Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-741/2024 27.08.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “Borc tələbinə dair” iddiası üzrə mülki işə açıq məhkəmə iclasında audio video yazı istifadə edilməklə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X3 Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək, cavabdehdən ona olan 4.386 manat məbləğində borcun, eyni zamanda ödənilmiş 63,86 manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin məhkəmə baxışı zamanı iddiaçı X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, onun Neftçala şəhəri 7-ci məhəllədə yerləşən 32 kvad. metrdən ibarət olan ərzaq dükanı vardır. 01 fevral 2021-ci ildən 01 dekabr 2023-cü il tarixədək Cavabdeh ona məxsus dükanda satıcı işləmişdir. Laləni işə götürəndən sonra anası Tünzalə ondan xahiş etmişdir ki, dolanışıqları çox çətindir. Lalənin əmək haqqı veriləndə hələlik borcdan çıxmayın, sonra çıxarsınız. Cavabdeh işə gəldiyi gündən 3-4 ay 150 manat Lalǝyǝ verdiyi əmək haqqından borcu çıxmamışdır. Lalə hər dəfə dükandan özü üçün nisyə ərzaq götürdükcə özü xətti ilə borc dəftərinə götürdüyü ərzağın pulunu və öz adını qeyd etmişdir. Həmin borc dəftərindən Lalənin götürdüyü ərzağın pulunu yığcam şəkildə cədvəl halında surətini çıxarmışdır. Borc dəftəri də yanındadır, təqdim edə bilər. Cavabdeh tərəfindən nisyə götürülən ərzağın ümümi qiyməti 7.519.7 manat olmuşdur. Yaranmış 7.519.7 manat borc puldan Lalə hissə - hissə ödǝyǝrǝk 5.205 manat qalıq borcu yaranmışdır. Cavabdeh 01 avqust 2023-cü il tarixdə 5.205 manat borclu olması baradə öz xətti ilə qəbz yazmış və həmin qəbzdə göstərmişdir ki, yaranmış 5.205 manat borc puldan hər ay 100 manat ödəyəcəkdir. Cavabdeh 01 avqust 2023-cü il tarixdən verdiyi sözə əməl etməyərək, hər ay 100 manat yaranmış borcdan ödəniş etməmişdir. Lakin o, 01 avqust 2023-cü ildən, yəni qəbz yazdığı tarixdən 2023-cü ilin dekabr ayına kimi dükandan nisyə ərzaq götürmüşdür. Onun 4 ay ərzində götürdüyü ərzağın məbləği 181 manat olmaqla Lalənin dükana 5.386 manat borcu yaranmışdır. 2023-cü ilin dekabr ayında Lalə yaranmış borcdan 1.000 manat ödəmişdir. Hazırda onun dükana olan borcu 4.386 manat təşkil edir. Cavabdeh 4.386 manat borc məbləğini könüllü olaraq ödəmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışıdr. Göstərilənləri nəzərə alaraq iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İşin məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, “Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir”. Məhkəmə cavabdehin məhkəmə iclaslarının vaxtı və yeri barədə əvvəlcədən xəbərdar olunmasına baxmayaraq gəlmədiyini, iddiaçının isə işə qiyabi icraat qaydasında baxılmasına etiraz etdiyini nəzərə alaraq, işə cavabdehin iştirakı olmadan baxılaraq qətnamə çıxarılmasını mümkün hesab etmişdir. Lakin işin 08 iyul 2024-cü il tarixə təyin edilmiş hazırlıq iclasında hər iki tərəf iştirak etmiş və cavabdeh iddia tələbini qismən qəbul edərək şifahi olaraq bildirmişdir ki, 2022-ci lin dekabr ayından Günel Əgərovaya məxsus dükanda satıcı işləmişdir. Əlavə olaraq qeyd etmişdir ki, işlədiyi müddət ərzində hər ay dükandan ərzaq almış, 5.205 manatlıq evə aldığı ərzağın pulundan 1.000 manat ödəniş etmiş, 1 il ərzində hər ay 50 manat maaşda ödəniş etmiş, atası da əlinə düşdükcə 300-400 manat ödəməklə, 1.000 manatdan əlavə 700 manat yaranmış borcdan qaytarmışlar. Anası da 300 manat ödəniş etmişdir. Bundan sonra iddiaçı 2.400 manat borcu olduğunu ona bildirmişdir. Öz xətti ilə 3.000 manat borclu olduğunu yazaraq bildirmiş, qalan borclarını qaytarmışdır. Hər ay 150 manat maaşı olmuş, bundan 100 manat lotareyaya, 50 manat da iddiaçı ərzağın puluna çıxmışdır. O, aylıq maaş almamışdır. Qeyd etdiyi ödənişlər ərizə verilməmişdən əvvəl icra edilmişdir. Siyahıda 7519,60 manat borc olmasını təsdiq edir. Bu məbləğdən ümumilikdə 1.200 manat lotareyaya, 1.000 manat bir dəfəyə, 700 manat da ailəsi ilə birlikdə iddiaçıya qaytarmışdır. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən «Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən «Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın». Eyni Məcəllənin 14.2 və 217.4-cü maddələrinə əsasən «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir», «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Azərbaycan Respublikası mülki-prosessual qanunvericiliyinin yuxarıda istinad olunan tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia tələblərinin əsası kimi istinad olunan hallar iddiaçı tərəfindən, iddiaya qarşı etirazın əsası kimi istinad olunan hallar isə cavabdeh tərəfindən sübuta yetirilməlidir. İş materiallarına əlavə edilmiş, məhkəmə iclası zamanı tədqiq edilən və Cavabdeh tərəfindən təsdiq edilmiş 7.519,70 manatlıq borc siyahısından görünür ki, Cavabdeh siyahıda qeyd olunan qiymətlərdə ərzaq mallarını işlədiyi dövr ərzində aralarındakı razılaşma əsasında götürmüşdür. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli Cavabdeh tərəfindən yazılaraq imzalanmış ərizədən görünür ki, o, 01 avqust 2023-cü ildə X1 5.205 manat məbləğində pulu hiss-hissə qaytarmaq şərtilə 4 ilə (hər ay 100 manat) borc almasını öz xətti ilə yazıb imzalamışdır. Həm iddiaçı tərəfin, həm də cavabdehin bildirdiklərindən məlum olur ki, “ərizə”də qeyd olunan Cavabdeh tərəfindən yazılaraq imzalanmış “xx.xx.2023 Tarixindən etibarən yazıb bildirirəm ki, Mən (Cavabdeh) bildirirəm ki, X2 5,205 m Mirzəyeva Güneldən borc almışam həmin pulu 5,205 m qaytarmaq şərti ilə borc almışam Həmin pulu p Hissə-hissə qaytaracam Ayda 100 m olmaq şərti ilə qaytaracam 4 ilə qaytaracam ərizəmi özüm yazmışam öz xətdimlə yazmışam İmzamla Təsdiq (edəcəm) Edirəm İmza Cavabdeh imza, sözləri onun (öz xətti ilə) yazılıb. Eyni zamanda məhkəmə hazırlıq iclası zamanı cavabdeh iddianın 3.000 manatlıq hissəsini də etiraf etmişdir. İddiaçı da cavabdehin hazırda ona 4.386 manat borcu olduğunu və həmin borcla bağlı heç bir ödəniş etmədiyini, sübutları varsa təqdim etməsini təklif etmişdir. Beləliklə işin məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla, o, cümlədən yuxarıda göstərilən “Qeydlər”lə, cavabdehin iddiaçıdan götürdüyü ərzaq məhsullarının ümumi dəyərinin 7,519,7 manat olduğu, həmin məbləğin cavabdeh tərəfindən hissə-hissə ödənilərək 5.205 manata çatdırıldığı, yaranmış borcla əlaqədar cavabdehin iddiaçı ilə yazılı razılaşmasının olduğu və sonda iddiaçıya borclu olduğu 4.386 manat borcdan hər ay 100 manat X2 ödəyəcəyi ilə razılaşdığı müəyyən olunur. Azərbaycan Respublikası MPM-nin 106.3-cü maddəsinə əsasən “Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir”. Beləliklə işin məhkəmə baxışı zamanı müəyyən olunur ki, cavabdeh iddiaçıya borclu qaldığı 4.386 manat məbləğində pulu hər ay 100 manat ödəniş etməklə razılaşdığı halda faktiki olaraq qalan borcundan heç bir ödəniş etməmiş, borc məbləği isə ödənilməmiş qalmışdır. Cavabdeh hər hansı formada həmin məbləği qaytarmamışdır. Azərbaycan Respublikası MM-nin 425.1-ci maddəsinə əsasən «Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir». Həmin Məcəllənin 739.1, 739.2 və 740.1-ci maddələrinə əsasən «Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür», «Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır», «Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır». Eyni Məcəlləsinin 385.1-ci maddəsinə əsasən «Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Azərbaycan Respublikası MM-nin 442 və 448.1-ci maddələrinə əsasən «Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür», «Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir». Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən «Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur». Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını, habelə cavabdehin üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən 4.386 manat məbləğində pulu tələb etmək hüququna malikdir. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İş materiallarına əlavə edilmiş qəbzlə müəyyən olunur ki, iddiaçı məhkəməyə müraciət etmək üçün bank xidmət haqqı ilə birlikdə dövlət rüsumu kimi 64,40 manat məbləğində pul ödəyib. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən «Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir». Eyni Məcəllənin 119.1-ci maddəsinə əsasən «Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir». Hazırkı iş üzrə iddia qiyməti, tələb olunan məhkəmə xərcinin məbləği istisna olmaqla 4.386 manat təşkil edir. Hazırkı qətnamə ilə iddianın əsas etibarilə təmin olunduğunu və yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ödənilmiş məhkəmə xərci (64,40 manat) iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 222, 227, 233, 357 – 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 4.386 (dörd min üç yüz səksən altı) manat məbləğində pul və ödənilmiş 64 (altmış dörd) manat 40 (qırx) qəpik tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 01 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Samir Quliyev
Məhkəmə qərarları › İş №2(053)-741/2024
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-741/2024
27.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver