Məhkəmə qərarları › İş №2(053)-710/2024

Neftçala Rayon Məhkəməsi Qərardad — İş №2(053)-710/2024

06.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № 2(053)-710/2024 06.06.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən – Neftçala Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsini ona əlavə edilmiş sənədlərlə birlikdə nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək, cavabdehdən 27.800 (iyirmi yeddi min səkkiz yüz) manat məbləğində pulun tutulub ona ödənilməsinə və cavabdehin adına olan «MAZ» markalı 99XE452 dövlət qeydiyyat nişanlı yük avtomaşının və «Toyota Corolla» markalı 77FK419 dövlət qeydiyyat nişanlı minik avtomobilinin üzərinə həbsin qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək belə qənaətə gəlirəm ki, ərizə geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən «Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir». Həmin Məcəllənin 149.2.2-ci maddəsinə əsasən iddia ərizəsində «iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları)» göstərilməlidir. Eyni Məcəllənin 150.1.2-ci maddəsinə əsasən iddia ərizəsinə «dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd» əlavə edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1.3-cü maddəsinə görə iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda məhkəməyə iddia ərizəsinin verilməsinə görə 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi miqdarında dövlət rüsumu ödənilməlidir. İlk növbədə qeyd olunur ki, iddiaçı iddia ərizəsində cavabdehin ünvanı kimi «Neftçala rayonu, Kürqarabucaq kəndi» ünvanını göstərsə də, cavabdehin həmin ünvan üzrə qeydiyyatda olması təqdim olunmuş sənədlərlə təsdiq olunmur. Həmçinin «AZEMİS» Elektron Məhkəmə İnformasiya Sistemində cavabdehin hansı ünvanda qeydiyyatda olması barədə məlumat yoxdur. İddia ərizəsində cavabdehin yaşayış yeri və ya olduğu yerin (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanın) göstərilməsi, həmçinin onun şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatların (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi) göstərilməsi qanunvericiliyin tələbi olduğundan, bu tələbə riayət edilməlidir. Lakin, göründüyü kimi iddiaçı mülki-prosessual qanunvericiliyin yuxarıda qeyd olunan tələbinə riayət etməmişdir. Beləliklə hazırkı işə məhkəmə aidiyyəti üzrə Neftçala Rayon Məhkəməsində baxılmalı olması da kifayət qədər şübhə doğurur. Qeyd olunanları, habelə qanunvericiliyin yuxarıda göstərilən müddəalarını və qüvvədə olan mülki-prosessual qanunvericilikdə hazırkı işin aidiyyəti üzrə Neftçala Rayon Məhkəməsində baxılmalı olduğuna dair hər hansı başqa müddəanın olmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaya Neftçala Rayon Məhkəməsində baxıla bilməz. Eyni zamanda qeyd olunur ki, iddiaçı tərəfindən iddia ərizəsinə qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd də əlavə edilməyib. Belə ki, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanunununa əsasən iddia ərizənin verilməsinə görə iddiaçı tərəfindən hazırkı iddianın qiymətinə uyğun olaraq 173,40 manat məbləğində dövlət rüsumu ödənilməli olduğu halda, cəmi 172,60 manat dövlət rüsumu ödənilmişdir ki, bu da dövlət rüsumunun qanunla müəyyən edilmiş məbləğdə ödənilmədiyini təsdiq edir. Bununla yanaşı iddia ərizəsinin qoşma hissəsində ərizəyə «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarın surətinin əlavə edildiyi qeyd edilsə də, faktik olaraq həmin sənədin surəti ərizəyə əlavə edilməyib. Göstərilənlərlə yanaşı həmçinin vurğulanır ki, iddia ərizəsində iddiaçı tərəfindən cavabdehə qarşı pul tələbi ilə yanaşı cavabdehə məxsus nəqliyyat vasitələrinin üzərinə həbsin qoyulması da xahiş edilmişdir. Bununla bağlı qeyd olunur ki, qanunvericilik cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbsin qoyulmasını Azərbaycan Respubublikası MPM-nin Xİİİ fəslinə aid etmiş, həmçinin bu fəsilə uyğun formada «müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə» ərizənin verilməsi halında məsələnin həllinə nail olunmasını mümkün saymışdır. Beləliklə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər yuxarıda göstərilən tələblərə uyğun deyil. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən «İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür». Həmin Məcəllənin 152.1.1, 152.1.3 və 152.1.5-ci maddələrinə əsasən «iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə»; «əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə» və «müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə» hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Eyni Məcəllənin 152.2-ci maddəsinə əsasən «iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır». Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən «İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur». Yuxarıda göstərilənlərə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, həmçinin iddiaçıya izah olunmalıdır ki, cavabdehə məxsus əmlakların üzərinə həbsin qoyulması ilə bağlı «müvəqqəti təminat tədbirinin tətbiqi haqqında» ərizə ilə məhkəməyə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində müraciət edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264-cü və 266 – 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddiaçıya həmçinin izah edilsin ki, cavabdehə məxsus əmlakların üzərinə həbsin qoyulması ilə bağlı «müvəqqəti təminat tədbirinin tətbiqi haqqında» ərizə ilə məhkəməyə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Neftçala Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar