Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-67/2024 30.01.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, iddiaçı Neftçala rayonu, Xol Qarabucaq bələdiyyəsinin sədri X2, Cavabdeh və onun vəkili Vəkil iştirakı ilə iddiaçı Neftçala rayonu, Xol Qarabucaq bələdiyyəsinin Cavabdeh qarşı «torpaq sahəsindən məcburi çıxarılma» tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Neftçala rayonu, Xol Qarabucaq bələdiyyəsi Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək, cavabdehin Neftçala rayonu, Xol Qarabucaq bələdiyyəsinə məxsus 4 ha torpaq sahəsindən məcburi çıxarılmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı Neftçala rayonu, Xol Qarabucaq bələdiyyəsinin sədri X6 işin məhkəmə baxışı zamanı iddianı müdafiə edərək bildirmişdir ki, Neftçala rayonu, Xol Qarabucaq kəndi ərazisində yerləşən, bələdiyyənin perspektiv inkişaf fondu torpaqlarına aid olan və sahəsi 8,0 ha təşkil edən torpaq sahəsi 2016-cı ildən 2019-cu ilədək cavabdeh tərəfindən zəbt edilmişdir. 2019-cu ildə həmin torpaq sahəsinin 2,40 ha hissəsi bələdiyyə tərəfindən cavabdehdən məcburi qaydada alınaraq qanunauyğun şəkildə satılmışdır. Qalan 5,60 ha torpaq sahəsi isə 2019-cu ildən 2021-ci ilədək cavabdeh tərəfindən qanunsuz olaraq istifadə edilmişdir. 2021-ci ildə bələdiyyə tərəfindən sözügedən torpaq sahəsindən 1,60 ha hissəsi də cavabdehdən məcburi qaydada alınmışdır. Qalan 4,0 ha torpaq sahəsi 2021-ci ildən hal-hazıradək cavabdeh tərəfindən qanunsuz olaraq istifadə edilməkdədir. Cavabdeh bələdiyyəyə məxsus 4,0 ha torpaq sahəsindən qanunsuz istifadə etdiyi üçün ona torpaq sahəsindən çıxması barədə bildirişlər göndərilmiş, lakin o, buna heç bir məhəl qoymayaraq torpaqdan istifadəni davam etdirmişdir. Cavabdehin qanunsuz hərəkətləri barədə Xol Qarabucaq bələdiyyəsi tərəfindən dəfələrlə Neftçala Rayon Prokurorluğuna və Neftçala Rayon Polis Şöbəsinə rəsmi müraciətlər edilsə də, heç bir tədbir görülməmişdir. Son olaraq cavabdeh barəsində tədbir görülməsi məqsədilə Neftçala rayon prokuroru cənab Nəsif Nəcəfova 21 aprel 2022-ci il tarixli 38 nömrəli və Neftçala RPŞ-nin rəisi cənab Vüsal Şəbəndəyevə eyni tarixli 37 nömrəli məktublar göndərilmiş, lakin cavabdehin barəsində cinayət işi başlanılmamış və ya hər hansı bir tədbir görülməmişdir. Cavabdeh Neftçala Rayon İcra Hakimiyyətinə verdiyi 11 noyabr 2021-ci il tarixli izahatında 2022-ci ilin iyun ayının 10-dək sahədən arpanı və yoncanı biçəcəyini və bundan sonra bələdiyyəyə məxsus torpaq sahəsindən çıxacağını bildirsə də, buna əməl etməmiş və torpaq sahəsindən qanunsuz istifadəni davam etdirmişdir. Bununla əlaqədar Neftçala rayonu, Xol Qarabucaq bələdiyyəsinin 06 iyun 2022-ci tarixli və 18 oktyabr 2023-cü il tarixli iclasları keçirilmişdir. İclasda cavabdehin bələdiyyənin perspektiv inkişaf fonduna aid toraqların 8.0 ha hissəsini 2016-cı ildən 2019-cu ilədək, 5,6 ha hissəsini 2019-cu ildən 2021-ci ilədək və 4,0 ha hissəsini 2021-ci ildən hal-hazıradək qanunsuz istifadə etməsi müzakirə olunmuşdur. 18 oktyabr 2023-cü il tarixli 24 saylı iclasda cavabdehin 2019-cu ildən halhazırkı dövrədək qanunsuz istifadə etdiyi bələdiyyənin perspektiv inkişaf fondunun torpaqlarından 4,0 ha hissəsini zəbt etməsi nəzərə alınaraq torpaq sahəsindən məcburi çıxarılması üçün Neftçala Rayon Məhkəməsində iddia qaldırılması qərara alınmışdır. Qeyd edir ki, cavabdeh bələdiyyəyə məxsus torpaq sahəsini qanunsuz əkib-becərməsi ilə ərazidə yaşayan bəzi sakinlər üçün pis nümunə olub. Belə ki, cavabdehdən sonra bəzi sakinlər də ona baxıb bələdiyyəyə aid torpaq sahələrindən qanunsuz olaraq istifadə etməyə başlamışlar. Həmin şəxslərdən torpaqdan qanunsuz istifadəni dayandırmağı tələb etdikdə isə onlar Cavabdeh bələdiyyə torpağından istifadəsini əsas gətirərək özlərini haqlı sayırlar. Bildirir ki, həmin şəxslərin də zəbt etdikləri torpaq sahələrindən çıxarılması ilə bağlı mərhələli şəkildə məhkəməyə müraciət ediləcək. Bələdiyyə sədri göstərilənləri nəzərə alaraq iddianın təmin olunmasını xahiş edir. İşin məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir, lakin 14 noyabr 2023-cü il tarixində keçirilmiş məhkəmə hazırlıq iclasında iştirak etmiş və məhkəməyə verdiyi izahatında iddianı qəbul etmədiyini, mübahisəli torpaq sahəsinin ona müqavilə əsasında verildiyini, lakin müqavilənin müddətinin bələdiyyə tərəfindən bilərəkdən və qəsdən onunla 1 il müddətinə bağlandığını, bunun qanunsuz olduğunu, maddi imkanı çox aşağı olduğundan həmin torpaq sahəsini əkib-becərməklə ailəsini dolandırdığını, həmçinin müalicəsi üçün özünə lazım olan dərmanları aldığını bildirərək torpaq sahəsinin ondan alınmamasını xahiş etmiş, habelə məhkəməyə ərizə ilə müraciət edərək 1-ci qrup əlil olduğunu və müvafiq maddi imkanının olmadığını nəzərə alıb dövlət hesabına vəkillə təmin olunmasına köməklik göstərilməsini xahiş etmişdir. Məhkəmənin 17 noyabr 2023-cü il tarixli qərardadı ilə cavabdehin ərizəsi təmin edilərək Neftçala rayonunda fərdi qaydada fəaliyyət göstərən Vəkil dövlət büdcəsinin vəsaiti hesabına ona vəkil təyin edilmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən «Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir». Cavabdehin vəkili Vəkil bildirmişdir ki, Cavabdeh Bakı şəhərində rəsmi qeydiyyatda olmasına baxmayaraq daim olaraq Xol Qarabucaq bələdiyyəsinin aid olduğu Xol Qarabucaq kəndində yaşayıb. Mübahisəli torpaq sahəsi Neftçala rayonu, Xol Qarabucaq bələdiyyəsinə aid olsa da, əvvəllər həmin torpaq sahəsinin 8 ha hissəsi icarə müqaviləsi əsasında cavabdehin istifadəsində olubdur. Qeyd edir ki, cavabdeh həmin torpaq sahəsinin yarısını, yəni 4 hektarını bələdiyyənin tələbi ilə geri qaytarıb. Hal-hazırda onun istifadəsində cəmi 4 hektar torpaq sahəsi qalıbdır. Məlum olduğu kimi cavabdeh 1-ci qrup əlildir və ailəlidir. O, maddi imkanı aşağı olduğu üçün həmin torpaq sahəsini əkibbecərərək əldə etdiyi gəlirlə öz ailəsinin maddi ehtiyaclarını, həmçinin özünün dərmanlarına olan ehtiyaclarını qarşılayır. Hesab edir ki, iddiaçı tərəf qeyd olunan halları nəzərə alıb bələdiyyənin aid olduğu kəndin ərazisində yaşayan sakin kimi cavabdehə torpaq sahəsindən istifadə etməsi üçün müvafiq şərait yaratmalı, başqa sözlə, onunla icarə müqaviləsi bağlamalıdır. Göstərilənlərə əsasən iddianın təmin olunmamasını xahiş edir. Məhkəmə iddiaçının nümayəndəsini, cavabdehin vəkilini dinləyib, toplanmış materialları tədqiq edib, araşdırılmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən Neftçala rayonu, Xol Qarabucaq bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 221 nömrəli məktubuna verilmiş 27 noyabr 2023-cü il tarixli 3-21-3-38/2-3462/2023 saylı cavab məktubunun məzmununda qeyd olunur: «İddiaçı hüdudları daxilində Xol Qarabucaq kəndi ərazisində yerləşən və faktiki olaraq fiziki şəxslərin istifadəsində olan 4,0 ha torpaq sahəsinin mülkiyyət mənsubluğu və eyni zamanda həmin torpaq sahəsinin təyinatı, uqodiyası və məqsədli istifadə növü ilə bağlı məlumat verilməsi barədə müraciətinizə «Daşınmaz Əmlakın Kadastrı və Reyestri» publik hüquqi şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsində baxılmışdır. Müraciətinizə cavab olaraq bildiririk ki, qeyd olunan torpaq sahəsinə idarənin mütəxəssisi tərəfindən baxış keçirilmiş və elektron kadastr məlumat bazasına əsasən aparılan araşdırma zamanı sözügedən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olmaqla yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid kəndin perspektiv inkişafı üçün ayrılmış torpaq sahəsidir». İş materiallarına Neftçala rayonu, Xol Qarabucaq bələdiyyəsinin ehtiyat fond (KPİ) ərazisindən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə icarəyə verilməsi nəzərdə tutulan 4,0 ha torpaq sahəsinin yerləşmə planı əlavə olunub. İş materiallarına Cavabdeh atası İsrəfil Nəfəsovun iştirakı ilə Neftçala Rayon İcra Hakimiyyətinə verdiyi 11 noyabr 2021-ci il tarixli izahatının surəti əlavə edilib. Həmin izahatın məzmunundan görünür ki, Cavabdeh izahatında Neftçala rayonu, Xol Qarabucaq bələdiyyəsinin mülkiyyətində olan və 5 ildir ki, istifadə etdiyi bələdiyyənin perspektiv inkişaf fonduna aid torpaq sahəsindən bu il də istifadə etməsini xahiş etdiyini, hazırda həmin torpaq sahəsinin 2 ha hissəsində yonca bitkisinin əkilmiş vəziyyətdə olmasını, 2 ha hissəsində isə arpa bitkisi əkmək üçün şumlanmış vəziyyətdə olduğunu, üzərinə öhdəlik götürərək və imzası ilə təsdiq edərək 2022-ci ilin iyun ayının 10-da arpanı və yoncanı biçdikdən sonra bələdiyyəyə məxsus həmin torpaq sahəsindən çıxacağını, həmin torpaq sahəsi ilə bağlı heç bir iddiasının olmayacağını, bundan sonra bələdiyyə torpaqlarından istifadə ilə bağlı qanunvericiliyin tələblərinə əməl edəcəyini bildirib, izahatı öz imzası ilə təsdiq etmişdir. Neftçala rayonu, Xol Qarabucaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsini icra edən X5, Neftçala rayonu, Xol Qarabucaq bələdiyyəsinin sədri X6, Neftçala rayonu, Xol Qarabucaq bələdiyyəsi sədrinin müavini X3, Neftçala rayonu, Xol Qarabucaq bələdiyyəsinin üzvü X4 tərəfindən 18 aprel 2022-ci ildə tərtib edilmiş aktın məzmunundan görünür ki, həmin şəxslər 18 aprel 2022-ci il tarixdə Xol Qarabucaq bələdiyyəsinin perspektiv inkişaf fondunun torpaqlarına baxış keçirən zaman Xol Qarabucaq kənd sakini Cavabdeh bələdiyyənin perspektiv inkişaf fonduna aid 4,0 ha torpaq sahəsini heç bir hüquqi sənədi olmadan zəbt etməsini müəyyən etmişlər. Neftçala rayonu, Xol Qarabucaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi X5, Neftçala rayonu, Xol Qarabucaq bələdiyyəsinin sədri X6, Neftçala rayonu, Xol Qarabucaq bələdiyyəsi sədrinin müavini X3, Neftçala rayonu, Xol Qarabucaq bələdiyyəsinin üzvü X4 tərəfindən 12 oktyabr 2023-cü ildə tərtib edilmiş aktın məzmunundan görünür ki, həmin şəxslər 12 oktyabr 2023-cü il tarixdə Xol Qarabucaq bələdiyyəsinin perspektiv inkişaf fondunun torpaqlarına baxış keçirən zaman Xol Qarabucaq kənd sakini Cavabdeh bələdiyyənin perspektiv inkişaf fonduna aid 4,0 ha torpaq sahəsini heç bir hüquqi sənədi olmadan zəbt edərək şum, mala və əkin işləri apardığını müəyyən etmişlər. İş materiallarına əlavə edilmiş Neftçala rayonu, Xol Qarabucaq bələdiyyəsinin Cavabdeh ünvanlanmış 11 sentyabr 2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehdən zəbt etdiyi Xol Qarabucaq bələdiyyəsinin perspektiv inkişaf fonduna məxsus torpaq sahəsindən çıxması tələb olunmuşdur. İş materiallarına Neftçala rayonu, Xol Qarabucaq bələdiyyəsinin 18 oktyabr 2023-cü il tarixli 24 saylı iclas protokolu əlavə edilmişdir. Həmin protokoldan görünür ki, iclasda ünvan 2 ünvanında rəsmi qeydiyyatda olan Cavabdeh bələdiyyənin perspektiv inkişaf fondunun torpaqlarından 4,0 ha torpaq sahəsini qanunsuz zəbt etməsi gündəlikdə duran məsələ kimi müzakirə olunmuş və qeyd olunan hal nəzərə alınaraq sonuncunun sözügedən torpaq sahəsindən məcburi çıxarılması üçün Neftçala Rayon Məhkəməsində iddia qaldırılması qərara alınmışdır. Azərbaycan Respublikası MM-nin 152.1-ci maddəsinə əsasən «Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur». Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən «Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın». Eyni Məcəllənin 164-cü maddəsinə əsasən «Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir», «Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir». Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84.1-ci maddəsinə əsasən «Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur». Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən «Torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir». Eyni Məcəllənin 111-ci maddəsinə əsasən «Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur», «Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır», «Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir». Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və işin faktiki hallarını, o cümlədən mübahisəli torpaq sahəsinin Xol Qarabucaq bələdiyyəsinin mülkiyyətində olmasını, cavabdehin isə həmin torpaq sahəsindən hər hansı qanuni əsas olmadan istifadə etdiyini nəzərə alaraq hesab edir ki, Cavabdeh mübahisəli torpaq sahəsindən mövcud vəziyyətdə istifadə etməsi iddiaçının həmin sahəyə münasibətdə mülkiyyət hüququnun həyata keçirməsini əngəlləyir. Ona görə də iddia təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Eyni Məcəllənin 78.1-ci maddəsinə əsasən “Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın”. Azərbaycan Respublikası MPM-nin 14.2 və 217.4-cü maddələrinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”, “Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 214, 216 – 220, 227, 233, 357 – 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Nəfəsov X1 rayonu, Xol Qarabucaq bələdiyyəsinin mülkiyyətində olmaqla bələdiyyənin perspektiv inkişaf fonduna aid olan 4,0 (dörd) hektarlıq torpaq sahəsindən çıxarılsın. Qətnamədən bir ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №2(053)-67/2024
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-67/2024
30.01.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver