Məhkəmə qərarları › İş №2(053)-711/2024

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-711/2024

19.09.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-711/2024 19.09.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, ilk iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, ilk iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1, ilk iddia üzrə cavabdeh, həmçinin ilk iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi (əri) Nümayəndə iştirakı ilə ilk iddia üzrə İddiaçı ilk iddia üzrə cavabdehlər Cavabdeh1 və Nümayəndə qarşı «fərdi yaşayış evinə köçürülmə» tələbinə dair ilk iddiası, habelə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı «mülkdəki payın dəyərinin ödənilməsi» tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İlk iddia üzrə İddiaçı ilk iddia üzrə Cavabdeh1 qarşı iddia ilə məhkəməyə müraciət edərək, Neftçala şəhəri, E.Bağırov küçəsi, ev 32 (yeni qaydalarla ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə övladları ilə birlikdə köçürülməsinə və həmin evdə yaşamalarına maneə törədilməsinin cavabdehə və digər şəxslərə qadağan olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı işin məhkəmədə baxılmağa hazırlanması mərhələsində ərizə təqdim edərək Cavabdeh1 əri Nümayəndə da işə cavabdeh qismində cəlb olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 51.3-cü maddəsini rəhbər tutub, işin faktik hallarını nəzərə alaraq Nümayəndə işə ilk iddia üzrə cavabdeh qismində cəlb etmişdir. Həmçinin Cavabdeh1 işin məhkəmədə baxılmağa hazırlanması mərhələsində İddiaçı qarşı qarşılıqlı iddia təqdim edərək, sonuncuya mübahisəli fərdi yaşayış evindən düşən payın əvəzini ödəmək şərti ilə mülkdəki payının dəyərinin ödənilmiş olmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia üzrə İddiaçı işin məhkəmə baxışı zamanı öz iddiasını müdafiə edib, qarşılıqlı iddianı qəbul etməyərək bildirmişdir ki, 2005-ci ildə X6 ilə ailə qurduqdan sonra Neftçala şəhəri, E.Bağırov küçəsi, ev 32 (yeni qaydalarla ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə gəlin köçmüş və orada əri və qayınatası ilə birlikdə yaşamışdır. İlham Abdullayevlə ümumi ailə münasibətlərindən X4 və X7 adlı uşaqları doğulub. X5 2010-cu ildə, əri İlham Abdullayev isə 2015-ci ildə vəfat etmişlər. Ərinin ölümündən sonra Neftçala şəhəri, E.Bağırov küçəsi, ev 32 (yeni qaydalarla ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi 1/14 hissədə, həmin evə aid həyətyanı torpaq sahəsi 17/84 hissədə onun (ilk iddia üzrə iddiaçının) adına, habelə eyni torpaq sahəsi hər birinə 14/84 hissədə olmaqla uşaqları Məryəm və Nurayın adlarına vərəsəlik qaydasında rəsmiləşdirilib. İlk iddia üzrə cavabdehlər Cavabdeh1 və Nümayəndə müvafiq olaraq onun baldızı və baldızının əridir. Neftçala şəhəri, E.Bağırov küçəsi, ev 32 (yeni qaydalarla ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi 13/14 hissədə və həmin evə aid torpaq sahəsi 39/84 hissədə baldızı Cavabdeh1 mülkiyyətindədir. Beləliklə, mübahisəli ev və həyətyanı torpaq sahəsi paylı mülkiyyət hüququ ilə onun, uşaqlarının və baldızının mülkiyyətindədir. Buna, habelə mübahisəli evdə hər iki ailənin ayrıca yaşaması üçün zəruri şərait olduğuna baxmayaraq, ilk iddia üzrə cavabdehlər onun və uşaqlarının evdə yaşamasına imkan vermirlər. İddiaçı qeyd edir ki, mübahisəli yerdə yaşayış üçün əlverişli olan iki tikili mövcuddur. Vaxtilə bu tikililərdən birində uşaqları ilə birlikdə yaşayıb. Lakin, cavabdehlər ona məxsus olan bütün cehiz əşyalarını bayıra çıxarmış, qapının qıfılını dəyişmiş, bu və digər üsullarla onun və uşaqlarının evdə yaşamalarına maneələr törətmişlər. Dəfələrlə mübahisəli evə uşaqları ilə birlikdə köçmək istədiyinə baxmayaraq, baldızı və sonuncunun əri buna icazə verməyiblər. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Göstərilənlərə əsasən ilk iddianın təmin olunmasını məhkəmədən xahiş edir. İlk iddia üzrə iddiaçı qarşılıqlı iddiaya münasibət bildirərək işin məhkəmə baxışı zamanı bildirmişdir ki, kompensasiya ödənilməsi yolu ilə mülkiyyət hüququna xitam verilməsinə razı deyil. Bunun səbəblərindən biri mübahisələndirdiyi evə uşaqları ilə birlikdə köçüb orada yaşamaq istəyi ilə, digər səbəbi isə ilk iddia üzrə cavabdehlərin təklif etdiyi kompensasiya məbləğinin çox az olması və bu məbləğə başqa yerdə ev alınmasının qeyri-mümkünlüyü ilə bağlıdır. Ona görə də qarşılıqlı iddianın rədd olunmasını məhkəmədən xahiş edir. İlk iddia üzrə cavabdeh, həmçinin ilk iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi (əri) Nümayəndə ilk iddianı qəbul etməyərək və qarşılıqlı iddianı müdafiə edərək ilk iddiaya qarşı etirazda və qarşılıqlı iddiada göstərilənlərə əlavə olaraq bildirmişdir ki, İddiaçı və onun uşaqları mübahisəli əmlakda paya malik olduqlarına baxmayaraq, ilk iddia üzrə iddiaçının fərdi yaşayış evində payının miqdarı cüzidir. Onun uşaqlarının isə fərdi yaşayış evinə münasibətdə payları ümumiyyətlə mövcud deyil. Bununla yanaşı, mübahisəli fərdi yaşayış evində iki ailənin yaşaması üçün zəruri şərait yoxdur. Ev naturada bölünməyib. Bu səbəbdən İddiaçı konkret olaraq hara köçmək istədiyi sual doğurur. Bununla yanaşı, ilk iddia üzrə iddiaçı ilə onlar arasında münasibətlər yaxşı deyil. Aralarında məhkəmə çəkişmələri olmuş, hətta işləri polisə düşmüşdür. Ona görə mübahisəli evdə birlikdə yaşayacaqları təqdirdə aralarında yeni qarşıdurmaların yaranması qaçılmaz olacaq. Nümayəndə göstərilənləri nəzərə alaraq ilk iddianın rədd olunmasını məhkəmədən xahiş edir. Nümayəndə həmçinin bildirir ki, 2021-ci ildə mübahisəli evin və həyətyanı torpaq sahəsinin qiymətləndirilməsi həyata keçirilmiş, nəticədə həmin daşınmaz əmlakın bazar dəyəri 32.600 manat miqdarında müəyyən edilmişdir. Daşınmaz əmlakın ümumi dəyəri və ilk iddia üzrə iddiaçının əmlakdakı payı nəzərə alınmaqla ona ədalətli məbləğdə, məsələn 2.200 manat miqdarında kompensasiya verməyə hazırdırlar. Lakin, İddiaçı ona təklif olunan kompensasiya məbləği ilə razılaşmır. Nümayəndə göstərilənləri nəzərə alaraq qarşılıqlı iddianın təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmənin hazırlıq iclaslarında iştirak etmiş Cavabdeh1 Nümayəndə bildirdiklərinə uyğun məzmunlu izahat verərək, ilk iddianın rədd edilməsini, qarşılıqlı iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək belə qənaətə gəlir ki, ilk iddia təmin edilməli, qarşılıqlı iddia isə rədd olunmalıdır. Neftçala şəhəri, E.Bağırov küçəsi, ev 32 (yeni qaydalarla: AZ 4704 ünvan 2 ünvanında yerləşən daşınmaz əmlak daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, bununla bağlı «Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış» verilmişdir. İş materiallarına əlavə olunmuş həmin “çıxarış”dan görünür ki, Neftçala şəhəri, E.Bağırov küçəsi, ev 32 (yeni qaydalarla: AZ 4704 ünvan 2 ünvanında yerləşən və sahəsi 0,1805 ha təşkil edən həyətyanı torpaq sahəsi mülkiyyət hüququ ilə 39/84 hissədə Cavabdeh1, 17/84 hissədə İddiaçı, 14/84 hissədə X3 və 14/84 hissədə X2 məxsusdur. Bununla yanaşı, eyni ünvanda yerləşən və ümumi sahəsi 149,9 kv.m təşkil edən fərdi yaşayış evi mülkiyyət hüququ ilə 13/14 hissədə Cavabdeh1, 1/14 hissədə İddiaçı məxsusdur. İş materiallarına mübahisəli daşınmaz əmlakı texniki pasportunun, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarların, bir sıra məktubların, daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair arayışın, fotoşəkillərin və s. sənədlərin surətləri əlavə olunub. Məhkəmə ilk iddiaya münasibət bildirərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1 və 213.2-ci maddələrinə əsasən “İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur”, “Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin yuxarıda istinad olunan müddəalarını və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı nəzərə aldıqda görünür ki, Neftçala şəhəri, E.Bağırov küçəsi, ev 32 (yeni qaydalarla: AZ 4704 ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi Cavabdeh1 ilə İddiaçı, həyətyanı torpaq sahəsi isə Cavabdeh1, İddiaçı, X7 və X1 paylı mülkiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3 və 152.9-cu maddələrinə əsasən “Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur”, “Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır”, “İstifadə hüququ əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər”, “Əşyaya mülkiyyət hüququ həmin əşyanın mühüm tərkib hissələrinə də şamil edilir”. Həmin Məcəllənin 162-ci maddəsinə əsasən «Əşyaya faktik sahib olmağa mahiyyətcə müvəqqəti iqtidarsızlıq və ya imkansızlıq əşyaya sahibliyi ləğv etmir». Eyni Məcəllənin 164.1 və 164.2-ci maddələrinə əsasən «Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır…», «Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər…». Azərbaycan Respublikası Mülki Məcəlləsinin 165.1-ci maddəsinə əsasən «Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir». Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və işin faktik hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, ilk iddia üzrə İddiaçı Neftçala şəhəri, E.Bağırov küçəsi, ev 32 (yeni qaydalarla: AZ 4704 ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin və həyətyanı torpaq sahəsinin paylı mülkiyyətçilərindən biri olmaqla həmin daşınmaz əmlaka digər mülkiyyətçilərlə birlikdə sahiblik etmək və ondan istifadə etmək hüququna malikdir. Məhkəmə işin faktik hallarını nəzərə alaraq həmçinin hesab edir ki, ilk iddia üzrə cavabdehlər ilk iddia üzrə iddiaçıya müvafiq maneələr törətməklə sonuncunun mülkiyyət hüququ ilə malik olduğu daşınmaz əmlaka sahiblik etmək və ondan istifadə etmək hüququnu, başqa sözlə desək mülkiyyət hüququnu pozurlar. İlk iddia üzrə iddiaçı bu pozuntulara son qoyulmasını tələb etmək hüququna malikdir. Məhkəmə qeyd edir ki, İddiaçı öz iddiasında uşaqları ilə birlikdə mübahisəli fərdi yaşayış evində yaşamasına maneə törədilməsinin cavabdehlə yanaşı “digər şəxslərə” də qadağan olunmasını xahiş etmişdir. O, həmin məsələ ilə bağlı məhkəmə iclaslarında bildirmişdir ki, mübahisəli evdə yaşamalarına yalnız Cavabdeh1 və Nümayəndə maneə törədirlər. İddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxt işə cavabdeh qismində yalnız Cavabdeh1 cəlb etdiyinə görə Nümayəndə adını göstərməmiş, lakin öz tələbində “digər şəxslər” ifadəsini işlədərkən məhz Nümayəndə nəzərdə tutmuşdur. İşin məhkəmədə araşdırılması dövründə Nümayəndə işə cavabdeh qismində cəlb etmiş və bununla da iddia tələbinin yönəldiyi şəxslərin dairəsini faktik dəqiqləşdirmişdir. Cavabdeh1 və Nümayəndə başqa hər hansı şəxsə qarşı hazırkı iddiası ilə bağlı tələbi yoxdur. Məhkəmə ilk iddia üzrə iddiaçının bildirdiklərini və işin faktik hallarını nəzərə alaraq hesab edir ki, ilk iddia qismən deyil, tam təmin olunmalı (İddiaçı Nümayəndə işə cavabdeh qismində işə cəlb etməklə iddiasında nəzərdə tutduğu “digər şəxslər” ifadəsini konkretləşdirdiyindən, iddia “digər şəxslərə” qarşı tələb hissəsində rədd olunmamalıdır), İddiaçı Neftçala şəhəri, E.Bağırov küçəsi, ev 32 (yeni qaydalarla: AZ 4704 ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə uşaqları ilə birlikdə köçürülməli, onların həmin evdə yaşamalarına maneələr törədilməsi Cavabdeh1 və Nümayəndə qadağan olunmalıdır. Qarşılıqlı iddiaya münasibət bildirərək məhkəmə qeyd edir ki, müvafiq növdə tələblərin hüquqi əsası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220-ci maddəsində təsbit olunub. Həmin maddəyə əsasən “220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 220.5. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. 220.6. Bu Məcəllənin 220.3 – 220.5ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 04 aprel 2014-cü il tarixli Qərarında əks olunan hüquqi mövqeyə görə “Mülki Məcəllənin 220.1 və 220.2-ci maddələri özündə paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ya ondan mülkiyyətçilərdən birinin payının ayrılmasının üsul və şərtlərinə dair bütün mülkiyyətçilər arasında razılığın əldə olunmasının vacibliyini nəzərdə tutan ümumi prinsipləri əks etdirir. Həmin maddədə həmçinin göstərilmişdir ki, paylı mülkiyyətin mülkiyyətçiləri arasında müvafiq razılığın əldə olunmaması onları ümumi mülkiyyətin bölüşdürülməsi və ya ondan payın naturada ayrılması hüququndan məhrum etmir və maraqlı mülkiyyətçi öz payının ümumi əmlakdan ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına qanunla yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir (Mülki Məcəllənin 220.3-cü maddəsi). Mülki Məcəllənin 220.4-cü maddəsində bu hüququn həyata keçirilməsinin mümkünlüyü paylı mülkiyyətin mülkiyyətçisinə payın naturada ayrılması əvəzinə digər mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun razılığının olması ilə əlaqələndirilmişdir. Bununla, mülkiyyətçiyə düşən pay əvəzinə pul kompensasiyasının ödənilməsi yalnız payın naturada ayrılması mümkün olmadıqda və onun razılığı ilə həyata keçirilə bilər. Qeyd etmək lazımdır ki, bu qayda yalnız Mülki Məcəllənin 220.3-cü maddəsinə müvafiq olaraq payın naturada ayrılması tələbi irəli sürüldüyü halda tətbiq oluna bilər. Payın həcmindən asılı olmayaraq paylı mülkiyyətin istənilən mülkiyyətçisi pul kompensasiyasının ödənilməsi tələbini irəli sürmək hüququna malikdir. Əgər iddiaçı tərəfindən belə tələb irəli sürülməmişdirsə, məhkəmə öz təşəbbüsü ilə kompensasiyanın ödənilməsini müəyyən edə bilməz. Belə ki, məhkəmə iddia tələbinin hədlərindən kənara çıxa bilməz. Ümumi paylı mülkiyyətin mülkiyyətçisi yalnız ona pul kompensasiyasının ödənilməsini tələb edə bilər. Həmin mülkiyyətçi digər mülkiyyətçilərə pul kompensasiyasının ödənilməsini tələb etmək hüququna malik deyil. Payların həcminin və mülkiyyətçinin iradəsinin nəzərə alınmaması mülki hüquq münasibətlərinin iştirakçılarının məcburi qaydada istənilən əmlaka mülkiyyət hüquqlarının müəyyən edilməsinə gətirib çıxarardı”. Göründüyü kimi, Mülki Məcəllənin 220-ci maddəsi müvafiq növ mübahisələrin həllinin konkret ardıcıllıqda olan mərhələlərini müəyyən edir. Həmin maddənin mənasına görə paylı mülkiyyətdə olan əşyanın bölünməsi üçün mülkiyyətçilər ilk növbədə öz aralarında razılıq əldə edilməsinə cəhd göstərməli, belə razılıq olmadıqda paylı mülkiyyətin ayrılmaq istəyən mülkiyyətçisi öz payının naturada ayrılmasını tələb etməlidir. Yalnız əmlakın naturada bölünməsinin mümkün olmadığı müəyyən edildiyi təqdirdə ayrılan mülkiyyətçi öz payının dəyərini paylı mülkiyyətin digər mülkiyyətçilərindən tələb etmək hüququ əldə edir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. İşin faktik hallarından görünür ki, qarşılıqlı iddia üzrə iddiaçı paylı mülkiyyətdəki payının naturada ayrılmasını istəmədiyi (tələb etmədiyi) bir halda, qarşılıqlı iddia üzrə cavabdehə faktik olaraq kompensasiya ödənilməsi yolu ilə sonuncunun ümumi əmlakdakı pay hüququnun itirilməsini tələb edir (qeyd olunur ki, qarşılıqlı iddia üzrə iddiaçı öz iddia tələbində “qarşı tərəfə düşən payın əvəzinin” (faktik olaraq kompensasiyanın) miqdarını belə göstərməyib). Məhkəmə bir daha vurğulayır ki, paylı mülkiyyətin bir mülkiyyətçisi digər mülkiyyətçiyə kompensasiya (və ya qarşılıqlı iddiada göstərildiyi kimi “düşən payın əvəzinin”) ödənilməsi yolu ilə sonuncunun paylı mülkiyyətdəki payına xitam verilməsini tələb edə bilməz. Bu növ mübahisələrdə ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Göstərilənlərə əsasən qarşılıqlı iddia rədd olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən «Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir». Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən «Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir». İlk iddianın təmin olunduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, ilk iddianın verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu məbləği ilk iddia üzrə cavabdehlərə aid edilməlidir. Məhkəmə həmçinin qarşılıqlı iddianın rədd olunduğunu nəzərə alaraq hesab edir ki, qarşılıqlı iddianın verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən «Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən «Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın». Eyni Məcəllənin 14.2 və 217.4-cü maddələrinə əsasən «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir», «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 223, 227, 233, 357 – 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlk iddia təmin edilsin. İlk iddia üzrə İddiaçı Neftçala şəhəri, E.Bağırov küçəsi, ev 32 (yeni qaydalarla: AZ 4704 ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə uşaqları ilə birlikdə köçürülsün, onların həmin evdə yaşamasına maneələr törədilməsi ilk iddia üzrə cavabdehlər Cavabdeh1 və Nümayəndə qadağan olunsun. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı «mülkdəki payın dəyərinin ödənilməsi» tələbinə dair qarşılıqlı iddiası rədd edilsin. İlk iddia ilə məhkəməyə müraciət olunması üçün dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manat ilk iddia üzrə cavabdehlər Cavabdeh1 və Nümayəndə müştərək qaydada alınaraq ilk iddia üzrə İddiaçı verilsin. Qarşılıqlı iddia ilə məhkəməyə müraciət olunması üçün ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 özünə aid edilsin. Qətnamədən bir ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar