Məhkəmə qərarları › İş №2(053)-662/2024

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-662/2024

31.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-662/2024 31.10.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Cavabdeh vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında audio video yazı istifadə edilməklə baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək, cavabdehdən 4.000 manat məbləğində pulun və ödənilmiş 60 manat dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh uzun müddətdir ki, tanıyır. Cavabdehlə münasibətləri həmişə yaxşı olmuşdur. 2021-ci ilin yanvar ayının əvvəllərində cavabdeh ona müraciət edərək ona 4.000 (dörd min) manat pul lazım olduğunu bildirmişdir. 05 yanvar 2021-ci il tarixdə ondan 4.000 (dörd min) manat pul almışdır. Ondan pulu alması barədə müvafiq qəbz də yazmışdır. Cavabdeh ona bildirmişdir ki, 2021-ci ilin yay ayında oğluna toy edəcək və 01 avqust 2021-ci il tarixə qədər ondan aldığı 4.000 (dörd min) manatı tam şəkildə qaytaracaqdır. Lakin o vaxtdan bu günə qədər cavabdeh ona olan borcunu qaytarmamışdır. Cavabdehə yazılı xəbərdarlıq göndərsə də, cavabdeh ondan aldığı borc məbləğini ona qaytarmaqdan imtina etmişdir. Cavabdehin ona olan 4.000 (dörd min) manat borcunu qaytarmaması səbəbindən o, hal- hazırda məhkəməyə müraciət etmək məcburiyyətindədir. İddiaçı işin 08 oktyabr 2024-cü il tarixə təyin edilmiş məhkəmə baxışı iclasına gəlməmiş, teleqram göndərərək məhkəmə baxışında ailə vəziyyəti ilə əlaqədar iştirak edə bilmədiyi üçün başqa vaxta keçirilməsini xahiş etsə də sonuncu məhkəmə iclasına da gəlməmişdir. İşin məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Cavabdeh vəkili Vəkil məhkəmə baxışı iclası zamanı iddia müddətinin ötürülməsi ilə bağlı iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. İşin 16 avqust 2024-cü il tarixə təyin edilmiş məhkəmə hazırlıq iclasında iştirak edən iddiaçı iddia ərizəsini müdafiə edərək onun təmin olunmasını xahiş etmişdir. İşin 16 avqust 2024-cü il tarixə təyin edilmiş məhkəmə hazırlıq iclasında iştirak edən cavabdeh iddianı qəbul etməyərək iddiaçıdan 4000 manat borc pul almadığını, şəxsiyyət vəsiqəsinin üzərində olan qeydlərin ona aid olduğunu, lakin həmin sənədin köhnə iddia tələbi olan 4400 manatla eyni olduğunu, həmin sənəd üzrə artıq məhkəmə qətnaməsinin mövcud olduğunu, iddiaçının ona qarşı qərəzli mövqedə dayandığını bildirmişdir. Əlavə olaraq cavabdeh məhkəməyə ərizə təqdim edərək iddiaçının xx.xx.2021-ci ildə verdiyini iddia etdiyi 4.000 manat pul tələbinə dair iddia ərizəsinin iddia müddətinin ötürülməsi ilə əlaqədar rədd edilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin məhkəmə iclaslarının vaxtı və yeri barədə əvvəlcədən xəbərdar olunmasına baxmayaraq gəlmədiyini, iddiaçının isə işə qiyabi icraat qaydasında baxılmasına etiraz etdiyini nəzərə alaraq işə cavabdehin iştirakı olmadan baxılaraq qətnamə çıxarılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfləri, cavabdehin vəkilini dinləyib, iş materiallarını nəzərdən keçirib, işin məhkəmə baxışı zamanı araşdırılmış sübutların cəminə hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia rədd edilməlidir. AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1983-cü ildə doğulmuşdur. Eyni zamanda vəsiqənin sürətinə əl yazma ilə 05 01 2021 X1 4000 manatı aldım sozləri yazılmışdır. İş materiallarına əlavə edilmiş 2(053)-19/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qətnamədən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı pul tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdeh İddiaçı 3.334,37 manat, habelə iddia ilə məhkəməyə müraciət edilməsi üçün ödənilmiş dövlət rüsumunun və rüsum ödənişi ilə bağlı bank xidmət haqqının əvəzi kimi 37 manat 30 qəpik pulun tutularaq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarından görünür ki, İddiaçı Cavabdeh qarşı “borcun tutulması, tutmanın girov predmetinə yönəldilməsi” tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-944/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsinin 25 may 2022-ci il tarixli, 2(1060-944/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Eyni Məcəllənin 78.1-ci maddəsinə əsasən “Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir”. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını rəhbər tutaraq məhkəmə qeyd edir ki, iddia tələblərinin əsası kimi istinad olunan hallar iddiaçının özü tərəfindən sübuta yetirilməlidirlər. Qeyd olunur ki, cavabdeh məhkəmə hazırlıq iclası zamanı izahat verərəkən iddiaçıdan 4000 manat məbləğində pul almadığını, şəxsiyyət vəsiqəsinin üzərində olan qeydlərin ona aid olduğunu, lakin həmin qəbzin isə köhnə iddia tələbi olan 4400 manatla eyni olduğunu, həmin sənəd üzrə artıq məhkəmə qətnaməsinin mövcud olduğunu bildirmişdir. Cavabdeh habelə iddiaçının ona qarşı qərəzli mövqedə olduğunu bildirməklə yanaşı ona qarşı olan pul tələbinə dair iddia ərizəsi ilə bağlı iddia müddətinin ötürüldüyünü bildirmiş və bu barədə ərizə təqdim etmişdir. Eyni zamanda cavabdehin vəkili iddia müddətinin ötürülməsi ilə bağlı iddia tələbinin rədd olunması haqqında məhkəməyə ərizə təqdim etmişdir. Azərbaycan Respublikası MM-nin 372.2-ci madəsinə əsasən “hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır”. Həmin Məcəllənin 373.1 və 373.2-ci maddələrinə əsasən “Ümumi iddia müddəti on il təşkil edir”, “Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir”. Həmin Məcəllənin 374.1-ci maddəsinə əsasən “Əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir”. Həmin Məcəllənin 375.1-ci maddəsinə əsasən “hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir”. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən “Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır”. Eyni Məcəllənin 377.1-ci maddəsinə əsasən “İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir”. Məhkəmə belə qənaətə gəlir ki, iddiaçı iddia tələbində cavabdehə 05 yanvar 2021-ci il tarixdə oğlu üçün toy etmək məqsədilə 4000 manat verdiyini, cavabdehin isə həmin məbləği 01 avqust 2021-ci il tarixədək qaytarması ilə bağlı aralarında razılaşma olduğu (öhdəlik götürdüyünü) qeyd etsə də, (cavabdeh belə bir razılaşmanın olmasını inkar edir) lakin verilmiş qəbzin üzərində pul məbləğinin nə vaxt qaytarılacağı barədə cavabdehin müvafiq qeydi olmamış, yəni alındığı iddia edilən pulun qaytarılacağı tarix müəyyən edilməmişdir. Belə olan halda Müqavilə tələbləri üzrə iddia müddəti üç il olduğundan iddia müddətinin sonu 05 yanvar 2024-cü il tarixdə bitmiş hesab olunmalı, cavabdehin vəkili tərəfindən iddia müddətinin ötməsi ilə bağlı iddia tələbinin rədd olunması haqqında məhkəməyə təqdim edilmiş ərizə əsaslı hesab edilməlidir. Göstərilənləri məcmu şəkildə nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsi 21 may 2024-cü il tarixdə məhkəmənin icraatına daxil olmuş, iddiaçının əsaslandığı qəbzin üzərində iddia edilən pulun alınması tarixinin xx.xx.2021-ci il tarix göstərildiyini və qaytarılacağı tarixin göstərilmədiyini, habelə qaytarılacaq tarixlə bağlı tərəflər arasında razılaşmaya dair heç bir sübut olmadığından iddiaçı məhkəməyə ən geci 05 yanvar 2024-cü il tarixdə müraciət etməli idi. Qeyd olunan səbəbdən cavabdehin və cavabdehin vəkilinin iddia müddətinin ötürülməsi ilə əlaqədar iddianın rədd olunması barədə vəsatətləri əsaslı sayılmalıdır. Göründüyü kimi qanunvericiliklə müəyyən edilmiş iddia müddəti ötürülmüşdür. İşin faktiki hallarını, iddiaçının müvafiq tələbi üzrə iddia müddətini ötürüldüyünü, cavabdeh və onun vəkili tərəfindən iddia müddətinin tətbiq edilməsinə dair ərizə verdiyini, habelə qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırkı iddia tələbi iddia müddəti tətbiq olunmaqla rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddianın rədd olunmasını nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu məbləği iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 357 – 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası rədd edilsin. Ərizə ilə məhkəməyə müraciət olunarkən ödənilmiş 60 (altmış) manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar