı tərəfin tələblərinin əsası kimi istinad olunan hallar iddiaçı tərəfindən cavabdeh tərəfin iddiaya qarşı etirazının əsası kimi istinad olunan hallar isə cavabdeh tərəfindən sübuta yetirilməlidir. Azərbaycan Respublikası MPM-nin 106.3-cü maddəsinə əsasən «Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir». Qeyd olunur ki, hazırkı iş üzrə bütün məhkəmə iclaslarının fasiləsiz audio-video yazısı aparılıb. Cavabdeh 06 may 2025-ci il tarixli məhkəmənin hazırlıq iclasında iddianı qəbul etdiyini və həqiqətən də iddiaçıya borclu olduğunu etiraf etmişdir. Bununla bağlı cavabdeh həmçinin 06 may 2025-ci il tarixdə məhkəməyə ərizə də təqdim etmişdir. Göstərilənlərə əsasən cavabdehin iddiaçıdan ümumilikdə 22.600 manat məbləğində borc pul alması, həmin borcdan 2.000 manat məbləğini qaytarması və iddiaçıya 20.600 manat miqdarında borcu olması halı sübuta yetirilmiş sayılmalıdır. Azərbaycan Respublikası MM-nin 425.1-ci maddəsinə əsasən «Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir». Eyni Məcəlləsinin 385.1-ci maddəsinə əsasən «Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Azərbaycan Respublikası MM-nin 442 və 448.1-ci maddələrinə əsasən «Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür», «Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir». Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən «Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur...». Qanunvericiliyin yuxarıda istinad olunan müddəalarını və işin faktik hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh 20.600 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilməlidir. İddiaçı məhkəməyə müraciət etmək üçün 153,60 manat məbləğində dövlət rüsumu ödəyib. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1.3-cü maddəsinə görə iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən «Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir». Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən «Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir». İddiaçı məhkəməyə müraciət etməsi üçün 151,80 manat məbləğində dövlət rüsumu ödəməli olduğu halda, 153,60 manat məbləğində dövlət rüsumu ödəyib. Göstərilənləri, həmçinin iddianın təmin olunduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının ödədiyi 151,80 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Eyni zamanda iddiaçıya izah olunur ki, artıq ödədiyi 1,80 manatın geri qaytarılması üçün Azərbaycan Respublikası MPM-nin 114-cü maddəsinə və digər aidiyyəti müddəalarına uyğun olaraq məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən «Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Eyni Məcəllənin 78.1-ci maddəsinə əsasən «Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın». Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir». Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 357 – 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 20.600 (iyirmi min altı yüz) manat, habelə iddia ilə məhkəməyə müraciət olunması üçün dövlət rüsumu kimi ödənilmiş 151 (yüz əlli bir) manat 80 (səksən) qəpik məbləğində pul tutularaq İddiaçı verilsin. Qətnamədən bir ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №2(053)-657/2025
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-657/2025
29.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver